Deyə bilmirəm
Tarix: 13.05.2013 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Şair Məmməd Tahir Naxçıvan Dövlət Universitetini bitirib. İxtisasca müəllim olsa da, dövri mətbuatda tez-tez şeirləri çap olunur. Şairin bəzi şeirlərini oxuculara təqdim edirik:


Deyə bilmirəm

Yerdə yer mənə dar gəlir,
Bu gecə niyə bilmirəm.
İçimdə bir sıxıntı var,
Adını deyə bilmirəm.
Söz var adamı götürür,
Görmür, ayağa nə düşür.
Başı aparan ayağın
Əlinə bəhanə düşür.
Gözlərindən keçənləri
Göz qoymur gözdən qırağa.
Qanı durduran bir kəlmə
Yer var, xoş gəlir qulağa.
Üzüləndə canı üzür,
Bu üzüntü heç tələsmir.
Məqamında söz kəsəni,
Görürsən, heç qılınc kəsmir.
Ürəyim sözə dar gəlir,
Mən bunu guya bilmirəm.
Nədəndir, bilmirəm niyə,
Adını deyə bilmirəm.
12.05.2013.

Bir bahar gecəsiydi
Bir bahar gecəsiydi,
ay işığı, bir də mən,
Şeirimi bir ağac yarpağına yazırdım.
Gözlərim sarılmışdı yenə gül kollarına,
Sözümü qızılgülün dodağına yazırdım.

Bir çiçəyin hörüyü çiynində əfsənirdi,
Bir kəpənək baş qoyub
yatırdı ləçəyində.
Yarpaqlar arasında, gümüşü torun üstə,
Bir hörümçək ovunu
çəkirdi kürəyində.

Ay işığı düşürdü xumar baxışlarına,
Qızılgül isinirdi isti, xoş nəfəsimə.
Gülün soyuq qoynunda
yenə də aldanırdım,
Hər gecə olduğu tək
aldanmaq həvəsimə.

Hər şey necə gözəldir
sərin yaz gecəsində,
Bəlkə belə yaxşıdır,
daha unudum səni.
Bəlkə də bir məzardır
soyuq bəyaz qolların,
Ah necə də incidir hörümçək
toru məni.

Mən ki səni sevmədim,
bu da bir həvəs idi,
Heç bilmirəm,
bəlkə də etirafa hazırdım.
Bir bahar gecəsiydi, ay işığı,
bir də mən,
Günahları bir gülün ayağına yazırdım.

Bu dünya da bizi
aldadır

Bir üzü qurudur, sudur bir üzü,
Ömür bir adadır, ya yarımada.
Niyə aldadırıq öz-özümüzü,
Bəlkə yaşamırıq heç bu dünyada

Tamah qurd ağızlı bir çalbölükdür,
Hərə alışıbdır bir verən ələ.
Quruca dəridir, bir də sümükd ür,
Biz onun içindən baxırıq elə.

Elə baxırıq ki, guya qanırıq,
Baxırıq gah qalxan, enən başlara.
Bizi aldadırlar, biz aldanırıq,
Biz də alışırıq aldanışlara.

Çoxdur aldanışlar suda, havada,
Fələyin bir kəlmə sözü aldadır.
Bəlkə yaşamırıq heç bu dünyada,
Bəlkə bu dünya da bizi aldadır.

Unutmaq öyrədərəm
Ürəyini kiritmək,
Ya ovutmaq istəsən,
Unutmaq öyrədərəm,
Sən unutmaq istəsən.

Təklik səni sıxanda
Könlünə səsim düşər.
Durub güzgüyə baxsan,
Güzgüyə əksim düşər.

Üzündə göz izi var,
Dodağında xal yeri.
Göyərər əllərimin
Saçında sığal yeri.

İndi istəyin nədir,
Nə istəsən, istə sən.
Unutmaq öyrədərəm,
Gəl, unutmaq istəsən.
19.04.2013

İnandır
Sən ürəkdən bir yalan de,
Məni yalana inandır.
Hər şeyi alıb apardın,
Səndən qalana inandır

Yansa, qaralsa, kül olsa,
Yaradan tək məchul olsa,
Bir gün qapında qul olsa,
Olub-olana inandır.

Göydədir, görünməz dibi,
Göydəndir hər eşqin təbi.
Sən mən olmadın, nə eybi,
Məni o cana inandır.

Göydə bir candan doğulduq,
Yerdə imandan doğulduq,
Biz ki, bir andan doğulduq,
Məni o ana inandır.
24.04.2013

Danışırıq
Biz səninlə qabaq-qənşər
Yerdən, göydən danışırıq.
Ürəyimiz susa-susa,
Səsdən-küydən danışırıq.

Su aydınlıq, qan qovuşuq,
Çox bihudə can qoymuşuq,
Biz ki, içməmiş sərxoşuq,
Durub meydən danışırıq.

Zaman bizi bizdən alır,
Üstümüzə qanad salır.
Ya quzeydən söhbət salır,
Ya güneydən danışırıq.

Bir eşqin ümiddir payı,
Cümlə ucuz, söz havayı,
Tək özümüzdən savayı
Biz hər şeydən danışırıq.
24.04.2013

Yaxşı gözlə bax
Özündən nə qədər razısan belə,
Paxıllıq ikinci bədəndir sənə.
Nə qədər lovğasan, xəbərin yox ki,
Lovğalıq birinci düşməndir sənə.

Dilin tikanlıdır, tikan gəzirsən
Sən, qanqal hərisi, gülşən arama.
İçində bu qədər düşmən var ikən,
Sən gedib kənarda düşmən arama.

Könlünə mərhəmət şəklini çək ki,
Sənin mərhəmətli ürəyin olsun.
Cana xeyirxahlıq toxumu ək ki,
Ömrün payızında çörəyin olsun.

Qoru pis duyğudan, pis hissdən qoru,
Könlünü xoş əməl təzədən hörsün.
Götür gözündəki o qara toru,
Gözün bu dünyanı qoy, bəyaz görsün.

Dua et, haqq çağır, axirət günü
Dünyanın bir çopur daşı olasan.
Yaxşıya yaxşı bax, yaxşı gözlə bax,
Özün də qayıdıb yaxşı olarsan.
21.04.2013




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Cəlil Məmmədquluzadənin “Poçt Qutusu” tacik dilində
16.09.2019
Bakının 1918-ci ildə işğaldan azad olunması münasibətilə Ankarada möhtəşəm konsert
16.09.2019
Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
16.09.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
14.09.2019
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Açıq qapı“ günləri olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info