BMT-də Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyət barədə məlumat verilib
Tarix: 13.12.2017 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər davam edir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının “Sülh və Təhlükəsizlik” mövzusunda keçirilən panel müzakirələrinə qatılıb. BAMF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə GUAM ölkələrində münaqişələrin alovlanmasında sülh və təhlükəsizlik amilləri, münaqişələr zamanı humanitar böhranın aradan qaldırılması, münaqişələrin həllində qarşılıqlı etimad, sülh və dayanıqlı inkişaf kimi məsələlər diqqətə çatdırılıb. Umud Mirzəyev və tədbirdə iştirak edən BAMF nümayəndələri Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətlə bağlı məsələləri və ölkəmizin mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırıblar. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin rəhbəri Mark Andre Dorel ilə keçirilən görüşdə BAMF-in bu illər ərzində gördüyü işlər, Fondun Şuranın dünyada tanınmasına verdiyi töhfə yüksək qiymətləndirilib. M.Andre Dorel bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib. O, BAMF-i BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin 2019-cu ildə təşkil edəcəyi ən yüksək statuslu Liderlər Forumuna qatılmağa, eyni zamanda forumun işinə ayrıca töhfə verməyə dəvət edib. BAMF-in bu forumda xüsusi təqdimatla çıxışının əhəmiyyətinə toxunan M.Dorel təşkilatın beynəlxalq təcrübəsinin bütün üzvlərə ciddi faydalar gətirəcəyinə, Şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar açacağına inandığını bildirib.
Görüşdə BAMF prezidenti Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və dövlətin oynadığı vacib rol barədə Mark Andre Dorelə ətraflı məlumat verib. Fikir mübadiləsi zamanı ECOSOC-un QHT bölməsi ilə birgə fəaliyyətin zəruriliyindən söhbət açılıb. Həmçinin BMT-nin Baş Assambleyası kimi yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti qeyd edilib, gələcək əməkdaşlığın imkanları geniş müzakirə olunub. U.Mirzəyev bu yaxınlarda BAMF-in təşkilatçılığı ilə Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının iştirak etdikləri “BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda tədbiri xatırladıb. Bildirib ki, BAMF-in ofisində baş tutan tədbirdə Azərbaycandan olan vətəndaş cəmiyyəti təşkilatlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Bu görüş həm yerli QHT-lər, həm də BMT-nin Bakıdakı nümayəndəliyi tərəfindən müsbət qarşılanıb. Umud Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF-in müharibədən zərər çəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu meyil olub. Bununla yanaşı, BAMF-in prezidenti dünya ictimaiyyətinin, xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşmasının və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb. BMT-yə səfər çərçivəsində BAMF nümayəndələri İnsan Haqları Bəyannaməsinin elan olunmasının 70 illiyinə həsr olunmuş tədbirə də qatılıblar.
Tədbirdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak, BMT-nin Miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Louis Arbor və digərləri bu gün dünyada insan haqlarının pozulmasının bəşəriyyətin üz-üzə qaldığı ən ağrılı problem olduğunu qeyd ediblər. Çıxışçılar insan haqlarının pozulmasına səbəb olan müharibələrin heç zaman qələbə ilə yekunlaşmadığını ifadə ediblər.
Tədbir çərçivəsində BMT İnsan Haqları Komissiyasının keçmiş komissarı, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Navi Pilay ilə görüşən Umud Mirzəyev insan haqları ilə bağlı durumun yaxşılaşdırılması üçün zəruri olan tədbirlərdən və bu sahədə Azərbaycanın təşəbbüslərindən söz açıb. Xanım Navi Pilay gənc ölkələrin bu sahədə əzmlə fəaliyyət göstərməli olduqlarını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində müsbət mövqeyini qeyd edib.
Daha sonra Umud Mirzəyev BMT Sosial-İqtisadi Şurasının baş komissarı Hu Vonqbo və BMT-nin Afrika üzrə xoşməramlı səfiri, Yeni Gələcək Fondunun prezidenti Delois Blakely ilə görüşüb. Xanım Delois Blakely BAMF-in fəaliyyəti ilə tanış olduğunu, görülən işləri yüksək dəyərləndirdiyini bildirib.

Kamran İmanov:
“Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır”
Bakıda təşkil olunan “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən, azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyil. K. İmanov qeyd edib ki, belə səylərin arxasında siyasi maraqların dayandığı birmənalıdır: “Məqsəd azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini, ənənəvi bilikləri özününküləşdirməklə, hayların, guya, Cənubi Qafqaz regionunun “avtoxton”, “ən qədim köklü sakinləri” olmasına, “Böyük hay mədəniyyəti”, “Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta faktoloji materiallar toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Lakin o da bir həqiqətdir ki, Azərbaycan folklorunun və ənənəvi biliklərinin oğurlanması ilə yanaşı, erməniçilik folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyillidir, bu, bir növ “milli istedaddır”. Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir və çəkilir. Hay-erməni saxtakarlıqları və uydurmaları qədim mətnlərə və klassik mənbələrə söykənərək, tarixi sübutlar, elmi dəlillərlə və danılmaz faktlarla ifşa olunmalı, bu missiya davam etməlidir. Agentlik onlarla kitab və broşürlər hazırlayaraq, mütəxəssis və cəmiyyət nümayəndələri arasında paylayıb”.

Siyavuş Novruzov: "Ermənilərin saxta qeydiyyatlarına qarşı ciddi mübarizə aparmalıyıq"

Konfransda çıxış edən Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlərdir. O bildirib ki, ermənilər Azərbaycan ərazilərinə köçdükdən sonra Azərbaycan xalqının və digər xalqların mədəniyyət abidələrini, adət-ənənələrini özününküləşdirməyə başlayıb: “Hesab edirəm ki, tarixi abidələrin qorunması istiqamətində işlər intensivləşdirilməlidir. Biz ermənilərin saxta qeydiyyat aparmasına qarşı ciddi mübarizə aparmalıyıq. Eyni zamanda müəllif hüquqlarının qorunması üçün qeydiyyat məsələsi vacib əhəmiyyət kəsb edir. Sovet vaxtı qeydiyyatdan keçməmiş hər hansı bir kitab, dərslik və s. nəşr edilə bilməzdi. İndi isə belə deyil. Kim nə istəyirsə, onu da nəşr etdirə bilir. Bir şəxsin kitabını başqa bir şəxs üzlüyü, redaktorların adını dəyişərək öz adına çıxarır. Müəllif isə sübut edə bilmir ki, bu kitab onundur. Əgər həmin kitab ərsəyə gələndə müəllif onu qeydiyyatdan keçirərsə, başqaları ondan istifadə edə bilməz”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Azərbaycanın həm güclü iqtisadiyyatı, həm də güclü ordusu var”
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info