Brüssel Sammitinin ismarıcı: münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında həllini tapmalıdır
Tarix: 01.12.2017 | Saat: 18:49:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, ötən həftə Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində Azərbaycan üçün də vacib olan Birgə Bəyannamə imzalandı. Bu sənəddə dövlətlərin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələləri də xüsusi vurğulanır. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov “EurActiv” xəbər portalına müsahibəsini Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Azərbaycan üçün çoxsaylı müsbət ismarıcların yer aldığını deyib: “Gəlin, ən açığından başlayaq. Bu, Avropa İttifaqının üzv ölkələri tərəfindən bütün tərəfdaş dövlətlərin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsidir. Münaqişələrin həlli məsələlərində bölücü və ayrı-seçkilik səciyyəsi daşıyan heç bir yanaşma olmadı. Yəni hər hansı münaqişənin həllinə ayrıca vurğu edilmədi. Burada olduqca aydın mövqe və ümumi yanaşma ortaya qoyuldu: münaqişələr beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və müstəqilliyi əsasında həllini tapmalıdır. Bu mövqe dörd Şərq Tərəfdaşlığı ölkəsi üçün böyük əhəmiyyət kəsb edib. Təəssüf ki, altı tərəfdaş ölkədən dördü bu münaqişələrə cəlb olunub və həmin bu münaqişələrin səbəbləri hamıya aydındır. Lakin biz Birgə Bəyannamədə bu münaqişələrin təfərrüatlarına varsaydıq, bu, uğursuz olacaqdı. Belə ki, Avropa İttifaqı qarşıdurmaların yaşandığı “döyüş meydanı”na çevriləcəkdi. Lakin Avropa İttifaqı üzv ölkələri və Şərq tərəfdaşları bu məsələdə vahid mövqedən çıxış etdilər. Bizim məsələyə ümumi yanaşmamız oldu və bu, bizə imkan verdi ki, Şərq Tərəfdaşlığı platformasını ölkələrin inkişafına, müstəqillik və suverenliliyi məsələlərinə həsr edək. Bu, artıq kifayət edir”.
Zirvə toplantısında ərazi bütövlüyü ilə bağlı icmarıca gəlincə, Fuad İsgəndərov bildirib ki, istənilən münaqişə yoluxucu mahiyyət daşıyır: “Əgər bu gün münaqişələr yalnız qonşuluqda baş verirsə, ertəsi gün onlar Avropanın daxilinə sıza bilər. Biz regionda, hətta Avropa İttifaqının daxilində baş verən prosesləri görürük və inanın ki, bütün bunlar Avropanın təhlükəsizliyini, onun daxili və xarici siyasətini ciddi təhdid edir. Sevindirici haldır ki, bu məqam Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasında, həmçinin Sammitin Birgə Bəyannaməsində əksini tapıb. Bu istinad Birgə Bəyannamənin özülünü təşkil edir. Başqa sözlə, Avropa İttifaqının bu məsələdə mövqeyi Qlobal Strategiyaya əsaslanır. Bu o deməkdir ki, biz birliyimizi süni şəkildə yaradılmış və digər oyunçular tərəfindən idarə olunan münaqişələrin təsirlərindən qorumalıyıq”.

Raul Loueri Kontreras: “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir”
Yeri gəlmişkən, Amerikanın “The Daily Caller” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın məqaləsi dərc edilib. Materialda üç amerikalı konqresmenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərindən bəhs edilir. Müəllif həmin konqresmenlər tərəfindən Azərbaycan sərhədinin qanunsuz keçilməsi və onların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfəri barədə söhbət açaraq yazır ki, ABŞ Konqresinin üç üzvü – Nyu-Cersidən Frenk Pallone, Kaliforniyadan Devid Valadao və Havaydan Tulsi Qabbard ABŞ-ın rəsmi xarici siyasətinə məhəl qoymadıqları üçün məsuliyyət daşımalıdırlar.
Ekspert qeyd edir ki, Konqresin üzvləri Azərbaycanın rəsmi icazəsi olmadan Azərbaycan sərhədini keçməklə və bu ölkənin işğal altında olan ərazilərinə səfər etməklə Amerikanın müttəfiqinin qanunlarını və beynəlxalq hüquq normalarını pozublar. Daha sonra müəllif tutarlı səbəblər sadalayaraq izah edir ki, konqresmenlərin rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə getməyə haqqı yox idi.
Kontreras yazır ki, əvvələn, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Azərbaycan öz müstəqilliyini elan edəndə bu ərazi Azərbaycanın tərkibində olub. Ermənilərin istinad etdikləri qondarma “müstəqillik haqqında referendum” isə vaxtilə, 1861-ci ildə Konfederasiyaya daxil olan ştatların Birləşmiş Ştatlardan ayrılması kimi qanunsuzdur. İkincisi, rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək onunla nəticələnə bilər ki, bu səfərdə iştirak edənlər Azərbaycanın “qara siyahı”sına düşəcəklər. Üçüncüsü, Azərbaycan Birləşmiş Ştatların hərbi müttəfiqidir, Ermənistan isə onun müttəfiqi deyil. Azərbaycan əsgərləri Əfqanıstanda sülhyaratma qüvvələrinin heyətində xidmət edirlər. Azərbaycan Amerika qoşunlarının Əfqanıstana getməsi üçün öz səmasından istifadə etməyə icazə verir, bu qoşunları dəstəkləyir. 2002-ci ildən bəri Amerikadan Əfqanıstana daşınan materialların və şəxsi heyətin təxminən 40 faizi Azərbaycan ərazisindən keçməklə daşınır. Antidiffamasiya liqasının fikrincə, Ermənistan Avropada ikinci antisemit ölkədir.
Müəllif yazır ki, Pallone, Valadao və Qabbard Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək əvəzinə, birbaşa Azərbaycana uçub, 2017-ci ildə Amerikanın “Boeing” şirkətindən 1,1 milyard dollar dəyərində təyyarələr almış “Azərbaycan Hava Yolları” şirkətinə təşəkkür etsəydilər, daha yaxşı olardı. Cənubi Karolina və Vaşinqton ştatlarında istehsal edilən bu təyyarələr amerikalılar üçün minlərlə iş yeri yaradacaq. Kontreras öz məqaləsinin sonunda qeyd edir ki, bu cür səfər ABŞ üçün qat-qat artıq fayda gətirərdi.

Meksika mediasının Dağlıq Qarabağ münaqişəsinə marağı artıb
Bu arada Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”da Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun həmin qəzetdə bir neçə gün əvvəl çap olunmuş “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləyə cavab məktubu dərc edilib. Səfirlikdən verilən məlumata görə, məktubda Azərbaycan diplomatı üç Meksika deputatının ölkəmizin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfərindən sonra bu ölkənin mediasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə marağının artmasına səbəb olduğunu qeyd edir. O, bu insidentin münaqişələrlə bağlı faktlar, həmçinin mövcud olan real vəziyyət barədə məlumatlı olmanın nə qədər mühüm olduğunun bir daha sübut etdiyini bildirir.
“El Universal” qəzetinin bu hadisəni işıqlandıran KİV-dən biri olduğu qeyd edilərək, eyni zamanda bu mövzu ilə bağlı məqalələrdən biri olan Qabriel Moysenin “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləsində bir sıra faktoloji səhvlərin yer aldığı deyilir, onlarla bağlı aydınlıq gətirilməsi niyyəti izhar edilir.
Diplomat qeyd olunmuş məqalədə BMT-nin münaqişə ilə bağlı məlum dörd qətnaməsinin adı çəkilmədiyini bildirir və bu sənədlərin münaqişənin təbiətini açıq-aydın nümayiş etdirdiyini və həmin təbiətin bir ölkənin öz qonşusuna qarşı təcavüz və ərazi iddiaları olduğunu diqqətə çatdırır. Bu qətnamələrin işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasının tələb etdiyini, onların ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təsdiqlədiyini vurğulayır. Həmçinin Avropa İnsan Hüquqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qərarı xatırladılaraq həmin qərarda işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejiminin tam olaraq Ermənistanın dəstəyi və nəzarəti nəticəsində fəaliyyət göstərdiyi vurğulanır.
Qeyd olunur ki, müəllifin münaqişədən yazarkən Azərbaycan və Ermənistan əhalisinin dini mənsubiyyətindən söz açması təəccüb doğurur, belə ki, bu münaqişənin dinə heç bir aidiyyəti yoxdur. Azərbaycanın müxtəlif din və mədəniyyətlərin min illərlə heç bir ayrı-seçkiliyə məruz qalmadan sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir məkan olduğu vurğulanır.
Xatırladaq ki, son həftələr Meksika mediasında ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş deputatlar və buna Azərbaycan tərəfinin ciddi reaksiyası geniş olaraq işıqlandırılır, adıçəkilən deputatların bu hərəkəti kəskin tənqid edilir, həmin ərazilərin Ermənistan tərəfindən işğal altında olunduğu və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanındığı vurğulanır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
14.02.2018
“Ermənistan tarixi hadisələrin yalançı versiyalarından istifadə edir”
13.02.2018
“Ermənilər bütün dünyada saxta təbliğat işi aparırlar”
12.02.2018
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info