ACT LLC: Azərbaycan vətəndaşlarının 80 faizi ölkənin gələcəyini nikbin qiymətləndirir
Tarix: 06.12.2017 | Saat: 20:23:00 | E-mail | Çapa göndər
Məhərrəm Zülfüqarlı:
“Vətəndaşlarımız, birinci növbədə gələcəyə ona görə nikbin baxırlar ki, ölkədə sabitlik və inkişaf var”

Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur.
Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb.
Məruzəyə əsasən vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da veriblər.
Araşdırma zamanı, həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
Qeyd edək ki, araşdırmanın sifarişçisi Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramıdır.
Göründüyü kimi, Niderlanda məxsus maliyyə holdinqinin məruzəsində yer alan bu məlumatlar son illərdə Azərbaycanda yeni istisadi şəraitə uyğun olaraq aparılan islahatlar və görülən işlərin məntiqi nəticəsidir. Azərbaycan vətəndaşlarının böyük qisminin gələcəyə nikbin baxması məsələsi isə xüsusi vurğulanmalıdır. Çünki sorğunun bu nəticəsi təsadüfən yaranmayıb. Təkcə son bir ildə Azərbaycan iqtisadiyyatında olan canlanma insanların yaşayışına müsbət təsir edib. Kənd təsərrüfatında olan canlanmanı isə xüsusi vurğulamaq olar. Bu mənada bölgələrin inkişafı istiqamətində görülən işlər də təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Nəinki kənd təsərrüfatının inkişafı, nəqliyyat-ilin mühüm hadisəsi olan Bakı-Tbilisi-Qars layihəsinin reallaşması, sosial, İKT və s. sahələrdə olan uğurlar insanların gələcəyə ümidlə baxmasına dəlalət edir desək, yanılmarıq.
Təsadüfi deyil ki, Prezident də bu günlərdə çıxışı zamanı ən böyük texniki nailiyyətlərimizdən söz açdı. Dövlət başçısı ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktların İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaratdığını xüsusi olaraq vurğulamışdı. “Hazırda respublikamızda “elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirilir, “elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir.
2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq”-deyə ölkə başçısı vurğulayıb.

Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib
Bölgələrdə vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatı sahələrinin yenidən canlanması istiqamətində görülən işlər isə göz önündədir. Bir misalı qeyd edək ki, Azərbaycanda indiyədək 13 aqroparkın yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən 98 milyon manat həcmində vəsait ayrılıb.
Ümumilikdə kənd təsərrüfatı ilə bağlı bu ilin son dövründə açıqlanan müsbət rəqəmlərdən çox misal çəkmək olar. Təkcə bir məqamı deyək ki, respublikamızın ən iri tütünçülük rayonlarından olan Zaqatalada builki mövsümdə 891 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 363 ton və ya 1,7 dəfə artıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına, təbii ki, müsbət təsir göstərib. Belə ki, 2017-ci ildə rayonda tütünçülük sahəsində 2236 nəfər işlə təmin olunub.
Nəinki kəndlilər, ölkədə olan fermerlər üçün də ilbəil münbit şərait yaradılır, onlara dəstək verilir. Elə haqqında söz açdığımız gəlirli və ixrac potensialı yüksək sahələrdən olan tütünçülüklə bağlı onu deyə bilərik ki, bu sahənin inkişafına dövlət tərəfindən böyük diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi zaqatalalı fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Misal üçün, rayonun Faldarlı kəndindən olan fermer Məmmədxan Məmmədov bu il ilk dəfə 22 hektar sahədə tütün yetişdirib. Fermer cari mövsümdə emal məntəqəsinə 110 ton yaşıl tütün kütləsi təhvil verib, eyni zamanda 3,8 ton quru tütün istehsal edib. Mövsüm vaxtı isə onun təsərrüfatında 30 nəfərədək işçi çalışıb.
Məmmədxan Məmmədov tütünçülüklə kifayətlənmir, kənd təsərrüfatının digər sahələri ilə də məşğul olur. Fermer bu il Dağlı kəndinin ərazisində 25 hektar sahədə qarğıdalı əkib, həmçinin baxımsız vəziyyətdə olan 200 hektar fındıq bağının bərpası üçün zəruri tədbirlər həyata keçirib.

İqtisadi uğurlar, idman və siyasi sahədə nailiyyətlər gələcəyə inam yaradır
Azərbaycanda idmana dövlət dəstəyi və ölkə başçısının şəxsən bu sahəyə xüsusi qayğı ilə yanaşması əksər idman növlərində ölkəmizin uğurlarının sıralanmasına səbəb olub. Təbii ki, vətəndaşlar üçün ilbəil artan idman uğurlarının da önəmi var. İnsanlar sayı çoxalan idman nailiyyətlərində öz ölkələrinin bayrağının zirvələrdə dalğalanmasından zövq alır, Azərbaycanın adının daim ön sıralarda hallanmasından daha çox qürur hissi keçirirlər. Bu mənada təkcə son ayların iki misalını çəkə bilərik ki, Yunanıstanın Krit adasında keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatında birinci yeri tutan Azərbaycan millisi bu qələbə ilə qitə birinciliklərində üçüncü dəfə qızıl medala sahib oldu. Digər bütün azərbaycanlıların maraq və sevgi ilə izlədiyi idman yarışı futbol oldu ki, burada “Qarabağ” futbol klubu azarkeşlərini sevindirərək dünyaca məşhur turnirin-Çempionlar Liqasının qrup mərhələsində layiqli mübarizə aparmaqla Azərbaycan futbolu tarixinə bir ilk yazdı. Bu da nəinki əksər gənclərimizdə kütləvi idman növü olan futbola marağı çoxaltdı, eləcə də insanlarda yüksək əhvali-ruhiyyə xeyli artdı, vətəndaşlarımız idmandakı uğurlarımızın, hətta Qarabağ məsələsinin təbliğində nə dərəcədə böyük rolunun olmasının şahidi oldular. Bunlar da vətəndaşlarda xoş əhvali- ruhiyyə yaratmaqla yanaşı, iqtisadi uğurlarla paralel olaraq idman və siyasi nailiyyətlərin də mütəmadi hal alacağına olan inam xeyli artıb. Digər maraqlı və birbaşa insanların həyat səviyyəsinin, yaşayışının yaxşılaşmasına təsir edən amil isə sosial məsələlərə diqqətin daha da artırılmasıdır. Bu istiqamətdə ölkədə xeyli işlər görülür ki, bunlardan təkcə birinə diqqət çəkmək istərdik. Bu da Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial durumunun yaxşılaşdırılmasıdır. Təsadüfi deyil ki, bu kateqoriyadan olan vətəndaşların mənzil təminatı prosesinə 1997-ci ildən başlandı və bu günə qədər bu şəxslərə 6096 mənzil verilib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il bu kateqoriyadan olan şəxslərə 335 mənzil təqdim edilib. Həmçinin indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5 min 560 nəfər imtiyazlı şəxs mənzillə təmin edilib. Son dövrlərdə bu istiqamətdə görülən işlərlə bağlı onu qeyd edə bilərik ki, bu günlərdə Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi də salındı. Prezident də bu yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olaraq, belə tədbirlərin davamlı olacağını qeyd etdi.

“Regionlarla bağlı olan layihələr tam həyata keçdikdən sonra vətəndaşların sosial rifahı daha da yüksələcək”
Azərbaycan vətəndaşlarının gələcəyə nikbin baxmasını mütəxəssislər də müsbət amil kimi qiymətləndirirlər. Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyir ki, insanlarda gələcəyə inam, optimizmin yüksəlməsinin əsas səbəbləri sırasında siyasi uğurların olması da danılmaz faktdır:
“Vətəndaşlarımız, birinci növbədə gələcəyə ona görə nikbin baxırlar ki, ölkədə stabillik var. Regiona nəzər saldıqda və ümumilikdə regiona yaxın olan Yaxın Şərq ölkələrinə baxdıqda görürük ki, Azərbaycanda olan stabillik, doğrudan da, həsəd aparılasıdır. Təkcə bu amilin özü gələcəyə nikbin baxmağa əsas verir. Digər tərəfdən iqtisadi amillərin insanların gələcəyə nikbin baxmasında böyük rolu olur. Son illərdə ölkədə kənd təsərrüfatı sahəsində və ümumilikdə iqtisadiyyatda aparılan islahatlar göz önündədir. Bəlkə də, biz bunu paytaxtda az hiss edirik, amma bölgələrdə, kəndlərdə yaşayan insanlar pambıqçılığın, tütünçülüyün, digər kənd təsərrüfatı sahələrinin yenidən dirçəlməsini birbaşa öz yaşayış səviyyələrinin yüksəlməsində hiss edirlər. İnsanlar gündəlik həyatlarında bu iqtisadi islahatların nəticələrini hiss edəndə, təbii ki, gələcəyə ümidlə baxdıqlarını dilə gətirəcəkdilər. Problemlər var, amma biz irəliləyişin daha çox olduğunu gördükdə problemləri necə qabarda bilərik? Problemlər həmişə olur və bu bütün ölkələr üçün xarakterikdir. Əsas odur ki, problemlərin həlli istiqamətində ciddi işlər görülür. “ASAN xidmət” modelimizdən artıq başqa ölkələr yararlanmağa başlayır. ASAN-ın özü, deyərdim ki, vətəndaşlara xidmət sahəsində inqilabi dəyişiklik oldu. Ona görə də aparılan rəy sorğularının nəticələri gələcəyə nikbin baxan insanların Azərbaycanda da daha çox yaşadığını göstərir. Bu da hamımızı sevindirir. Qarşıda böyük layihələr var və regionlarla bağlı olan layihələr tam həyata keçdikdən sonra vətəndaşların sosial rifahı daha da yüksələcək. Azərbaycan hələ Sovet İttifaqı dövründə Ukrayna ilə birgə öz-özünü dolandıra biləcək ölkələr idi. Qalan ölkələr dotasiya ilə yaşayırdı. Artıq kənd təsərrüfatında olan durğunluq aradan qalxıb, regionlarda, şahidi olmuşam ki, üzümçülük, pambıqçılıq, baramaçılıq və digər ölkəyə valyuta gətirən sahələrin inkişafı sürətlə gedir. Bu inkişaf Azərbaycanın haqqında söz açdığım 70-ci illər ənənəsinin bərpasına yönəlib. Ələtdə açılacaq azad iqtisadi zonanın birbaşa iqtisadiyyatımızın inkişafına və vətəndaşların sosial rifahın artmasına ciddi təsiri olacaq. Bu, işsizliyi də xeyli azaldacaq. Gələcəkdə bunun sayını artırmaq da olar. Bütün bunların olması perspektivdə yenə də ümid verir ki, gələcəkdə nailiyyətlərimizin sayı artacaq və beynəlxalq təşkilatlar da vətəndaşlarımızın rifahının yaxşılaşmasını digər ölkələrə nümunə göstərəcəklər”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 26 minədək istehlakçıya xidmət göstərib
11.12.2017
“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması”
11.12.2017
Salyan və Neftçalada 14 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
11.12.2017
Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11.12.2017
Elmi Bərpa Mərkəzinin əməkdaşları təltif olunub

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info