Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
Tarix: 07.12.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
Müsahibimiz AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdir.
- Tapılan insan skeletlərinin təhlili zamanı müasirləri ilə hansı fərqlər meydana çıxır?
- Hal-hazırda dünyada qədim genomların müəyyən edilməsi ilə bağlı olan DNK analizlərin aparılması getdikcə populyarlaşan tədqiqat sahələrindən birinə çevrilmişdir. Bu, yeni bir elmdir. Bizim üçün isə tamamən yenidir. Bugünkü insanların qədim əcdadlarını öyrənmək üçün genetik analizlər aparılır. Ümumi aparılan tədqiqatlar nəticəsində deyə bilərik ki, bu sahədə çalışan tədqiqatçıların rəyinə görə ərazimizdə yaşamış qədim əhali arasında müasir azərbaycanlıların genomları üst-üstə düşür. Fiziki antropologiya sahəsinə gəldikdə, xarici antropoloqların nəticələri də sübut edir ki, burada yaşamış qədim insanlarla müasir azərbaycanlıların antropoloji cizgiləri bir-birini tamamlayır. Heç bir yeni genetik fakt ortaya çıxmır. Qədim əcdadlarımızla genetik bağlılıq bütün dövrlərdə davam etmişdir.
- Tədqiqatlar Azərbaycanın qədim tarixi ilə bağlı hansı yenilikləri meydana gətirib və ya Azərbaycan tarix elmində hansı istiqamətlərin dəyişməsinə səbəb olub?
- Sualınız çox əhatəli sualdır. Müasir tədqiqatlar tamam fərqli istiqamətlərlə seçilir. Açıq deyim ki, cəmiyyətin bizdən gözlədiyi səviyyədə tam tədqiqatlar apara bilmirik. Bunun bir neçə səbəbi var. Bunu maliyyə problemi ilə bağlmaq da düzgün deyil. Bizim, bu baxımdan, problemimiz yoxdur. Qonşu dövlətlərə baxdıqda biz maddi cəhətdən təmin olunmuşuq. Səbəb başqadır. Bir qrup tədqiqatçı sovet dövründən bizə miras qalan tədqiqat üsullarının əsas olaraq götürülməsinin tərəfdarıdır. Digərləri isə aparılan tədqiqatlarda yeni üsulların tədbiqinə və məsələlərə olan yeni yanaşmaların qəbul edilməsində maraqlıdır. Təcrübədən yaxşı məlum olur ki, hətta vaxtilə aparılan tədqiqatlar əsasında əldə olunmuş elmi fikirlərin təkmilləşməsinə belə, ehtiyac vardır. Elmin dünyada inkişaf prosesləri, bəzi fənlərin daha dəqiq informasiya əldə etməsi uğrunda mübarizəni qarşıya bir vəzifə qoyur. Bu baxımdan, arxeologiya elm sahəsi hal-hazırda kriminalistika elmi ilə paralel tutulur. Son illərdə yeni texnologiyaların arxeologiyada tədbiqi nəticəsində, arxeometrik araşdırmalar mövzusu aktuallaşmış və qazıntılardan tapılmış nümunələrin faktik dəlillər olaraq hər birinin təyinatı üzrə geniş aspektdə öyrənilməsi ön plana keçmişdir. Belə olan şəraitdə ölkə arxeoloqlarının apardığı tədqiqatların tam yeni müstəvidə təşkil olunmasına ehtiyac yaranmışdır. Bu vəzifənin öhdəsindən gəlmək üçün bir qədər zaman tələb olunur. Əsas odur ki, bütün bunları dərk edən yeni mütəxəssislərin yetişməsi lazımdır.
Ümumiyyətlə isə son 10 il ərzində tariximizin müxtəlif dövrləri ilə bağlı yeniliklərimiz var. Misal üçün, Qafqaz Albaniyasının maddi mədəniyyətinin öyrənilməsi mövzusunda yeni addımlar atılmışdır. Qəbələdə və Ağcabədi bölgəsində aparılan qazıntılar mövzu üzrə şəhər tipli qədim yaşayış yerlərinin öyrənilməsini gündəmə gətirmişdir. Sevindirici haldır ki, mövzunun aktuallaşmasında cavan tədqiqatçıların rolu böyükdür. Azərbaycanın Orta əsr şəhər yerlərinin tədqiqatları Şəmkir qalasının qazıntılarında öz əksini tapmışdır. Demək olar ki, son 10 il ərzində əsaslı qazıntısı aparılan Orta əsr şəhər yeri kimi Şəmkir qalası yeganə olmuşdur.
- Bəs yeni tədqiqatlar dərs vəsaitlərində necə, öz əksini tapırmı?
- Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır. Bu elm və təhsil ocaqları arasında olan boşluqdan irəli gəlir. Bizim tədqiqatlar Avropanın bir sıra universitetlərinin dərsliklərində öz əksini tapıb. Almaniya, Fransa və başqa dövlətlərin universitetlərində Azərbaycanda aparılan tədqiqatların nəticələri çap olunub. Amma ölkəmizdə dərsliklərdə bu öz əksini tapmır və paradoksallıq təşkil edir.
- Bu tədqiqatlar hansı jurnal və qəzetlərdə çap olunur?
- Tovuz bölgəsində apardığımız tədqiqatların elmi nəticələri xarici jurnallarda dərc olunub. Həmin jurnallara vaxtilə əlimiz çatmırdı. Ancaq indi elmi araşdırmalarımız qeyd olunan jurnallarda çap olunur. Artıq müfəssəl monoqrafiyanın nəşri gözlənilir. Göytəpə ilə bağlı ayrıca bir kitabın Almaniya və ya Türkiyədə nəşri nəzərdə tutulur. Nəşr ingilis dilində olacaq. Ölkəmizdə də Azərbaycan dilində çap olunacaq. Menteşlə bağlı kitab Almaniyada çap olunub. Azərbaycan dilində isə gələn ilin ortalarında çap olunacaq. Ümumən elmi nəticələri xarici dildə məqalə və ya kitab şəklində çap edirik. Xarici dildə çap edilməyəndə araşdırmalar qəbul edilmir. Ümumiyyətlə, Tovuz bölgəsində aparılan araşdırmalarla bağlı bir neçə monoqrafiya çap olunacaq. Burada müştərək şəkildə Yaponiya və Fransa alimlərinin tədqiqat işləri də əks olunacaq.
- Qədim insanların ünsiyyətləri haqqında tapıntılar və ya araşdırmalar nə deyir?
- Biz xalqların qədim dilləri ilə bağlı məlumatları o zaman əldə edirik ki, həmin an yazılı mənbələr ortaya çıxır. İlk yazılı mənbələr e.ə III minillikdə Orta Şərq ərazisində meydana gəlib. Şumer və Akkad yazıları əsasında mütəxəssislər qədim xalqların dilləri ilə bağlı məlumatlar əldə edə bilirlər. Lakin, əfsuslar olsun ki, ölkəmizin qədim dövrü yazılı mənbələrin olmadığı dövrə təsadüf edir. Tarix öncəsi dövr ölkəmizin ərazisində zəngin və maraqlı olmasına baxmayaraq, yazılı mənbələrdən kənar idi. Bu baxımdan da dil haqqında müfəssəl elmi fikir deyə bilmirik. Əgər Alban tayfalarının dillərinə müraciət etsək, bu xalqların dilləri haqqında müəyyən fikirlər mövcuddur. Bu mövzu, əslində, dilçilərin səlahiyyət dairəsinə daxil olduğu üçün onların da bu haqda danışması əsas götürülür.
- Bəs ölkəmizin tarix öncəsi dövrünün Hind-Avropa xalqlarının tarixi arealına daxil olunması ilə bağlı fikirlərə necə münasibət bəsləyirsiz?
- Ümumiyyətlə, Orta Şərqin və həmçinin Cənubi Qafqazın ən qədim dövrü Hind-Avropa xalqlarının yaşadığını əhatə edən ərazi olmayıb. Hind-Avropa dil ailəsinə mənsub olan tayfalar buraya gec gəlib və sonra bu ərazilərin mədəniyyətini mənimsəməyə başlayıblar. Bu fikrimizə qarşı çıxan elmi mərkəzlər var. Həmişə onlardan soruşuruq: “Siz hansı mənbələrə əsaslanıb bunu deyirsiz? Əlinizdə hansı yazılı mənbələr vardır?”. Onlar bunu, sadəcə, fərziyyə kimi irəli sürürlər və sübut edə bilmirlər. Göründüyü kimi, dil mövzusu çox çətin və ciddi məsələdir.
- Bu gün tədqiqat aparılan abidələr dövlət tərəfindən qorunurmu? Bir sözlə, həmin torpaqlar dövlət hesabına keçirmi? Yəni həmin torpaqların itmə, yox olma təhlükəsi varmı?
- Azərbaycanda maddi mədəniyyət abidələrinin qorunması ilə bağlı bütün məsələlər qanunvercilikdə öz əksini tapıb. Sadəcə, bunun icrası ilə bağlı müəyyən problemlər var. Bu da yerlərdə əhali arasında maariflənmə işlərinin aparılması ilə sıx bağlıdır. Həqiqətən, bu istiqamətdə maariflənməyə ehtiyac var. İnsanlar bilməlidirlər ki, abidələrin olduğu torpaqları qorumaq lazımdır. Şübhəsiz ki, dağılan abidələrlə rastlaşırıq. Son dövrdə üzləşdiyimiz ciddi problemlərdən biri də qara arxeoloqların qanunsuz fəaliyyətidir. Bunların dağıntılarına bütün bölgələrdə rast gəlmək olur. Məqsədləri qızıl axtarmaqdır. Belə olan halda, arxeoloqlar hüquq-mühafizə və yerli icra orqanları ilə əlaqə saxlayırlar. Bu cür problemlər tək bizim ölkədə yox, başqa ölkələrdə də mövcuddur. Düşünürəm ki, həmin abidələri qorumaq üçün onları ictimailəşdirmək lazımdır. Bunun üçün qazıntı aparılan arxeoloji abidələrdə tez-tez ictimaiyyətlə görüşlərin təşkili zəruri olan məsələlərdəndir. Yerli əhalinin öyrənilən abidənin əhəmiyyətini anlaması üçün müəyyən kompleks tədbirlərin görülməsi vacibdir.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub





 
Bölməyə aid digər xəbərlər
07.12.2017
Prezident təqaüdçüsü: “Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi”
06.12.2017
Fərhad Quliyev: “Elə bir arxeoloji abidə yoxdur ki, onun öyrənilməsi birdəfəyə başa çatsın”
24.11.2017
Turistik yerlərimizlə bağlı ilk müfəssəl rəqəmsal xəritəni yaradan əcnəbi
22.11.2017
“Təklifimizin dövlət tərəfindən qəbul edilməsi bizi sevindirir”
17.11.2017
“Azərbaycanımızı tanıtmağa davam edəcəyik”

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7898

1 Mikayıl Cabbarov vergilər naziri təyin edilib
2 100 ilin Çağdaş Parlamenti
3 Müəllimlər işə dəvət olunur
4 Fərhad Quliyev: “Çox təəssüf ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz əksini tapmır” (Davamı)
5 Ramiz Mehdiyev Mikayıl Cabbarovu kollektivə təqdim edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info