Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərilə bağlı infoqrafika hazırlanıb
Tarix: 23.11.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər nazirinin parlament məsələləri üzrə müavini, nümayəndələr palatasının üzvü Mitsunari Okamoto ilə görüşüb. Həmçinin Xələf Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Cənubi Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Toşihirio Aiki ilə Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında 10-cu siyasi məsləhətləşmələri keçirib.
Azərbaycan ilə Yaponiya arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu diqqətə çatdırılıb, kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyi vurğulanıb.
İkitərəfli münasibətlərin inkişafının müxtəlif aspektləri, beynəlxalq arenada əməkdaşlıq və regional məsələlər üzrə aparılan müzakirələrin qarşılıqlı anlaşma baxımından əhəmiyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb və nazir müavini Xələf Xələfov münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulayıb.
GUAM+Yaponiya çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlıq yüksək qiymətləndirilib, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən ingilis dilində “Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” başlıqlı infoqrafika hazırlanıb. Sözügedən infoqrafika XİN-in “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabatı (2016) və beynəlxalq hüquqşünas Allain Pellet tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə əlaqədar üçüncü tərəflərin öhdəliklərinə dair hüquqi rəy” (2017) əsasında hazırlanıb.

“Forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi bəyanatlar verildi”
Nəzərə çatdıraq ki, Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forumda da Qarabağ münaqişəsindən danışılıb. Forumda iştirak edən millət vəkili Rövşən Rzayev deyib ki, bu bütün dünya ölkələri üçün çox əhəmiyyətli tədbirdir. Onun sözlərinə görə forumda çox aktual bir mövzu barədə müzakirələr aparılıb. Rövşən Rzayev qeyd edib ki, Forumda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi bəyanatlar verildi. Dünya dövlətləri və beynəlxalq təşkilatlar terrorizmə, separatizmə qarşı səmərəli mübarizə aparmalı və bununla bağlı ciddi tədbirlər görməlidirlər.
Milli Məclisin deputatı Forumda ölkəmizin mövqeyinin diqqətə çatdırıldığını, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışının böyük maraqla qarşılandığını bildirib. O deyib ki, Forumda iştirak edən tanınmış ekspertlər separatizmin sülhə və təhlükəsizliyə təhdid olması ilə bağlı çox önəmli fikirlər bildirdilər. Forum çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panelin keçirilməsi və ekspertlərin bu barədə mövqelərini səsləndirmələri də çox önəmli məqamlardan biri idi.

“Biz Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyirik”
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin də Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxışında Qarabağ məsələsinə toxunub: "Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Qeyd olundu ki, Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz tarixi torpağı Qarabağı geri qaytarmaq haqqıdır. Bizim də buna haqqımız çatır".
M. Zabelin Qarabağ müharibəsi zamanı Azərbaycanda olan bütün xalqların, din nümayəndələrinin vətən torpağı uğrunda vuruşduğunu qeyd edib.
Həmin tədbirdə QMİ-nin sədri Allahşükür Paşazadə qeyd edib ki, bu gün dünyada islamofobiya, ksenofobiya meyilləri güclənib və bu, fəaliyyətimizin daha intensiv, daha səmərəli olmasını zəruri edir. Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll olunmadığını xatırladan şeyxülislam söyləyib: "MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz. Biz Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyirik. Moskva və bütün Rusiyanın patriarxı əlahəzrət Kirillə Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində və bu münaqişənin dini müstəviyə keçməməsində göstərdiyi vasitəçiliyi görə minnətdarıq".
Moskva və Bütün Rusiya Patriarxı Kirill isə beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin Darlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş əməkdaşlığı ümumi sülhməramlı xidmət nümunələrindən biridir.
Patriarx Kirill müraciətində Qafqaz Müsəlmanları İdarəsi ilə Moskva Patriarxlığı arasındakı əməkdaşlığı xüsusi vurğulayıb: "Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə olduqca yüksək səviyyədə qarşılıqlı etimadla xarakterizə olunan uzunmüddətli münasibətləri qiymətləndirir. Bu işdə 40 ildir yaxın dostum, dialoq aparılmasının ardıcıl tərəfdarı və sülhməramlı işlərdə tərəfdaş kimi tanıdığım hörmətli Şeyxülislam Allahşükür Paşazadənin böyük xidməti var".
Patriarx din xadimlərinin və dini liderlərin ekstremizm probleminə birgə reaksiya verməli olduqlarını bildirib: "Aydın məsələdir ki, ekstremizmin yayılması dini maarifləndirmənin zəif olması, gənclərin informasiya kanallarından alınan məlumatları düzgün qiymətləndirə bilməməsi ilə bağlıdır. Buna görə də mənəvi təhsil və maarifləndirməni təşviq edərək camaatımızı bir-birinə hörmət etmək ruhunda tərbiyə etmək vacibdir".


Qarabağ veteranlarının işlə təmin olunması üçün müvafiq nazirlikdə xüsusi qrupun yaradılması təklif olunub
Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva isə Qarabağ veteranlarının işlə təmin olunması üçün müvafiq nazirlikdə xüsusi qrupun yaradılması təklifini edib. Deputat Qənirə Pasayeva bildirib ki, Qarabağ veteranları təqaüdə çıxanda veteran kimi aldıqları müavinət kəsilir: “Bu, düzgün deyil, müavinət kəsilməməlidir. Çünki o, təqaüdə çıxanda da elə Qarabağ veteranıdır. Bu müavinət onlara döyüş yoluna görə verilir”.
Deputat şəhid ailələrinin, əlillərin sığorta haqqı ilə bağlı da təklif səsləndirib: “Hazırda 1200 insanın əlində məhkəmə qətnaməsi var. Məhkəmə qərar çıxarıb ki, bu insanlara vəsait ödənilməlidir. Hara gediriksə, bu prosesə nə vaxt başlayacağı barədə bizə sual verirlər. Ən azı həmin ailələrdən başlayıb, əllərində məhkəmə qərarı olanların məsələsini həll etmək lazımdır”.
Q. Paşayeva bildirib ki, şəhid ailələri və Qarabağ əlillərinə evlərin tikilməsi istiqamətində araşdırma aparılmalı, təminat zamanı ehtiyacı olanlar önə çıxarılmalıdır.
Deputat əlillərin hamısının işlə təmin olunması ilə bağlı qanunvericiliyin icrasına nəzarət məsələsinin diqqətdə saxlanılmasının vacib olduğunu da bildirib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2018
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir“
19.02.2018
Xocalı faciəsi Ermənistan dövlətinin terrorçu mahiyyətini sübut edir
19.02.2018
Suriya savaşında enerji faktoru: “Türk axını”na təhlükə var?
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8456

1 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
2 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
3 “Gənclər təkcə təhsilə deyil, ictimai işlərə də zaman ayırmalıdırlar”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info