İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
Tarix: 20.10.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər
Nazim Musazadə: “Azərbaycan xalqının tətbiqi idman növləri üzrə potensialı çox yüksək səviyyədədir”
Ötən yazılarımda da qeyd etdiyim kimi, Özbəkistanda müxtəlif sahələrdə çalışan fəxr ediləsi və hörmətəlayiq həmvətənlərimiz var. Belə insanlar həm soydaşlarımız, həm də özbəklər tərəfindən sevilir. Elə müsahibim Nazim Musazadə də Özbəkistanda sayılıb-seçilən azərbaycanlılardan biridir. Nazim müəllim Azərbaycanda uzun müddət idman sahəsində çalışıb və tanınmış məşqçilərdəndir. O, təvazökarlıq edərək özünü böyük idmançı saymır. Amma onun məktəbindən dəfələrlə dünya və olimpiya çempionu olan idmançılar çıxıb. Nazim müəllim sanki bütün idmançı enerjisini, uğurunu öz yetirmələrinə verib.
Qeyd edim ki, Musazadə Nazim Hüseyn oğlu 1956-cı ilin 26 aprelində Qazax rayonunda anadan olub. 1972-ci ildə orta məktəbi bitirib. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) daxil olub. 1974-76-cı illərdə Bakı Ordu İdman Klubunda hərbi xidmətdə olub. 1980-ci ildə ali məktəbi bitirib. 1985-ci ildə Azərbaycanın Sambo üzrə yığma komandasına məşqçi kimi dəvət alıb. Bir neçə ildən sonra Sambo üzrə yığma komandasına rəis təyin olunub və 1998-ci ilə kimi bu vəzifədə çalışıb. 1997-ci ildə “Qalib” idman klubu açıb. Bu da 2000-ci ilə kimi fəaliyyət göstərib. SSRİ idman ustasıdır. 2000-ci ildə təsadüfən bir həftəlik Özbəkistana toya gəlib və elə vaxtdan da orada yaşayır. Ailəlidir, bir oğlu, bir qızı var.
-Adətən, hər bir yazıçının ən böyük arzusu Nobel mükafatı almaq olur. Hər bir idmançının da ən böyük arzusu Olimpiya çempionu olmaqdır. Sizin də belə arzunuz olubmu?
- Təbil ki, hər bir əsgər general olmaq istəyir. Hər bir idmançı da Olimpiya çempionu olmaq istəyir. Bu, insan ambisiyasıdır. Amma bu, hər bir idmançıda alınmır. Bu, milyonlarda birində alınır. Mən böyük idmançı olmamışam. Biz SSRİ-nin vaxtında yaşamışıq. Heç olimpiadanı da fikirləşməmişik. O zaman idman çox çətin idi. Xüsusən, regionlardan olan idmançılar itib-batırdılar.
-Siz dediniz ki, o vaxt idman sahəsi çətin idi. Bəs idman karyerası qurmaq üçün Azərbaycanda idmançılardan nə tələb olunur? Yəni o çətinlik indi də varmı?
- Həqiqətən, bizim vaxtımızda idmançılar çox əziyyət çəkirdilər. Şəhərdə yaşayan uşaqları üçün bu çətinlik yox idi. Amma regionlardan gələn idmançılar üçün karyera qurmaq çox çətin idi. Bilirsiz, idman elə bir sahədir ki, inkişaf etdikcə, yaş keçdikcə təkcə intiuazmla qabağa gedə bilməzsən. İnsanın cibində pul olmalıdır, yeməlidir, içməlidir. Yəni həyat şəraiti olmalıdır.
Sonrakı vaxtlar isə tədricən dövlət möhkəmləndi, iqtisadiyyat inkişaf etdi. Bu inkişaf idman sahəsində də özünü göstərdi. Get-gedə daha çox inkişafı gördüm və fəxr etdim. Azərbaycan xalqının, ələlxüsus tətbiq idman növləri üzrə potensialı çox yüksək səviyyədədir. Azərbaycanda idmanın bu cür inkişafını mən çox yüksək qiymətləndirirəm. Azərbaycanda idmançılara verilən mükafatın məbləğini heç bir ölkədə görməmişəm. Amma o zaman uşaqları xarici ölkələrə yarışlara aparmağa pul tapa bilmirdik. İndi şükür ki, idmançılarımız bu çətinliyi çəkmirlər.
Hər zaman istəmişəm mənim xalqım çox yüksək səviyyədə yaşasın. Biz hər zaman Azərbaycanımızla fəxr etmişik. Allah dövlətimizə kömək olsun ki, xaricdəki azərbaycanlıların istədiklərini xalqımıza verə bilsin.
-Siz, əsasən, məşqçi kimi çalışıbsız. Azərbaycanın hansı tanınmış idmançıları sizin vaxtınızda sambo üzrə yığma komandada olub?
- Mənim məşqçi kimi əsas fəaliyyətim Azərbaycanın sambo üzrə yığma komandasında olub. Fəxr edirəm ki, yığma komandada işlədiyim vaxtlarda böyük uğurlar əldə etmişik. Biz Azərbaycan bayrağını dəfələrlə yüksəklərə qaldırmışıq. Azərbaycan yığma komandası kimi 1992-ci ildə Kiyevdə Avropa çempionatında 3-cü yerə çıxmışıq. 1993-cü ildə İtaliyada komanda kimi 2-ci yerə çıxmışıq. 1997-ci ildə Azərbaycanda çempion olmuşuq. İllərlə bizim komanda Avropa çempionatında 2-ci, 3-cü yerlərdə olub. Dünya çempionatında hər zaman 3, 4, 5-ci yerləri bölüşmüşük. Bundan zəif bizim çıxışımız olmayıb.
Mənim yığma komandada işlədiyim müddətdə yetirmələrimdən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən müharibədə şəhid olan beynəlxalq dərəcəli idman ustası Rafiq İsmayılovun adını çəkə bilərəm.
Fəxr edirəm ki, 7 qat dünya çempionu Ceyhun Məmmədov, 5 qat dünya çempionu Zülfiyyə Hüseynova, 2 qat dünya çempionu Mövlud Mirəliyev, dünya çempionu Şahmuraz Qasımov, Müşfiq Cəfərov, Elşən Poladov bizim yığma komandada tələbəmiz olub.
Sambo və cüdo üzrə 4 dəfə dünya, 5 dəfə Avropa çempionu Natiq Bağırovun da adını xüsusilə qeyd etmək istərdim. Natiq Bağırov mən yığma komandaya gələndə bir il bizimlə çalışdı. Daha sonra Belarusa köçdü. Xatırlayıram, 1986-cı ildə Belarusda SSRİ Xalqları arasında Spartakiadada Azərbaycanın adından iştirak etdi.
Mənim özümün “Qalib” idman klubum da olub. Bu klubda Əməkdar məşqçi Yaşar Allahverdi, olimpiya çempionu Elnur Məmmədli, dünya və Avropa çempionu Zaur Paşayev və digər tanınmış idmançılar dərs alıblar.
-Bəs Özbəkistanda sizin məşqçi fəaliyyətiniz olubmu?
-Özbəkistanda həyat dəyişdi. Mən Özbəkistana bir həftəlik toya gəldim, amma bağlanıb burada qaldım. Gələn zaman idmançı İbrahim Əliyevi özümlə gətirmişəm. O, bura gələndə artıq yetişmiş idmançı idi. Çünki dəfələrlə Azərbaycan və Avropa çempionu olmuşdu. Özbəkistanda isə 5 dəfə çempion oldu. Bununla yanaşı, Asiya çempionu oldu.
Artıq məşqçi fəaliyyətim yoxdur. Gələn müddətdən bir az İbrahimlə məşğul oldum. Paralel olaraq biznes sahəsində öz işimi qurdum.
-Azərbaycanlıların Özbəkistandakı həmrəyliyi görmək istədiyiniz kimdirmi?
-Hesab edirəm ki, azərbaycanlılar Özbəkistanda həmrəydirlər. Yəni soydaşlarımız bir-birləri ilə mülayimdirlər. Xeyirdə-şərdə çox yüksək səviyyədə iştirak edirlər. Ələlxüsus birinin çətin günündə, yas mərasimlərində soydaşlarımız tez bir yerə toplanırlar. Mənim üçün əsas odur ki, insanlar bir yerə yığışırlar. İnsanlar bir yerə yığışanda da bir-birləri ilə çox səmimi olurlar. Yəni azərbaycançılıq burda itməyib. İstəyirəm ki, bundan sonra daha da mehribançılıq olsun.
Qeyd edim ki, həmvətənlərimiz arasındakı bu həmrəylikdə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin də rolu var. Çünki səfir Özbəkistandakı azərbaycanlılara qarşı çox mehribandır. O, səfir olmaqdan əlavə, sadə bir azərbaycanlı kimi soydaşlarımızın qayğısına qalır. Böyüklə böyüdür, kiçiklə kiçikdir. Ən çox də biz onun sadəliyinə vurulmuşuq.
-Ümumiyyətlə, soydaşlarımız Azərbaycanı Özbəkistanda layiqincə təmsil edilərmi?
-Bəli, burada belə azərbaycanlılar çoxdur. Mən idmançı olaraq öz həmkarlarımdan danışmaq istərdim. Burada SSRİ, Asiya və dünya çempionu Mais İbadov var. Mais bizim millətin adını çox yüksəklərə qaldırır. Düzdür, biz Maislə tez-tez görüşə bilmirik. Amma hər zaman onun uğurlarını eşidəndə ürəkdən sevinirəm. Mən hər zaman Maislə fəxr etmişəm. Mais burada dünya çempionu olmuşdu. Özbəkistanın bayrağını qaldırmışdı, amma azərbaycanlı kimi qaldırmışdı. Bunu bütün Özbəkistan bilir. Mərhum İslam Kərimovun da Maisin haqqında çox gözəl ifadələri olub.
-Artıq 18-ci ildir ki, buradasız. Bu illər ərzində Özbəkistan dövləti sizə istədiyinizi veribmi?
- Özbəkistan çox böyük dövlətdir. Bu ölkənin çox dərin kökləri var. Mən 2000-ci ildən burada yaşayıram. Hələ bir dəfə də mən hiss etməmişəm ki, başqa dövlətdə yaşayıram. Elə bil öz dövlətimdə yaşayıram. Hərdən mənim vətənimi soruşanlara deyirəm ki, deyəsən, mənim indi iki vətənim var; biri Azərbaycandır, digəri isə Özbəkistan. Çünki başqa cür desək düz alınmaz. Biz burada çörək tapmışıq, biz burada mehribançılıq görmüşük. Bizə burada bir nəfər də demir ki, siz kimsiz, haradan gəlibsiz. Çox yüksək səviyyədə bizə qarşı hörmət var. Bunu da itirmək heç cür mümkün deyil.
-Özbəkistan dövləti əcnəbi sahibkarın burada iş qurması üçün nə dərəcədə qapılarını açıb?
- Gəlin, mən özümdən danışım. Mən 18 ilin 15 ilini iş qurmuşam. Bu illər ərzində bir nəfər də məmur gəlib mənim qapımı açmayıb ki, sən niyə bu işlə məşğulsan. Və ya məndən hər hansı qeyri-qanuni ödəniş tələb olunmayıb. Yəni sahibkar olaraq mənə heç bir maneə olmayıb. Əksinə, hər yerdə mənə hörmət və izzət olub.
Fuad Hüseynzadə
(Bakı-Daşkənd-Bakı)




 
Bölməyə aid digər xəbərlər
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”
17.11.2017
“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
15.11.2017
“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
13.11.2017
“Valideynlər hər hansı addım atarkən öz uşaqlarını da düşünməlidirlər”
10.11.2017
“Bu il 3 yeni sığorta məhsulu hazırlamışıq”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
4 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
5 Azərbaycanda multikulturalizm modeli
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info