ASK: “Regionlarda görülən işlər qeyri-neft sahələrinin inkişafına zəmin yaradıb”
Tarix: 20.11.2017 | Saat: 14:28:00 | E-mail | Çapa göndər
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib.
Tədbirdə Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 200-dən çox sahibkar iştirak edib.
Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərlə yanaşı, regionlarda da inkişaf etdirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ və digər məsələlər müzakirə olunub.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması, əhalinin məşğulluğunun artırılması istiqamətində də Ağstafa rayonunda bir sıra tədbirlər görülür. Rayonda fəaliyyət göstərən sahibkarlıq subyektləri barədə məlumat verən Məhərrəm Quliyev Ağstafada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində qabaqcıl təcrübənin tətbiq olunmasından da söz açıb. Bildirilib ki, bu ilin 9 ayında rayonda 1183 nəfər işlə təmin olunub. Açılan iş yerinin 87,5 faizi daimidir.
ASK-ın prezidenti Məmməd Musayev qeyd edib ki, son illərdə uğurla həyata keçirilmiş dövlət proqramları və bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib.
Məmməd Musayev qeyd edib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər bölgələrdə qeyri-neft sahələrinin, xüsusilə kənd təsərrüfatının sabit inkişafına zəmin yaradıb, yeni iş yerləri açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinə uyğun olaraq biznes mühitinin əlverişliyinin artırılması ilə bağlı geniş tədbirlər planı hazırlanıb, biznes mühitinin təkmilləşdirilməsi, təşviq və imtiyaz mexanizmlərinin tətbiqi, sosial rifahın yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması ilə bağlı onlarla islahat həyata keçirilib. Qeyd edilən rəsmi sənədlərin hər birinin hazırlanması zamanı regionlarda sahibkarların fikirləri, təklifləri öyrənilib.
Qeyri-neft sektorunun inkişaf etdirilməsində sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafının ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdən olduğunu deyən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, ölkədə fermerlər üçün bir sıra güzəştlərin müəyyən edilməsi, onların torpaq vergisi istisna olmaqla, digər bütün vergilərdən azad olunması, güzəştli şərtlərlə kreditlərin verilməsi, ayrı-ayrı sahələr üzrə dövlət tərəfindən subsidiyaların ayrılması regionlarda kənd təsərrüfatının, özəl sektorun inkişafına təkan verməkdədir.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırılıb. Ölkədə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin fəaliyyəti üçün cəlbedici investisiya şəraiti yaradılıb. Prezidentin tapşırığı ilə yoxlamaların müddətinin növbəti dəfə uzadılması da sahibkarlığın inkişafına yönələn addımdır. Son vaxtlar həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini deyən Sahib Məmmədov bazar araşdırması aparmağın, bu sahədə baş verən prosesləri yaxından izləməyin sahibkarlar üçün faydalarından danışıb.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxışında bildirib ki, dövlətimizin başçısı kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir. Fermerlər aqrar sahəyə qayğının artırılmasını yüksək qiymətləndirirlər. Tütün, barama, pambıq və sair sahələrdə ciddi irəliləyişlərin olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran nazir müavini deyib ki, “Aqrolizinq” ASC tərəfindən bu il 10 minə yaxın texnika gətirilərək istifadəyə verilib. İl ərzində daha çox sahibkarlarla görüşdüklərini deyən İlham Quliyev vurğulayıb ki, fermerləri narahat edən məsələlər qısa müddətdə nazirliyin əməkdaşları tərəfindən diqqətlə araşdırılıb. Gələcəkdə də sahibkarlarla görüşlər davamlı olacaq.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ötən dövrdə Azərbaycanın bölgələrində iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin edildiyini, rəhbərlik etdiyi rayonun da ölkənin qeyri-neft sektorunun inkişafında xüsusi payının olduğunu diqqətə çatdırıb. Bölgənin inkişafının sürətləndirilməsi, hədəflərə çatmaq üçün zəruri tədbirlərin görüldüyünü deyən Rəcəb Babaşov qeyd edib ki, bu ilin 9 ayında Qazaxda 10 yeni müəssisə yaradılıb, 1350-si daimi olmaqla, 1391 yeni iş yeri açılıb. Cari ildə rayonda əsas kapitala yönələn investisiyanın həcmi 46 milyon 570 min 979 manat olub. Bunun 28 milyon168 min 423 manatı sənaye müəssisələri, 17 milyon 237 min 556 manatı kənd təsərrüfatı, qalan məbləğ isə digər sahələrin payına düşür. Cari ildə sahibkarlarla 15 görüş keçirilib. Bu görüşlər bundan sonra da davam etdiriləcək.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Niftalı Qasımov çıxışında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı regionlarda həyata keçirilən tədbirlər barədə məlumat verib, sahibkarlığın inkişafının dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar və Tovuz rayonunda əldə edilmiş uğurlar barədə çıxış edib.
Regional tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti, Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Meliorasiya və Su Təsərrüfatı ASC, Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azexport.az və Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri çıxış edərək, ölkəmizdə yaradılan əlverişli investisiya mühiti, sahibkarlığa göstərilən dövlət qayğısından danışıblar.
Daha sonra Ağstafa rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına söz verilib. “Carçıoğlu Group” MMC, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, “Karvan-L” Eko Sənaye Parkı, “Saloğlu” firmasının nümayəndələri və sahibkarlar müəssisələri haqqında ətraflı məlumat verərək, onlara yaradılan dövlət qayğısından bəhs ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Binəqədi rayon Gənclər evində “BMT Model” simulasiya oyunu keçirilib
13.12.2017
BANM Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişləndirir
13.12.2017
Oncildlik ədəbiyyat tarixinin birinci cildi ilin sonunadək çapa veriləcək
13.12.2017
Tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcək
13.12.2017
“Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info