“Reshet Bet” radiostansiyası: “Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır”
Tarix: 13.11.2017 | Saat: 19:33:00 | E-mail | Çapa göndər
“Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əgər Ermənistan XİN-in başçısı beynəlxalq hüququn belə elementar normalarını bilmirsə, onda daha nədən danışmaq olar?”

Arye Qut: “Azərbaycan və İsrail dost və tərəfdaşları özləri seçir. Məhz bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlıq səviyyəsini özləri təyin edir. Heç kimin, ələlxüsus da Ermənistanın bu münasibətlərə qarışmaq hüququ yoxdur”

İsrailin “Reshet Bet” dövlət radiostansiyasının populyar proqramlarından biri olan “Beynəlxalq saat” verilişində Ermənistan XİN-in başçısı Edvard Nalbandyanın bu yaxınlarda İsrailə işgüzar səfəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət, habelə Azərbaycan-İsrail strateji tərəfdaşlığı haqqında geniş reportaj və şərhlər təqdim edilib.
İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut aparıcı Eran Sekurelin suallarını cavablandıraraq deyib: “Ermənistan ilə İsrail arasında münasibətlərin qurulduğu vaxtdan 25 il ötür. Təəccüblüdür ki, Ermənistan xarici siyasət idarəsinin başçısı İsrailə yalnız indi gəlir”. Bununla bağlı mülahizələrini söyləyən israilli ekspertin fikrincə, hamı gözəl başa düşür ki, Nalbandyanın səfəri İsrail ilə münasibətləri inkişaf etdirməklə bərabər, bir aşkar məqsəd daşıyırdı: Azərbaycanın Ermənistana münasibətdə hərəkətlərini tənqid etmək və İsrail-Azərbaycan əməkdaşlığına ziyan vurmaq. Səfər zamanı Nalbandyan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Ermənistanın belə bir istəyini ifadə edib ki, İsrail Azərbaycana hərbi texnika və texnologiyalar göndərilməsini dayandırsın. Ermənistan diplomatiyasının başçısı hətta Azərbaycanı “beynəlxalq hüquq normalarını pozmaqda” ittiham edib. Qonşu dövlətin – Azərbaycanın ərazisini 25 ildən çox müddətdə işğal etmiş bir ölkənin Azərbaycanı beynəlxalq hüquq normalarını pozmaqda ittiham etməsi olduqca cəfəng və mənasızdır.
İsrailli aparıcı öz reportajında Ermənistanın Azərbaycana qarşı hərəkətlərini açıq və konkret şəkildə işğal və təcavüz adlandıraraq bildirib ki, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib və ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Bu konkret faktdır və onu inkar etmək olmaz.
Ermənistan XİN-in başçısı “Reşet Bet” radiostansiyasına müsahibəsində dünya birliyini aldatmağa davam edərək deyib ki, “Ermənistanın hərəkətləri işğal deyildir və beynəlxalq birlik Azərbaycanın sərhədləri ilə bağlı hələ müəyyən fikrə gəlməyib”.
Arye Qut Ermənistanın baş diplomatının bəyanatına münasibət bildirərək qeyd edib ki, Edvard Nalbandyan insafsızcasına yalan danışmağa davam edir. Ekspert deyib: “Hamı gözəl bilir ki, 1992-ci ilin martında Ermənistan və Azərbaycan BMT-yə daxil olanda bu beynəlxalq təşkilat həmin ölkələri onların beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri çərçivəsində tanıyıb. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal altında saxlayır. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əgər Ermənistan XİN-in başçısı beynəlxalq hüququn belə elementar normalarını bilmirsə, onda daha nədən danışmaq olar? Aydın məsələdir ki, prezident Serj Sərkisyan kimi, Nalbandyan da ölkəsinin təcavüzkar siyasətinə haqq qazandırmağa çalışır. Bununla da sübut edir ki, diplomatiya və beynəlxalq münasibətlər kimi anlayışlar onlara tamamilə yaddır. Bu da onların təhsilinin və siyasi mədəniyyətinin səviyyəsinin aşağı olduğunu bir daha təsdiqləyir”.
Arye Qutun sözlərinə görə, Cənubi Qafqaz regionu sülh şəraitində dinc yanaşı yaşamaq prinsipindən uzaq regiondur: “Burada geosiyasi vəziyyət mürəkkəb və gərgindir. Yəqin ki, ən qorxulusu - regionda xüsusilə hiss olunan qeyri-müəyyənlikdir. Çünki burada aydın başa düşülür ki, “atəşkəs və sülh” anlayışları çox kövrək və zəifdir. Mən Ermənistanın işğalçı silahlı qüvvələrinin nişangahı altında yaşayan Azərbaycanın dinc əhalisinin həqiqətən əziyyət çəkdiyini gözlərimlə görmüşəm. Mən beynəlxalq forumların birinin başqa iştirakçıları ilə sərhədyanı məntəqələrdə olmaq arzumu bildirdim. Rəsmi Bakı mövcud status-kvo ilə heç vaxt razılaşmayacağını dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib. Ermənistanın hərbi təxribatları ucbatından və diversiyaların qarşısını almaq, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə dağıdıcı zərbələr endirərək onları geri çəkilməyə məcbur etdi. Bu gün Azərbaycan Cənubi Qafqazda güclü və möhkəm orduya malik, həqiqət anında öz qüdrətini nümayiş etdirən ölkədir”.

İsrail-Azərbaycan münasibətlərinin perspektivlərindən danışan Arye Qut qeyd edib ki, Avrasiya ərazisində yerləşən heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibəti yoxdur. Hansısa üçüncü ölkə bu qarşılıqlı münasibətləri pozmaq iqtidarında deyil: “İsrail ilə Azərbaycanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İsrail Azərbaycana daim böyük diqqət və səmimiyyətlə yanaşıb, bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib. İsrail Azərbaycan neftinin dünyada əsas alıcılarından biridir. Azərbaycanın isə öz növbəsində, kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyada, - bu siyahını artırmaq da olar, - İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var. Eyni zamanda, ölkələr təhsil, humanitar və mədəni layihələr irəli sürürlər. Rəsmi Yerevan tərəfinin tənqidinə gəlincə, deyə bilərəm ki, Azərbaycan və İsrail dost və tərəfdaşları özləri seçir. Məhz bu ölkələr hərbi-texniki sahədə strateji əməkdaşlıq səviyyəsini özləri təyin edir. Heç kimin, ələlxüsus da Ermənistanın bu münasibətlərə qarışmaq hüququ yoxdur”.
Arye Qut vurğulayıb ki, Azərbaycan əhalisinin əksəriyyəti İslama etiqad edir, lakin bu ölkənin, həmçinin bir neçə başqa etnik və dini qruplar üçün doğma ev olması hamıya məlumdur. Qonşu Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı müharibəyə və təcavüzə baxmayaraq, sülh şəraitində dinc yanaşı yaşama prinsipi Azərbaycan siyasətinin aparıcı özəyi kimi qalıb: “Hətta 25 il əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayanda belə Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında sülh və harmoniyanı qoruyub saxlamaqda davam edib. Azərbaycan dünya və regional dövlətlərdən asılı olmayan öz çoxşaxəli xarici siyasətini həyata keçirir”. Arye Qut deyib ki, Azərbaycan Prezidentinin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradılıb: “Azərbaycanda birinci yəhudi muzeyinin yaradılması tam sürətlə gedir. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Qırmızı Qəsəbə İsraildən sonra dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə unikal yerdir və Azərbaycanın əsl qürurudur. Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və təcavüz siyasətinə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal edilməsinə və 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsil nümunəsi kimi qalmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsasıdır”.
O qeyd edib ki, Azərbaycan konfessiyalararası harmoniyanın mümkünlüyünü, istənilən problemin zorakılığa və ya münaqişələrə əl atmadan həll oluna biləcəyini nümayiş etdirir.
Arye Qut İsrailin “Reshet Bet” dövlət radiostansiyasının populyar verilişlərindən biri olan “Beynəlxalq saat”da fikrini belə yekunlaşdırıb: “Prezident İlham Əliyev dünyəvi dövlətin, tolerantlığın tərəfdarı olduğuna görə, ölkədə yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətli münasibətinə görə həm İsrail cəmiyyətinin, həm də dünya yəhudi icmalarının hörmətini və ehtiramını qazanıb. Hər iki ölkə - İsrail və Azərbaycan onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır ki, Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
16.11.2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
15.11.2017
“Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrilir”
14.11.2017
Xocalı soyqırımın bəhs edən kitab İsraildə ingilis dilində çap olunub
10.11.2017
Dağlıq Qarabağ münaqişəsinin həllində sülhə nail olmaq üçün ən yaxşı şans...

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info