“Monteneqrolular Azərbaycan haqqında kifayət qədər məlumatlıdırlar”
Tarix: 19.12.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Seyran Mirzəzadə:
“Monteneqroda ölkəmizə qarşı isti və xoş münasibət Azərbaycan dövlətinin xarici siyasətinin və diplomatik təmsilçiliklərimizin fəaliyyəti nəticəsində olub”

Son illər Azərbaycan - Monteneqro əlaqələri yüksələn xətlə inkişaf edir. Əlaqələrin möhkəmlənməsi, ölkəmizin Monteneqroda tanınmasında Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzinin də əhəmiyyətli rolu var. 2011-ci ildən Monteneqroda fəaliyyət göstərən bu Mərkəz tərəfindən bir sıra layihələr icra olunub. Mərkəzin direktoru Seyran Mirzəzadə bu haqda qəzetimizə müsahibə verib. Qeyd edək ki, Seyran Mirzəzadə 21 may 2001-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin referenti vəzifəsinə təyin edilib. 2002-ci ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin referenti vəzifəsinə uzunmüddətli xidməti ezamiyyətə göndərilib. 2002-ci ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin attaşesi və 2005-ci ildə üçüncü katibi təyin olunub. 2006-cı ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində uzunmüddətli xidməti ezamiyyəti bitdiyindən geri çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin üçüncü katibi vəzifəsinə təyin edilib. 2007-ci ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin ikinci katibi və 2009-cu ildə birinci katibi vəzifəsinə təyin olunub. 2011-ci ildə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyində uzunmüddətli xidməti ezamiyyəti bitdiyindən geri çağırılıb və Xarici İşlər Nazirliyinin birinci katibi və daha sonra şöbə müdiri vəzifələrini icra edən təyin edilib. 2012-ci ildə Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinə ezam edilib. 2016-cı ildə ezamiyyət müddəti bitib.
-Azərbaycanlılar Monteneqroda diaspor olaraq formalaşıblarmı?
-Ölkədə yaşayan azərbaycanlıların sayı çox olmadığından bu suala birmənalı şəkildə cavab vermək mümkün deyil. Amma əminliklə deyə bilərəm ki, ölkədə azərbaycanlılar az olsa da, azərbaycansevərlər, dostlarımız çoxdur.
-Azərbaycan - Monteneqro Mədəni və İqtisadi Mərkəzi soydaşlarımızı öz ətrafına toplaya bilibmi?
-Mərkəzimizin əsas məqsədi və hədəfi mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın təbliği, iqtisadi əlaqələrimizin inkişafı, mövcud potensialımızın düzgün dəyərləndirilməsi və ondan vaxtında və səmərəli istifadə edilməsidir. Bu məqsəd və hədəf üçün çalışmaq istəyən hər bir soydaşımız üçün qapılarımız açıqdır. Mərkəz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinə töhfə vermək üçün əlindən gələni etməyə çalışır.
-Azərbaycanla bağlı hansı tədbirlər keçiribsiniz?
-Ötən müddət ərzində Mərkəz tərəfindən anım günləri, bayram mərasimləri keçirilib, müxtəlif sərgilər, konsert proqramları, kitabların tərcümə və təqdimat mərasimləri təşkil edilib, ölkəmizlə bağlı çoxsaylı məqalə və müsahibələr verilib.
Mərkəzin təşəbbüsü və dəstəyi ilə “Görkəmli şəxsiyyətlər silsiləsindən - Heydər Əliyev”, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı, 32 Azərbaycan şairinin “Sevinc qaynağı” adlı uşaq şeirləri və s. kitablar Monteneqro dilində çap olunmuş. Azərbaycan mədəniyyəti və mətbəxi günləri keçirilmiş, beynəlxalq kitab səgilərində ölkəmizin iştirakı təmin edilmişdir.
Mərkəz, həmçinin “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsinin keçirilməsi və monteneqrolu tələbələrin Azərbaycanda, azərbaycanlı tələbələrin də Monteneqroda ali təhsillərini davam etdirməsi işinin təşkilində fəal iştirak edir.
Mərkəz tərəfindən 2017-ci ildə də 20 Yanvar və Xocalı soyqırımı, Novruz bayramı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü, 28 may və 18 oktyabr günləri ilə bağlı tədbirlər keçirilmiş, “Əli və Nino” filminin təqdimat və nümayişi, sərgi və rəqs qruplarının səfərlərinin təşkili, Türkiyənin Yunus Əmrə İnstitutu və Çinin Konfutsi İnstitutu ilə birlikdə “İpək Yolu Günləri” miniatür sərgisi təşkil olunmuşdur.
Cari ilin 17 noyabr tarixində “Bir Günəş altında” sənədli filminin Monteneqroda təqdimatı olub.
Mərkəz 2017-ci ilin 25 sentyabr tarixindən yeni ofisdə fəaliyyətini davam etdirməyə başlamışdır.
Mərkəz, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə Podqoritsada “Monteneqro - Azərbaycan iqtisadi münasibətləri: Gələcək naminə tərəfdaşlıq” mövzusunda beynəlxalq konfransın, Azərbaycan-Monteneqro biznes-forumunun təşkil olunmasında fəal iştirak etmişdir. Həmçinin “Made in Azerbaijan” brendinin təşviqində, Azərbaycana investisiya yatırımlarının cəlb olunması və Serbiya, Monteneqro, Bosniya-Herseqovina, Albaniya və Makedoniya ilə iqtisadi əlaqələrin dərinləşməsi istiqamətində əməli işlər görür. Hal-hazırda Mərkəzin 3 dildə internet səhifəsinin hazırlanması istiqamətində işlər görülür.
2017-ci ildə Monteneqronun NATO-ya üzv olması Qərbi və Mərkəzi Avropa ölkələrindən investisiyaların və turist sayının artmasına səbəb olmuşdur. Qərbi Balkan ölkələrinin hələ Avropa İttifaqına daxil olmaması, geoiqtisadi və geosiyasi baxımdan bu regionun Azərbaycanın Mərkəzi və Qərbi Avropa ölkələri ilə əməkdaşlığı üçün körpü rolunu oynadığını əsas götürərək, dövlətimizin xarici iqtisadi siyasətində bundan sonra da region ölkələri ilə əməkdaşlığa xüsusi önəm verilməsi labüddür. Monteneqronun regionun bütün ölkələri ilə yaxşı münasibətləri olduğuna görə, bütün region ölkələrinin tam formatda iştirakı tələb olunan tədbirlər də bir qayda olaraq bu ölkədə keçirilir.
-Monteneqro azərbaycanlılar üçün turizm baxımından nə dərəcədə əlverişlidir?
-Monteneqro, ərazisinə görə kiçik ölkə olmasına baxmayaraq, dünyada turizm ölkəsi kimi tanınır. Təsadüfi deyildir ki, hər il ölkə əhalisinin sayından üç dəfə artıq turist gəlir Monteneqroya. Əsasən, yay turizminin inkişaf etməsinə baxmayaraq, qış turizmi üçün də böyük potensial mövcuddur və Monteneqro hökuməti son dövrlər bu istiqamətdə ciddi işlər görməkdədir. 2013-2016-cı illərdə yay mövsümündə Bakıdan Monteneqroya birbaşa uçuşlar təşkil edildiyindən və son 3-4 ildə Azərbaycandan təxminən 12-15 min turist Monteneqroya səfər etdiyindən belə qənaətə gəlmək olar ki, turistlərimiz üçün kifayət qədər maraqlı istiqamətdir. Monteneqronun turizm istiqaməti kimi Azərbaycanda tanınması üçün həmin ölkənin Bakıdakı fəxri konsulu Vüqar Əliyevin də böyük töhfəsi olduğunu demək yerinə düşərdi. Əlverişliliyə gəldikdə isə turizmdə ciddi rəqabət olduğundan və iki ölkə arasındakı məsafə amilini nəzərə alsaq, birbaşa uçuşlar olacağı təqdirdə əlverişlidir.
-Monteneqrolular Azərbaycan haqqında hansı məlumata malikdirlər?
-Azərbaycanın artan siyasi və iqtisadi gücü, regionda mürəkkəb və gərgin vəziyyətin olmasına baxmayaraq, sabitliyini, təhlükəsizliyini, artım tempini qoruması ölkəmizin cəlbediciliyini ildən-ilə daha da artırmaqdadır. Tam məsuliyyətimlə deyə bilərəm ki, Monteneqrolular Azərbaycan haqqında kifayət qədər məlumatlıdırlar. İki ölkə arasında bütün sahələrdə dostluq əlaqələri və əməkdaşlıq daha da möhkəmlənməkdədir. Qarşılıqlı səfərlər intensiv xarakter daşıyır. Əlaqələrin hazırkı səviyyəyə çatmasında Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Monteneqrodakı Diplomatik nümayəndəliyinin böyük xidmətləri vardır. Paytaxt Podqoritsa şəhərində Hüseyn Cavidin büstünün ucaldılması, mərkəzi küçələrdən birinə “Bakı” adının verilməsi, ölkəmizə qarşı isti və xoş münasibət Azərbaycan dövlətinin xarici siyasətinin və diplomatik təmsilçiliklərimizin fəaliyyəti nəticəsində olmuşdur.
-Perspektivdə hansı layihələr nəzərdə tutulub?
-Hal-hazırda Podqoritsada monteneqro dilində sənədli filmin təqdimatına və gələn il dövlət müstəqilliyimizin 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsinə hazırlaşırıq. Həmçinin, təbii ki, yuxarıda sadaladığım tədbirlər gələn il də keçiriləcəkdir.
Bu faəliyyətlərimizin gerçəkləşdirilməsinə həmişə dəstəkçi olduqlarına görə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinə, Monteneqrodakı diplomatik nümayəndələyinə və “AzMont İnvestments” şirkətinə təşəkkürümüzü bildirməyi də borc bilirəm.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info