Cəzaların humanistləşdirilməsinə dair dəyişikliklər qəbul edildi
Tarix: 20.10.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər
Milli Məclisin növbəti plenar iclası keçirilib. Iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Sonra deputatlar cari məsələləri müzakirə ediblər.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın payız sessiyası barədə məlumat verib. O, bu sessiyanın digər sessiyalardan fərqli olaraq o qədər də asan keçmədiyini bildirdi. Səməd Seyidov dedi ki, səbəb təkcə Azərbaycanla bağlı sənədlərin müzakirəsi deyildi, ümumiyyətlə, sessiyanın bir neçə günü Azərbaycana həsr olundu. Sual olunur. Buna nə ehtiyac var idi? Nəyə görə Azərbaycanla bağlı məsələlər gündəmə gətirildi? Bütün bunlar bizə aydındır. Avropa Şurasının özündə gedən proseslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf alaraq öz niyyətlərini həyata keçirirlər. Azərbaycandan başqa monitorinq altında olan ölkələr də var, lakin həmin ölkələrə bu cür yanaşılmır. Görürük ki, burada Azərbaycan bir hədəf kimi seçilib. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən, hətta nifrət edən deputatlar əsassız iddialar səsləndirdilər. Keçirilən iclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş sənədlərə elə əlavələr edirlər ki, bunlar, ümumiyyətlə, həqiqəti əks etdirmir. Bu gün Avropa Şurasının baş katibi ən yüksək dəyərləri – insan haqlarını, demokratiyanı alətə çevirərək Azərbaycana qarşı təzyiq göstərir. Bir milyon qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir. Digər çıxış edən deputatlar da bildiriblər ki, AŞPA-da qəbul olunan bu sənədlər Avropa Şurasında Azərbaycana qarşı müxtəlif qrupların, xüsusilə ermənilər tərəfindən dəstək alan qrupların olduğunu və onların ölkəmizi yersiz tənqid etməyə cəhd etdiklərini bir daha aydın şəkildə göstərdi. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
İclasda bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib. Deputatlar “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsini də təsdiqləyiblər.
Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə olunub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, qanun layihəsində Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Bura humanistləşdirmə, liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması da daxildir. Müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzası da tətbiq olunub. Cinayət tərkiblərin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bəzi əməllər dekriminallaşdırılıb. Qeyd olunub ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar müalicəyə cəlb olunacaq. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayət məsuliyyətindən azad ediləcək. Həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar.
Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişikliklər “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Prezidentin 2017-ci il 10 fevral tarixli sərəncamının icrası ilə əlaqədar təklif olunur. Həmin sərəncamda cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə bir neçə istiqamət üzrə tədbirlərin görülməsi müəyyən edilib. Qeyd edilənlərə əsasən təqdim olunan qanun layihəsində Cinayət Məcəlləsinə müəyyən istiqamətlər üzrə dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, bu dəyişikliklərə cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması, ictimai işlər növündə cəzanın formal icrası təcrübəsinin qarşısının alınması, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqinin genişləndirilməsi, iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması kimi məsələlər daxildir.
Beləliklə, təqdim edilən qanun layihəsində qeyd olunan istiqamətlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsində müvafiq dəyişikliklər edilib. Eyni zamanda, layihədə Cinayət Məcəlləsinin müvafiq maddələri normayaratma texnikası baxımından təkmilləşdirilib. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin əhəmiyyətindən danışan Milli Məclisin deputatları qeyd ediblər ki, Məcəllənin həm ümumi, həm də xüsusi hissəsinə təklif olunan dəyişikliklər cəza siyasətinin humanistləşdirilməsi məqsədindən irəli gəlir. Müzakirələrdən sonra Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub.
İclasda, həmçinin Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri barədə də müzakirələr aparılıb. Qeyd olunub ki, təklif edilən dəyişikliklər texniki xarakterlidir. Hər iki sənəd səsə qoyularaq qəbul olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Salyanda modul tipli məktəb binaları yaxın günlərdə istifadəyə veriləcək
20.11.2017
Yolpaq kəndinə ilk dəfə təbii qaz verilib
20.11.2017
ANAMA: “Bir gündə Cocuq Mərcanlıda 10 min kvadratmetr ərazi təmizlənib”
20.11.2017
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Muğam Mərkəzi inşa edilir
18.11.2017
Zaqatalada Fındıq festivalı

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7733

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info