“Həqiqətlərin dünyaya çatdırılması üçün gənclərin üzərinə böyük missiya düşür”
Tarix: 08.12.2017 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Türkiyədə “Birinci Dünya müharibəsinin hüquqi və tarixi aspektləri” mövzusunda keçirilən beynəlxalq simpoziumda Azərbaycan həqiqətlərindən danışılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan bildirilib ki, bu elmi müəssisənin direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov simpoziumda ölkəmizlə bağlı bir sıra tarixi faktları iştirakçıların diqqətinə çatdırıb.
Y.Mahmudov deyib: “Hazırda Azərbaycanın üzləşdiyi problemlər Birinci Dünya müharibəsindən qalan miraslardır. Birinci Dünya müharibəsinin tarixi araşdırılarkən qalib dövlətlərin tarixçiləri saxta tarix yaradıblar. Əsl tarix isə diqqətdən kənarda qalıb. Bu müharibənin gedişində böyük dövlətlərin fəal köməyi ilə ermənilər Şərqi Anadolu və Cənubi Azərbaycandan başlayaraq bütün Şimali Azərbaycan torpaqlarında dəhşətli soyqırımları törədiblər. 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib. Daşnaklar, hətta Türküstanda, Orta Asiyanın başqa yerlərində də türk xalqlarına qarşı soyqırımı törədiblər. Bu vəhşiliklər hüquqi cəhətdən qiymətini almalıdır. İcraçılar və bu siyasəti yeridən qüvvələr haqqında məlumatlar dünya xalqlarına açıq-aydın bildirilməlidir”.
Akademikin sözlərinə görə, Birinci Dünya müharibəsində Azərbaycan xalqı həm də öz ərazilərini itirib. “1918-ci il mayın 29-da İrəvan və ətrafındakı Azərbaycan torpaqlarında ermənilər üçün dövlət yaradıldı. Bu məsələ də hüquqi qiymətini almalıdır. Çünki ermənilərin Cənubi Qafqazda etnik ərazi bazası yox idi. Azərbaycan xalqının razılığı olmadan onun torpağı böyük dövlətlər tərəfindən ermənilərə verildi. Ermənilər İrəvanın onlara verilməsi müqabilində öhdələrinə götürdükləri bütün şərtləri pozaraq yeni yaradılmış Ararat-Ermənistan Respublikası ərazisindəki aborigen azərbaycanlı əhalini məhv etdilər. Azərbaycan ərazilərində soyqırımları törətdilər. Yeni ərazi iddialarını irəli sürdülər. Bu məsələlər də hüquqi baxımdan araşdırılmalıdır”, - deyə Yaqub Mahmudov bildirib.
Y.Mahmudov, eyni zamanda simpoziumun proqramında Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına, o cümlədən Xocalı soyqırımına lazımınca yer ayrılmamasından təəssüfləndiyini qeyd edib.
Sonra akademik Türkiyənin Türk Tarix Qurumunun rəhbəri, professor Rəfiq Turana “Azərbaycan xalçaları: İrəvan qrupu” fundamental tədqiqatını, Qarabağ xalçası, soyqırımları tarixinə həsr olunan çoxlu sayda nəşrləri təqdim edib.
Qeyd edək ki, simpozium Türk Tarix Qurumu və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

“Biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada da gördük”
Yeri gəlmişkən, millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva da Düzce Universitetində "Qarabağ və Türk-İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü: Azərbaycan - Türkiyə birliyi örnəyi” ilə bağlı konfransda Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, Qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib.
Düzcə Universitetinin təşkil etdiyi və Düzcə Üniversitetinin rektoru Prof. Dr. Nigar Demircan Çakar, Düzcə bələdiyyə sədrinin müavini Elif Sezer Cebar, rektor müavini Prof. Dr. İlhan Genç müəllimlər, tələbələr və media mənsublarının iştirak etdiyi konfransda Q.Paşayeva çıxışına “Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm” deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib.
Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsindən danışan Q.Paşayeva bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa, heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var, amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərilmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı soyqırmına yanaşmada da gördük: “100 il əvvəl tarixdə olmayan soyqırımı barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”.
O, Qərbin Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini və bunun özünün ən böyük ikili standart olduğunu deyib. Avropada İslamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışıan millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməli, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetişdirməli və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik. Millət vəkili bildirib ki, bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər və bu məsələyə ciddi diqqət yetirilməlidir.
Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, “qardaşlıq yaxşı gündə də, çətin gündə də birlikdə olmaqdır”, deyib və bütün türk dünyasını, harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları daha fəal olmağa çağırıb.
Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasın, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediada daha da aktiv olmağa, dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdırmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili çıxışını “inşallah, gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib.
Tədbirdə Düzce Universitetnin rektoru və rəsmiləri çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info