Quru meyvə məhsullarının ixracı ölkəyə valyuta qazandıra bilər
Tarix: 21.11.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər
Qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılması üzrə inkişaf proqramları hazırlanması, müasir emal müəssisələri və soyuducu anbarlar şəbəkəsi yaradılması nəzərdə tutulur
Kənd təsərrüfatı meyvələrin qurudulmasının da tərkibinə daxil olduğu, insanları lazımi ərzaqla təmin edən, sənayeyə xammal mənbəyi yaradan, əhalinin əhəmiyyətli bir hissəsinə məşğulluq yaradan və ölkə iqtisadiyyatına ciddi təsir edən strateji əhəmiyyətə malik bir sektordur. Buna görə də bütün ölkələr, əsas kənd təsərrüfatı məhsulları sahəsində öz ehtiyaclarını ödəmək üçün xüsusi səy göstərirlər. Bununla yanaşı, dünya bazarında kənd təsərrüfatı məhsulları ilə bağlı rəqabət getdikcə artır. Bu gün ölkələr bazara daha yaxşı məhsul təqdim etməyə çalışmaqla öz brendini tanıtmağa, daha çox gəlir əldə etməyə çalışır.
Hazırda bir çox ölkələrin bu sektorda daha çox gəlir əldə etdiyi məhsullardan biri də quru meyvələrdir. Ərzaqların qurudulub saxlanması insanın təbiətdən öyrəndiyi çox qədim bir üsuldur. Bu üsul təbiətdə çox vaxt öz-özünə reallaşmaqda olub və müxtəlif məhsullar tarlada quruyaraq saxlanacaq vəziyyətə gəlir. Meyvə və tərəvəz istehsalı mövsümidir. Bu baxımdan, onlar yalnız yetişdiyi mövsümdə və adətən, qısa müddətdə hazırlanır. Dünyada 2000-2008-ci illərdə quru meyvə məhsullarının ixracı 2,4 dəfə artıb. Proqnozlara görə, 2023-cü ildə bu rəqəmin 1,3 dəfə artaraq 12 milyard dollar olacağı gözlənilir. Bu çərçivədə, 2023-cü ildə bütün dünyanın quru meyvələri və məhsulları ixracatında Türkiyənin payının 4 milyard dollara çatacağı gözlənilir.
Qeyd edək ki, sənaye üsulu ilə qurutma sistemləri tətbiq olunmadan öncə insanlar meyvə və tərəvəzləri günəş şüaları ilə qurudurdular. Quru meyvə ticarətinin artması və günəş şüası altında yerə sərilərək qurutma sistemi ətraf mühit və hava çirkliliyi, qurd düşməsi, tozlanma kimi əlavə təsirlə bağlı qurutma sistemi yerini inkişafda olan sənaye qurutma sistemlərinə buraxıb. Sağlam qidalanma ilə bağlı son illərdə bir çox diyetoloqlar, həkimlər insanlara, xüsusilə quru meyvələri nahar fasilələrində istehlak etməyi tövsiyə edirlər. Bu tövsiyələrin təsiri ilə quru meyvə istehlakının artması müşahidə olunur.
Ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də ixracın prioritet olduğu bir vaxtda böyük gəlir əldə etmək mümkün olan quru meyvə ticarətini genişləndirmək vacibdir. Ölkə başçısı da çıxışlarında dəfələrlə bildirib ki, fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Azərbaycanın əksər kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üzrə müqayisəli üstünlükləri yüksəkdir ki, bu da müvafiq məhsullar üzrə istehsal potensialının artırılması hesabına daxili bazarda bir sıra idxal məhsullarının əvəzlənməsinə və rəqabətqabliyyətli məhsulların ixracının genişləndirilməsinə imkan verir. 2016-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ixracın daha da artırılmasına xüsusi yer verilir. Burada göstərilir ki, 2025-ci ilədək kənd təsərrüfatı məhsullarının emalı sektorunda ən az bir neçə yerli aparıcı müəssisənin yaradılması nəzərdə tutulub. Bu aqrar-sənaye müəssisələri öz ixrac potensialını yüksəldərək ixrac bazarlarının sayını artıracaq (Avropa bazarı kimi Qərb bazarları da daxil olmaqla) və dünya ticarətində mühüm paya sahib olacaq. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də geniş fəaliyyət göstərəcək. O cümlədən 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışlarda quru meyvə-tərəvəz məhsullarının və şirəsinin, eləcə də ət məhsullarının istehsalı üçün müasir emal müəssisələri və soyuducu anbarlar şəbəkəsi yaradılacaq.
Görüləcək tədbirlərdən biri kimi qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılması üzrə inkişaf proqramları hazırlanacaq, müxtəlif dəstək mexanizmlərinin köməyi ilə bu sahələrin inkişafı stimullaşdırılacaq.
Qurudulmuş meyvələr sırasında ən çox gəlir əldə edilən meyvələr sırasında əncir, kişmiş, ərik üstünlük təşkil edir. FAO-nun məlumatına əsasən dünyada 1.064.414 ton əncir istehsal olunur ki, bunun da 27%-i Türkiyənin payına düşür. Türkiyədən sonra Misir, Əlcəzair, İran, Suriya, ABŞ və İspaniya daha çox əncir istehsal edən ölkələr sırasındadır. Azərbaycanda iqtisadi rayonlar sırasında Aran iqtisadi zonası əncir istehsalının 39%-ni təşkil edir.
Dünyada 9720 min ton ərik istehsal olunur ki, onun təxminən yarısı Çinin payına düşür. Ərik istehsalına görə Çindən sonrakı yerləri ABŞ, Serbiya və Türkiyə tutur. Azərbaycanda iqtisadi rayonlar sırasında Naxçıvan iqtisadi zonası ərik istehsalının 30%-ni təşkil edir.

Türkiyə kişmiş, qurudulmuş ərik, əncir ixracından 925 milyon dollar əldə edib

Türkiyənin ənənəvi ixrac məhsullarından olan kişmiş 2017-ci ildə 270 min tonla ölkəyə 419 milyon 268 min dollar valyuta qazandırıb. Quru ərik ixracı 86 min 255 ton qarşılığında 273 milyon 421 min dollar gəlir gətirib. Quru əncir ixracından isə 232 milyon 913 min dollar əldə edilib. Türkiyə 2015-2016-cı il mövsümündə quru üzüm, quru ərik və quru əncir ixracından 967 milyon 229 min dollar valyuta qazanıb.
Türkiyənin istehsal etdiyi kişmiş, quru ərik və quru əncirin 80 faizinin ixrac edildiyini deyən Ege Quru Meyvə və məmulatları İxracatçıları Birliyinin İdarə heyətinin başçısı Birol Celep, quru meyvə ixracatından əldə edilən valyutanın əlavə dəyərinin 100 faizə yaxınının Türkiyədə qaldığını deyib. Kişmiş, quru ərik və quru əncir ixracatının 1 milyard 50 milyon dollara çatdığı mövsümlər olduğunu deyən Celep qeyd edib ki, ixracatçılar daha fəal olaraq Türkiyənin qazanacağı valyuta miqdarını artıra bilər. Xüsusilə kişmiş və quru əncirlə bağlı son illərdə istehsal sahələri artır: “Bu məhsulları toplayaraq 1,5 milyard dollarlıq ixrac edə bilərik. 2016/17-ci il mövsümündə 98 ölkəyə 419 milyon 268 min dollarlıq kişmiş ixrac edilib ki, bu siyahıda İngiltərə 107 milyon dollarla ilk sırada yer alıb. Almaniya 55 milyon dollar ilə ikinci olsa da, Hollandiya 46 milyon dollarlıq ixracla üçüncüdür. Quru ərik ixracatında Avropa Birliyi 44% payı ilə aparıcı bazar olub, AB ölkələrinə ixrac edilən quru ərik isə 119 milyon 288 min dollar qazanc gətirib. Türk əncirini ən çox sevənlər isə fransızlar olub. 2016/17-ci il mövsümündə Fransaya 34 milyon 489 min dollar dəyərində əncir ixrac edilib. Almaniya 30 milyon 465 min, ABŞ isə 25 milyon 672 min dollarlıq quru əncir satın alıb”.
Göründüyü kimi, bu gün dünya ölkələri qurudulmuş meyvələrdən trilyon dollarla gəlir əldə edirlər. Ölkəmizdə də quru meyvələrin istehsalı üçün imkanlar var. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində hazırda Ağdaş, Salyan və Xaçmaz rayonlarında quru meyvə istehsalı müəssisələri fəaliyyət göstərir. Onu da qeyd edək ki, bu gün ölkədə bir sıra quru meyvə istehsalı müəssisələri fəaliyyət göstərsə də, bazarlarda kifayət qədər xarici ölkələrin quru meyvələrinə rast gəlinir. Bu isə xarici məhsulların bu sahədə yerli məhsulları üstələdiyini göstərir. Məsələn, bu gün bazarda yerli quru əncirin qiyməti 15 manat olduğu halda, Türkiyə istehsalı olan quru əncirin qiyməti 13 manat təşkil edir. Bu da alıcılıq qabiliyyətinə mənfi təsir edir. Halbuki yerlərdə bu məhsulların istehsalını kifayət qədər artırmaq olar. Bununla həm təbii yerli məhsul, həm də bir sıra ölkələr kimi, bu sahədən milyon dollarla gəlir əldə etmiş olarıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
“İslam Səfərli“ tankeri tezliklə açıq dənizə çıxacaq 
13.12.2017
Nazir: “Statoil“ hələ uzun müddət Azərbaycanın tərəfdaşı olacaq“
13.12.2017
“AtaBank” “Uğur-2017“ Milli mükafatına layiq görülüb
13.12.2017
Bələdiyyə nümayəndələri üçün təlim təşkil edilib
13.12.2017
Bu il Azərbaycanda əsas kapitala 13,7 mlrd. yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7911

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info