“İkili standartlar Qərbdə adi hala çevrilib”
Tarix: 05.12.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Elnaz Səngin:
“ECAF Cənubi Hollandiyanın ən böyük və tanınmış parklarının birində “Xarı Bülbül” bulağının tikilməsi layihəsi ilə məşğuldur”

Müsahibimiz Elnaz Səngin 15 ildən artıqdır ki, Hollandiyada yaşayır. O, xalqımızın Qarabağ dərdini, Xocalı ağrısını car çəkib Qərbin düz üzünə deyir. Elnaz xanım hazırda “Ex Ponto” elektron jurnalı, “Wereldjournalisten” saytı, “Groot Rijswijk local” qəzetinə məqalələr işləyir, eləcə də hekayələr, elmi tədqiqat işləri yazır, hərdənbir filmlər də çəkir. Eyni zamanda Haaqa şəhərinin meriyasında çalışır. Bundan başqa, həmkarımız, diaspor cəmiyyətlərinin tədbirlərində aparıcılıq edir, Hollandiyanın bəzi universitetlərində Qarabağ haqda mövzu olanda “qonaq dosent” kimi çıxışlar edir.
-Elnaz xanım, sizinlə ilk müsahibəmdən təxminən 10 ilə yaxın vaxt keçib. Bu illər ərzində həyat və yaradıcılığınızda nə kimi yeniliklər olub?
- Eh, Fuad, 10 il, necə deyərlər, bir igidin ömrüdür. Bu illər ərzində o qədər işlər baş verib ki…
Mən, əsasən, Qərb mətbuatında baş verən yeniliklərdən danışa bilərəm.
Beynəlxalq aləmdə, ələlxüsus Avropada baş verən hadisələr, təbii ki, Avropa sakinlərinin sosial, ictimai və iqtisadi həyatında da öz əksini tapır. Götürün sonuncu illərdə baş vermiş hadisələri: İraq, Liviya, Misir, Suriya, Ukrayna, Krım, Şimali Koreya, Breksit, Kataloniya hadisələri…hansını deyimş İndi isə bir jurnalist kimi, özünüz deyin: bu ölkələrdə baş vermi? hadisələrlə bağlı Qərb mətbuatında hansı həqiqət insanlara, tam olaraq obyektiv şəkildə çatdırılır?
Hərdən mənə elə gəlir ki, “dünya qopur”. Mən sizin “hansı yeniliklər” sözlərini daha çox “hansı dəyişikliklər” sözləri ilə əvəz edərdim. “Yenilik” çox müsbət səslənir, bu sonuncu illər ərzində isə mətbuat və informasiya ötürücülüyü ilə bağlı o qədər məsələlər qaranlıq və üstüörtülü qalıb ki, istər Qərbin ikistandartlı siyasəti və istərsə də yürütdüyü diplomatiya mətbuatda özünü elə qəribə zühur edir ki, onlarla cavabsız suallar meydan çıxır. Əvvəl-axır bu nəticəyə gəlməli olursan ki, obyektiv həqiqəti gərək mətbuatda axtarmayasan. Çox qəribədir, dünya həqiqətlərini bəşəriyyətə aşkar edəcək kimi mühüm təyinat daşıyan media aləmi indi dunya həqiqətlərini bəşəriyyətdən gizlətmək və oxucunun/tamaşaçının gözünə kül üfürməklə daha çox məşğuldur. Qərb mediası bu saat ən çox ikili standartlarla məşğul olan aparıcı quvvələrdən biridir.
Açığını deyim, əgər dünya 25-27 il əvvəl Qarabağ haqqında laqeydcəsinə susmasaydı, 2 il əvvəl Krımın anneksiyası da baş verməzdi. Bu gün Krımın anneksiyasından var gücü ilə qışqıran CNN, BBC dünən Kosovo haqqında ağzına su almışdı. Mən demirəm ki, bu həqiqətlər haqda heç vaxt obyektiv danışılmır, əlbəttə, əsl görmə və analizetmə qabiliyyəti olan jurnalistlər çoxdur. Məsələn, götürək İsveçrə jurnalisti Daniel Hanzerin mühazirələrini. Amma bu kütləvi informasiya vasitələrinin haradasa 10 faizini təşkil edir.
Bütün bu dediklərim, əlbəttə, mənim işimdə də öz əksini tapmamış deyil. Mən bir şeyi yəqin başa düşdüm: dünyanı dəyişmək istəyirsənsə, özündən başla. Obyektiv həqiqət emosiyalarla uymur. Həqiqəti söyləmək istəyən birinci özünə sual verməlidir: özüm bu dediklərimlə raziyammı?
Nəyi isə özümlə, içimlə razılaşdıra bilmirəmsə, onu eləmirəm.
-Siz Qarabağ hadisələrini Qərb mediasına ilk çıxaran jurnalistlərimizdənsiz. Bu gün bu mövzunu Qərb mediasında gündəmə gətirmək üçün hər hansı maneə varmı?
-Birincisi, bu dəqiqə Avropada o qədər qlobal problemlər baş verir ki (götürək, məsələn, qaçqınlar axınını), bu, insanlarda istər-istəməz laqeydlik yaradır. İnsanlar “news”ləri izləməkdən ehtiyat edirlər. Mən özüm dövlət idarəsində çalışıram və ətrafımda onlarla adi əməkdaş çalışır. Amma, düzünü deyim, elə bir adam görmürəm ki, beynəlxalq aləmdə baş verən hadisələri maraqla izləsin, o barədə danışsın, öz şəxsi fikrini söyləsin və s. İnsanlar daha çox özlərinə, öz aləmlərinə, öz ailələrinə qapılmağa başlayıblar. Bu da, zənnimcə, psixoloji götürsək, çox təbiidir. İnsan həmişə xoşbəxtliyə can atır. Müəyyən bir vaxt o, artıq başqalarının problemlərindən bezməyə başlayır. Son zamanlar, mən daha çox Azərbaycanın Avropalı Dostları Mərkəzinin (ECAF) layihələri ilə bağlı işlər görürəm. Belə layihələrlə Azərbaycan həqiqətlərini daha düzğün və birbaşa çatdırmaq olar. Elə misal olaraq onu deyim ki, ECAF Cənubi Hollandiyanın ən böyük və tanınmış parklarının birində “Xarı Bülbül” bulağının tikilməsi layihəsi ilə məşğuldur. Bu bulağın insanlara öz suyu ilə ötürəcəyi həqiqəti heç bir qəzet “danışa” bilməz.
Bir də indi şəxsi yaradıcılığımla, tərcümələrimlə məşğulam. Mənim bir çox yazılarım var ki, vaxtın dar olduğundan, yarımçıq qalıb. Onları bitirmək istəyirəm.
-Sizə bu işlərinizdə ermənilər tərəfindən hər hansı təzyiq olunubmu?
-Fiziki cəhətdən heç vaxt. Yalnız saytlarda, yazılarımın altındakı reaksiyalarda. Təzyiqlər, təhdidlər, hətta təhqirlər də. Amma, bilirsinizmi, “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu!”. Madam ki, azərbaycanlısan, dostun da, düşmənin də səninlədir. Mən özümdən də qaça bilərəm, amma Azərbaycanımdan heç vaxt qaça bilmərəm! Mən ölkəmi, xalqımı bütün mənfiləri, müsbətləri ilə sevirəm. Bu ölkə üçün əlimdən bir şey gəlirsə, edirəm, gəlmirsə də, edənlərə kömək edirəm. Ermənilər bizdən nə güclüdür, nə də ağıllı. Bir bicliklə hər şeyi həll edə bilməzlər.
-Elə sizin də iştirak etdiyiniz Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev çıxışında bildirdi ki, xaricdə azərbaycanlı jurnalistlər təbəqəsi yetişməlidir və onlar müxtəlif media orqanlarında təmsil olunmalıdırlar. Uzun müddət xaricdə yaşayan jurnalist olaraq, bu baxımdan, nə kimi məsuliyyət hiss edirsiz?
- Sözün düzü, xaricdə azərbaycanlı jurnalistlərin yetişdirilməsi ideyası o qədər mühüm və güclü bir ideyadır ki, az-çox özünə hörmət edən bir jurnalist buna biganə qala bilməz. Yadımdadır ki, mən Prezidentin qurultaydakı çıxışına əvvəl elə-belə, məlumat üçün qulaq asmağa başladım. Amma onun bir neçə sözündən sonra diqqətimi daha çox çəkdi. Onun xaricdə yaşayan həmvətənlərin həyatı haqqında belə dəqiq məlumatlara malik olduğuna, düzünü desəm, inanmazdım. Bu, mənim üçün gözlənilməz və xoş bir sürpriz oldu.
Bilirsinizmi, Qərb jurnalistika ənənələri Azərbaycan jurnalistika ənənələrindən olduqca fərqlidir. Bildiyiniz kimi, mən professional jurnalist təhsilimi, əslində, Hollandiyada, Hilversumda (bütün televiziya qovşaqlarının və Media Akademiyasının yerləşdiyi şəhər) Media Akademiyasında almışam. Elə ilk günlərdən dosentlərim biləndə ki, mən keçmiş Sovet İttifaqından gəlmişəm, dərs zamanı fərqli düşüncə dərəcələrindən misal göstərmək istəyəndə, tələbələrə məni göstərirdilər. Bizlər bir ideyanın dərinliyinə çox qapılır, hər şeydə gizli və böyük bir məna axtarır, analizə uzaqdan başlayır, ifadə etdiyimiz fikrə emosiya və mənəvi dəyərlərimizi, düşüncə normalarımızı da əlavə edirik. Avropada isə belə şeylər çox gülməli görünür. Reportajda hər şey qısa, aydın, konkret, ən mühümü isə real və subyektiv baxışlardan uzaq olmalıdır. Hər sözün təyinatı və çəkisi olmalıdır.
Mən mübaliğəsiz deyim ki, hər gün dörd-beş saat bir neçə dildə xəbər proqramlarına baxıram. Rusiyanın NTV, 1-ci Kanal, Rossiya və sairə kanallarının dünya miqyaslı aparıcı jurnalistlərinin analitik və şou proqramları bizim, yəni Avropanın proqramlarından yerlə göy qədər fərqlənir. Bircə onu deyim ki, Azərbaycan dövləti Avropaya jurnalistikada oxumaq üçün tələbələr göndərsə, bu investisiya qətiyyən batmayacaq.
-Azərbaycan xaricdə özünün media dayaqlarını necə gücləndirə bilər?
-Bayaq dediyim kimi, yalnız əsl professional jurnalistlər yetişdirməklə. Bunu isə yalnız gənc nəslin nümayəndələrinin köməyi ilə etmək olar. İnanın, buna çox ehtiyac var. Həm orada, həm də burda. Mən bir ekspert kimi, bu sahədə hər cür köməyə, məsləhətə hazıram.
-Əvvəlki illərlə müqayisədə Avropa mediasının Dağlıq Qarabağ münaqişəsinə münasibəti nə dərəcədə dəyişib?
-Holland professional dövlət mətbuatında hərdənbir “Qarabağ” sözü hallanır.
Bilmirəm, bəlkə də Avropa şurasında oturanlar Katolaniya hadisələrindən sonra daha ehtiyatlı tərpənərlər. İspaniya özünün ildırım sürətli kontraksiyaları ilə bütün dünyanı mat qoydu. Avropada elə bil qurbağa gölünə daş atmışdılar. Hamı oturub gözləyirdi ki, bu tamaşanın axırı nə ilə qurtaracaq. Axırda buyurun, tamaşanın baş qəhrəmanları xalqı, ölkəni qoyub qaçdı.
Krımdan sonra Avropa ayılıb. Ümid etmək istəyirəm ki, bu hadisələr dünyanı idarə edənlərə Qarabağ məsələsinin dialoq yolu ilə həll edilməsində Azərbaycana dayaq olmaq üçün bir təkan olacaq.
-Azərbaycan dövləti adından dəfələrlə bəyan olunub ki, bir çox Qərb təşkilatları Dağlıq Qarabağ münaqişəsinə ikili standart mövqedən yanaşırlar. Bu münasibət Qəbdən necə görünür?
-Tamamilə razıyam. Bəzi təşkilatlar deyil, bir çox Qərb ölkələri deyərdim. İkili standart mövqeyi haqda yuxarıda danışdım. Bu, Qərbdə artıq adi hala çevrilib. Qərbdə indi Rusiyaya qarşı güclü təbliğat gedir. Bu dəqiqə Azərbaycan bu vəziyyətdən bəhrələnə bilər. Hal-hazırda Azərbaycan elə bir vəziyyətdədir ki, bir-birinə tamamilə əks mövqe tutan dövlətlərin arasında manevrlər etməlidir. Bir tərəfdən İran, Rusiya, Türkiyə kimi əjdaha dövlətlər, o biri tərəfdən Ermənistan, Gürcüstan…hamısı da qeyri-müəyyən siyasət yürüdən dövlətlərdir. Belə bir mövqedə kiçik bir dövlətin baş çıxarmağı bacarması adi məsələ deyil.
Bizlər də öz tərəfimizdən özünəməxsus təbliğatla məşğuluq, amma süni yolla yox, əsl yolla, həqiqəti təbliğ etməklə. Bu, çox çətindir, amma bu da bir yaşamdır.
Bir də, bilirsinizmi, siyasət və həqiqət başqa-başqa şeylərdir. Siyasətdə hər şey milli və şəxsi maraqdan doğaraq baş verir. Siyasətdə ədalət axtarmaq sadəlöhvlük olardı. Azərbaycan siyasətçiləri də bunu gözəl bilir, ona görə də onlar bütün şansları tərəziyə qoyaraq daha real yollar axtarırlar.
Mən, ümumiyyətlə, çox pozitiv və optimist adamam. Bir real adam kimi, bilirəm ki, Azərbaycan Qarabağ məsələsində ikili standartların qurbanı ola bilər. Amma bir azərbaycanlı kimi qəti şəkildə inanıram ki, bu dünyada siyasətçilərin həqiqətindən öncə başqa bir həqiqət var: ali Həqiqət, ali Ədalət. O ədalət ki, ürəyimiz, canımız olan Azərbaycanı eralar, əsrlər, qərinələr boyu bizi yüzlərlə yırtıcı canavarın əlindən qoruyub, bu günə gətirib çıxarıb.
Həmin o ali Ədalət özü elə yenə də bizi, bizim balalarımızı, balalarımızın balalarını gələcək üçün qoruyacaq. Gələcək Azərbaycansız nəyə lazım?!
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
08.12.2017
Ermənilər Rusiya telekanallarının yayımının dayandırılmasını tələb edirlər
29.11.2017
Çin “Bir kəmər, bir yol”la Avropa İttifaqını “işğal edir”
22.11.2017
Ovannes İgityan:”Xaricdən idarə olunan Ermənistanda hər hansı bir islahatın keçiriləcəyinə ümid bəsləmək olmaz”
16.11.2017
Latviyada məktəblərin yarısı bağlanır
13.11.2017
Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info