Yollar qovuşanda...
Tarix: 19.10.2017 | Saat: 20:34:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, professor Salidə Şərifova haqqında yazmaq qərarına gəldim: daha doğrusu, onun elmi , eləcə də bədii yaradıcılığından müəyyən fraqmentləri bir daha nəzərə çarpdırmaq istədim. Ona görə “bir daha” deyirəm ki, bu xanım alim, yazıçı respublikamızda, onun hüdudlarından kənarda da kifayət qədər tanınır. Onu tanıtdıran təkcə elmi əsərləri, bədii yaradıcılığı deyil, milli mənliyi, yüksək insani keyfiyyətə malik olan şəxsiyyətidir. Və sonuncu keyfiyyəti məni vadar etdi ki, bu yazını yazım. Etiraf edək ki, bu keyfiyyət bəzi elm adamlarında, eləcə də bəzi yazıçılarda... yoxdur. Amma olmalıdır; mütləq olmalıdır. Olmalıdır ki, yaşadığımız dövrdə-ölkəmizin möhkəm addımlarla irəlilədiyi bir vaxtda rastlaşdığı problemlərlə yanaşı, ilk növbədə QARABAĞ problemi həll edilsin. Çünki bu problemin həlli qaçılmazdır-günün prioritet məsələsidir...
Birinci haşiyə. Qələm sahibləri kövrək olurlar: xüsusi ilə də lirik duyğulu yazarlar; uşaq kimidirlər onlar-tez inciyir, tez də küsürlər, xoş bir təbəssümdən, xoş bir sözdən o saat sevinirlər. Dünyada onları sözdən çox sevindirən başqa bir şey yoxdur... onlara qalan elə sözdür də! İşıqlı sözün dalınca düşüb ömürləri boyu yol getmirlərmi? Özlərindən sonra nə qalır ki? Söz! O böyüklükdə Kişi-iyirminci əsr Azərbaycan nəsrinin azmanı Süleyman Rəhimovdan bir misal çəkmək, məncə, yerinə düşər... Deyirlər ki, o böyük söz ustasının “Göyərçin” jurnalında bir hekayəsi çap olunmuşdu və səhər jurnal köşklərə paylanacaqdı... Ustad səhər tezdən özünü yetirir köşklərin birinə; jurnaldan bir nüsxə alır, böyük maraqla hekayəsıni oxuyur. Elə bilirsiniz ki, bundan sonra o gedir iş-gücünün dalınca? Yox, bir qədər köşkdən uzaqlaşıb dayanır. Niyə? Görsün ki, hekayəsi çap olunan jurnalı alan var, ya yox? Görür ki, gələnlər digər qəzet və jurnallarla bərabər, ”Göyərçin”i də alırlar. Dərindən nəfəs alır və yoluna düzəlib gedir. Bütün günü “Göyərçin”də çap edilmiş hekayəsinin sevinci ilə yaşayır...
Bir vaxt mən də ona bənzər bir sevinclə yaşayırdım... “525-ci qəzet”də təzə bir hekayəm çap olunmuşdu: ”Tabut şəhər”i sayta qoymuşdular. Hər gün bir uşaq marağı ilə kompüterdə hekayəmə baxırdım və oxuyurdum... Təbii ki, sevinirdim: axı duyğularımı- məni, eləcə də bir çoxlarını düşündürən və narahat edən sosial bir məsələyə-qloballaşma dövründə insan zəkasına, insan ağlına sərhəd çəkmək istəyən, hamını özü kimi düşünməyə məcbur edən məmur özbaşınalığına qarşı çıxmışdım ... Yazıçının borcu nədir? Gördüyü, duyduğu neqativ hallara qarşı öz etirazını bildirmək, yaşadığı cəmiyyətin daha da sağlam olmasına çalışmaqdır da. Başqa məqsədi varsa, ta o, yazıçı deyil ki! O, şeytandır: əsl şeytan... Toplum arasına təfriqə salan, bir kənara çəkilib qəh-qəhə ilə gülən, sevincdən çiçəyi çırtlayan şeytan... Elə deyil ?!
İkinci haşiyə. Hə, sevinirdim... Çəkdiyim zəhmətə şəxsən məni tanımaya-tanımaya qiymət verildiyinə görə. Şübhəsiz, adları yaxşılar sırasında çəkilən müəlliflər də mənim kimi seviniblər. Niyə də sevinməsinlər?! Bu onların haqları idi, haqlarını heç bir təmənna güdmədən qiymətləndirmişdilər... Yenə saytı açdım ... Saytda bir məqalə dərhal diqqətimi cəlb etdi. Sövti-təbii hiss elədim ki, bu məqalədə mənim barəmdə nəsə yazılıb. Məqaləni Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifova yazmışdı. Məqalə belə adlanırdı:”Bədii nəsr” (2013-cü il materialları əsasında). Məqaləni axıradək oxudum. Mənə aid olan yerləri isə dönə-dönə nəzərdən keçirdim. Nə qədər fərəhləndiyimi təsəvvür edirsiniz?”Tabut şəhər” hekayəm ədəbi tənqidin nəzərindən qaçmamışdı.
Müəllif yazırdı : ”... 2013-cü ildə çap olunmuş hekayələr, əsasən, realizm üslubunda yazılmışdır, postmodern üslubda yazılmış nümunələrə nadir hallarda rast gəlmək olar. Bu baxımdan, Bayram İsgəndərlinin "Tabut şəhər” və Təranə Vahidin "Axşamüstü” hekayələri xüsusi maraq kəsb edir. Bayram İsgəndərli "Tabut şəhər” hekayəsində real və qeyri-real aləmlərin qarışması əsasında maraqlı bədii məkan yarada bilmişdir. Əsərin qəhrəmanı yuxuda qaranlıq dünyaya, daha qısası, Tabut şəhərinə düşür. Düşdüyü yerin hara olmasını soruşan qəhrəmana "Heç narahat olma, bu şəhərə gələndə hamımız sənin kimi olmuşuq. Əvvəl qaranlıqda heç nə görməmişik. Sonra qaranlığa alışmışıq... ” deyirlər. Tabut şəhəri müəllif tərəfindən müasir cəmiyyətin alleqoriyası kimi istifadə edilir.”
...Salidə Şərifovanın elmi fəaliyyəti haqqında ölkə mətbuatında, eləcə də xarici ölkə mətbuatında kifayət qədər yazılıb və elmi əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib. Lakin bəzi məqamları bir daha yada salmağı özümə borc bildim.
...Salidə Şərifova 200-dən çox elmi əsərin müəllifidir; 60-dan çox əsəri xarici ölkələrdə dərc edilib. Səkkiz monoqrafiya yazıb və yenilərini yazmaqdadır... Əsas elmi nailiyyətləri bunlardır:
-Milli ədəbiyyatda roman janrının iki mərhələdə yaranma nəzəriyyəsi;
- Roman-hekayənin “yeni konstruksiyasının xüsusiyyətləri;
-Müharibə romanı yeni tipinin formalaşması:
-Romanda janr qarışıqlığı nəzəriyyəsi;
-Kreollaşmış romanların romanın xüsusi növü kimi fərqlənməsi.
... Salidə xanım Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatı laureatıdır. O, həmçinin Rusiya Yazıçılar İttifaqının Q. R. Derjavin adına ordeni və M. A. Şoloxov adına beynəlxalq mükafata layiq görülüb. Bu il, yəni 2017-ci ildə Salidə xanımın mükafatlarına bir mükafat da əlavə olunub-Rəsul Rza adına mükafat.
Bir yazıçı, bir qələm yoldaşı kimi məni Salidə xanımın bədii yaradıcılığı daha çox maraqlandırır; bizim tərəflərdə -Naxçıvan bölgəsində belə bir ifadə tez-tez işlənir: ”Qan çəkir... ”Bəli, qan çəkir... Yazıçılıq qanı... Salidə xanım həm yaxşı alim, həm də istedadlı bir yazıçıdır. O, ədəbiyyatşünaslıqdan bədii yaradıcılığa gəlmişdir. Onun bədii əsərlərində elmi təfəkkürlə bədii təfəkkür bir-birinə qovuşmuşdur.
Xalq yazıçısı Çingiz Abdullayevin dediklərindən”...Salidə Şəmməd qızı Şərifova yazıçılığa professional ədəbiyyatşünaslıqdan addım atmışdır. Salidə Şəmmədqızı uzun illərdir ki, müasir Azərbaycan nəsrinin janr problemlərinin tədqiqi ilə məşğuldur. Onun elmi işləri müxtəlif ölkələrin sanballı elmi toplu və jurnallarında çap edilmişdir.”
...Salidə Şəmmədqızının (Şərifovanın) toplu halında çıxan “Əriyən şam “ hekayələr kitabını vərəqləyirəm. Kitabda aktual məsələləri özündə əks etdirən bir sıra maraqlı hekayələr verilmişdir. “Əriyən şam”, ”İki məktəb”, ”Rəsmin taleyi”, ”Bankomatın sərgüzəşti” , ”Musiqi müsabiqəsi” hekayələri bu qəbildəndir...
“Əriyən şam “hekayəsi qaçqın uşaqların taleyinə həsr edilib. Qaçqın və məcburi köçkünlərə dövlətimiz daim qaygı göstərir və bu qayğı artmaqdadır... Amma bəzi məmurlar bu məsələ ilə bağlı üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirmirlər. O cür laqeyd insanların ucbatından Yunis kişinin-hekayənin qəhrəmanının nəvəsi Mübariz həkim qayğısı ilə əhatə oluna bilmir. Müəllif bunu təəssüf hissi ilə belə təsvir edir: ”Qaranlıq düşmüşdü. Çadırda göz-gözü görmədiyindən Yunis kişi durub şam yandırdı. Şamın ətrafı işıqlandırdığı xəfif işığında nəvəsinin solmuş bənizini görürdü... “
“İki məktəb“ hekayəsində isə tariximizə olan biganəlik kəskin tənqid olunur. Tarix dərslərinin Bəsti kimi-hekayənin qəhrəmanlarından biri - savadsız, milli düşüncədən uzaq olan müəllimlərə tapşırılmasına etiraz edilir. Həcər-hekayənin qəhrəmanı qızına deyir ki, milli tariximiz barədə anlayışı olmayan ziyalılarımızın dərs demələri təhlükə olmaqla yanaşı, faciədir. Tarixin səhifələrini unuda-unuda ”Xocalıya“ yol açdıq. Tarixi keçmişimizi unutmamalıyıq ki, bu günümüzü ləyaqətlə yaşayaq, bu günümüz də gələcəyə bir yoldur...
“Musiqi müsabiqəsi” hekayəsində istedadın qarşısını kəsən “kötüklər”-istedadsızlar kəskin tənqid atəşinə tutulur.
“Bankomatın sərgüzəşti” hekayəsi postmodernizm üslubunda yazılıb. Bu hekayədə müəllif reallığı qabarıq şəkildə təqdim edir. Mənəvi və sosial məsələləri ön plana çəkir.
Belə ki, hadisələr 2039-cu illərdə cərəyan edir.Yaponiyaya xüsusi bankomatlar sifariş edilir.Bu bankomatların əvvəlki bankomatlardan fərqli xüsusiyyətləri var: ona yaxınlaşan adamları görməklə yanaşı, ürəkləri də oxuyur. Kim ondan pul oğurlamaq fikrinə düşürsə, dərhal mərkəzə xəbər verir. Bankomatı sifariş verənlər daha arxayındırlar: bankomatlardan dələduzlar pul oğurlaya bilməyəcəklər... Yaponiyadan göndərilən “Taro” adlı bankomat quraşdırılır. Artıq hər şey qaydasındadır; dələduzlar ondan pul oğurlaya bilmirlər, insanlar rahatdırlar, maneəyə rast gəlmədən pullarını bankomatdan götürürlər. Amma... Gözlənilmədən bankomat dayanır...Səbəbini ustalar öyrənməyə çalışırlar. Bankomatın çəkdiyi görüntülərdə nə görsələr yaxşıdır? Cəmiyyətə yad ünsürlər bir yerə toplaşıblar və... bankomat onların hərəkətlərindən utanaraq özünü söndürüb.
Ustalar bankomatı yenidən quraşdırırlar. O da üzdəniraq hadisələrlə qarşılaşmayacağını düşünərək işləməyə başlayır. Lakin...
Yenidən cəmiyyəti narahat edən hadisələrlə üzləşir və avtomatik olaraq özünü söndürür.
Hekayə çox düşündürücü bir sonluqla qurtarır:”Ustalar gəlib onunla nə qədər məşğul oldularsa, özünə gətirə bimədilər. Ekranında sonsuz səma görünürdü. Ustalar bankomatın ekranındakı bu sonsuzluğa baxanda, onun dərinliyində özlərini itirirdilər. Onlar bankomatın nəyə etiraz etdiyini bilmək həvəsi ilə onu qurdalayırdılar...”
Salidə xanımın digər hekayələrində-“Tərbiyəsiz”alim”, ”Başı bəlalı məqalə”, ”Gözlənilməz görüş”, ”Qara yelin sorağında” hekayələrində də bir sıra ciddi problemlər öz əksini tapmışdır.
Yazımı xalq yazıçısı Çingiz Abdullayevin sözləri ilə bitirmək istəyirəm:”...”Əriyən şam” toplusu bizim kiçik nəsr janr formalarının inkişafı kimi qiymətləndirilməlidir. Eyni zamanda, müəllif aktual və kəskin suallara toxunur, kiçikhəcmli əsərlərində bəşəri və ümummilli xarakter daşıyan problemləri açıqlayır. Bu xüsusiyyətlərinə görə Salidə xanımın yaradıcılığı aktual və müasirdir.”
P.S. Xalq yazıçısı Çingiz Abdullayevin fikrinin mabədi olaraq onu demək istəyirəm ki, Salidə xanımın bir-birindən qidalanan, bir-birinə qovuşan elmi və bədii yaradıcılığı bu gün aktual və müasir olduğu kimi, sabah da aktual və müasir olacaq, insanları düşündürəcəkdir...
Bayram İsgəndərli
Yazıçı




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Litvada “Ali və Nino” filminin təqdimatı keçirilib
24.11.2017
Təzadlı məhəbbət
24.11.2017
Sənə doğru
23.11.2017
Uşaq kinosunda inkişaf-“Qış tətili”
23.11.2017
Azərbaycan və Özbəkistanın elm, mədəniyyət müəssisələri arasında memorandum imzalanacaq

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info