“Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”
Tarix: 20.11.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirilib və iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin inkişafında 2008-ci il 3 iyul tarixli “Dostluq və strateji əməkdaşlıq haqqında Bakı Bəyannaməsi”nin siyasi əhəmiyyəti qeyd edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında olan səmimi dostluğun və dialoqun ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.
Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər salıblar və perspektiv inkişaf istiqamətlərini müzakirə ediblər.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub, danışıqlarda canlanma və intensivliyin yaranması təqdir edilib. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlıq qeyd olunub. Ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın, XİN-lər arası siyasi məsləhətləşmə mexanizminin əhəmiyyəti vurğulanıb. Həmçinin 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında imzalanmış əməkdaşlıq haqqında Sazişin müddəaları əsasında, birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq ifadə olunub.
Görüşdə, həmçinin Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının genişləndirilməsi, eyni zamanda, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

“İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək”
Görüşdən sonra nazirlər mətbuat konfransı keçiriblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır. “Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq var. Bu gün biz ticari və digər sahələrdə də əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdik. Biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik. Biz, həmçinin Xəzərin statusu ilə bağlı məsələlərdən danışdıq”, - deyə S.Lavrov vurğulayıb.
Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həlli üçün səylərimizi davam etdirəcəyik. İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə mətbuat konfransında bildirib ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var. “Bu gün keçirdiyimiz görüşdə bu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq”, deyə o əlavə edib. Nazir qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə də əməkdaşlıq genişlənir.

“Həmsədrlər münaqişənin həlli məsələsində ümumi mövqedədirlər”
Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun “ADA” Universitetində tələbələrlə də görüşü olub. “ADA” Universitetinin rektoru Hafiz Paşayev Rusiya xarici siyasət idarəsi rəhbərinin bu ali təhsil ocağında ikinci dəfədir tələbələrlə görüşdüyünü deyib. O bildirib ki, “ADA” Universiteti Rusiya universitetləri ilə sıx əməkdaşlıq edir, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Universiteti və digər ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsi aparır. Hafiz Paşayev Azərbaycan və Rusiya ali təhsil müəssisələri arasında ilk forumun məhz Bakıda keçirildiyini xatırladaraq “ADA” Universitetinin Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin inkişafına öz töhfəsini verdiyini söyləyib.
Sergey Lavrov çıxışının əvvəlində təhsil sahəsində əlaqələrə toxunub, “ADA” Universitetinin 11 il ərzində tam formatlı bir təhsil müəssisəsinə çevrildiyini, qısa müddətdə böyük nəticələrə nail olduğunu deyib. O, burada rusiyalı tələbələrin oxumasının, həmçinin azərbaycanlı gənclərin Rusiya universitetlərində təhsil almasının təhsil sahəsinin ikitərəfli inkişafının yüksələn xətlə davam etdiyini göstərdiyini deyib. S.Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda 80-dən çox azərbaycanlı tələbənin oxuduğunu və say etibarilə Qazaxıstandan sonra onların ən böyük xarici tələbələr qrupu olduğunu bildirib.
Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu söyləyən nazir Azərbaycanın və Rusiyanın strateji tərəfdaşlar olduğunu vurğulayıb. “Keçən müddət ərzində biz dostluq və mehriban qonşuluq münasibətlərini nəinki qoruya, hətta daha da inkişaf etdirə, çoxşaxəli müqavilə-hüquq bazası yarada bilmişik. Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir, Qafqaz regionunda, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə birgə töhfələr verir. İki ölkə rəhbərləri arasında əlaqələrin yüksək səviyyədə olması əməkdaşlığın inkişafına böyük impuls verir. Azərbaycan və Rusiya ikitərəfli əlaqələrin tükənməz potensialından daha çox istifadə etməlidir”, - deyə nazir qeyd edib.
Tələbələrlə interaktiv dialoqda nazir bir sıra beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı fikirlərini bölüşüb. Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı məsələyə münasibət bildirən nazir Rusiyanın belə layihələrə “kənarda qalma” mövqeyindən baxmadığını deyib. O, regionda belə layihələrin reallaşdırılmasının əhəmiyyətindən danışaraq Rusiya, Azərbaycan və İran arasında üçtərəfli formatda sıx əməkdaşlığın olduğunu söyləyib: “Bu tərəfdaşlıq hər üç tərəfin təşəbbüsü ilə Şimal-Cənub nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasında əks olunur. Buna görə də hesab edirəm ki, infrastruktur layihələri bərabər şəkildə əməkdaşlıq imkanlarını daha da zənginləşdirir”.
Sergey Lavrov beynəlxalq terrorizmlə mübarizədə iki ölkənin əməkdaşlığı ilə bağlı suala cavabında, ilk növbədə, bu işdə bütün dünyanın birləşməsinin vacibliyini önə çəkib. “Azərbaycan və Rusiya ən geniş beynəlxalq əməkdaşlığın tərəfdarıdır ki, terrorizmlə mübarizə ikili standartlar olmadan həyata keçirilsin. Heç kim terrorçulardan öz məqsədlərinə nail olmaq üçün istifadə etməməlidir”, - deyə o diqqətə çatdırıb. Nazir iki ölkənin BMT çərçivəsində fəaliyyət göstərdiyini, terrorizmlə mübarizədə ümumi mexanizmlər hazırladığını, həmçinin MDB-də antiterror layihələrdə iştirak etdiklərini, ikitərəfli səviyyədə müvafiq qurumların sıx əlaqədə fəaliyyət göstərdiklərini bildirib.
Rusiya xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə Minsk qrupunun həmsədrləri olan ABŞ və Rusiyanın hazırkı ikitərəfli əlaqələri kontekstində münasibət bildirib. O, ABŞ və Rusiya arasında bir çox problemlərlə əlaqədar fikir ayrılığının olmasına baxmayaraq, bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığa ziyan vurmadığını söyləyib. Nazir həmsədrlərin münaqişənin həlli məsələsində ümumi mövqedə olduqlarını qeyd edib.
Görüşdə Sergey Lavrov, həmçinin BMT-nin fəaliyyəti, bu strukturda islahatların aparılması, iqtisadi və siyasi ittifaqların qlobal səviyyədə əməkdaşlığı yollarından danışıb. O, tələbələrə tövsiyələrini də verərək diplomat olmaq üçün çox bədii kitab oxumağın, insanlarla xoş ünsiyyət qurmağı bacarmağın, həmsöhbəti anlamağa çalışmağın, güzəştli mövqe tapa bilməyi öyrənməyin vacib olduğunu söyləyib.
Sonda “ADA” Universitetinin rektoru Hafiz Paşayev Sergey Lavrova kitab və universitetin medalını təqdim edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”
08.08.2018
“Kəlbəcər işğal olunmuş ərazidir”
08.08.2018
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla anılır
07.08.2018
Dan İanku: “Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9853

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 Türkiyə dollara qarşı yeni bir gediş edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info