“Ermənistan tərəfi başa düşməlidir ki, güc tətbiq edərək ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir”
Tarix: 19.12.2017 | Saat: 19:53:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Latviya nümayəndə heyəti ilə görüşündə reallığa uyğun gəlməyən fikirlər səsləndirib. Onun fikirlərini şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun timsalında, deyəsən, yeni rəqabətlə üzləşib. “Amma məntiqsizlik və mahiyyətsizlik baxımından hər ikisinin açıqlamaları bir-birindən geri qalmır”,- deyə o əlavə edib.
H. Hacıyev Avropa İttifaqı adından danışan E.Şarmazanova, ilk növbədə Avropa İttifaqının sənədləri ilə tanış olmağı tövsiyə edib: “Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində bütün Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə deyilir ki, Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir. Bəyanatda Helsinki Yekun Aktı, ATƏT- in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Strategiyasına da istinadlar öz əksini tapıb”.
H. Hacıyev bildirib ki, Aİ-nin Qlobal Strategiyasında dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı Avropanın təhlükəsizlik nizamının əsas elementləridir: "Bu prinsiplər Aİ üzv dövlətlərinə və Aİ sərhədlərindən kənar bütün dövlətlərə şamil olunur”.
“Avropa Parlamenti tərəfindən 13 dekabr 2017-ci il tarixində qəbul olunmuş “Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti haqqında” qətnamədə Avropa Parlamentinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu təsdiqləyir. II Dünya müharibəsi və faşizmin işğalından əziyyət çəkmiş Avropa üçün ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığının təməl prinsiplər olması heç də təsadüfi deyil.
Ermənistan tərəfi, nəhayət, başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir və heç bir halda legitim hesab oluna bilməz”, -deyə XİN-in rəsmisi əlavə edib.

“Azərbaycan tərəfi hər zaman dialoqa hazırdır”
Yeri gəlmişkən, ATƏT-in Daimi Şurasının Vyanada keçirilən növbəti iclasında Azərbaycan Respublikasının nümayəndə heyəti Avropa Komissiyasının Avropa qonşuluq siyasəti və genişləmə danışıqları üzrə komissarı Yohannes Hahna cavab olaraq bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətləri yüksək qiymətləndirir. Yaxın zamanlarda Prezident İlham Əliyev tərəfindən də qeyd olunduğu kimi, “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.
Bildirilib ki, Aİ və onun üzv dövlətləri Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarıdır. Azərbaycan tərəfi əmindir ki, enerji təhlükəsizliyi, hüquq dövlətinin və iqtisadi əlaqələrin təşviqi sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Nümayəndə heyəti vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri qarşılıqlı münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib. Bu görüş Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə yeni bir fəsil açıb. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk da öz növbəsində Azərbaycan ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin qarşılaşdığımız yeni qlobal, siyasi və iqtisadi maraqları və eləcə də önümüzdəki çətinlikləri nəzərə alaraq, əlaqələrimizin əhatəsini genişləndirəcəyinə ümid ifadə edib.
Azərbaycan tərəfinin çıxışında təəssüflə qeyd edilib ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunmasına baxmayaraq, bu, ATƏT çərçivəsində öz əksini tapmır. Vyanada yerləşən Avropa İttifaqı nümayəndəliyi Azərbaycan ilə dialoqa və əməkdaşlığa çox az maraq göstərir və ATƏT-i qarşıdurma və ittihamlar üçün bir platforma kimi görür. Azərbaycan tərəfinin davamlı sorğularına baxmayaraq, Aİ nümayəndə heyəti tərəfindən Azərbaycan üçün ciddi narahatlıq törədən məsələlərdən biri olan təhlükəsizlik və münaqişə ilə bağlı məsələlərdə narahatlıqlarımızı aradan qaldırmaq istiqamətində addımlar atılmayıb.
Aİ-nin ATƏT-dəki nümayəndəliyi beynəlxalq hüquqa əsaslanan və ATƏT-ə üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini müdafiə etsə də, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə prinsipial mövqe nümayiş etdirmir. Avropa İttifaqı nümayəndəliyi Bakıda və Brüsseldə yüksək səviyyəli görüşlərdə yüksək çinli Aİ rəsmiləri tərəfindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ifadə edilən dəstəyi təkrarlamaqdan yayınır: “Aİ-nin ATƏT-dəki nümayəndə heyətinin bu ikili standart yanaşması narahatlıq qaynağı olaraq qalır və heç bir şəkildə qarşılıqlı anlaşma və əməkdaşlığı genişləndirmək üçün ən yüksək siyasi səviyyədə müəyyən edilmiş ümumi məqsədimizə kömək etməyəcəkdir”, - deyə bəyanatda vurğulanıb. Həmçinin qeyd edilib ki, Azərbaycan tərəfi hər zaman dialoqa hazırdır və bu istiqamətdə zəruri addımların atılacağına ümid edir.

Amerikalı politoloq:
“Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur”
“Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur.” Bunu Trend-ə müsahibəsində “Dağlarda ölüm. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Louri Kontreras deyib. Onun kitabı Xocalı soyqırımı haqqında ABŞ-da nəşr olunmuş və satışa çıxarılmış ilk kitabdır.Müəllif qeyd edib ki, 1992-ci ildə bu hadisələr baş verərkən ABŞ-da cəmiyyət prezident seçkiləri ilə məşğul idi və dünyada nələrin baş verdiyindən xəbəri yox idi: “Mən Dağlıq Qarabağ barədə “New York Times”da “dondurulmuş münaqişələr” haqqında oxuyarkən xəbər tutdum. Mən həmin illər ermənilər tərəfindən girov götürülmüş iki qadınla söhbət etdim və onların dedikləri əsasında kitab yazdım. Qadınlardan birinin danışdığı o qədər təsirli idi ki, mən ağladım. Çünki onların hansı çətinliklərdən keçdiyini təsəvvür etdim”.
ATƏT Minsk qrupunun həmsədri qismində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində necə kömək edə biləcəyi sualına cavab verən R.L.Kontreras deyib ki, ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: “Erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın marağındadır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət bu faktı qəbul edir. ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq etməli və ABŞ tərəfindən heç bir yardım almayacağını bildirməlidir. Ermənistan çox kasıb ölkədir və ABŞ-dan ala biləcəyi istənilən köməyə ehtiyacı var. Ona görə də onlar bu tələbləri yerinə yetirməli olacaqlar”.
Onun sözlərinə görə, hazırda Azərbaycan torpaqlarının işğalı ilə bağlı Ermənistan bütün əhəmiyyətli nəqliyyat və enerji layihələrindən təcrid olunub: “Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqla böyük səmərə əldə edə bilərdi. Ermənistan həmin layihələrə qoşula və tranzit ölkə kimi dividendlər əldə edə bilərdi. Amma indiki şərtlərdə Ermənistanın gələcəyi yoxdur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
15.05.2018
“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”
14.05.2018
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib”
10.05.2018
Hikmət Hacıyev: “Ermənistanın yeni baş naziri danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9284

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info