Brüssel sammitində işğalçı Ermənistanın iflası
Tarix: 27.11.2017 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, noyabrın 24-də Belçika Krallığında Şərq Tərəfdaşlığı Sammiti təşkil edilib.Qeyd edək ki, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhatə edir. Millət vəkili Aydın Mirzəzadə deyib ki, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı sammiti çərçivəsində baş tutan Zirvə görüşü Avropanın tək öz problemlərilə deyil, ona yaxın bölgələrin problemlərilə də məşğul olmağın vacibliyini ortaya qoydu.
Millət vəkili bildirib ki, Şərq Tərəfdaşlığı sammitində bir çox məsələlərlə yanaşı, ərazi bütövlüyü məsələsi önə çəkilib: "Yekun bəyannamədə problemlərin həllinin beynəlxalq hüquq normalarına uyğun, ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyi bildirilib. Vaxtilə Avropanın müəyyən dairələri Azərbaycanın ərazi bütövlüyü məsələsini onlara yad olan bir məsələ kimi qiymətləndirirdi. Amma İspaniyanın Kataloniya vilayətində baş verənlər göstərdi ki, Avropanın özü istənilən vaxt Qarabağ sindromunu yaşaya bilər. Buna görə də Avropa Azərbaycanın ərazi bütövlüyü problemini artıq önə çəkməyə başladı. Həmçinin Azərbaycanın fəal iştirakçısı olduğu “Cənub Qaz Dəhlizi”nə yüksək qiymət verilməsi onu göstərdi ki, bu gün dünya üçün sabitlik, ərazi bütövlüyü məsələsi prinsipialdır. Prezident İlham Əliyevin sammitdə qətiyyətli mövqeyi, Azərbaycanın taleyüklü məsələlərinin Avropa İttifaqı rəhbərliyinin diqqətinə çatdırması, Ermənistanın Azərbaycan torpaqlarının işğalını davam etdirməsinə yol verilməsini qabartması yekun bəyannaməyə təsir etdi. Ermənistan rəhbərliyi problem yaratmağa çalışsa da, cəhdlər uğursuz oldu. Dünya bu problemlərin beynəlxalq hüquq normaları ilə həll edilməsini vacib sayır. Bu, işğalçı Ermənistana xəbərdarlıqdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə də həll etməyə hazırdır. Bunu aprel döyüşləri bir daha sübut etdi. Aİ-nin yekun sənədi isə Ermənistana son şansı verdi".

“Avropa Ermənistanın yalançı xristianlığına, miflər üzərində qurulmuş tarixinə və saxta siyasətinə münasibət göstərdi”
Brüssel sammitini şərh edən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitinin yekun bəyannaməsi Dağlıq Qarabağ tənzimlənməsi prizmasından böyük mübahisə vəd verirdi. Onun sözlərinə görə, Vilnüs - 2013 və Riqa - 2015 sammitlərində bu mövzuda gərginlik yaranmışdı: “Amma bu dəfə əvvəldən görülən işlər Ermənistanı neytrallaşdırdığı üçün mübahisə yaranmadı. Aİ Dağlıq Qarabağ münaqişəsi kontekstini sadalayan ekspert bildirib ki, ATƏT MQ formatı ilk dəfədir ki, ciddi şəkildə silkələndi. Əgər vasitəçilər bundan nəticə çıxarmayacaqlarsa, Aİ Dağlıq Qarabağ tənzimlənməsində səylərini gücləndirəcəkdir. “Vyana və Sankt-Peterburq razılaşmalarına əməl edilməsi” tezisi yoxa çıxdıqdan sonra ATƏT MQ-yə istinad da tədricən sıradan çıxır”.
M. Əhmədoğlu bildirib ki, Aİ-nin sonradan yaydığı bəyanatda Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hissəsi göstərilməklə həmin ərazilərdə Aİ şirkətlərinin fəaliyyətinin cinayət məsuliyyəti riski yaradacağını bildirir: “Bununla da Aİ Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsi istiqamətində güclü siyasi iradə nümayiş etdirir.
Azərbaycan Prezidentinin sammitdəki çıxışını xatırlayan mərkəz sədri deyib: “Prezident İlham Əliyev Aİ-dəki çıxışında Avropa məkanında separatizmin bütün təzahürlərinə vahid yanaşmanı aktuallaşdırdı. Yada salaq ki, İlham Əliyev “Şərq Tərəfdaşlığı” məkanındakı münaqişələrin həllinə və ərazi bütövlüyünə vahid yanaşılması ideyasının da müəllifidir. İndi onun bu tezisi Aİ-nin yekun sənədində öz əksini tapıb. Yaxın zamanlarda Aİ Kataloniya separatçılarının lideri K. Puçdemonun başına gətirilənləri B.Saakyan və digərlərinin də başına gətirilməsini təşviq edəcəkdir”.
Politoloq deyib ki, sammit ərəfəsində bir sıra əlavə diqqətçəkən hadisələr də baş verdi:
“I. Prezident S. Sərkisyan BMT TŞ-nin 4 qətnaməsinin Dağlıq Qarabağ tənzimlənməsi üçün nəzərdə tutulmadığını bəyan etdi. Onun bu bəyanatı Avropa ölkələrinin prezidentləri komandasında neandertal düşüncəli şəxsin olduğunu göstərdi. Dağlıq Qarabağdan və ətraf ərazilərdən erməni işğalçı qoşunlarının çıxarılması BMT TŞ-nin 4 qətnaməsinin əsas mahiyyətidir. S. Sərkisyan Ermənistan ordusunu Dağlıq Qarabağa toplamaq üçün əlindən gələn hər şeyi edir.
II. Ermənistanın böyük bir qrup siyasətçisinin çəkdiyi zəhmət sıfır oldu. Yalnız Avropa Xalq Partiyası S. Sərkisyanın tezisini olduğu kimi dəstəklədi. Qalan heç kim Ermənistanın mövqeyinə dəstək vermədi.
III. Bir qrup erməni ekspertinin, o cümlədən Armen Aşotyan və Kayts Minasyan kimi ekspertlərin cılızlığı aşkarlandı. Bu ekspertlər, hətta informasiyanı ilkin mənbədən əldə edib, onu emal edə bilmirlər”.
Ermənistanın siyasəti ciddi iflasa uğradı - deyən siyasi şərhçi bildirib ki, bu iflasın Avropa məkanında baş verməsi daha təsirlidir: “Avropa Ermənistanın yalançı xristianlığına, miflər üzərində qurulmuş tarixinə və saxta siyasətinə münasibət göstərdi. Bu S. Sərkisyanın 10 illik prezidentliyinin ən vacib yekunlarından biridir. Çünki antirusiya mahiyyətli “Şərq Tərəfdaşlığı” Proqramının ortalığa çıxmasında S. Sərkisyanın müstəsna rolu olmuşdu. Həm “Şərq Tərəfdaşlığı” antirusiyaçılıqdan imtina etməklə reallığa yaxınlaşır, həm də S. Sərkisyanın prezidentliyi məntiqi sonluğunu əldə edir”.

Erməni təxribatı ilə bağlı Latviya XİN və LMK-nın rəhbərliyinə nota göndərilib
Bu arada Azərbaycanın Latviyadakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb. Qeyd edək ki, Latviya Milli Kitabxanasında (LMK) “Ermənistan köhnə xəritələrdə: eramızdan əvvəl VI əsr - XX əsr” adlı sərgi açılmışdı. Ermənistan səfirliyi bu sərgidə digər xəritələrlə bərabər, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin xəritəsini də nümayiş etdirməyə cəhd göstərib. Azərbaycanın Latviyadakı səfirliyi faktla bağlı təxirəsalınmaz tədbirlər görüb, Latviya Xarici İşlər Nazirliyinə (XİN), LMK-nın rəhbərliyinə nota göndərib, habelə Latviya XİN-də görüş keçirib. Hər iki müraciətdə ermənilərin regionun tarixi ilə bağlı saxtakarlıq fəaliyyəti, NATO, BMT, ATƏT PA, Aİ, İƏT kimi beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaları, çoxsaylı qərar və qətnamələrin, məsələn, BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin qəbul edilməsi barədə ətraflı informasiya təqdim olunub. Latviyadakı “Ocaq” təşkilatı tərəfindən də beynəlxalq hüquq normalarını pozan belə bir xəritənin nümayiş etdirilməsinin yolverilməzliyi barədə məktub göndərilib.
Latviya Milli Kitabxanasının direktoru AndrisVilks cavab məktubunda təəssüf hissi ilə üzrxahlıq edərək bildirib ki, LMK mədəniyyət ocağı kimi əməkdaşlıq məqsədi daşıyan müxtəlif ideyalara həmişə açıqdır. Kitabxananın rəhbərliyi tərəfdaşlarına etibar etdiyi üçün sərginin məzmununun beynəlxalq hüquq normalarını poza biləcəyindən xəbərsiz olub.
Beləliklə, qondarma respublikanın ərazisini təsvir edən 2015-ci ilin xəritəsi ekspozisiyadan çıxarılıb. Bundan sonra sərgi fəaliyyətini dayandırıb.

Tbilisi şəhərində Azərbaycana qarşı erməni təxribatı
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycana qarşı erməni təxribat xarakterli tədbir təşkil edilib. APA -nın yerli bürosunun məlumatına görə, Gürcüstandakı erməni apostol kilsəsinin Tbilisidəki “Ayartun” mərkəzində qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan 7 gənc rəssamın əsərlərindən ibarət “Dirçəliş” adlı sərgi açılıb.
Dekabrın 20-nə qədər davam edəcək sərgi Ermənistanın Diaspor Nazirliyi, “Tekeyan Mərkəzi” Fondu və “Susa şəhərinin muzeyləri” təşkilatının dəstəyi ilə keçirilir.
Sərginin rəsmi açılış mərasimində Tbilisidəki erməni kilsəsinin keşişi Virab Kazaryan, Ermənistanın Gürcüstandakı səfirliyinin əməkdaşı və erməni icmasının nümayəndələri iştirak ediblər. Mərasimə sərgidə əsərləri sərgilənən rəssamlardan biri - Samvel Davadyan da qatılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyi məsələ ilə bağlı narahatlığını Gürcüstanın müvafiq dövlət qurumlarına çatdırıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9873

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 Türkiyə mediası V Zirvə toplantısından yazır
4 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info