“Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb”
Tarix: 14.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı mərasimdə nitq söyləyib. Prezident nitqində Yeni Azərbaycan Partiyasının bütün üzvlərini 25-ci ildönüm münasibətilə təbrik edib: “İyirmi beş il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, böyük tarixi hadisə idi. Ondan təqribən bir ay əvvəl bir qrup vətənpərvər insan - məşhur 91-lər Heydər Əliyevə müraciət ünvanlamışdılar. Ulu Öndər müraciətə müsbət cavab verərək, yeni yaradılacaq partiyaya rəhbərlik etməyə hazır olduğunu bildirmişdir və partiyanın təsis konfransının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Təbii ki, təsis konfransı Bakıda keçirilməli idi. Ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyəti buna imkan vermədi. Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və Ulu Öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi. Bu, doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi”.

“Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”
Prezident deyib ki, 1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir: “Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu”.

“1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq”

Prezident deyib ki, Azərbaycan xalqı o vaxt bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. 1993-2003-cü illər tariximizdə sabitlik, islahatlar və inkişaf illəri kimi qalacaq. Prezident deyib ki, sonrakı 14 il ərzində Azərbaycan ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib: “Bu gün Azərbaycan güclü ölkəyə çevrilibdir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. İqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluq təxminən 50 faizdən 5 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 20 faizini təşkil edir, ondan da az səviyyədədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini təşkil edir, yəni, ona bərabərdir. Azərbaycan beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir”.

“Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur”
Daxili siyasətlə bağlı qarşıda duran vəzifələrə toxunan Prezident deyib ki, Azərbaycanda bundan sonra da sabitlik və bütün azadlıqlar təmin ediləcək: “Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı tam şəkildə təmin edilir. Lakin sərbəst toplaşma azadlığından istifadə etməyə çalışan, özünü müxalifət adlandıran bir dəstə hesab edir ki, onlara qarşı hansısa süni əngəllər törədilir. Halbuki bu, qətiyyən belə deyil, o uğursuz mitinqlərin səbəblərini onlar özlərində axtarmalıdırlar. Xalq o ünsürlərə çoxdan yox deyib. Onlar üçün Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Ona görə yox ki, biz onlara maneçilik törədirik. Ona görə ki, onların, necə deyərlər, kitabı çoxdan bağlanıb. Qeyri-konstruktiv hərəkətləri, aqressiv davranışları onlara xalqın nifrətini birə-on artırır. Xüsusilə indiki şəraitdə, internet dövründə nəyisə gizlətmək mümkün deyil. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu gün özünü müxalifət adlandıran bir dəstə xaricdən idarə olunur. Onlara xaricdən komandalar verilir. O komandalar nəticəsində müəyyən dövrdə hərəkətə keçirlər, fəallaşırlar. Sonra da görəndə ki, mitinqlərinə min nəfərdən az adam gəlir, necə deyərlər, suyu süzülə-süzülə yenə kənara çəkilirlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı xaricdən idarə olunan ünsürlərin - beşinci kolonun ölkəmizdə hansısa mövqelərə sahib olmasına heç vaxt imkan verməyəcək. Metodologiya da çox bəsitdir, çox sadədir. Xaricdə bir yalan uydurulur, bir şər-böhtan kampaniyasına rəvac verilir. Ondan sonra bu yalan, böhtan xarici mətbuatda dərc edilir. Daha sonra bunun əsasında da müəyyən tərpənmə, - mən canlanma deməzdim, - müşahidə olunur. Bu tərpənmə bir-iki mitinqdə özünü göstərir. Həmişə olduğu kimi, axırıncı mitinq onun təşkilatçıları üçün məyusedici olur, bununla da məsələ qurtarır. Yəni, bu gün siyasi mübarizəni bu formada aparmaq istəyən dəstəyə, - bunlara heç qüvvə də demək olmaz, - heç nə dərs olmur. Vaxt dəyişir, insanlar dəyişir, Azərbaycan dəyişir, siyasi mübarizə metodları dəyişir, onlar isə hələ də köhnə təfəkkürlə yaşamaq istəyirlər və öz mənasız həyatlarını bu işlərə sərf edirlər. O ki qaldı bütün azadlıqlara, Azərbaycanda heç bir məhdudiyyət yoxdur. Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcəkdir”.

“Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir”
Xarici siyasətə toxunan Prezident deyib ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir: “Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir. Müstəqil siyasət bundan sonra da aparılacaq”. Prezident deyib ki, biz qonşu ölkələrimizlə qarşılıqlı hörmət və inam əsasında çox gözəl və işgüzar münasibətlər qura bilmişik: “30 oktyabr-1 noyabr tarixlərində dörd qonşu ölkənin liderləri ilə mənim görüşlərim olubdur və bu 2-3 gün ərzində həm “Şərq-Qərb”, həm “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin işə salınması və inkişafı istiqamətində çox önəmli hadisələr qeydə alınıbdır. Əgər qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz olmasaydı, əlbəttə, bu layihələr haqqında heç danışmağa da dəyməzdi”. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatının bizim üçün əsas prioritet təşkil etdiyini deyən Prezident vurğulayıb ki, ölkəmiz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüdür və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilib: “Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılmışdır. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də öz həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaqdır. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı bir təşkilatda saxlaya bilməz”.

“Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır”
Prezident deyib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacaq: “Qeyri-neft sektorunda isə xüsusilə bu il çox ciddi islahatlar aparılıb və ixracımız da kəskin artıb, doqquz ayın nəticələri çox müsbətdir. Kənd təsərrüfatı, qeyri-neft sektoru, qeyri-neft sənayesi sürətlə artır. Bizim valyuta ehtiyatlarımız artır, növbəti illərdə də artmalıdır. Valyuta ehtiyatlarımız bu ilin doqquz ayında 4,5 milyard dollar artıbdır. Neftin qiymətinin aşağı səviyyədə olmasını nəzərə alsaq, bu, çox böyük nailiyyətdir. Bu nailiyyət, eyni zamanda, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir. Bir çox ölkələr üçün bizim maliyyə vəziyyətimiz əlçatmazdır. Təkcə onu demək kifayətdir ki, xarici dövlət borcumuz 20 faizin altındadır və valyuta ehtiyatlarımız ümumi daxili məhsula bərabərdir”. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur”. Prezident Xocalı soyqırımının tanıdılması ilə bağlı ardıcıl səylərin bundan sonra da davam etdiriləcəyini deyib: “Bununla paralel olaraq, biz hərbi gücümüzü də artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik. Beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaqdır. Heç bir məhdudiyyət olmayacaq”. Prezident deyib ki, “Azəri-Çıraq-Günəşli” kontraktının müddəti uzadılıb, “Cənub Qaz Dəhlizi”nin icrası uğurla gedir, gələn il TANAP layihəsinin açılışı olacaq: “Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra əsas səylərimiz onunla bağlı olacaq ki, biz yüklərin həcmini artıraq. İndi biz bu məsələ üzərində çalışırıq. Bununla yanaşı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində əlavə addımlar atılmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2017
İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
18.11.2017
Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib
18.11.2017
Yataq ağları həftədə neçə dəfə dəyişilməlidir?ALİMLƏRİN FİKRİ
18.11.2017
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çapdan çıxıb
17.11.2017
“Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7729

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info