Quba “ASAN həyat” Kompleksi istifadəyə verilib (Yenilənib)
Tarix: 07.12.2017 | Saat: 20:40:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyev Quba rayonuna səfər edib. Prezident və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Prezident Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib.

Quba “ASAN xidmət” Mərkəzi 500 minə yaxın vətəndaşa xidmət göstərəcək
Prezident və birinci xanım Mehriban Əliyeva Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında iştirak ediblər. Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba “ASAN həyat” Kompleksi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb. Dövlət başçısı mərkəzlə tanış olub. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək. Bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzlə tanışlıq zamanı Prezidentə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verilib. Bildirilib ki, 2018-ci ildə Şəki və İmişli rayonlarında “ASAN həyat” komplekslərinin istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olunub. Prezident və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də olublar.

“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir”
Prezident Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşüb. Dövlət başçısı görüşdə bildirib ki, “ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olub və “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır: “Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır. “ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir”. Prezident deyib ki, gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcək və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Prezident deyib ki, “ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunub, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Prezident deyib ki, bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artıb. Keçən il 24 faiz artıb: “Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir”. Prezident deyib ki, harada ki, nöqsanlar, çatışmazlıqlar var “ASAN” bu məsələnin həllində ön cəbhədədir: “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir. Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır”. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.

“Azərxalça” ASC-nin növbəti filialı
Prezident və birinci xanım Mehriban Əliyeva “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında da iştirak ediblər. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Dövlət başçısı filialın xalçaçıları ilə söhbət edib. Prezident deyib ki, Quba həmişə xalçaçılıq mərkəzlərindən biri olub: “Qubanın xalçaları həm ölkəmizin, həm də xarici ölkələrin muzeylərində nümayiş etdirilir. Yəni, Qubada həmişə çox güclü xalçaçılıq ənənələri olmuşdur. Hazırda Qubada xalça istehsal edən bir neçə müəssisə fəaliyyət göstərir. Onlardan biri də “Azərxalça”nın bu fabrikidir. Biz “Azərxalça”nı bu yaxınlarda yaratmışıq. Artıq “Azərxalça”nın xətti ilə on fabrik istifadəyə verilib. Mən Horadiz və Şəmkir xalça fabriklərinin açılışlarında olmuşam. Bu gün biz bu fabrikin açılışını qeyd edirik. Eyni zamanda, yeddi digər fabrik fəaliyyətdədir. Gələn il isə ölkəmizin müxtəlif yerlərində əlavə on xalça fabriki açılacaq. Beləliklə, 20 yeni xalça fabriki işə düşəcək. Bu fabriklərdə işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Burada qadınlar üçün də yaxşı iş şəraiti yaradılıb. Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşadırlar. Hər fabrikdə təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə ən azı üç min qadın işlə təmin olunacaq”. Prezident deyib ki, ölkəmizin dünyada təbliği işində xalçaçılıq bəlkə də ən öndə gedən sənətlərdən biridir. Eyni zamanda, xalçaçılıq sənəti iqtisadi cəhətdən də ölkəmizi gücləndirir. Çünki bu, ixrac məhsuludur: “Biz, eyni zamanda, Sumqayıtda əyirici-boyaq fabrikinin açılışına da hazırlaşırıq. Yəni, elə etməliyik ki, bütün xammal daxildə istehsal olunsun”.

12 kəndin əhalisi yeni avtomobil yollarından istifadə edəcək

Prezident Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib. Quba rayonunda 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi Prezidentin imzaladığı müvafiq sərəncamlarına əsasən həyata keçirilib. Bu yolların istifadəyə verilməsi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan yaradacaq. Yeni yolların istifadəyə verilməsi həm də sübut edir ki, bu il həyata keçirilməsi nəzərdə tutulan “40 yol layihəsi”nin icrası istiqamətində işlər uğurla davam edir.




 
Bölməyə aid digər xəbərlər
13.12.2017
İstanbulda İƏT-in fövqəladə Zirvə toplantısı keçirilib (Yenilənib)
13.12.2017
Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
13.12.2017
“Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv edib”
13.12.2017
Azərbaycan-Türkiyə-Avstriya dəmir yolları arasında memorandum imzalanıb
13.12.2017
Prezident İƏT-in Zirvə toplantısında iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7915

1 100 ilin Çağdaş Parlamenti
2 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
3 Müəllimlər işə dəvət olunur
4 Quba “ASAN həyat” kompleksinin açılışı olub
5 “ArmenianReport”: “Ermənistanda zəlzələ qurbanları 29 ildir çadırlarda siçovullarla birgə yaşayırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info