İnsan hüquqları kontekstində qaçqın və məcburi köçkünlər problemi
Tarix: 20.11.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər
Bu gün dünya ictimaiyyəti qarşısında duran ən mürəkkəb məsələlərdən biri də qaçqın və məcburi köçkünlər problemidir. Əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçmiş və münaqişə zonalarının sayı 70-ə çatmışdır. Bu, problemin nə qədər aktual olmasını açıb göstərir. Təsadüfi deyil ki, həmin şəxslərin hüquqi statusu beynəlxalq və milli hüquq normaları ilə tənzimlənir. Bu, insan hüquqlarına hörmət, eləcə də bu hüquqların müdafiəsinin dövlətlərin ali məqsədi olması ilə bağlıdır. Qaçqınlara beynəlxalq himayənin təmin olunması ilə bağlı iki əsas beynəlxalq hüquqi akt mövcuddur ki, bunlardan biri 1951-ci il tarixli “Qaçqınların statusu haqqında” Cenevrə Konvensiyası və digəri 1967-ci il tarixli “Qaçqınların statusuna dair” Nyu-York Protokoludur. Bu sənədlərdə qaçqınlarla rəftarın minimum zəruri normaları, onların əsas hüquqları və hüquqi statuslarınnı müəyyən edilmişdir.
Qaçqınlar problemi ilə insan hüquqları məsələləri arasında açıq-aşkar qarşılıqlı əlaqə mövcuddur. Belə ki, məhz insan hüquqlarının pozulması nəticəsində insanlar öz doğma yurdlarını kütləvi şəkildə tərk etməyə məcbur olur və həmin pozuntulara son qoyulmayana qədər öz yurdlarına könüllü şəkildə qayıda bilmir. Ona görə də həmin məsələ insan hüquqları kontekstindən nəzərdən keçirilməlidir.
Təəssüflər olsun ki, Azərbaycan xalqı təkcə iyirminci əsr ərzində bir neçə dəfə qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşmişdir. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri bölgədə maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin işğalçılıq siyasəti isə bir əsrdə dörd dəfə soydaşlarımızın öz doğma yurdlarından didərgin salınması ilə nəticələnmişdir.
Ermənistanın 1988-ci il yanvarın 25-dən başlayaraq 1991-ci il avqustun 8-dək planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandan 250 min nəfər azərbaycanlı zorla qovulmuş, 57-si qadın, 23-ü uşaq olmaqla 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1154 nəfər isə yaralanmışdır.Təxmini hesablamalara görə, azərbaycanlıların 677 min 850 hektar torpaq fondu, 21 min 500 hektar üzüm və meyvə bağları, 2 milyon kv.metr mənzil sahəsi, 50 min hektar həyətyanı torpaq sahəsi, 1 milyon başa qədər mal-qara, 120 tarixi abidə, 230 məscid və ibadətgah zəbt edilmişdir.
. İşğalçı rejimin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 17 min kv.km sahəsi və ya torpaqlarımızın iyirmi faizi, 4,4 kv.km əraziyə malik Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun ərazisi işğal edilmiş, Dağlıq Qarabağdan 60 min nəfər, digər ətraf rayonlardan isə 600 mindən çox azərbaycanlı öz yurdlarından çıxarılaraq məcburi köçkünə çevrilmişlər.Bundan başqa respublikanın Ermənistanla həmsərhəd olan bəzi rayonların yaşayış məntəqələrindən 100 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerini məcburən tərk etmiş, 1990-cı ildə isə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska türkü Azərbaycana pənah gətirmiş və bununla da Azərbaycan Respublikası bir milyondan çox insanı əhatə edən qaçqınlar və məcburi köçkünlər problemi ilə üzləşmişdir.
Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4499 nəfər əsirlikdə qalmış, girov götürülmüş və ya itkin düşmüşdür.
İşğal nəticəsində 130 min nəfərə yaxın məktəbli, tələbə və 20 min nəfərə yaxın təhsil işçisi, 933 həkim, 3637 orta tibb işçisi məcburi köçkün vəziyyətinə düşmüşdür.
Bundan başqa, dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun mədəi irs siyahısına düşmüş məşhur Azıx və Tağlar mağaraları, ümumilikdə isə 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrimiz işğalçı qüvvələr tərəfindən ələ keçirilmişdir.
Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində respublika iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox həcmdə ziyan vurulmuşdur.
Təcavüz nəticəsində qaçqın və məcburi köçkünlər respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox sıx məskunlaşma obyektinə sığınaraq 12 çadır düşərgəsində, 3 dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbədə, 16 fin tipli qəsəbədə, yataqxanalarda və digər dözülməz şəraitli obyektlərdə yaşamağa məcbur olmuşlar.
1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, onların hüquqlarının qorunması ilə bağlı sistemli şəkildə iş aparılmağa başlanılmış, məhz onun diplomatiyası sayəsində münaqişənin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırılmış, Ermənistanın təcavüzkarlıq siyasəti ifşa edilmiş və Ermənistan beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınmışdır.Aparılmış məqsədyönlü siyasətin nəticəsində 1993-cü ildə BMT Təhlükəsizlik Şurası münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etmiş, 1994-cü ilin may ayında atəşkəsə nail olunmuş, ATƏT-in 1994-cü ildə Budapeştdə, 1996-cı ildə Lissabonda və 1999-cu ildə İstanbulda keçirilmiş sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görülmüşdür.

1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, 1999-cu ildə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmiş, 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamı ilə «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Proqramı təsdiq edilmişdir.
2003-cü ildə respublikada mövcud olan 12 çadır düşərgəsindən beşi ləğv edilmiş, 1330 qaçqın və 5081 məcburi köçkün ailəsini əhatə edən 32 min nəfərin mənzil şəraiti yaxşılaşdırılmış, onlar üçün 6411 fərdi yaşayış evi, 18 məktəb, 6 musiqi məktəbi, 18 uşaq bağçası, 2 xəstəxana, 10 klub, 16 tibb məntəqəsi tikilmiş, dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqından, həmçinin kommunal və digər xidmətlərin ödənişindən azad edilmişlər.
Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun ciddi səyləri nəticəsində 2007-ci ildə çadır düşərgələri tamamilə, 16 fin tipli qəsəbədən 12-si ləğv edilmiş, orada müvəqqəti məskunlaşmış 4400 məcburi köçkün ailəsi yeni salınmış qəsəbələrə köçürülmüşlər. İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq olunmuş, 2007-ci və 2011-ci illərdə isə “Əlavələr” edilmişdir ki, bunlar da qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsində, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır.
2001-2016-cı illər ərzində 95 qəsəbə salınmış, 40 min ailə, 180 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Yeni salınmış yaşayış məntəqələrində 151 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 59 tibb müəssisəsi, 58 mədəniyyət müəssisəsi, 2 olimpiya idman kompleksi tikilmiş, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün ümumilikdə indiyədək 5,5 milyard dollar vəsait sərf edilmiş, məcburi köçkünlərin 161 min nəfəri daimi işlə təmin edilmişdir ki, görülmüş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizə enmişdir.
Ötən müddətdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı beynəlxalq normalara uyğun tam hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 2003-2017-ci illərdə 95 Fərman və Sərəncam imzalanmış, Nazirlər Kabineti 357 qərar və sərəncam, Milli Məclis isə 33 qanun qəbul etmişdir.
Birinci vitse-prezident, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanış Əliyevanın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sahəsində gördüyü işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Belə ki, 9 mart 2017-ci il tarixdə onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmiş, Mehriban xanım Əliyeva müşavirədəki çıxışında vurğulamışdır ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda yaşayan məcburi köçkün ailələri vardır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır. Həmin müşavirədən az sonra Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilmişdir ki, bu da onların problemlərinin həlli çərçivəsində atılan addımlardan hesab olunmalıdır.
Lakin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün hüquqi baza yaratsa da, Ermənistan bunların heç birinə əməl etmir, atəşkəs rejimini mütəmadi olaraq pozaraq ərazilərimizi atəşə tutur, dinc əhalini qətlə yetirir.Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq milliyyətcə erməni olan mülki əhali kənardan gətirilərək bu ərazilərə zorla yerləşdirilir.
Ermənistan BMT Nizamnaməsinin, “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”, Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası, Nyu-York Protokolu və ümumiyyətlə, bütün beynəlxalq qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozmuşdur. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın tarixi-mədəni, dini abidələrinin dağıdılması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESCO-nun 1972-ci il Konvensiyası, eləcə də "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bunun qarşısının alınmasında qəti mövqe göstərmir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməli olduğu halda əksinə, dünyanın aparıcı dövlətlərinin ikili standartlar yeritdiyi və Azərbaycanın haqq işinə biganə qaldıqları səbəbindən Ermənistan dünyada analoqu olmayan monoetnik dövlətə çevrilmişdir.
Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan 2012-ci ilin 26 aprelində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmiş, 2005-ci ildə Avropa Şurası Parlament Assmbleyasının, 2008-ci ildə BMT Baş Assmbleyasının və 2010-cu ildə Avropa Parlamentinin qətnamələrində işğal olunmuş ərazilərdən köçkün düşmüş insanların öz evlərinə qaıytmaq hüququ bir daha təsdiq olunmuşdur.
Göründüyü kimi, respublikada münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir.Bunun nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir və Azərbaycanın dünyaya tanıdılması istiqamətində atılan addımlar öz səmərəli töhfələrini verir.
Azərbaycan xalqının əmin olduğu həqiqət isə ondan ibarətdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı sülhsevər siyasət öz bəhrəsini verəcək və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar.

Əli Cəfəroğlu (Əliyev)
Prezident təqaüdçüsü, yazıçı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Ağstafa rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi

( Bu yazı Ombudsmanın Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi “Hüquqlar-hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqəsinə təqdim olunur)




 
Bölməyə aid digər xəbərlər
12.12.2017
Prezident Türkiyəyə səfərə gedib
12.12.2017
Azərbaycan dövlətçiliyinin xilaskarı
12.12.2017
Müstəqil Azərbaycanın memarı
12.12.2017
Avropa Məhkəməsi Ermənistanı azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməyə məhkum edib
12.12.2017
 “Görkəmli dövlət xadimi Heydər Əliyev Vyetnama böyük diqqət göstərib”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info