İstanbulda İƏT-in fövqəladə Zirvə toplantısı keçirilib (Yenilənib)
Tarix: 14.12.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib. Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.
Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd edib ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğulayıb. İordaniya Kralı II Abdullah qeyd edib ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirib.
Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış edib. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışıb. İran Prezidenti Həsən Ruhani bildirib ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. Həsən Ruhani ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezident çıxışında deyib ki, Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür. Prezident deyib ki, Amerika Birləşmiş Ştatları Prezidentinin qərarı Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər: “Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir”.

“Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”
Prezident deyib ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir: “Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir. Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır. Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri məhv etmişdir. Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir”
25.09.2018
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
25.09.2018
Vyanada görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin xatirəsi anılıb
24.09.2018
Mətin Kərimli “Caspian Energy Forum Baku – 2018”də iştirak edib
24.09.2018
Mastercard-la “Hepsiburada”-dan endirim

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info