Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
Tarix: 16.11.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada görüşü baş tutub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır.
Görüş əsnasında təklif olunub ki, dekabrın 7-8-də ATƏT-in xarici işlər nazirlərinin Vyanada keçiriləcək toplantısı çərçivəsində Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə razılığını bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir.
Qeyd edək ki, görüşdə Vyanada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təklif olunub. Hikmət Hacıyev deyib ki, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib.

Mariya Zaxarova: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi bizim üçün prioritetdir”

Bu arada dünən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqini keçirib. APA-nın Moskva müxbirinin məlumatına görə, Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına və Minsk qrupu formatının dəyişə biləcəyinə dair açıqlamasına münasibət bildirib: “Əgər ATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir”. O əlavə edib ki, məsələyə praktik deyil, nəzəri baxımdan yanaşır: “Çünki bu sual ABŞ tərəfinə ünvanlanmalıdır. Burada məntiqi olmayan heç nə yoxdur. Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq. Dağlıq Qarabağ məsələsi bizim üçün beynəlxalq gündəlikdə olan prioritet məsələlərdən biridir. Söhbət tək qonşularımızdan getmir, bizi bu xalqlarla həyat, tale bağlayır. Biz yüz illərlə bu xalqlarla eyni taleyi bölüşmüşük. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi bizim üçün prioritetdir”.
Mariya Zaxarova qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır.O, bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinin qeyd edildiyini və siyasi dialoqun yüksək səviyyədə olduğunu deyib.
M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun noyabrın 20-də Bakıya səfər edəcəyini də bildirib. O, səfər çərçivəsində ikitərəfli münasibətlərin, aktual problemlərin müzakirə olunacağını vurğulayıb.
“Cenevrə görüşündən sonra bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir”
Yeri gəlmişkən, ATƏT-in Avstriya nümayəndəliyi tərəfindən də Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur. Bunu özəl olaraq Trend-ə ATƏT-in Avstriya nümayəndəliyindən deyiblər. Qeyd olunur ki, ATƏT müvafiq müzakirələrin keçirilməsi üçün başlıca platformadır: “Biz oktyabrın 16-sı Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü diqqətlə izləmişik. Bundan sonra biz müsbət dinamikanı müşahidə edirik. Avstriya nümayəndəliyi ümid edir ki, bu istiqamətdə bərpa olunan fəaliyyət münaqişənin dinc yolla həlli üçün konkret addımlarla müşayiət olunacaq. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur və indi tərəflərin müvafiq qərar qəbul etmək növbəsidir. ATƏT həmsədrləri bu prosesə yalnız kömək göstərə bilərlər”.
ATƏT-in Avstriya nümayəndəliyindən bildiriblər ki, Cenevrə görüşündən sonra bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir: “2016-cı ildə Vyana və Sankt-Peterburq sammitləri zamanı etimadın möhkəmləndirilməsi üzrə konkret təkliflər verilmişdi. Bunların arasında ATƏT-in hazırkı sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi yer almışdı. Prinsip etibarilə Ermənistan və Azərbaycan prezidentləri bu təkliflə razılaşmışdılar”.
Bundan başqa, vurğulanıb ki, ATƏT-in Avstriya nümayəndəliyi sülhün əldə olunmasına yönələn səyləri dəstəkləməyə hazırdır.
Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb edilib
Ötən gün Ermənistandan işğalçılıq siyasəti Gürcüstanda da pislənilib. Belə ki, Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib. Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub. Aksiyada Ermənistandan işğalçılıq siyasətinə son qoymağı, işğal altında olan torpaqlarımızdan geri çəkilməyi tələb edilib.
“Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.
Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır. Kürdoğlu Əsgərov deyib ki, atasının səhhətində problemlər yaranıb. Lakin Ermənistan rəhbərliyi bunu nəzərə almır. “Biz beynəlxalq təşkilatlara müraciət etmişik. Biz atamın, Şahbaz Quliyevin və Ermənistanda həbsdə, girovluqda olan digər azərbaycanlıların azad olunması tələbi ilə aksiyaları davam etdirəcəyik”, - deyə o vurğulayıb.
Aksiyaya dəstək olan Rusiya vətəndaşı Svetlana Şaqayeva Rusiya prezidenti Vladimir Putini Ermənistan girovluğunda olan azərbaycanlıların azad olunmasında vasitəçilik etməyə çağırıb: "Rusiya vətəndaşının Ermənistanda 4 ilə yaxın girovluqda saxlanılması qanunsuzdur. Belə çıxır ki, Ermənistan Rusiyaya qarşıdır. Sarkisyan öz xalqının düşmənidir. Ermənistanda yalnız yaşlılar və uşaqlar qalıb, iqtisadi vəziyyət acınacaqlıdır. Ermənistan əhalisinin yarıdan çoxu Rusiyada işləyir və ailələrini saxlayırlar".
S. Şaqayeva yaşlı insanların qanunsuz həbsdə saxlanılmasını insanlığa sığmayan hal adlandırıb: "Onlar azadlığa buraxılmalı və doğmalarına qovuşmalıdırlar".
Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.
Aksiyanın əsas təşkilatçılarından biri, Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov deyib ki, əsas məqsəd işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsinə, qanunsuz həbsdə olan soydaşlarımızın azadlığa buraxılmasına nail olmaq, dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəltməkdir. Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq, başqa şəhərlərdə də təşkil ediləcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9873

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info