XİN: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları tükənməyib”
Tarix: 24.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


“Ermənistan dünyada yeganə mono-etnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb”
Azərbaycan Xarici İşlər Naziriyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Portuqaliyanın “Diario de noticias Mundo” portalına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Hikmət Hacıyev “Ermənistan dünyada yeganə mono-etnik dövlətdir” adlı müsahibəsində deyib ki, bütün dünya dövlətləri kimi, Azərbaycanın da özünü müdafiə etmək hüququ var. XİN rəsmisi bildirib ki, Ermənistan gücdən istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğuna görə hər gün atəşkəs pozulur və bu, insan tələfatına səbəb olur: "Ona görə də, ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır. İlk növbədə işğal faktına son qoyulmalı və Ermənistan qoşunları qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından mütləq çıxarılmalıdır".
O bildirib ki, ən əvvəl Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir: "Hansı ölkə razılaşar ki, onun ərazisi güc yolu ilə digər dövlət tərəfindən işğal olunsun? BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. İşğala son qoyulmalı, məcburi köçkünlərin öz torpaqlarına qayıtması təmin olunmalıdır. Beynəlxalq hüquqa əsasən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar 21-ci əsrdə yolverilməzdir. Ermənistan digər ölkənin ərazisini işğal edib, Azərbaycan əhalisinə qarşı qəsb edilmiş ərazilərdə etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və sonra bunun nəticələrini öz müqəddəratını təyinetmə kimi təqdim edir. Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağa öz sərhədləri daxilində yüksək muxtariyyət statusuna baxa bilər”.
“Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfinin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?” sualına cavabında isə XİN rəsmisi deyib: "Məsləhət görərdim ki, Ermənistanda yalnız orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiniz. Ermənistan dünyada yeganə mono-etnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. Elə 300 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır".
Jurnalistin Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalının olub-olmaması sualına Azərbaycanın XİN sözçüsü münaqişənin sülhlə həlli imkanlarının tükənmədiyini bildirib.

“Dağlıq Qarabağ münaqişəsi ərzində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölən uşaq və qadınlar haqqında məlumat verib: “Müstəqilliyimizi qurduğumuz ən çətin illərdə belə dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi prioritet olub. Ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır”.
H.Hüseynova bildirib ki, bu, milli qanunvericilikdə təkmilləşdirmə işinin aparılmasına, yeni mexanizmlərin yaradılmasına və uşaqlara qarşı zorakılıqla mübarizəyə ünvanlanan ümumi prinsiplərin formalaşdırılmasına təkan vermişdi: “Həmçinin Azərbaycan hökuməti bu sənəddən beynəlxaq tribuna kimi istifadə edərək, ilk dəfə Ermənistanın ərazimizə təcavüz etməsi, üç yüz mindən artıq qaçqın və məcburi köçkün düşmüş uşaqlar haqqında məlumatları dünya ictimaiyyətinə çatdırıb. Qeyd edim ki, bu hərbi münaqişə zamanı 175 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir. Dövlətimiz münaqişə müddətində 214 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub, 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır”.
Komitə sədri bildirib ki, əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin azərbaycanlı uşaqları qətlə yetirməsi faktları qeydə alınmaqda davam edib və bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb.
O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır.
H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb: “98 qadın isə hələ girov kimi qeydiyyatdadır. Onların taleyi bizi çox narahat edir”.

“Bu gün Bakıda 20 minədək erməninin yaşaması faktı bir daha Azərbaycanda kök salmış qədim tolerantlıq ənənələrindən xəbər verir”

Kaliforniyanın Santa Monika Kollecində keçirilən tədbirdə də Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev öz çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunub. Baş konsul N.Ağayev məruzəsində ölkəmizin tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edib, bu gün Azərbaycanda müxtəlif etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, ölkəmizin mürəkkəb coğrafi-strateji məkanda yerləşməsinə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi dəyərlərimizi rəhbər götürərək əsasını qoyduğu müasir Azərbaycan multikulturalizmi bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul, həmçinin vurğulayıb ki, hazırda Prezident İlham Əliyev bu modelin daha da güclənməsi və inkişaf etdirilməsi üçün digər sahələrlə yanaşı, dinlərarası qarşılıqlı etimadın möhkəmlənməsinə və müxtəlif mədəniyyətlər arasında mübadilə imkanlarının genişlənməsinə xüsusi diqqət yetirir. N.Ağayev bildirib ki, Azərbaycan Prezidentinin bununla bağlı siyasi iradəsi artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz töhfələrini verməkdədir.
Baş konsul Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. Baş konsul qeyd edib ki, bu işğala baxmayaraq, bu gün Bakıda 20 minədək erməninin yaşaması faktı bir daha Azərbaycanda kök salmış qədim tolerantlıq ənənələrindən xəbər verir. “Ermənistanda bu gün bir nəfər də olsun azərbaycanlının qalmadığını və orada vaxtilə yaşamış 250 min azərbaycanlının hamısının didərgin salındığını nəzərə alsaq, Azərbaycan xalqının yüksək tolerantlıq mədəniyyəti daha da aydın şəkildə özünü büruzə verir”, - deyə N.Ağayev bildirib. Sonda baş konsul N.Ağayev dinləyicilərin suallarını cavablandırıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”
08.08.2018
“Kəlbəcər işğal olunmuş ərazidir”
08.08.2018
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla anılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9859

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info