“Çində hər tələbə kənd təsərrüfatına yenilik gətirmək üçün can atır”
Tarix: 23.10.2017 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Orxan Quliyev: “Kənd təsərrüfatı üzrə xaricdə təhsil almış bir neçə dostum ölkəyə qayıdıb öz şirkətlərini qurub”

Müsahibimiz Çində ali təhsilini davam etdirən, aktiv gənclərdən olan Orxan Quliyevdir.
-Özünüz barədə ətraflı məlumat verərdiniz.
- Mən, Quliyev Orxan Namiq oğlu 1991-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşam. Ailədə 4 nəfərik, bacım Tibb Universitetinə 656 bal toplayaraq qəbul olub və hazırda Müalicə işi fakültəsində 5-ci kursda təhsil alır. Atam Quliyev Namiq “Azərenerji”də çalışır. Anam Quliyeva Təranə SOCAR-da Konstruktor(çertyoj mühəndisi) işləyir. İlk təhsilim Xətai rayonunda Murad Hacıyev adına 116 nömrəli orta məktəbdə olub. 10-cu sinifdə oxuyarkən Amerikanın “Junior Achievement” təşkilatının “Məktəbli Şirkətlər” layihəsində öz komandam ilə özümün şərti şirkətimi yaradaraq, Bakı şəhərindəki məktəblər arasında 2-ci yeri tutdum və 3 aylıq McDermott Caspian Contractors LLC şirkətində PR şöbəsində təcrübə proqramı keçdim. Daha sonrakı uğurum Azərbaycan İqtisad Universitetinə 578 balla Uçot-İqtisad fakültəsinə daxil olmağım idi. Azərbaycan Tələbə Gənclər Təşkilatı(ATGTİ)-nin sosial ictimai fəaliyyətlərində iştirak edirdim. İlk uğurlarımdan 1-ci kursda Lənkəranda keçirilən ATGTİ-nin 1-ci Yay Liderlik Məktəbində iştirakım oldu. 2-ci kursda Amerikada Sendaski şəhərində (Ohayo ştatı) 4 aylıq təcrübə proqramı keçdim. “Azərbaycan İqtisadi İnkişafı 21-ci əsr modeli” tezis yarışmasında 3-cü yeri tutdum. 3-cü kursda Türkiyənin Ankara şəhərində yerləşən və oranın 1 nömrəli universitetlərindən sayılan İhsan Doğramacı adına Bilkənt Universitetində ikihəftəlik Avropa Birliyinin layihəsində Azərbaycanlı tələbələrin deleqasiya rəhbəri kimi iştirak etdim. 3-cü kursda isə Harvard Universitetinin professorlarının Gürcüstanda keçirilən ongünlük Liderlik Məktəbində iştirak hüququ qazanan 4 azərbaycanlıdan biri oldum və Harvard Universitetinin Beynəlxalq Liderlik Məktəbinin diplomu ilə təltif olundum. Həmçinin NATO-nun Gürcüstanın Kvareli şəhərində keçirilən Yay məktəbində iştirakçılardan biri oldum. 4-cü kursda artıq ATGTİ-nin Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini idim və işlədiyim dövrdə “Avropa Könüllülər Birliyi”nin akkreditə olunmuş lisenziyasını komanda olaraq ATGTİ-yə gətirdik. 2013-cü ildə universiteti bitirərək Daşkəsən rayonunda birillik hərbi xidmətimi başa vurdum. 2014-2016-cı illərdə respublikamızda keçirilən idman tədbirlərində Akkreditasiya şöbəsində işləmişəm. Bu isə ayrı bir mövzudur. Çünki Bakıda keçirilən 2011-ci il “Eurovision” yarışmasında ilk dəfə olaraq könüllü kimi fəaliyyətinə başladım və sonuncu işimi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) UEFA tərəfində keçirilən U-17 Avropa Çempionatında şöbə direktoru olaraq idman-tədbir təşkilatçılığında karyeramı başa vurdum. Könüllülükdən şöbə direktorluğuna qədər yolum olub...
- Bəs necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz? Bu məsələdə sizə ailəniz dəstək oldumu?
-Xaricdə təhsil almaq hər zaman prioritetlərimdən biri olub və bunun üçün bakalavrda oxuduğum vaxtlardan bəzi çalışmalarım olurdu. Müxtəlif ölkələrin təhsil layihələrində iştirak edirdim və eyni zamanda xaricdə dinamik tələbə həyatını, keçirilən mühazirələri, tədbirləri izləyirdim. Hər zaman xaricdə təhsil böyük arzum idi. Çünki bu gələcəkdə karyeram üçün böyük rol oynayacaqdı. Başqa tələbələrdən fərqli olaraq (Avropa və ya Amerikada təhsili seçənlərdən) mən daha çox özümü Uzaq Şərqə istiqamətləndirirdim. Bunun üçün Çin və oradakı ciddi nəzarətə alınan təhsil həyatı mənim üçün xüsusi önəm daşıyırdı. Ümumiyyətlə, trendə qaçan insan olmamışam. Öz trendimi yaratmağa çalışmışam və bu hislərim heç vaxt məni aldatmayıb. İlk olaraq Çində təhsillə bağlı elanı Təhsil Nazirliyinin paylaşdığı elandan gördüm. Artıq son tarixin bitməsinə 3 gün qalmışdı və elanı doldurmazdan qabaq ailəmlə məsləhətləşdim, hər şeyi götür-qoy etdik. Necə deyərlər, xeyir-dualarını aldım. Elnur Sadıqov isə bu işdə mənə ən böyük motivasiyaları verirdi. Buna görə ona sonsuz təşəkkür edirəm. Sənədləri topladığım 3 gün ərzində ətrafımda hər kəs mənim bu qəbulu qazanmağım üçün proqramlı şəkildə dəstək olurdu. Təhsil Nazirliyində müsabiqələrdən keçdim, beləcə, Çində təhsil üçün qəbul oldum.
-Təhsil aldığınız universitet haqqında da oxucularımızı məlumatlandırardınız.
-Hazırda Nanjinq şəhərində yerləşən Nanjinq Kənd Təsərrüfatı Universitetinin Kənd təsərrüfatının idarəetməsi və iqtisadiyyatı fakültəsində magistr təhsili alıram. Çinin
tarixi universitetlərindən biridir, əsası 1902-ci ildə qoyulub. Bu universitet dünyada öz professor kontingentinin elmi məqalələrinin çapına görə xüsusi yerlərdən birini tutur, professorların elmi titulları Çində yerləşən başqa universitetlərə nəzərən həddindən çoxdur. Çində təhsil sistemi ciddi nəzarətə görə başqa ölkələrdən seçilir. Xüsusi şərq tədris üsulları vardır ki, bu, çox effektivdir. Əgər universitet şəhərciyində gecə saat 4-də çölə çıxsaq görərik ki, universitet binalarındakı oxu zalı otaqlarının çoxunun işığı yanır. Bu o deməkdir ki, burada tələbələr gecə-gündüz ya iqtisadi araşdırmalar aparır və ya kənd təsərrüfatına aid eksperimentlər həyata keçirirlər. Hər tələbə dünyaya kənd təsərrüfatına aid yenilik gətirmək üçün can atır. Burada professorlar sizi nəyəsə məcbur etmir, əksinə, tələbələr professorları daha geniş elm öyrətməyə məcbur edirlər. Elmi araşdırmalar üçün bu universitetə hər il milyonlarla pul ayrılır. Əgər tələbə öz araşdırması üçün lazım olan vəsaitləri tələb edirsə, rəhbərlik elə həmin günü onu təmin edir. Universitet səndən innovasiya gözləyir və sənə bunun üçün araşdırman alınsa və ya alınmasa deyə fikirləşməyərək şərtsiz köməklik göstərir. Çində xarici tələbəsənsə, bu səndə məsuliyyəti birə-beş artırır. Çünki onların səndən təhsil barəsində gözləntiləri böyükdür. Buna görə sənə “ÇXR Hökuməti Təqaüdü” verirlər. Bu mənim məsuliyyətimi daha da artırır və onların gözləntilərini doğrultmağı qarşıma məqsəd qoymuşam.
- Maraqlıdır, Çin çətin seçim deyildi ki? Necə bir ölkədir? Bir qədər də insanların yaşayış səviyyəsi, mental dəyərləri və s. haqqında söz açardınız.
-Əsla. Çin dünyada analoqu olmayan, unikal, Avropadan fərqli olaraq monoton həyatın tam əksi, dinamiklik və iqtisadi sıçrayışın tam mərkəzi, Konfutsinin fundamentini qoyduğu qədim və fərqli təhsil ənənəsi olan, sözün həqiqi mənasında, xalq respublikasıdır. ÇXR A-dan Z-yə tam fərqli bir ölkədir. Hətta onların xəritələri belə normal xəritələrdən fərqlənir. Onlar üçün dünyanın mərkəzi məhz Çindir. 5 min illik tarix, sivilizasiya fərqli mədəniyyətlərin birləşdiyi bir ölkədir. Ərzaq, təamları fərqli, gördüyünüz, eşitdiyiniz hər şeyləri fərqli üslubdadır, əlifbaları fərqli, küçələrdə sizin ingiliscə yazılara və ya latın qrafikalı hərflərə rastgəlmə ehtimalınız çox azdır və sən məcbur olub bu heroqlifləri öyrənməlisən. Etiket qaydaları tamam fərqli, düşüncə, yaşam tərziləri tam olaraq fərqlidir. Ümumiyyətlə, çinlilər işgüzar xalqdır. Həyat və ya ailə dəyərlərini, biznes və ya siyasi idarəetmələrini Konfutsi dəyərləri əsasında formalaşdırıblar. Təbəssüm bu insanların üzündən heç vaxt əskik olmur. Amma yekun olaraq mental dəyərləri Şərq üslubundadır. Onlarla bizim oxşarlıqlarımıza gəldikdə ailə dəyərləri, idarəetmə sistemləri, ümumi dəyərlər və adət-ənənələri tam olmasa da, çox şeydə eynilik var. Əsasən də qədim adət-ənələrini müasirliklə bərabər hələ də saxlayırlar və bizim adət-ənənələrlə maraqlı oxşarlıqları var.
-Orada necə, ictimai işlərdə aktivsinizmi?
-Bura birinci dəfə gəldikdə universitet tərəfindən 5 nəfər seçilərək İpək Yolu layihəsində kənd təsərrüfatının roluna aid konfransa qatılanlar arasında oldum. Bu konfrans mənə çox təcrübə bəxş etdi. Azərbaycandan olduğumu bildikdə hər kəs təəccüblənirdi. Azərbaycanın əvvəllər İpək Yolunun üzərində yerləşdiyini və buna görə də çoxlu karvansaraların və İpək Yolunun ölkəmizə aid hissəsindəki yol üzərində yerləşən şəhərlərimizin formalaşmasına necə təsir etdiyini çinlilərə öz çıxışımda çatdırırdım. Çinlilərin bizim ölkə haqqında bilməsi və indiki iqtisadi-siyasi əlaqələrimizin yaxşı olmasını görməsi mənim üçün xoş və fəxredici idi. Artıq birinci semestrdə mənə universitetin administrasiyasından “Tələbə Assosiasiyası”na prezidentliyə namizədlik üçün dəvət gəldikdə sevincimin həddi-hüdudu yox idi. Əlbəttə ki, orada həm örnək tələbə olmağımı, həm də cv-yə nəzər salaraq bu təklifi irəli sürmüşdülər. Seçki günündə mənimlə bərabər 20-ə yaxın ölkədən namizədlər var idi. Bu universitetdə tək azərbaycanlı mən idim. Onu da deyim ki, bu 9 milyonluq şəhərdə cəmi 7 nəfər azərbaycanlı yaşayır. Universitetdə tək azərbaycanlı olmağım mənim məsuliyyətimi birə-beş artırır. Mənim ən xırda mənfi hərəkətim bütün tələbə kontingenti üçün Azərbaycan haqqında mənfi fikir deməkdir. Nəhayət, tələbələr birliyinin prezidenti olaraq seçildim, yük, məsuliyyət və dərslərdən, elmi-işimdən əlavə, çoxlu görüləsi işlər! Seçildikdən sonra birinci amalım Azərbaycanda olan kənd təsərrüfatı üzrə universitetdən məzun olmuş tələbələri tam təqaüdlə universitetimizə cəlb etmək idi. Bu il artıq 4 nəfər azərbaycanlının bizim universitetə tam təqaüdlə qəbul olmasına vasitəçilik etdim.
-Əslində, vasitəçiliklə böyük iş görmüsünüz. Bəs Çində təhsil almaq və ya elmi fəaliyyətlə məşğul olmaq istəyən gənclərimizə hansı məsləhətləri verərdiniz?
-Hazırda Çin dünyada ÜDM-ə görə Amerikadan sonra ikinci yerdə, istehsalat həcminə görə isə birinci yerdədir. Bununla bərabər, hər il təhsilə ayrılmış vəsait və universitetlərin elmi araşdırmasına göstərilən dəstək artır. Bu isə çox gözəl bir şansdır və bundan azərbaycanlı gənclər də maksimum dərəcədə istifadə etməlidirlər. Təhsil kifayət qədər yüksək səviyyədədir. Elmi-araşdırma aparmaq üçün hər tələbəyə Çin hökuməti təqaüddən əlavə, ayrıca vəsait ayırır. Kitabxanalar istisna olmaqla laboratoriyalar və oxu zalları günün 24 saatı tələbələrlə dolu olur. Burada oxumaq üçün ən münbit şərait yaradılıb. Bundan əlavə, istəyinizə uyğun olaraq Çin dilini də öyrənə bilərsiniz, hansı ki, bununla da gələcəkdə biznes və dövlətlərarası layihələrdə çalışa bilərsiniz. Düzdür, bəzi çətinlik var, amma hərfləri heroqlif(xarakter) formasında olduğuna görə yadda saxlamaq, bəzən asan olur. 100.000 hərfləri var. Bunun 6000 hərfi akademik səviyyədə istifadə olunur. 3000 hərfi isə günlük danışıq-yazı üçün istifadə olunur.
-Gələcək planlarınız barədə də söz açardınız.
-Dissertasiyamı müdafiə etdikdən sonra ilk işim Azərbaycana qayıdıb kənd təsərrüfatına innovasiyalar gətirməkdir. Hökumətimiz Azərbaycanda kənd təsərrüfatı sektoruna və bu sferada olan şirkətlərə kifayət qədər güzəştlər göstərir. Dövlətimiz subsidiyalar ayırmaq, vergidən azad olma, ixracata yardım göstərmək və başqa dəstəklər etməyə hər zaman hazırdır. Bir neçə dostum kənd təsərrüfatı üzrə xaricdə təhsil aldıqdan sonra ölkəyə qayıdıb öz şirkətlərini qurub. Bu sahə ölkədə kifayət qədər açıq və müəyyən mənada boş sahədir və hər gətirilən bir yenilik bu sektoru dirçəldir, ölkəyə xarici valyuta axınını gücləndirir. Həmçinin bu sahədə gəlir, mənfəət digər bizneslərə görə daha tez əldə olunur. Mənim də ambisiyalarım var bu barədə. Hələ ki, yeni ideyalarım olduğuna görə vaxtı gəldikdə bunu reallaşdırmaq fikrindəyəm.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info