“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”
Tarix: 21.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, noyabrın 20-21-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum keçirilib. Tədbirdə ölkələrin ərazi bütövlüyünün regional və qlobal səviyyədə pozulması halları, separatizm nəticəsində yaranmış münaqişələrin və separatçı meyillərin aradan qaldırılması yolları müzakirə olunub.
Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko forumdakı çıxışında dünyada baş verən dini-etnik münaqişələrdən bəhs edərək onlardan çıxış yolları barədə danışıb. Sabiq Prezident xalqların müqəddəratını təyinetmə hüququna və separatizm məsələsinə toxunaraq qeyd edib ki, bu gün xüsusilə də Şərqi Avropada baş verən münaqişələr həll olunmamış qalır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Bosniya və Herseqovinanın keçmiş Baş naziri Hasan MURATOVİÇ separatizmin dünya ölkələrinə vurduğu ziyan barədə danışıb. O bildirib ki, separatizm təkcə baş verdiyi ərazilərdə deyil, eyni zamanda, oraya gələn insanların həyatında da öz dərin izlərini qoyur. Problem qlobal miqyasda həllini tapmadıqca bundan milyonlarla insan əziyyət çəkəcək və tarix bu itkili səhifələrlə zəngin olacaq.
İsrailin sabiq Prezidenti Dalia İtzik Forumun təşkilatçılarına təşəkkürünü bildirib. Sabiq Prezident vurğulayıb ki, separatizm dünyada çox böyük problemlər ortaya çıxarmaqdadır. O, separatizmin qarşısını almaq üçün effektiv həll yollarının tapılmasının vacib olduğunu diqqətə çatdırıb.
Moldovanın sabiq Baş naziri Dumitru Braghis isə çıxışında ölkəsinin təcrübəsi barədə məlumat verib. Dövlətlərin ərazi bütövlüyünün bölünməzliyi prinsipinin vacib olduğunu vurğulayan sabiq Baş nazir qeyd edib ki, Moldova da bir çox Şərqi Avropa ölkələrinin keçdiyi çətin tarixi mərhələlərdən keçməli olub.
ATƏT-in İnsan Hüquqları və Demokratiya Komitəsinin sabiq sədri Cesus Lopez-MEDEL separatizmin doğurduğu problemlər haqqında fikirlərini Forum iştirakçılarının diqqətinə çatdırıb. O, dünyada baş verən mürəkkəb siyasi proseslər haqqında danışıb, Kataloniya bölgəsi ilə bağlı yaranmış problemlərin həll ediləcəyinə inandığını vurğulayıb.
Qısa fasilədən sonra Forumun “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusunda ikinci panel iclası başlayıb.
“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti, siyasi şərhçi İosif Şaqalın moderatorluğu ilə keçirilən ikinci panel iclasda Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov çıxış edib. Səfir Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanmasının həlledici mərhələyə qədəm qoyduğunu bildirib.
Forum çərçivəsində erməni separatizmindən bəhs edən videofilm təqdim olunub.
Briqada generalı Sneh Efraim isə çıxışında Ermənistanın əleyhinə sərt danışıb. O, separatizmin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib. İkili standartlardan danışan S.Efraim Dağlıq Qarabağ münaqişəsi barədə deyib: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar.
“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”, - deyən general vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

“Amerikalı siyasətçilər etiraf etdilər ki, erməni lobbisi və şantajının təsiri altındadırlar”
Növbəti fasilədən sonra Akkan Suverin moderatorluğu ilə “Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili” mövzusunda üçüncü panel iclası keçirilib.
Alman-Azərbaycan Forumunun həmsədri, AFR Bundestaqının sabiq deputatı Helqa Daub deyib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal olunub. Bu, işğalın klassik formasıdır və burada “xalqların öz müqəddəratını təyin etməsi”ndən danışmaq yersizdir. “Xocalı soyqırımı barədə Almaniyada az bilirlər. Lakin bu yaxınlarda Bundestaqda Ermənistanın hərbi cinayətini xatırladan sənəd qəbul edilib”, - deyə Helqa Daub məlumat verib. O, Azərbaycan xalqına bütün Dağlıq Qarabağ ərazisində və ona bitişik 7 ətraf rayonda öz Konstitusiyasını tezliklə bərpa etməsini arzulayıb.
Moldovanın sabiq ombudsmanı və parlament vəkili Aureliya Qriqoriu Dağlıq Qarabağa münasibətdə “münaqişə” terminini təkzib edib. O deyib: “Bu işğal, təcavüz nəticəsində etnik təmizləmədir. Ermənistanın indiki rəhbərləri Xocalıda azərbaycanlılara qarşı soyqırımında iştirak ediblər. Avropa İttifaqı isə münaqişənin həllini ATƏT-in fəaliyyətsiz Minsk qrupunun öhdəsinə buraxaraq dəvəquşu mövqeyi nümayiş etdirir”.
Jurnalist Maksim Şevçenko da Qarabağa münasibətdə “separatizm” termininin işlədilməsi ilə razılaşmayıb. O deyib: “Bu, müharibədir, separatizm deyil”. Maksim Şevçenko hesab edir ki, azərbaycanlılar Qarabağa qayıtmadan münaqişəni həll etmək mümkün deyil.
Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya separatizmi ermənilərin xisləti adlandırıb. O deyib ki, ermənilər harada peyda olublarsa orada dövlət yaratmağa çalışıblar. 1985-ci ildə Afinada Daşnaksütyun partiyasının qurultayında Ermənistanın ərazisinin Gürcüstanın, yaxud Azərbaycanın torpaqları hesabına genişləndirilməsi məsələsi müzakirə olunub və bu işə yalnız bir səs üstünlüyü ilə Qarabağdan başlamaq qərara alınıb. “Bu, gürcüləri ayıltdı, əks halda, biz gürcülər də indiyədək yatardıq. Bu mənada Gürcüstan və Azərbaycan təbii müttəfiqlərdir”, - deyə Quram Marxuliya çıxışını “Ermənistan tarixin səhvidir və bunu düzəltmək lazımdır” sözləri ilə yekunlaşdırıb.
Kişineu Effektiv Siyasət İnstitutunun direktor müavini, ava.md informasiya portalının siyasi analitiki, tarix elmləri doktoru Ruslan Şevçenko Qarabağla Dnestryanı arasında müqayisə aparıb və qeyd edib ki, hər iki halda vaxtilə bu regionlarda immiqrantlar yerləşdiriliblər, sonra özlərini bu yerlərin “sahibi” hiss ediblər və “öz müqəddəratını təyinetmə” barədə danışmağa başlayıblar.
Tarixçi, politoloq, qafqazşünas, pedaqoq, publisist, erməni terrorizmi barədə çoxsaylı elmi tədqiqatların müəllifi Oleq Kuznetsov həmkarı Maksim Şevçenkonun fikirləri ilə razı olduğunu bildirərək deyib ki, Azərbaycana qarşı bir çox hallarda ədalətsizliyə yol verilir. O, 1992-ci ildə “Azadlığa dəstək” Aktına qəbul edilən 907-ci düzəlişin buna bariz nümunə olduğunu xatırladıb.
Bohum Universitetinin professoru Hans-Yoaxim Heintze deyib ki, öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ ermənilərinə aid edilə bilməz, çünki onlar “millət” və ya ayrıca “etnos” deyil. O deyib: “Mən amerikalı siyasətçilərdən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ barədə hansı hüquqi əsasda danışdıqlarını soruşduqda, onlar etiraf etdilər ki, erməni lobbisi və şantajının təsiri altındadırlar”. Professor bildirib ki, Dağlıq Qarabağ erməniləri milli azlıqdır və beynəlxalq hüquqa görə onlara müstəqillik düşmür.
Digər almaniyalı professor, Qarabağ haqqında bir çox kitabların müəllifi Yohannes Rau qeyd edib ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyinetmə hüququnu reallaşdırıblar. Bu gün ABŞ-da ermənilər Dağlıq Qarabağdakından çoxdur. Məntiqlə, onlar orada da dövlət yaratmalıdırlar. Gücün cavab gücü doğurduğunu və bunun çox təhlükəli olduğunu vurğulayan alim deyib: “Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən və digər bölgələrindən çıxmalıdır, ümumi amnistiya verilməli, əsirlər dəyişdirilməlidir, onda Azərbaycan Qarabağa muxtariyyət verə bilər. İstənilən halda beynəlxalq hüquq Azərbaycan tərəfindədir”.
İraq parlamentinin deputatları Arşed Raşad Fatallah və Niyazi Mohammed Mahdi, politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr Karavayev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.
Panel iclaslarından sonra “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının Təşəbbüs Qrupunun bəyanatı qəbul edilib.
Ekspertlərin və politoloqların çıxışları auditoriyadan suallar və debatlarda fəal iştirakla müşayiət edilib.
Foruma yekun vuran Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məruzəçilərə və tədbirin iştirakçılarına təşəkkürünü bildirib. Forumun gedişində iştirakçılara erməni separatizminin fəsadlarından bəhs edən kitablar və digər əyani vəsaitlər təqdim olunub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
07.12.2017
Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7909

1 100 ilin Çağdaş Parlamenti
2 Müəllimlər işə dəvət olunur
3 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
4 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib
5 Quba “ASAN həyat” kompleksinin açılışı olub


12.12 13:02 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info