100 ilin Çağdaş Parlamenti
Tarix: 07.12.2017 | Saat: 11:28:00 | E-mail | Çapa göndər
Gələn il müasir Azərbaycan dövlətçiliyinin yüz ili tamam olur. Azərbaycan xalqı bu yüz il ərzində bir neçə min illik zəngin dövlətçilik ənənələrinə əsaslanaraq milli dövlət quruculuğu uğrunda mübarizə aparmış, qurbanlar vermiş, hər cür müdaxilələrə - daxildən və xaricdən gələn müxtəlif xarakterli dağıdıcı təsirlərə, təzyiqlərə baxmayaraq, müstəqillik arzularını, ideallarını təsdiq etmişdir.
Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçəkləşdirilməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı bir daha təsdiq edir ki, müasir Azərbaycan dövlətçiliyi öz tarixi köklərinə, mənbələrinə, ənənələrinə həmişə sadiq olmuş və bu gün də sadiqdir. Sərəncamında deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”. 
Sərəncamda deyilir: “Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Cümhuriyyət parlament respublikası olduğundan bütün dövlət məsələləri məhz burada həll edilirdi.”

Milli parlamentimiz mürəkkəb tarixi dövrdə meydana gəlib. 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirildi. Mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 müsəlman nümayəndəsi toplanaraq Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Parlament cəmi 17 ay fəaliyyət göstərib. Bu dövr ərzində 145 iclas keçirib. "Azərbaycan parlamentinin yaradılması haqqında" qanuna əsasən, hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə parlamentdə təmsil olunması qaydası müəyyən edilirdi. Bu prinsiplə parlamentdə müsəlmanların 80, ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin 1 nümayəndə ilə təmsil olunmaları nəzərdə tutulmuşdu. Ümumilikdə, Azərbaycan Parlamentinin 120 nəfərdən ibarət olmaqla formalaşdırılması qərara alınmışdı. Parlamentin açılışı 1918-ci il dekabrın 3-nə nəzərdə tutulsa da, ingilis komandanlığının Azərbaycan hökumətinə ciddi təzyiqləri ilə bağlı bir qədər yubadıldı. Britaniya Krallığının baş qərargah rəisi S.Stoksun mayor Rolansona göndərdiyi məktubda göstərilirdi ki, koalisiya hökuməti müttəfiqlər komandanlığı tərəfindən tanınmayınca, parlamentin açılışına imkan verilməməlidir. Lakin bu və digər təzyiqlərə baxmayaraq, 1918-ci il dekabrın 7-də Azərbaycanın tarixində son dərəcə əlamətdar hadisə baş verdi. Parlamentin Bakıda H.Z.Tağıyevin qız məktəbinin binasında açılışı oldu. İlk iclas 1918-ci il dekabrın 7-də, sonuncu isə 1920-ci il aprelin 27-də olub.
Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-u təsdiq edilib. Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğu üçün çox əhəmiyyətli idi. Bu sırada bəzi qanunların strateji önəmini də xüsusi vurğulamaq lazım gəlir. "Vətəndaşlıq haqqında", "Ümumi hərbi mükəlləfiyyət haqqında", "Mətbuat haqqında", "Milli Bankın təsisi haqqında", "Bakı Dövlət Universitetinin yaradılması haqqında", Gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında", "Məhkəmə qanunvericiliyi haqqında" və digər qanunları göstərmək olar. Cümhuriyyət parlamentində qəbul olunmuş bəzi qanun və bəyannamələr insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir, hər bir fərdin sosial mənafeyinin təminatına yaxşı imkanlar yaradırdı. O dövrdə qarşıda duran başlıca vəzifələrdən biri də Azərbaycanın istiqlaliyyətinin beynəlxalq aləmdə tanınmasına nail olmaqdan ibarət idi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə İngiltərə arasında bağlanan "Mudros" sazişinə görə türklər Zaqafqaziyanı, o cümlədən Azərbaycanı tərk etməli oldular. Onların yerini general Tomson başda olmaqla ingilis qoşunları tutdu. Azərbaycan hökuməti, eləcə də parlament respublikanın müstəqilliyinin Paris sülh konfransının iştirakçısı olan qalib dövlətlər tərəfindən tanımasına çalışırdı. Buna görə də 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzun müddətli mübarizədən sonra, nəhayət ki, həmin nümayəndə heyəti 1920-ci il yanvar ayının 12-də Sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.
1920-ci il aprelin 22-də Azərbaycan Cümhuriyyəti Parlamenti süqutundan beş gün əvvəl Paris Sülh konfransında missiyasını uğurla yerinə yetirmiş nümayəndə heyətini buraxmaq, Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan hökumətinin bütün ciddi səylərinə baxmayaraq, onu de-fakto belə tanımayan Sovet Rusiyasında da nümayəndəliklərin açılmasını təkid edərək buna nail oldular.
Azərbaycan parlamenti tarixə Şərqdə ilk parlament kimi düşüb. Sovet dövründə isə ölkəmizdə parlament funksiyasını Azərbaycan SSR-in Ali Soveti həyata keçirib.
Sovet dövründə və müstəqilliyin ilk illərində Ali Sovet adlanan parlament 1995-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclis adlanır.

Gələn il Azərbaycan Respublikası və onun parlamentinin də yüz yaşı tamam olur. Əlbəttə, keçən il 25 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan dövləti nə daxili, nə də xarici vəziyyətinə görə öz sələfi ilə müqayisə oluna bilmədiyi kimi, bugünkü Parlament də Cümhuriyyət Parlamenti ilə müqayisəyə gəlmir. Parlamentimiz kifayət qədər zəngin böyük uğurlar əldə etmişdir... Bununla belə, heç zaman unutmaq olmaz ki, ölkəmiz, xalqımız, hansı dövrlərdən, mübarizələrdən keçərək bu günə gəlib çıxmışdır... 70 il totalitar rejimin ideoloji-siyasi buxovları altında yaşayan Azərbaycan xalqının qəlbində bir müstəqil dövlətçilik idealı kök salmışdı. Ötən əsrin 60-cı illərinin sonunda Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən həyata keçirdiyi tədbirlərlə xalqın gələcək müstəqilliyinə iqtisadi, siyasi və hüquqi zəmin hazırlamağa çalışmış, bu məqsədlə genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Ümummilli lider həmin illərdə müstəqil Azərbaycan üçün möhkəm siyasi və iqtisadi təməl yaratmaqla yanaşı, mütərəqqi parlamentarizm ənənələrinin də əsasını qoymuş, yüksək siyasi iradə göstərərək qanunverici orqanın xalqın milli maraqlarına uyğun çevik və işlək fəaliyyətini təmin etmişdir.
Ümummilli lider böyük hakimiyyət ustadı kimi bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş siyasətinin reallaşmasına yönəltmişdir. Xüsusi xatırlatmaq lazımdır ki, bu gün Milli Məclisin yerləşdiyi əzəmətli bina da məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə - keçmiş ittifaqda analoqu olmayan memarlıq üslubunda inşa edilmişdir. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başlamışdır. Bu mərhələdən etibarən respublikada müstəqil dövlət təsisatları formalaşmış, ilk müstəqil milli Konstitusiya qəbul olunmuş, parlamentə ilk seçkilər keçirilmişdir. Bütün bunlar respublikamızın demokratik və hüquqi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
15 İyun 1993-cü il Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seşilməsi Milli Qurtuluşumuzun başlanğıc günü idi. Məhz bu günkü firavan həyat tərzimiz həmin gündən qaynaqlanır. Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni öz üzərimə  götürərək  öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.” 1993-cü  il oktyabrın 10-dan  2002-ci il  dekabrın 30-dək  Milli Məclis tərəfindən  qəbul edilmiş 1715 qanun və qərardan  975-i  Prezident  Heydər  Əliyevin  təşəbbüsü ilə qəbul edilmişdir. Qəbul olunan bu hüquqi, demokratik, dünyəvi  dövlətin  və vətəndaş  cəmiyyətinin,  bazar iqtisadiyyatının hüquqi bazasının yaradılmasında mühüm rol oynadı. 1998-ci ildə Heydər  Əliyevin  təşəbbüsü ilə  Şərq  aləmində ilk demokratik  respublika  quran Azərbaycan bu  dəfə də ilk dəfə olaraq  ölüm cəzasını  ləğv etdi. Bu İnsan  hüquq  və  azadlıqlarına  dövlət  səviyyəsində göstərilən  diqqətin  bariz  nümunəsi idi. 1998-ci ildə Heydər  Əliyevin  təşəbbüsü ilə  Şərq  aləmində ilk demokratik  respublika  quran Azərbaycan bu  dəfə də ilk dəfə olaraq  ölüm cəzasını  ləğv etdi. Bu İnsan  hüquq  və  azadlıqlarına  dövlət  səviyyəsində göstərilən  diqqətin  bariz  nümunəsi idi. Bu  dövrdə artıq parlament Avropa məkanına inteqrasiya sahəsində çox vacib qanunlar qəbul etmişdir. Bunların  arasında  “Azərbaycan Respublikasının İnsan  hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında  insan hüquq və azadlıqlarının  həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “ Nazirlər kabinetinə Azərbaycan  Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya  qanunları  kimi   çox mühüm sənədlər var idi. 2002-ci ildə Konstitusiyaya  edilmiş  dəyişikliklərə əsasən vətəndaşlara Ombudsmana, Konstitusiya  məhkəməsinə  müraciət  etmək hüququ  verildi. Milli Məclisin  səlahiyyətləri  dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə  hakimlərin təyin olunması  hüququ  verildi.  Bu  dəyişikliklərin bir qrupu  məhkəmə hakimiyyətinin rolunun artırılması, Prokurorluğa  qanunvericilik təşəbbüsü  hüququnun  verilməsi ilə bağlı idi.
Müstəqil Azərbaycanın xarici  siyasət  strategiyasında  parlament diplomatiyası mühüm  yer tutur.  Bu  siyasətin məntiqi nəticəsi  kimi bu gün  Milli Məclis respublikanın  iştirak etdiyi bir sıra  nüfuzlu  beynəlxalq  qurumların parlament  məclislərinin, o  cümlədən  Avropa Şurası Parlament  Assambleyasının,  Parlamentlərarası İttifaqın,  ATƏT Parlament  Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament  Məclisinin, MDB-nin  Parlamentlərarası  Assambleyasının, TÜRKPA, GUAM Parlament Assambleyasının, İslam Konfransı Təşkilatı  Parlament  Məclisinin tam  hüquqlu  üzvüdür, Avropa  Parlamenti və Şimali Atlantika Parlament  Assambleyası  ilə  yaxından əməkdaşlıq edir. Milli Məclisdə  dünyanın 60-dan çox ölkəsinin  parlamenti  ilə əlaqələr  üzrə işçi qrupları yaradılmış və qruplar fəaliyyəti ölkənin xarici siyasətinə öz töhvəsini verir. Çağdaş Azərbaycan Prlament diplomatiyasının ən böyük uğuru cənab İlham Əliyevin millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi AŞPA sədrinin müavini və büro üzvü seçilməsi faktı olmuşdur. Erməni diasporasının mütəşəkkil və güclü fəaliyyəti dövründə bu cür uğur diplomatiya tarixinin ən yadda qalan və fəxarətli hadisəsi oldu. Məhz bundan sonar AŞPA-da və digər beynəlxalq parlament təşkilatlarında Azərbaycanın xeyrinə bir çox qərarlar qəbul edilmişdir. Bu gündə president İlham Əliyev parlamentin fəaliyyətini dəyərləndirir və onun fəaliyyətini güclənməısi üçün öz töhfəsini verir. 2008-ci ildə Azərbaycan Parlamentinin yaranmasının 90-cı ildönümündə iştirak edən və dərin nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin hüquq dövlət quruculuğu sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmişdir. Məhz president İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı şəkildə ən müasir səviyyədə təmir edilmiş, infrastrukturu yeniləşdirilmiş, bir sözlə, deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.
Ümumiyyətlə, Milli Məclisin fəaliyyət tarixini araşdırdıqda, görürük ki, qanunvericilik beynəxalq hüquqa uyğunlaşdırılmaqla yanaşı milli mənəvi dəyərləri əsas kimi qəbul edilir. Eyni zamanda, qanunlarda cəzaların hümanistləşdirilməsi, sosial yönümlülük, xarici ölkələrin parlamentarilərı ilə qarşılıqlı əaqələr və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızla bağlı problemləri beynəlxalq tribunalara çıxartmaq parlament fəaliyyətinin prioritet istiqamətləridir. Azərbaycan Respublikasının vitse-prezidenti xanım Mehriban Əliyevanın parlament fəaliyyəti Milli Məclis tarixində xüsusi rolu vardır. Mehriban xanım millət vəkili olduğu ərəfədə seçicilərə olan diqqət və qayğısı, qanunvericilik təşəbbüsü ilə parlament mədəniyyətinin inkişafına yeni töhvələr vermişdir. Onun Azərbaycan xalqını beynəlxalq aləmdə layiqli təmsilçiliyi, Azərbaycan xalqının həqiqətlərini dünya ictimaiyyətinə çatdırması, şəxsi nüfuzu və fəaliyyəti ilə ölkəmizin xeyrinə beynəlxalq qərarların qəbul olunmasındakı xidmətləri parlament tarixinin möhtəşəm səhifələrindəndir.
Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış parlamentarizm ənənələri keyfiyyətcə yeni mərhələdə yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Heydər Əliyevin dövlətçilik ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi üzərinə düşən məsuliyyətli missiyanı uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verir.
Qeyd:
Məqalədə Akademik R.Mehdiyevin “Demokratiya yolunda:irs haqqında düşünərkən”, tarix elmləri doktoru, professor Ə. Həsənovun “Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti”, siyasi elmlər doktoru Aqiyə Naxçıvanlının “Mehriban Əliyeva: Tərəqqi və yüksəliş yolları ilə” adlı kitablarına və hüquq üzrə fəlsəfə doktor, dosent S. Mirzəyevin “Azərbaycan Xalq Cumhuriyyəti(1918-1920)”, “Heydər Əliyev və Azərbaycan Parlamenti” adlı məqalələrinə istinadlar olmuşdur.


Zaur Adıgözəlov, fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
11.12.2017
ADNSU-da Tələbələrin 66-cı elmi-texniki konfransının yekun iclası keçirilib
11.12.2017
Azərbaycanda kosmonavtikanın inkişafı geniş vüsət alıb
11.12.2017
“Həyat Fondu” 300-ə yaxın xəstənin sağlamlığa qovuşması üçün yardımçı olub
11.12.2017
DİA-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11.12.2017
BANM-də Layihələri İdarəetmə Məktəbinin yeni qrupu açılıb

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info