Avropa Şurasına həssas yerindən zərbə - Türkiyə maliyyə ödəməsini dayandırır
Tarix: 10.11.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər
Türkiyənin xarici işlər naziri Azərbaycana qarşı da qərəzli mövqeyi ilə seçilən Yaqlanda məktubla müraciət edib: Ankara Avropa Şurasının “Böyük donor”u statusundan imtina edir

Avropa Şurası qitənin ən böyük siyasi qurumlarından biridir. Azərbaycanın da üzvü olduğu bu təşkilat bir çox halda bəzi dairələrin sifarişlərini yerinə yetirərək reallıqdan uzaq, ikili standartları ehtiva edən sənədlər qəbul edir. 47 dövlətin bir araya gəldiyi Avropa Şurasının qəbul etdiyi bir çox qərarlar üzv dövlətlər tərəfindən narazılıqla qarşılanır. Erməni lobbisinə yaxın dairələr dəfələrlə AŞPA daxilində ölkəmizə qarşı mövqe ortaya qoyublar. Qeyd edək ki, bu ilin oktyabr ayında Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul etmişdi.
Prezident həmin görüşdə qeyd etmişdi ki, təəssüf ki, Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil: “Bunun bir neçə səbəbi var. Birincisi, bu təşkilata üzv olarkən bizim gözləntimiz ondan ibarət idi ki, o, bizə Dağlıq Qarabağ münaqişəsinin həllində yardım edəcək. Lakin Avropa Şurası bu işdə uğursuz oldu, bu iş baş tutmadı və baş tutmayacaq da. İkincisi, üzvlüyümüzün əvvəlində mən bizim nümayəndə heyətinin ilk rəhbəri olmuşam. O zaman mən Azərbaycan parlamentinin üzvü idim və 2001-2003-cü illərdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik etmişəm. Yəni onun necə təşkilat olmasını mən bilirəm və orada Azərbaycana qarşı münasibətin də necə olduğundan xəbərdaram. Münasibət olduqca mənfi idi. Biz həmin təşkilata Ermənistanla eyni gündə üzv olmuşuq və biz Azərbaycana qarşı kəskin mənfi münasibətlə Ermənistana olan müsbət münasibəti müqayisə edirdik. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı. Təəssüf ki, son vaxtlar Avropa Şurasının bəzi rəsmiləri Azərbaycana qarşı yeni hücum təşkil ediblər. Onlar bizi üzvlükdən məhrum etmək və bizə qarşı sanksiya tətbiq etməklə hədələyirlər. Təbii ki, bizim siyasətçilər, parlamentarilər, jurnalistlər və insanlar adekvat reaksiya nümayiş etdirirlər. Birincisi, onlar üzv ölkələrlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 10 mindən artıq qərarının icrasını təmin etsinlər. Ondan sonra Azərbaycanın üzvlükdən çıxarılmasından və ya sanksiyalardan bəhs edə bilərlər. Bu, baş vermiş olsa, bu hal ikili standartların təntənəsi olacaq. Müxtəlif səbəblərdən Avropa Məhkəməsinin 10 min qərarının icra edilmədiyi bir halda Azərbaycan o qərarları icra edir, lazım gəldikdə təzminat ödəyir və ümumilikdə, olduqca konstruktiv davranır. Beləliklə də, Azərbaycana qarşı məqsədyönlü hücum məyusluq yaradır və “bizim o təşkilatda nə işimiz var” kimi fikirlər meydana gəlir. Belə fikirlərin üstünlük təşkil etməməsi üçün biz konstruktiv qaydada çalışmalıyıq. Hesab edirəm ki, bunun yollarından biri bizim Avropa Komissiyası və Avropa İttifaqı ilə əlaqələrimizin möhkəmləndirilməsidir. Bizim üçün prioritet budur. Biz artıq 16 ildir ki, Avropa Şurasının üzvüyük. Sizə səmimi, dostcasına deyim ki, Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək, biz bundan sonra nə yaxşı, nə də pis, nə zəngin, nə də yoxsul yaşamayacağıq. İnsan haqları və demokratiya bundan sonra da diqqət mərkəzimizdə olacaq. Biz bunları hazırda Azərbaycana qarşı həyata keçirilən əsassız hücumun mərkəzində dayanan Avropa Şurasının baş katibinə xoş gəlsin deyə etmirik. Biz bunları ölkəmizi inkişaf etdirmək məqsədilə edirik”.

33 milyon avroluq ödəmə dayandırılır
Artıq bir çox dövlət AŞPA-nın bu münasibətinə adekvat addımlar atır. Məsələn, təşkilatın ən böyük donorlarından olan Rusiya üzvlük haqqı ödəməyi ixtisar edib ki, bu da AŞ üçün böyük maliyyə itkisidir. AŞPA-nın Krım məsələsi ilə bağlı Rusiya nümayəndələrinin səsvermə hüququnun dayandırmasına etiraz edən Moskva Avropa Şurasına üzvlük haqqı ödəməyi kəsib.

“Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə hər zaman hücumlara məruz qalırdı”

Maliyyə məsələsi o qədər həssasdır ki, AŞ rəhbəri Tyorborn Yaqland şəxsən rusiyalı numayəndələrlə görüşərək onların yenidən təşkilata qayıtmalarını istədiklərini ifadə edib. İndi isə Avropa Şurasına ikinci zərbə Türkiyədən dəyib. Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana qarşı da qərəzli mövqeyi ilə seçilən Yaqlanda məktubla müraciət edib. Bu haqda Türkiyənin “Sabah” nəşri məlumat yayıb. Həmin məlumatda qeyd edilir ki, Türkiyə xarici siyasət idarəsinin başçısı Yaqlanda yazdığı məktubda ölkəsinin Avropa Şurasını fəaliyyətinə ən çox xeyir verən dövlət - “Böyük donor” statusundan imtina etdiyini və bunun üçün lazım olan sənədləşməyə başlamağı xahiş edib. Nəşrin məlumatında qeyd edilir ki, Avropa Şurasının fəaliyyətinə maliyyə baxımından ən çox xeyir verən 6 dövlətdən biri də Türkiyədir. “Böyük donor” dövlətlərin sıralaması müvafiq olaraq belədir: Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya və Türkiyə. Türkiyənin Avropa Şurasının ən böyük donorlarından biri olmaq ideyası Çavuşoğlunun AŞPA sədri olduğu 2011-2012-ci illərdə meydana gəlib. Həmin vaxt meydana gələn bu ideyanı reallaşdırmaq ancaq 2015-ci ildə mümkün olub. Həmin il Türkiyə hökuməti Avropa Şurasına maliyyə ödəməsini artırmaqla bağlı qərar qəbul edib. Həmin ilin may ayında isə Avropa Şurasının Nazirlər Komitəsi qərarı təsdiqləyib. Qərar rəsmən 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minib. Türkiyə həmin tarixdən etibarən digər 5 böyük donor ölkə kimi illik ödəməni 33 milyon avroya çıxarıb. Buna qədər illik ödəmə 14 milyon avro idi. Rəsmi Ankaranın bu qərarı Avropa Şurası tərəfindən böyük sevinclə qarşılanmışdı. Türkiyənin iki il ərzində ödədiyi milyonlarla avro sayəsində qurumda bir sıra texniki yeniliklər, təmir işləri, yeni işçilərin qəbulu həyata keçirilib.

Maliyyə məsələsi AŞ üçün çox mühümdür - belə olmasaydı, Yaqland müdafiə etdiyi dəyərlərin üstündən xətt çəkib Rusiya nümayəndə heyətinin ayağına getməzdi
Amma son aylarda təşkilatın Türkiyə ilə bağlı sərt mövqeyi, qəbul edilən bəzi qərəzli qətnamələr Ankaranı bu qərarından vaz keçməyə vadar edib. Rusiyanın maliyyə ödəməsini dayandırmasından sonra onsuz da çətin vəziyyətə düşən Avropa Şurasına həssas yerindən növbəti zərbəni Türkiyə vurur. Maliyyə məsələsi AŞ üçün çox mühümdür - belə olmasaydı, Yaqland müdafiə etdiyi dəyərlərin üstündən xətt çəkib Rusiya nümayəndə heyətinin ayağına getməzdi. Yaqland rusları 2018-ci ilin yanvarına kimi AŞPA-ya qaytarmağa çalışır. Türkiyənin qərarının nə vaxt- 2018, yoxsa 2019-cu ilin yanvarından qüvvəyə minəcəyi bəlli deyil. Əgər qərar gələn ilin əvvəlindən qüvvəyə minərsə və Rusiyanın cəza tədbiri də qüvvədə olarsa, onda Avropa Şurasını çətin maliyyə krizi gözləyir. Tərkibində Avropa İnsan Haqları Məhkəməsi, AŞPA, İnsan Haqları Komissarlığı, İşgəncələrə Qarşı Komitə və digər qurumlar olan Avropa Şurasının saxlanılması üzv dövlətlərin ödədiyi maliyyə əsasında mümkün olur. İki böyük donorun ödəməni dayandırması təşkilat üçün böyük itki ola bilər. Ümumi büdcəsi 350 milyon avrodan az olan təşkilat, maliyyə itkilərinə görə bir çox layihəsini təxirə salmağa məcbur olacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2017
Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir
18.11.2017
Toivo Klaar Bakıya səfər edəcək
18.11.2017
Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
17.11.2017
Lavrov Azərbaycana səfər edəcək
17.11.2017
Afşan Xan Azərbaycana səfər edəcək

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info