Vyanada Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv danışıqlar olub
Tarix: 07.12.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb. ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastyan Kurzun sədrliyi ilə keçirilən iclasda ATƏT PA prezidenti Georgi Tsereteli, ATƏT-in baş katibi Tomas Greminger və 40-dan çox ölkənin XİN başçısı iştirak edir.
ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçirilən toplantısında ABŞ dövlət katibi Reks Tillerson Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "ABŞ ATƏT -in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etməliyik".
R. Tillerson bildirib ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrda keçirdikləri görüşdə danışıqları intensivləşdirmək qərarına gəlmələrini və münaqişə zonası boyunca gərginliyi azaltmaq səylərinə sadiqliklərini alqışlayır: "İrəliləyişi yalnız siyasi iradə olduqda əldə etmək mümkündür".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, .ATƏT -in Minsk qrupunun həmsədri olaraq Rusiya Dağlıq Qarabağ münaqişənin bütün tərəflər üçün məqbul olan həllinin axtarılmasına töhfə verməyə davam edəcək. O bildirib ki, həll prinsipləri dəfələrlə Rusiya, Fransa və ABŞ prezidentləri tərəfindən vurğulanıb.
ATƏT PA-nın prezidenti George Tsereteli bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında döyüşlərin intensivləşməsi, toqquşmaların artması da ciddi narahatlıq yaradır: "Mən münaqişədən əziyyət çəkən bir ölkənin təmsilçisi olsam da, ATƏT PA-nın prezidenti kimi ATƏT məkanında baş verən bütün münaqişələrdən narahatlığımı bildirirəm".
Ukrayna xarici işlər naziri Pavlo Klimkin toplantıda çıxışı zamanı deyib ki, ATƏT ərazisində həlli uzanan münaqişələr təhlükəsizliyə təhdid olmağa davam edir: “Biz Azərbaycan, Gürcüstan və Moldova ərazisindəki münaqişələrin həlli üçün səylərimizi artırmalıyıq. Bu, onların suverenliyi və ərazi bütövlüyünə tam hörmət çərçivəsində həyata keçirilməlidir”.
Estoniyanın XİN rəhbəri Sven Mikser deyib ki, Estoniya Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına böyük əhəmiyyət verir. “Biz Dağlıq Qarabağ, Gürcüstan və Moldovadakı dondurulmuş münaqişələrin sülh yolu ilə həllinin tapılması ilə bağlı öhdəliyə riayət olunmasının vacib olduğunu düşünürük”-deyə Mikser bildirib.
Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət amillər müşahidə olunur. Nazir, həmçinin münaqişələrin BMT nizamnaməsinin və Helsinki yekun aktının fundamental prinsipləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.

Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib
Qeyd edək ki, iclasa Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov da qatılıb. Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar intensiv görüşlər təşkil olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, dekabrın 6-da ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan həmsədri Endrü Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü təşkil edilib.
H.Hacıyev vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib.
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT -in 24-cü Nazirlər Şurası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə də görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparılıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsində hazırda danışıqlar aparılan strateji tərəfdaşlıq sazişinin əhəmiyyəti qeyd olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT -in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə Vyanada keçirilmiş son görüş barəsində Toivo Klaarı məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirib. O, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqəti çəkib, Azərbaycanın bu qəbildən olan təmasları dəstəklədiyini nəzərə çatdırıb.

“Erməni diasporunun girovu olan Ermənistan özünü bütün regional layihələrdən təcrid edib”
Yeri gəlmişkən, Vyanada ATƏT-in Nazirlər Şurasının 24-cü iclası ərəfəsində qurumun Parlament Assambleyasının (ATƏT PA) büro iclası da keçirilib. İclasda ATƏT PA-nın 2018-ci il üçün fəaliyyət planı, qurumun qış və yay sessiyalarının gündəliyinə dair məsələlər və digər aktual mövzular müzakirəyə çıxarılıb.
İclasın gedişi ilə bağlı sualı cavablandıran Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib: “Qapalı keçirilən iclasda qəbul edilən qərarların şərh edilməsi məqsədəuyğun olmazdı. Lakin ümumi olaraq qeyd etmək olar ki, ATƏT PA-nın Bürosu münaqişələrlə bağlı beynəlxalq hüququn prinsipləri və qurumun 2015-ci ildə Helsinkidə qəbul etdiyi qətnaməyə və bəyannaməyə sadiqliyini nümayiş etdirdi. Bu cür həssas məsələlərdə Büro ikili standartları rədd edərək, dövlətlərin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, etnik separatizmə yox deyən vahid mövqe nümayiş etdirib. Bu, ATƏT PA-nın etibarlılığı və bütövlüyü baxımından çox önəmlı qərar oldu”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Ermənistanla bağlı fikirlər səsləndirib: “Erməni diasporunun girovu olan Ermənistan özünü bütün enerji, nəqliyyat və digər regional layihələrdən təcrid edib”.
Onun sözlərinə görə, erməni diasporunun təzyiqi ilə Yerevan həm də Türkiyə ilə bütün dostluq imkanlarının önünü kəsib.
Türkiyə prezidenti Gürcüstanla Türkiyə arasındakı münasibətləri Ermənistanla Türkiyə arasındakı münasibətlərlə müqayisə edib və vurğulayıb ki, Gürcüstan özü üçün firavan gələcək təmin edib: “Türkiyə ilə dostluq edən dövlətlər çiçəklənir, düşmənçilik edən dövlətlərin isə gələcəyi yoxdur”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
11.12.2017
Amerikalı tədqiqatçı: “Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır“
08.12.2017
“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
06.12.2017
“Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilir”
04.12.2017
Avropa İnsan Haqları Məhkəməsi erməniləri ifşa edib
01.12.2017
Brüssel Sammitinin ismarıcı: münaqişələr ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında həllini tapmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info