Vüqar Seyidov: “Brüsseldəki Bəyannamə Azərbaycan üçün diplomatik zəfər oldu”
Tarix: 28.11.2017 | Saat: 20:03:00 | E-mail | Çapa göndər
Ermənistanın saziş imzaladığı Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır

Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə Brüsseldə “Avropa İttifaqı ilə hərtərəfli və geniş tərəfdaşlıq haqqında Saziş”i imzalamaqla faktiki olaraq, öz ölkəsini Dağlıq Qarabağın rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanındığı Aİ siyasi məkanına daxil edib. Aİ-Ermənistan sazişi Avropa İttifaqının sammiti çərçivəsində imzalanıb. Sammitin sonunda qəbul edilmiş birgə bəyannamədə Avropa İttifaqının Aİ-yə üzv ölkələrin və “Şərq tərəfdaşlığı” proqramının iştirakçılarının ərazi bütövlüyünün dəstəkləməsi birmənalı olaraq vurğulanır və eyni zamanda, erməni siyasətçilərinin, adətən, milli azlıqların ayrılmaq da daxil olmaqla qeyri-məhdud təyini-müqəddərat hüququ kimi təfsir etdikləri “öz müqəddəratını təyin etmə hüququ” barədə bircə kəlmə də danışılmır.
Əgər erməni diplomatlar həmin bəyannamədə qəbul olunmuş dürüst ifadələrdən sonra da, guya, Dağlıq Qarabağın öz təyini-müqəddərat hüququnu Azərbaycan müstəqillik əldə edənədək “reallaşdırması” (mənasız cəfəngiyyat!) səbəbindən onun Azərbaycanın ərazi bütövlüyünə aidiyyəti olmaması barədə mənasız tezislərlə özlərini və öz cəmiyyətlərini sakitləşdirməkdə davam edirlərsə, deməli, Aİ-nin digər rəsmi sənədi, daha dəqiq desək, suda boğulan erməni təbliğatının yapışdığı sonuncu “saman çöpü”nü də qıran “Avropa xarici işlər xidmətinin (AXİX) 2014-2017-ci illər üçün rəyi” rəsmi Yerevanın diqqətindən kənarda qalıb.
AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov yazır ki, AXİX (European External Action Service) Aİ-nin Xarici İşlər Nazirliyi funksiyasını yerinə yetirir və onun sənədləri Aİ-nin rəsmi mövqeyini əks etdirir. Həmin sənəddə xatırladılır: “Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1999-cu il tarixli Sazişdə tanıyıb” (“In relation to the conflict of Nagorno Karabakh, the European Union has recognised the independence, sovereignty and territorial integrity of Azerbaijan in the Partnership and Association Agreement in 1999” - bax: https://eeas.europa.eu/sites/eeas/files/azerbaijan_2014_2017_summary_of_the_programming_document_en.pdf)
Beləliklə, Avropa İttifaqının xarici siyasət idarəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini özünün rəsmi sənədində, həm də mücərrəd və mütləq mənada deyil, məhz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar və həmin münaqişə kontekstində bildirib. Bir cümlədə “Dağlıq Qarabağ münaqişəsi”nin kontekst kimi və “Azərbaycanın ərazi bütövlüyünün” prinsip kimi xatırlanmasında məqsəd dünya birliyini yeganə nəticə çıxarmağa səsləyir - Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.
Buna görə erməni siyasətçiləri, o cümlədən Eduard Şarmazanov və Şavarş Koçaryan öz cəmiyyətlərində müxtəlif “məntiqi konstruksiyalar” quraraq ən müxtəlif bəhanələrlə ictimaiyyətin başını qatmaq üçün nə qədər çalışsalar da, fakt faktlığında qalır - onların şefi Serj Sarkisyan keçən həftə Avropa İttifaqı ilə saziş imzalayaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı siyasi məkana doğru növbəti addım atıb. Avropa İttifaqının həmin sənədindən başqa, məntiqi nəticə çıxarmaq, sadəcə, mümkün deyil.
Hər şeydən əlavə, xatırladaq ki, Aİ-nin həmin sammitində Ermənistan nümayəndə heyəti Yerevanın həmişə möhkəm yapışdığı ATƏT-in Minsk qrupunun inhisarçı rolunu Bəyannamənin mətnində təsbit etməyə, həmçinin Dağlıq Qarabağ münaqişəsini işğalçı xarakterli bütün başqa münaqişələrdən fərqləndirməyə, münaqişənin nizamlanmasının Minsk qrupu tərəfindən əsas götürülən üç prinsipinin, ən başlıcası “təyini-müqəddərat hüququ”nun xatırladılmasına nail ola bilməyib. Avropa İttifaqının rəhbərliyi Ermənistanın demarş cəhdinə və sammiti tərk etmək barədə hədə-qorxusuna məhəl qoymadı və bununla da Sarkisyanın nümayəndə heyəti “A” planından “B” planına keçməyə, yəni söhbətin tonunu və davranış manerasını hiss olunmadan dəyişməyə məcbur oldu. Nəticədə prezident sazişi imzalayandan sonra öz əyanları ilə bərabər “suyu süzülə-süzülə” Yerevana qayıtdı - qəbul edilmiş bəyannamədə Dağlıq Qarabağ ətrafında indiki status-kvonun leqallaşacağına ümid yeri kimi interpretasiya edilə biləcək heç bir məqam yoxdur.
V.Seyidovun fikrincə, Azərbaycan üçün bu Bəyannamə, xüsusən Avropa xarici işlər xidmətinin yuxarıda adını çəkdiyimiz Qətnaməsi, heç şübhəsiz, diplomatik zəfər oldu.
Bununla bərabər, qeyd etmək lazımdır ki, Azərbaycanın digər inteqrasiya qurumuna - Avrasiya İqtisadi İttifaqına daxil olması qeyri-mümkündür. Bu, ilk növbədə, Ermənistanın həmin ittifaqın üzvü olması ilə izah edilir. Azərbaycanı təkidlə şirnikləndirərək Avrasiya İqtisadi İttifaqına cəlb etməyə çalışan qüvvələr bir qədər düşünməli və özləri başa düşməlidirlər ki, bu iki dövlətin hər ikisinin eyni vaxtda bu ittifaqda olması praktiki baxımdan reallaşa bilməz, çünki Avrasiya İqtisadi İttifaqına üzvlük bu qurumun üzvü olan dövlətlər arasında rüsumsuz daxili sərhədlərin açıq olmasını nəzərdə tutur. Lakin, təəssüf ki, Ermənistanla bizim sərhədimiz bağlıdır. Biz bu sərhədləri açmağa şad olardıq, lakin fiziki cəhətdən onları açmaq üçün oraya çata bilmirik - bizim yolumuzda səngərlər qazılıb, keçidlər isə minalanıb. Üstəlik, bizimlə dövlət sərhədi arasında hansısa naməlum hərbçilər dayanıb. Buna görə də maneəsiz yaxınlaşa bilmədiyimiz həmin sərhədləri açmaq çətindir. Hər şeydən əlavə, ümumi iqtisadi məkanda nəzarət edilməyən zonalar olmamalıdır. Bizdə isə belə bir zona var - Dağlıq Qarabağ regionu.
Buna görə əgər bəzi dairələrdə Azərbaycanı Avrasiya İqtisadi İttifaqının tərkibində görməyi çox istəyirlərsə və bu məqsədlə sammit ərəfəsində diplomatik elçiləri regiona turneyə göndərirlərsə, onlar, ilk növbədə Ermənistanı başa salmalıdırlar ki, burada mövcud olan və Ermənistanın özünün yaratdığı maneələr aradan qaldırılsın və Azərbaycanın daxil olması üçün lazımi şərait yaradılsın, bundan sonra Azərbaycan həmin dəvəti təhlil edə bilsin. Hələlik isə Azərbaycanın bu ittifaqa daxil olması, ilk növbədə, praktiki baxımdan qeyri-mümkündür və bunun təqsiri bizdə deyil.
Beləliklə, necə deyərlər, top meydanın dəvət edən tərəfə aid hissəsindədir. Əslində, elə münaqişənin həllinin açarı da oradadır.
Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsm sərgisi açılıb
Yeri gəlmişkən qeyd edək ki,Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin (JEM) həyata keçirdiyi “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsi çərçivəsində şəhidlərin portretlərindən ibarət sərgi açılıb. Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə açılan sərgidə Aprel döyüşləri qəhrəmanlarının şücaətini əks etdirən rəsmlər nümayiş olunub. Rəsmləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasında sənət təhsili alan yeniyetmə rəssamlar çəkiblər.
Şəhid ailələrinin, hərbçilərin, ictimai xadimlərin və rəssamların iştirak etdikləri tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi yad edilib.
Çıxış edən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, layihənin keçirilməsində məqsəd şəhid ailələrinə mənəvi dəstək olmaqla yanaşı, əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərlə əbədiləşdirmək, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək Aprel döyüşlərinin Azərbaycan dövlətinə, xalqına, cəmiyyətinə böyük qələbə qazandırdığını deyib. 2016-cı ilin aprel hadisələrindən sonra düşmənin hələ də özünə gələ bilmədiyini, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bütün Ermənistanı sarsıtdığını deyən polkovnik bu qələbəyə görə xalqımızın şəhidlərə, onları qəhrəman böyüdən valideynlərə borclu olduğunu bildirib. Deyib ki, bu sərgi qəhrəman övladlarımızın əziz xatirələrinin əbədi yaşayacağına daha bir sübutdur.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva rəhbərlik etdiyi təhsil ocağının qəhrəmanlığın təbliğatına azacıq da olsa töhfə verməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, yeniyetmə rəssamlar Aprel qəhrəmanlarının portretlərini çəkərkən ali hislər yaşayıblar və bu yaşantılarını rəsm əsərlərində göstərməyə çalışıblar.
Sərgidə yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Onlara köməklik göstərən filarmoniyanın direktoru və müəllimləri də fəxri diploma layiq görülüblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.05.2018
“Separatçıların danışıqlarda iştirakını təklif etmək sülh prosesini öldürmək deməkdir”
24.05.2018
“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
23.05.2018
ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ yenidən qaldırılacaq
22.05.2018
“Ermənistan reallığı dərk etsə, regionda sülh bərqərar olar”
21.05.2018
“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9309

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 Almaniyadakı soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
3 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
4 Səadət Qarayeva: “PBİF Azərbaycanın biznes potensialı üçün mühüm meydançalardan biridir”
5 Monteneqrodakı soydaşlarımızdan AXC-nin 100 illiyi ilə bağlı təbrik mesajı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info