“Azərenerji” ASC-nin baş mühəndisi: “47 ildir energetika sahəsində fəaliyyət göstərirəm”
Tarix: 20.10.2017 | Saat: 12:45:00 | E-mail | Çapa göndər
“Azərenerji” ASC-nin baş mühəndisi Həsən Həsənovun 20 oktyabr - Energetiklər Günü münasibəti ilə verdiyi müsahibəni oxuculara təqdime dirik:
- Sizdə bu sahəyə maraq haradan yaranıb? Ailənizdə energetik vardımı?
- Mən ziyalı ailəsində anadan olmuşam, ata və anam müəllim olub. Energetika sahəsinə maraq məktəbdə oxuyandan məndə kök salıb, sonra isə arzumun arxasınca getmişəm. Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışam. 1970-ci ildən isə təyinatla energetika sahəsində işə başlamışam. Artıq 47 ildir bu sahədə fəaliyyətimi davam etdirirəm.
Növbə rəisi, maşinist, rəis müavini, mühəndis-inspektor, dispetçer, rəis, baş direktor, idarə rəisi və s. vəzifələrdə işləmişəm, 2009-cu ildən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətininn baş mühəndisiyəm.
- Övladlarınızdan yolunuzu davam etdirən varmı?
- Bir oğlum, üç qızım var. Oğlum yolumu davam etdirir, o, da energetika sahəsində işləyir, "Cənub" Elektrik Stansiyasında baş mühəndisdir.
- “Azərenerji” ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti əhali tərəfindən çox vaxt qarışıq salınır. “Azərenerji” daha çox hansı işləri həyata keçirir?
- Bizim idarə 1935-ci ildə yaradılıb. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin işi elektrik enerjisinin istehsalı və ötürülməsidir. “Azərişıq” isə paylayıcı funksiyanı yerinə yetirir. Bizim qurum həmçinin elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.
Elektrik enerjisinin keyfiyyəti deyəndə 2 amil nəzərdə tutulur: gərginlik və tezlik. “Azərenerji”nin əsas prioreteti gərginlik və tezliyin stabil saxlanılmasıdır. 
- Qarşınızdakı cihazda rəqəmlər göstərilir. Bu nə cihazıdır?
- Tezlik ölçən cihazdır (pribor). Bu cihaz istehsal ilə istehlak arasında olan tarazlığı saxlayır. Tezlik bizdə 50 hers (hz) qəbul olunub.
 Ölkənin elektrik enerjisi ilə təminatı vəziyyətinə necə nəzarət edirsiniz?
- Binada dispetçer məntəqəsi var. Bütün informasiyalar (elektrik stansiyalarında olan yüklər, sistem əhəmiyyətli xətlərin yükləri, enerji sistemində açılmalar, qəzaların ləğvi, bərpası) oradakı kompüterə ötürülür. Məntəqəyə siqnal gəlir və orada məlumat qəbul olunur, nasazlıq qeydə alınan kimi dərhal tədbir görülür. Müvafiq orqanlara, rəhbərliyə məlumat verilir.
Məntəqədə növbəlilik rejimi ilə 24 saat işçi olur. Bura bir saniyə nəzarətsiz ola bilməz, elektrik enerjisi elə bir şeydir ki, onun anbarı olmur. Suyu, taxılı, qazı anbara yığmaq olar, amma elektrik enerjisinin anbarı yoxdur. Təchizatçıların istehlak etdiyi enerji eyni vaxtda da istehsal olunur.
- Qəzaların qarşısını almaq üçün nə qədər müddət lazım olur?
- Problemi həll etmək, qəzanın qarşısını almaq üçün müddət qəzanın xarakterindən asılıdır.
- Əhali sizə daha çox nə ilə bağlı şikayət edir?
- Əhali tərəfindən bizə şikayət olmamalıdır, çünki biz əhali ilə işləmirik. Əhali ilə “Azərişıq” işləyir. Bəzən bizim "Qaynar xətt"imizə də zəng edib müraciət edirlər, biz onları aidiyyəti qurumlara, çox vaxt “Azərişıq”a yönləndiririk. Qeyd edim ki, istehsal etdiyimiz enerji həm öz istehlakımıza çatır, həm də izafi olaraq qonşu ölkələrə ötürə bilirik.
- Son illər istifadə olunan elektrik lampaları tez-tez yanır? Bunun səbəbi nədir?
- Elektrik enerjisinin keyfiyyətinə həmişə fikir verilir, yəni bu problemin enerjinin keyfiyyəti ilə əlaqəsi yoxdur. Elektrik lampalarının tez-tez yanmasına səbəb onların keyfiyyətsiz olmasıdır. Hər bir ləvazimatın istifadə müddəti var.
İndi müxtəlif istehsal sahələri yaranıb. İstehsal işinə baxan idarələrin müvafiq sertifikatı olmalıdır, keyfiyyətli məhsul istehsal edilməlidir. Keyfiyyətsiz lampalar bazarlara çıxır, oradan da əhali istər istəməz alır və istifadə edir.
- Elektrik cərəyanının vurması nəticəsində xeyli ölüm hadisəsi olur. Bundan necə qorunmaq olar?
- Bunun əsas səbəbi məsuliyyətsizlikdir. Vətəndaşlarımız bəzən evdəki elektrik cihazlarında nasazlıq yarananda mütəxəssisə müraciət etmədən problemi özləri həll etməyə çalışırlar. Bu da bədbəxt hadisələrə gətirib çıxarır. Körpələri, uşaqları cərəyandan qorumaq lazımdır, evdə nasaz elektrik cihazları saxlamaq olmaz. Problemləri vaxtında mütəxəssisə müraciət edərək həll etmək lazımdır.
Hazırkı dövrdə elektrik cərəyanının vurması nəticəsində baş verən ölümlərin sayı nisbətən azalıb. Bu da son illərdə əhalinin maarifləndirilməsi üçün görülən tədbirlərin nəticəsidir.
- Bəs əhalinin maariflənməsi üçün əlavə nələr etmək lazımdır? Bu işlə hansı qurumlar məşğul olmalıdır?
- Bu cür halların qarşısını almaq üçün ilk çıxış yolu əhalini marifləndirməkdir, əhali ilə söhbət etmək lazımdır. Bu işdə isə mətbuatın rolu böyükdür. Maarifləndirmə işini birinci əhalinin özü aparmalıdır, valideynlər körpə uşaqlarına elektrik cihazları ilə davranmaq qaydalarını öyrətməlidir. Sonrakı sırada isə Qeyri-Hökumət Təşkilatları, ictimai birliklər gəlir.
- Mətbuatla münasibətiniz necədir? Həm özünüz haqqında, həm də "Azərenerji" ilə bağlı olan tənqidi yazılara necə reaksiya verirsiniz?
- Rəsmi qəzetləri hər gün oxuyuram. Həm energetika sisteminin baş mühəndisi kimi, həm bir vətəndaş, oxucu kimi mütəmadi olaraq mətbuatı oxumağa, məlumat almağa çalışıram. Yalnız iqtisadi xəbərlərlə deyil, həmçinin siyasi, sosial xəbərləri də oxuyuruq. Məsələn, Prezidentin imzaladığı sərəncam, fərman və digər sənədlərə diqqət edirik, ölkədə gedən siyasi proseslərlər, yeniliklərlə maraqlanırıq.
Qurum olaraq reallığı əks etdirəm, obyektiv olan xəbərlərə həmişə müsbət münasibət bəsləmişik. Təbii ki, energetika sahəsində olan xəbərlər bizim üçün daha önəmli və əhəmiyyətlidir. Dünyada bu sahə üzrə yenilikləri daim diqqətdə saxlayırıq.
Tənqidi yazılara gəldikdə isə qərəzsiz tənqidə də münasibətimiz müsbətdir, tənqiddən nəticə çıxardırıq. Əgər həqiqətən də “Azərenerji”nin günahı varsa, onun qarşısını almaq üçün tədbirlər görülür. Biz xəbərlərin daha çox texniki tərəfinə diqqət yetiririk. Texniki tərəfdə isə səhv məlumatlara təsadüfi hallarda rast gəlinir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Vergilər naziri vətəndaşları qəbul edəcək
20.11.2017
“BTQ dəmir yolu Bakı Limanının əhəmiyyətini daha da artırır”
20.11.2017
Türkmənistan və Əfqanıstan yükləri Azərbaycan vasitəsilə Avropaya daşınacaq
20.11.2017
“Bakı Limanı dünya limanlarını Bakıda qarşılamağa hazırdır”
20.11.2017
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 600 mln. dolları ötüb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info