Adilə Nəzərin poeziya aləmi
Tarix: 20.12.2017 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Nəzərova Adilə Həsən qızı 26 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Şəhriyar kəndində anadan olub. Filologiya üzrə fəlsəfə doktorudur. Adilə Nəzər 5 şeir kitabının müəllifidir. Azərbaycan və İraq Yazıçılar Birliyinin üzvüdür. Hazırda ARTN Təhsil İnstitutunun aparıcı elmi işçisidir.

Əsrlərlə qadın şairlərin yaradıcılığı keçilməz sərt buxovlarla əhatələnib. Onların incə, kövrək qəlbindən süzülən dürr sözlər zaman-zaman ağ vərəqlərə köçə bilməyib. Əsrlərə nəzər saldıqda çox az qadın şairlərə rast gəlirik. Bu isə poeziyamızın inkişaf istiqamətlərinin daha çox birqütblü olmasına gətirib çıxarıb. Ancaq ötən əsrdən başlanan ədəbi inkişaf qadın şairlərin sayının artmasına və onların yaradıcılığının öyrənilməsinə səbəb olub. Bu isə, şöbhəsiz ki, təqdirəlayiqdir.
Günümüzdə qadın şairlərin yaradıcılığı ilə bağlı çoxlu kitab nəşr olunur. Ana ürəyindən süzülən şeirlər isə oxucu kütləsini əksər vaxt maraqlandırıb. Həmin şeirlər daha şirin, real və həqiqətə yaxın olur. Qadın şairlərin yaradıcılığını incələyərkən onların daha çox gəraylı və qoşma janrlarına üz tutduğunun şahidi oluruq. Bədii-fəlsəfi məzmun və forma cəhətdən gözəl şeirlər müəllifi olan Adilə Nəzərin poeziya aləmi maraqlıdır. Maraq onun yaradıcılığının düşündürücü, fəlsəfi və dərin məzmunlu fikirlərlə zəngin olmasından irəli gəlir.
Qaba quru dən tökürəm,
Dəyirmanım nəm üyüdür.
Tamah hərdən güc eləyir,
Çoxaldıram, kəm üyüdür.
Şair mütəfəkkir ola bilər, amma hər mütəfəkkir şair ola bilməz. Şair daha çox geniş diapazona malikdir. Onun coğrafiyası da böyükdür. Şairi fərqləndirən onun ilahi vergisi və bu verginin nəzəri biliklərlə cilalanmasıdır. Şairlər şair olaraq doğulur. Bununla yanaşı, mütaliəsini zənginləşdirən şairlərin sözü daha təsirli və geniş poetik coğrafiyanı əhatə edir. Bu konteksdən şairə Adilə Nəzərin yaradıcılığı ilə yanaşı, mütaliə qabiliyyəti də zəngindir. Onun bir alim olması isə deyilənlərin müzakirəsiz təsdiqidir.
Adilə Nəzərin yaradıcılığında təbiət, din, ailə, məhəbbət, insan, ruh və s. bədii mövzular öz əksini tapıb. Poeziyanın dərin məna yükü ilə zəngin olan şeirləri geniş oxucu auditoriyası qazanıb. Aşağıdakı məhəbbət mövzulu şerinə diqqət yetirək:
Biri yoxdu, biri vardı,
İki sevgili yar vardı.
Birlikdə onlar gülüstan,
Ayrılıqda dünya dardı.

Günlər beləcə keçirdi,
Qoşa döyünürdü ürək.
Onlar üçün zaman yoxdu
Aylar keçıb, il ötərək.

Tale üzlərinə gülüb
Onları rast gətirmişdi.
Amma dünyaya gələrkən,
Biri bir az tələsmiş,
O birisə gecikmişdi.
Şairənin sərbəst şeirləri də yaradıcılıq irsinin bitib-tükənməz enerjisindən xəbər verir. Sərbəst məzmunlu şeirlərində kövrəklik, inciklik hiss olunur. Bu isə şairənin kövrək ürəyindən qaynaqlanır. Axı şairlər kövrək, narazı və narahat olurlar. Belə olmasa, bəlkə, dünyaya şeir gəlməzdi.
Bilmirəm,
hələ neçə gecə
keçəcək beləcə...
neçə işıq sönəcək
baxışlarımda,
ürəyim halbahal,
dilim lal olacaq...
Bilmirəm,
nə vaxtadək xəyallarımda
ən doğma məkanlar
uçurum kənarları,
xatirələrimin
ən yaxşısı gərəksiz bəlkələr,
ümidlərin yası...
mənə qalan düşüncə
koması olacaq...
Bilmirəm,
nə qədər içimdəki
fəlsəfə daşını oymaqla,
yazdığım frazalara ağlamaqla
sabahı açacağam...
Çarəsizlik
ulduzlara, buludlara,
bir az da torpağa
yaxınlaşmaq,
hər gecə ölümü
yenidən yaşamaqdır...
Bu yaxınlarda Sumqayıt şəhərində Əli Kərim adına Poeziya Evində şairə Adilə Nəzərin kitabının təqdimetmə mərasimi keçirildi. Tədbirdə ədəbiyyat insanları iştirak etdilər. Tədbiri Poeziya Evinin direktoru şair İbrahim İlyaslı apardı. Tədbirdə Musa Yaqub, Ehtiram, Mikayıl Bozalqanlı və şairənin bir çox qələm dostları çıxış edib.
Şairəyə yaradıcılıq dünyasında bol-bol uğur arzu edirik. Tükənməz poeziya həvəsinin davamlı olmasını, hər gün yeni-yeni şeirlərinin dünyaya göz açmasını uca Allahdan diləyirik. Elmi yaradıcılığında isə hər zaman qapısı açıq olsun.
Mahmud Əyyub




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info