Təzadlı məhəbbət
Tarix: 24.11.2017 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Quliyev Bəşir Şükür oğlu 1936-cı ildə Cəlilabad rayonunun Şükürlü kəndində anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1977-ci ildən ADPU-nun Azərbaycan tarixi kafedrasında baş müəllim vəzifəsində işləyir. İki şeir kitabının müəllifidir.

Təzadlı məhəbbət
Qəribə sirri var bu təbiətin,
Hər kəsə verməyir ulu hikmətin,
Yarpaqlı, budaqlı köklər qürurlu,
Elə bil insandır canlı, şüurlu.

Yarpaqlar kök üstə nazlı bir gözəl,
Ona məhəbbəti əbədi, əzəl.
Yarpağın həyatı kökdədir ancaq,
Bilir ki, qopan tək olacaq xəzəl.

Ayrılıq sonudur, qalmağı əsir,
Varlığı harasa daim tələsir.
Sevgisi cavabsız, canında qorxu,
Onunçun saralır, titrəyir, əsir.

Kökün məhəbbəti olduqca qısa,
Sanki ləpələrin aldığı busə.
Tökülən yarpağa yox ehtiyacı,
Kökün nə vecinə, yarpaqlar küsə.

Yaz gələr, açılar torpağın donu,
Təzədən geyinər yamyaşıl donu.
Yarpaqlar kök üçün adi bir bəzək,
Solmağı deyildir həyatın sonu.

Sevgilim
Duman olub yanağından öpərəm,
Bulud olub göz yaşımı tökərəm,
Xəzri olub düymələrin sökərəm,
Bu həsrəti bir duysana, sevgilim!

Çiçək olub səpilərəm yoluna,
Çələng olub dolanaram boynuna,
Bənövşə tək sığınaram qoynuna,
Bu həsrəti bir duysana, sevgilim!

Bulaq olub əllərini yuyaram,
İçsən əgər dodağında yanaram,
Uzaqlaşsan, buz bağlayıb donaram,
Bu həsrəti bir duysana, sevgilim!

Gülüş olub yanağına qonaram,
Günəş olub həsrətindən yanaram,
Varlığımda təkcə səni anaram,
Bu həsrəti bir duysana, sevgilim!

Dalğa olub sinəm üstə alaram,
Külək olub saçlarını dararam,
Eşqin üçün ürəyimi yararam,
Bu həsrəti bir duysana, sevgilim!

Mahnı olub dodağından uçaram,
Qönçə olub əllərində açaram,
Körpələşib qucağına qaçaram,
Bu həsrəti bir duysana , sevgilim!

Yuxu olub gözlərində yataram,
Sevincimi sevincinə qataram.
Vüsalıma, söylə, nə vaxt çataram,
Bu həsrəti bir duysana , sevgilim!

Əbədi ayrılıq
Gündüzü aparır günəş dalınca,
Buludlar dağılır tufan qopunca.
Dünya hərəkətdə, fələk seçimdə,
Görmədim balamı gözü doyunca.

Əbədi ayrılıq dərdi ağrılı,
Bir üzüm gülürsə, biri qayğılı.
Balamla yaşanan illər arxada,
Kainat sonsuzdur , dəniz dalğalı.

Zamanın yolları geriyə bağlı,
Ordakı sevinc də , kədər də dağlı.
Ruhların görüş yeri , röyam mənim
Xəyallar aləmi , şirin nağıllı.

Çırpınır ürəyim düşdüyüm torda,
Yanıram alovsuz közərən qorda.
Yerlərə sığmayır dərdin tüstüsü,
Ucalır göylərə yayılır yurda.

Nədir baxtımıza yazılan yazı,
Bizə çoxmu gördün çiçəkli yazı.
İlahi! Bağışla, küfr etdim sənə,
Nəvəmlə isinir qışın ayazı.

Nənəmuç ovcumdan göyə uçubdur,
Xəzər qucağından dalğa qaçıbdır.
Qaranlıq gecədə işıq sevinci,
Qayada daş üstə çiçək açıbdır.

Ötən, gələn günlərim
Gözlərimi oxşayan, suların qırçınları,
Ağlamaqdan usanmış körpə hıçqırıqları.
Qulağımda sevgimin həzin pıçıltıları,
Xəyalımdan silinməz ömrün
ötən günləri!

Qəlbimin iniltisi, qayalarda küləklər,
Çiyinlərimdə gəzən savab
yazan mələklər.
Görüşümə tələsən, ağ xalatlı həkimlər,
Arzulardan silinməz
ömrün gələn günləri.

Qanunları dəyişmək, təbiətin ziddinə,
Əvvəlin də sonluğu
bir gün çatar həddinə.
Sevinc-kədər çaları bənzəməz
Çin səddinə
Arzu-xəyal görüşü, ötən,
gələn günlərim!

Anam Ceyrana
Qayğılı görürəm yurdu- yuvanı,
Gəzirəm hər yanı ,dağı-aranı.
Baxıram eyvana, bağa-bağçaya,
Tapmıram heç yerdə anam Ceyranı.

Payız vaxtı gəldi, əcəl boranı,
Vurdu qəlbimizə ağır yaranı.
Qara torpaq aldı bizdən payını,
Ayırdı bizlərdən anam Ceyranı.

Qoynumda saxlaram odu-qoranı,
Qaytara bilsəydim arxa duranı.
Bir insan itirdim dünyadan böyük,
Xatirəyə dönən anam Ceyranı.

Artıbdır həyətdə güleyşə narı,
Nəvələr çoxalıb, tutub dörd yanı.
Nənə nağılına həsrətdi onlar,
Tapa bilməyirlər anam Ceyranı.

Saçına ələndi dağların qarı,
Duman-çən bürüdü ulu diyarı.
Bahar çiçəyitək çovğuna düşdün,
Bu tufan apardı anam Ceyranı.

Ruhun gəzə bilsə bu çəmənzarı,
Duyardın çəkdiyim hər ahu-zarı.
Övladlar ürəyi sənin məzarın,
Nəvələr yaşadar anam Ceyranı.

Müqəddəs sayılır insan ilqarı,
Sevdin insanlığı,dini, Quranı.
Əməlin yerlərdə,əlin göylərdə,
O göylər apardı anam Ceyranı.

Uşaqlıq anları yadıma düşür,
Yenidən keçmişlə bir də görüşür.
O ləziz günləri xatırladıqca,
Titrəyir varlığım,qəlbim üşüyür.

Hər səhər durardı alatoranı
Nehrədən ayırıb yağı-ayranı.
Yaxmac payımızı alardıq ondan
Hamımız sevərdik anam Ceyranı.

Axşamüstü o,təndiri qalardı,
Alovundan yanağımız yanardı.
Toplanardıq ətrafına tabağın,
Hər birimiz kökə payın alardı.

Orucluqda xoruzbanı durardı,
Süfrə açıb "obaşdanlıq” qurardı.
Kərə yağda cücələri bişirib,
Birdəfəlik həzm-rabə vurardı.

Söz deyəndə allanardı yanağı,
Biz olardıq onun əziz qonağı.
Ləzzət ilə səhər-səhər yeyərdik
Fincan dolu qatıq, südü, qaymağı.

Təmiz idi qəlbi kimi əməli,
Suda idi bütün günü pak əli.
Nadinc idim, incidərdim sizləri
"Can”dan başqa bir söz bilməzdi dili.

Nə şirindir günlərimin ötəni,
Uzaq eldə yad edərəm Vətəni.
Kərə yağla qarışdırıb verərdi
Sac üstündə cincilimli kətəni.

Rəna ilə verərdiniz diz-dizə,
Dost-tanışlar qibtə edərdi sizə.
Südün daşar, qışqırırdı əmimsə,
Az danışın, gələrsiniz bəd gözə.

Yadımdadı, qoyun-quzu mələşir,
Çal qoç ilə ağ qoçumuz əlləşir.
Deyirdin ki, qurbanlıqdır bu qoçlar,
Atan gələr, tez kəsərik, ay Bəşir.

Kəndimizin nə çox idi eh, dərdi,
Traktoru ala öküz, qara kəldi.
Uşaq-böyük qoşardılar arabaya,
O mərdləri sürərdilər hara gəldi.

Səmənd atın kişnəməsi qulağımda,
Çox gəzirəm kəhər
atın sorağında.
İtirdiyim bir ömürün
sevincidir,
Qırışlanıb kədərlərim
yanağımda.

Xatirələr yaman
getdi uzaqlara,
Su səpildi alovlanan çıraqlara.
Ülvi olan doğmaları itirdikcə,
Ömrüm düşdü qəlb üşüdən sazaqlara.
Ölüm haqdır, dərdi yaman sərt olur,
Yaşıl olan təbiət də tez solur.
Pak varlıqsan, sənin kimi ananın
Yeri rahat, məzarı nurla dolur.

Eşqin qüruru olmaz
Çəmənlərin sevgisi şehə, çənə, dumana,
Göz yaşları axıdır onu qəlbdən duyana.
Üzünü çənli duman,
ayağın çəmən yuyur,
Yarım gəzməyə çıxmış,
günəş nura boyana.

Duyan ürək gərəkdir təbiətin dərdini,
Sevgiyə bax, İlahi ! Ağladırsan çəməni.
Rəqibim həssaz, incə, qəlbim
incədən- incə
Eşqin qüruru olmaz
qısqanclıq boğur məni.

Qəm yaddaşı
Hər gülüşdə bir ğöz yaşı,
Göz yaşları dərd sirdaşı.
Görüşlərdə bir ayrılıq,
Ayrılıqsa qəm yaddaşı.

Bəzəklərin öz naxışı,
Naxışların düzü yaxşı.
Hər gözəlin öz baxışı,
Baxışlarsa qəm yaddaşı.

Yüksəlməyin enməyi var,
Düz getməyin dönməyi var.
Çıraqların sönməyi var,
Sönməyisə qəm yaddaşı.

Ölüm həyatın qardaşı,
Hər ölümsə bir başdaşı.
Başdaşları xatirələr
Xatirənsə qəm yaddaşı!




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək
15.10.2019
Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
15.10.2019
Azərbaycan Vaşinqtonda keçirilən Beynəlxalq Uşaq Festivalında iştirak edib
15.10.2019
“Şelkunçik” baleti Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək
15.10.2019
Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Ankarada “Buta Bakı“
3 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
4 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info