13 ildir ki, energetiklərimiz 20 oktyabrı peşə bayramları günü kimi qeyd edirlər
Tarix: 20.10.2017 | Saat: 11:58:00 | E-mail | Çapa göndər
Bu gün Azərbaycanda Energetiklər Günüdür. 13 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 36 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz quruculuq işləri görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik energetikası üzrə mükəmməl proqramlar işlənib hazırlanıb.
Bütün digər əlamətdar cəhətləri ilə yanaşı, bu günün təqvimdəki xüsusi yeri Azərbaycan dövlətinin enerji sektorunda əldə etdiyi nəticələrin ümumiləşdirilərək təhlilə cəlb edilməsi, bu sahədə yeni imkan və perspektivlərin nəzərdən keçirilməsi baxımından da yeni bir fürsətdir. Dövlət müstəqilliyinin 26-cı ildönümünü qeyd edən Azərbaycanın belə əlamətdar tarixə qədəm qoyması, beynəlxalq arenada söz sahibinə, regional gücə çevrilməsi bütün digər nailiyyətlərlə birgə, həm də məqsədyönlü enerji siyasətinin, perspektivləri bir neçə yüzilliyə hesablanmış enerji strategiyasının təntənəsidir. Xəzərin ölkəmizə aid sektorundakı zəngin karbohidrogen ehtiyatları və həmin resursların alternativ marşrutlarla dünya bazarlarına çatdırılması istiqamətində həyata keçirdiyi müstəqil enerji siyasəti hesabına Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirib, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib. Milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla özünün enerji təhlükəsizliyini tam təmin etmiş Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinə, enerji mənbələri və marşrutlarının şaxələnməsinə töhfə verən iri enerji mərkəzi statusunda çıxış edir.
Azərbaycan hazırda ümumi dəyəri 40 milyard dollara qiymətləndirilən və Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan nəhəng “Cənub Qaz Dəhlizi” layihəsini reallaşdırır. Bu boru kəməri zəncirinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. “Cənub Qaz Dəhlizi” Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan boru kəməri zənciri vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Milli təhlükəsizliyin tərkib hissəsi kimi enerji təhlükəsizliyinin bütün dövrlər üçün təmin edilməsi bu gün Azərbaycanın başlıca vəzifəsidir. Əminliklə deyə bilərik ki, Azərbaycan enerji təhlükəsizliyinin həllinə təkcə neft-qaz resursları çərçivəsində deyil, elektrik enerjisi təminatı səviyyəsində də tam nail olub. Dövlətin enerji təhlükəsizliyi məsələsinə elə öz imkanları müstəvisində belə çoxşaxəli yanaşma Azərbaycanın enerjinin hər hansı bir növündən asılılığı təhlükəsini aradan qaldırır. Ölkə iqtisadiyyatının və əhalinin enerji təminatının həm bu gün, həm də gələcək üçün etibarlılığını təmin edir.
Azərbaycan kimi enerji təhlükəsizliyini təmin etmiş dövlətlər belə, bu gün enerji təminatı kursunu sürətlə dəyişən qlobal çağırışlara uyğunlaşdırmağa, enerji siyasətinin əhatə dairəsini təkcə neft-qazla məhdudlaşdırmamağa çalışır. Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş tədbirlər, aparılmış islahatlar elektrik enerjisinə tələbatını tam ödəməklə, Azərbaycanın həm də elektrik enerjisi ixracatçısı kimi potensialını gücləndirib. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu genişlənib. 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub enerji dəhlizləri vasitəsilə ilkin təbii enerji (neft, qaz) ixracı ilə yanaşı, yüksək texnoloji enerji növü olaraq elektrik enerjisini də Avropa, Rusiya və İran istiqamətlərində ötürməsi respublika üçün sərfəli olub. Bu gün elektrik enerjisinə tələbatını tam ödəyən Azərbaycan özünün karbohidrogen resursları ilə yanaşı elektrik enerjisinin də ixracatçısına çevrilib. Cari ilin ilk səkkiz ayında Azərbaycandan 812 milyon 338 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Bu dövrdə ölkədən elektrik enerjisi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dörd dəfədən çox artıb. Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri isə 36 milyon 232 min ABŞ dolları təşkil edib.
Göründüyü kimi, Rusiya-Azərbaycan-İran arasında enerji dəhlizinin yaradılması üçün zəruri texniki və siyasi vəziyyət qənaətbəxşdir və bu dəhlizin üstünlükləri Azərbaycanın iki qonşu ölkə arasında körpü rolunu möhkəmləndirmək, elektrik enerjisinin tranziti, digər ölkələrlə enerji mübadiləsi, yeni elektrik enerjisi bazarlarının yaranmasını təmin etməkdən ibarətdir. Həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə elektrik enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində də mühüm tədbirlər həyata keçirilib.
Elektrik enerjisinin istehsalı üçün müvafiq infrastrukturun inkişafı, o cümlədən yeni elektrik stansiyalarının inşası hazırda da əsas prioritetlərdəndir. “Şimal” elektrik stansiyasında gücü 409 meqavat olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 meqavat olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 meqavat gücündə “Yaşma”, 385 meqavat gücündə “Səngəçal 2” istilik elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Ölkədə alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı da daim diqqətdə saxlanılır. 2020-ci ilədək alternativ və bərpaolunan enerji mənbələrinin Azərbaycanın ümumi enerji balansındakı payının 20 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda enerji potensialı günəş enerjisi üzrə 50 meqavat, külək enerjisi üzrə 350 meqavat, biokütlə üzrə isə 20 meqavat həcmində müəyyən olunub. Bu sahələrə təxminən 1 milyard 40 milyon manat investisiyanın sərf olunması planlaşdırılır.
Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda ləyaqətlə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlar, gələcəyə ümidlərdir. Biz də Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edir, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq. Əminik ki, Azərbaycan energetikləri üzərlərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.11.2017
Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib
24.11.2017
Rusiyada azərbaycanlıların yeni təşkilatı yarana bilər
24.11.2017
Xəzər rayonunda 675 nəfər işlə təmin olunub
24.11.2017
“BP şirkətinin təhsil sahəsində iri layihələri insan kapitalına yatırılan vəsaitdir”
24.11.2017
“Ulduz” Şokolad fabriki KİV nümayəndələrinin övladları üçün ekskursiya təşkil edəcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info