Əli Əhmədov: “Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar kifayət qədər yüksək çəkiyə malikdirlər”
Tarix: 20.11.2017 | Saat: 19:49:00 | E-mail | Çapa göndər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.
Forumun Birinci hissəsində baş nazirin müavini Əli Əhmədov, AQUPDK-nın sədri Hicran Hüseynova, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan, Türkiyənin Ailə və Sosial Siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov iştirak ediblər. Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən 6-18 yaş arası 380 uşaq qatılıb. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumunun iştirakçılarına təbrik məktubunu oxuyub

“Son 25 ildə Azərbaycan əhalisinin sayı 30 faiz artıb”
Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycan cəmiyyətində uşaq ən ali dəyərdir: “Ailə fəlsəfəmizdə uşaq ailənin xoşbəxtliyinin, firavanlığının və özünə inamın simvoludur. Hər bir vətəndaş sağlam uşaq böyütməyi özünün ali vəzifəsi hesab edir. Bu fəlsəfə və dəyərlər dövlət uşaq siyasətinin təməlini təşkil edir və bu istiqamətdə görəcəyimiz işləri müəyyənləşdirir. Bu səbəbdən Azərbaycan cəmiyyətinin demoqrafik strukturunda uşaqlar kifayət qədər yüksək çəkiyə malikdirlər”. Ə. Əhmədov qeyd edib ki, Azərbaycanın uşaq və gəncləri daha sağlam böyüməli, daha yaxşı səhiyyə xidməti almalı, daya yaxşı məktəblərdə oxumalı, daha yaxşı təhsil almalıdırlar: “Uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər keyfiyyət parametrlərinə malik olmalıdırlar. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam və qayğısız böyüməsi üçün dövlət siyasətinin həyata keçirilməsində kifayət qədər səmərəli fəaliyyət göstərir”.
Əli Əhmədov bildirib ki, Azərbaycan əhalisinin sayı son 25 ildə təxminən 30 faiz artıb. Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti sağlam təməl üzərində qurulub. Baş nazirin müavini qeyd edib ki, uşaqların sağlam böyüməsi və yüksəkkeyfiyyətli təhsil alması üçün ölkədə imkanlar yaradılıb: “Azərbaycan müstəqilliyinə qovuşarkən əhalisinin sayı 7 milyon idi. Bir neçə aydan sonra Azərbaycanda 10 milyonuncu uşaq dünyaya göz açacaq".

Hicran Hüseynova:
“Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik”
Forumda çıxış edən Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaqların sağlam və xoşbəxt böyüməsi, hər zaman olduğu kimi, bu gün də aktualdır. Lakin müasir dövrdə, xüsusilə də hərbi münaqişələr, kataklizmlər, terrorizm və zorakı ekstremizmin fonunda bu məsələ özünü daha qabarıq şəkildə göstərir. Onun sözlərinə görə, təkcə ölkənin deyil, həm də Cənubi Qafqazın ən tanınmış qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu uşaq məsələlərinə xüsusi diqqət ayırır: "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" - devizini irəli sürən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli işlər görür. Bizim digər əsas tərəfdaşımız isə BMT-nin Uşaq Fondudur. 25 ilə yaxındır əməkdaşlıq çərçivəsində biz uşaq hüquqlarının müdafiəsi ilə bağlı bir sıra aktual layihələr keçirmişik, ölkə üzrə proqramları qəbul edib, yerinə yetirmişik. Azərbaycanda BMT Uşaq Fondunun fəaliyyətə başlamasını ümummilli lider Heydər Əliyev yaxından dəstəkləyirdi. Bu gün isə ölkə başçısı İlham Əliyev tərəfindən bu əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaq Fondunun təşəbbüsləri hökumət tərəfindən daim dəstəklənir. Bu isə həm qanunvericilik bazasının təkmilləşdirilməsində, həm də maarifləndirmə işlərinin aparılmasında öz töhfəsini verir”.
H.Hüseynova uşaqların xalqımızın ən böyük və qiymətli sərvəti olduğunu da vurğulayıb: “Bizim sizinlə fəxr etməyə bir çox səbəblərimiz var, bir çoxunuz elmi olimpiadaların qalibisiniz, mötəbər idman yarışlarının çempionlarısınız, mədəniyyət sahəsində yüksək mükafatlar əldə edirsiniz. Vətənpərvərsiniz və milli adət-ənənələrimizə sadiqsiniz. Biz iqtisadi əlaqələri dağılmış ölkədən güclü, davamlı inkişaf edən ölkəyə çevrilmişik. Bir məsələni unutmaq olmaz ki, bütün bu uğurlar təkcə Ermənistanla davam edən müharibə və onun törətdiyi ağır fəsadların deyil, həm də bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətin fonunda həyata keçirilir. Belə bir çətin şəraitdə yetişməkdə olan gənc nəslimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə edilməlidir. Eyni zamanda, gündən-günə güclənən dövlətimizə yüksəkixtisaslı kadrlar, peşəkar mütəxəssislər lazımdır. Vətəni təkcə fiziki güclə deyil, həm də elmlə, savadla qorumaq, möhkəmləndirmək lazımdır”.
H.Hüseynova əlavə edib ki, uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir: “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində sizin daha yaxşı təhsil almağınız, sağlam böyüməniz, rahat şəraitdə, təmiz mühitdə yaşamağınız və digər məsələlərlə bağlı bir çox məqsəd və hədəflər göstərilmişdir. 2030-cu ildə siz artıq yetkin bir şəxs olacaqsınız və bu məqsədlərə çatmaq üçün özünüz çalışacaqsınız. Biz sizə çox ümid edirik. İnanırıq ki, estafet çox etibarlı əllərdədir”.

Oruc Zalov:
“Bəzi işbazlar uşaq əməyindən istifadə edirlər”

Daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov çıxışında bildirib ki, bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir: “Bu qurumun məqsədi azyaşlıların neqativ təsirlər altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”. Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər: “Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı - ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı tərəfimizdən aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”. O. Zalov qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən lazımi tapşırıqlar verilib.

Nazir müavini:
“Gənclərin əksəriyyəti sağlam düşüncəyə, sağlam əqidəyə sahibdir”
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan məktəblərində təmayülləşmənin əhatə dairəsi genişlənib. Hazırda təmayülləşmə 720 məktəbi əhatə edir. O bildirib ki, 2014-cü ildən başlayaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir: “Azərbaycanda fəaliyyət göstərən 150 min müəllimdən 145 mini diaqnostik qiymətləndirmədən keçib, onların əmək haqları artırılıb”. Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Azərbaycanda narkomanlığa aludə olan, tüfeyli həyat sürən gənclər olsa da, Azərbaycan gənclərinin mütləq əksəriyyəti sağlam düşüncəyə, sağlam əqidəyə sahibdir.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bu ilin 9 ayı ərzində uşaq əhalisinin 70 faizi icbari dispanserizasiyadan keçib. Nazir müavini bildirib ki, dispanseriya zamanı 180 min uşaqda müxtəlif xəstəliklər - anemiya, görmə qüsurları və s. aşkarlanıb, 68 min uşaq dispanser qeydiyyatına götürülüb. “İnsanlar çox zaman xəstəlikdən sonra həkimə üz tuturlar. Bu həm böyüklərə, həm də uşaqlara aiddir. Qeyd etməliyəm ki, ölkənin 7,2 milyon nəfər böyük yaşlı əhalisinin 5,5 milyonu sağlamlaşdırma tədbirlərinə cəlb olunub. Onların bir hissəsi sağlam həyata qayıdıb, digərləri isə dispanser müşahidəyə götürülüb”, - deyə E. Ağayev qeyd edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi qeyd edilib
13.12.2017
Binəqədi rayon Gənclər evində “BMT Model” simulasiya oyunu keçirilib
13.12.2017
BANM Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişləndirir
13.12.2017
Oncildlik ədəbiyyat tarixinin birinci cildi ilin sonunadək çapa veriləcək
13.12.2017
Tələbələrə hansı hallarda akademik məzuniyyət veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info