Oleq Kuznetsov: “Rusiya ermənilərin niyyətini başa düşdü”
Tarix: 01.12.2017 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Azərbaycanda və digər ölkələrdə ermənilərin terrorçuluq əməllərini ifşa edən saysız kitablar nəşr olunub. Bunlardan biri də "XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabıdır. Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi, politoloq, qafqazşünas Oleq Kuznetsova beynəlxalq terrorizmlə, o cümlədən erməni terrorizmi ilə mübarizə sahəsində elmi tədqiqatların geniş miqyasda aparılmasına, separatçıların cinayətkar fəaliyyətlərini beynəlxalq hüquq və milli qanunvericilik kontekstində ifşa etməsinə görə İnstitutun "Fəxri professoru" adının verilməsi və "XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva erməni terrorizminin nəticələri, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı, erməni terrorçuların mülki əhaliyə qarşı vəhşiliyi və O. Kuznetsovun erməni terrorizmi ilə mübarizəsindən bəhs edib.
"XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabından söz açan O. Kuznetsov deyib ki, 2015-ci ildə bu kitabın Rusiyada nəşrinə icazə verilməyib. Təqiblərlə üzləşən O. Kuznetsov 4 ay Azərbaycanda yaşamaq məcburiyyətində qaldığını, nəhayət, 2016-cı ildə Moskvada kitabın nəşr edildiyini nəzərə çatdırıb. Erməni diasporunun təqib və təzyiqi ilə üzləşdiyini söyləyən O. Kuznetsov erməni diasporu nümayəndələrinin onun cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya hüquq-mühafizə orqanlarına müraciət etdiklərini qeyd edib. Kitabda terrorizm çağırışları olmadığını, terrorizmin pisləndiyini vurğulayan tarixçi deyib ki, təşkilatlanmış erməni diasporu hər bir ölkənin təhlükəsizliyi üçün təhdiddir. Rusiyanın da, bu baxımdan, təhdidlə üzləşdiyini söyləyən O. Kuznetsov qeyd edib ki, Rusiyada erməni terrorizmi təhlükəsi yüksəkdir.
O. Kuznetsov Rusiyada onun cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edən erməni diasporu nümayəndələrinin adında dostluq sözü olan müxtəlif təşkilatlarda təmsil olunduqlarını və bunun, əslində, diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib: "Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsini alovlandırmaq Ermənistanın marağındadır. Çünki bu halda Rusiya və Türkiyənin Ermənistan tərəfdən müharibəyə qoşulacağına və bununla ermənilərin ümumi marağının təmin olunacağını düşünürdülər. Yaxşı ki, Rusiya ermənilərin bu niyyətini başa düşdü və Cənubi Qafqazda müharibə alovlanmadı".
O. Kuznetsov Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı faşist dövlət adlandırmasının həqiqəti əks etdirdiyini vurğulayıb. Sonra O. Kuznetsova AMEA Hüquq və İnsan Haqları İnstitutunun "Fəxri professoru" adı təqdim edilib.

Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildiriblər
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən böyük uğuru ötən həftə Brüssel sammitində oldu. Bu sammitdə birmənalı şəkildə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qoruması bir daha təsdiqləndi. Elə dünən Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin I üçtərəfli görüşünün yekunlarına dair qəbul edilən Bakı Bəyannaməsində də dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması məsələsi xüsusi vurğulanıb.
Sənəddə dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub: “Azərbaycan, Pakistan və Türkiyənin müvafiq regionlarda əhəmiyyətli və strateji rolunu vurğuladılar və üç ölkə arasında tarixi əlaqələri qeyd edərək, qarşılıqlı faydalı əməkdaşlıq baxımından ümumi bazanın və geniş potensialın mövcud olduğunu bildirdilər və regionda sabitlik, təhlükəsizlik və tərəqqinin irəlilədilməsi məqsədilə üçtərəfli tərəfdaşlığın inkişafında qəti maraqlarını ifadə etdilər;
Dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilər və öz ərazilərindən bir-birlərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyini vurğuladılar;
Yerləşdikləri müvafiq regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək, günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınadılar və bu münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa mane olduğunu və beynəlxalq hüququn yuxarıda sadalanan prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb etdiyini vurğuladılar”.
Bəyannamədə nazirlər strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına və Asiya və Avropa arasında rəqabətə davamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edərək, dəmir yolu, magistral və hava uzlaşdırılmasının inkişaf etdirilməsi məqsədilə üçtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər: “Müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyətini vurğuladılar və bu sahələrdə fəal əməkdaşlığın inkişafına hazır olduqlarını ifadə etdilər;
Müvafiq beynəlxalq alətlər əsasında terrorizm, ekstremizm və separatizmin bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qeyri-qanuni istehsalı və alveri; qeyri-qanuni silah ticarəti, insan alveri; miqrant qaçaqmalçılığı və qeyri-qanuni miqrasiya; mədəni və tarixi irsə qarşı cinayətlər; çirkli pulların yuyulması; kibercinayətlər və digər transmilli təhlükəsizlik təhdidlərinə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha bəyan etdilər;
Xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə sistemi və turizmin gücləndirilməsi, gənclərin mübadiləsi, turizm, idman və digər sahələr də daxil olmaqla, sosial və humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;
Ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üç qardaş dövlət arasında mütəmadi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində maraq və hazırlıqlı olduqlarını bildirdilər;
Sülh, sabitlik və inkişaf naminə regional konsensusun inkişafına hədəflənmiş davam edən regional prosesləri vurğulayaraq, “Asiyanın qəlbi-İstanbul Prosesi”nin bu vaxta qədər əldə etdiyini nailiyyətləri qiymətləndirdilər və İstanbul Prosesinə regional siyasi platforma kimi sadiqliklərini və bu çərçivədə etimad quruculuğu tədbirlərinin inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha bəyan etdilər və Əfqanıstanda əfqanların malik olduğu və əfqanların rəhbərlik etdiyi sülh və barışıq prosesinə dəstəklərini bir daha təsdiq etdilər;
Üçtərəfli görüşlərin illik əsasda, əlifba sırası ilə üzv dövlətlərdə müntəzəm olaraq keçirilməsi barəsində razılığa gəldilər;
Növbəti üçtərəfli görüşün 2018-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə İslamabadda keçirilməsi barəsində razılığa gəldilər”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info