“Ermənilərin atdığı bombalar “Qarabağ” stadionuna düşürdü”
Tarix: 20.12.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Amerikanın “Foreign Policy News” xəbər portalında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Azərbaycanın “Qarabağ” futbol klubunun uğurlarından bəhs edən məqaləsi dərc olunub.
Diplomat UEFA Çempionlar Liqasında 2017-2018-ci illər mövsümündə “Qarabağ” klubunun uğurlarından söhbət açaraq qeyd edir ki, bu klub bütün Azərbaycana böyük sevinc və ümid bəxş edib. Doğrudur, “Qarabağ” turnirdə mübarizəni dayandırmalı olub, lakin o, turnirin gedişinə ciddi təsir göstərib. İspaniyanın “Atletiko” komandasına qarşı hər iki oyunda heç-heçə, futbol aləmində şoka səbəb oldu - “Qarabağ” adlı-sanlı Madrid klubunu yarışın növbəti mərhələsinə çıxmaq imkanından məhrum etdi.
“Qarabağ” İtaliyanın “Roma” klubu ilə də bərabər səviyyədə oyun keçirdi, İngiltərənin güclü “Çelsi” klubu ilə matçda pis oyun nümayiş etdirmədi. Səfir vurğulayır ki, Çempionlar Liqası Avropanın elit komandaları ilə müqayisədə büdcəsi onlarca dəfə az olan “Qarabağ” kimi klublar üçün bir platformadır. Bu platformadan istifadə etməklə həmin komandanın, onun mənsub olduğu yerli liqanın və ölkənin səviyyəsini nümayiş etdirmək olar. Buna görə də “Qarabağ”ın Çempionlar Liqasında çıxışı Azərbaycan futbolunu məşhurlaşdırdı.
E.Süleymanov daha sonra yazır ki, bu klub hazırda işğal altında olan Dağlıq Qarabağ regionundakı Ağdam şəhərində yaradılıb. Artıq 24 ildir ki, “Qarabağ” öz meydanında oynamır. Diplomat qeyd edir ki, əgər indi kimsə “Qarabağ” stadionuna getməyə cəhd göstərərsə, o, erməni snayperlərin güllələrinə tuş gələ bilər. Ermənistan iyirmi ildən çoxdur ki, Dağlıq Qarabağı işğalda saxlayıb. İndi “Qarabağ” stadionundan yalnız alaq basmış xarabalıqlar, bir də erməni qoşunları tərəfindən vəhşicəsinə törədilmiş etnik təmizləmə barədə kədərli xatirələr qalıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin rəhbəri yazır ki, Ermənistan 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Sonrakı dövrdə iğtişaşlar genişlənərək Azərbaycan ilə Ermənistan arasında tammiqyaslı müharibə həddinə çatıb və Ağdam şəhəri döyüş əməliyyatlarının mərkəzində olub. Ermənilərin atdığı bombalar “Qarabağ” stadionuna, həmçinin klubun məşq meydançalarına düşürdü. 1993-cü ilin iyul ayında Ermənistan silahlı qüvvələri Ağdamın minlərlə dinc sakinini qətlə yetirdi, sağ qalanlar öz doğma yurdlarından qovuldu. O vaxtdan Ermənistan ordusu Azərbaycanın işğal altında olan regionuna nəzarət edir və oradan qovulmuş Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmasına imkan vermir.
Səfir “Qarabağ” klubunun keçmiş oyunçusu və məşqçisi, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovdan söhbət açaraq yazır ki, 1992-ci ildə Ermənistan qoşunları və Sovet ordusu tərəfindən yüzlərlə azərbaycanlı sakinin qətlə yetirildiyi Xocalı qırğını zamanı A.Bağırov çox insanı xilas edib. Həmin il iyun ayında isə Allahverdi Bağırovun maşını tank əleyhinə minaya düşərək partlayıb, Bağırov özü həlak olub.
Artıq 24 ildir ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. Dünya birliyi Qarabağı suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır, buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirməkdən imtina edir. “Qarabağ” klubu Azərbaycan üçün salamat qalmaq rəmzi və ümid şüası olub.

“Müharibədə evlərimiz dağıla bilər, amma...”
Diplomat daha sonra yazır ki, “Qarabağ” klubunun tarixi 1951-ci ildən başlanıb. Azərbaycan premyer-liqasının əsasını qoyan klublardan biri olmuş “Qarabağ” liqa çempionatının ikinci mövsümündə qalib gəlib, kiçikmiqyaslı bir sıra beynəlxalq turnirlərdə də uğurla çıxış edib. “Qarabağ” bir neçə dəfə Avropa liqası, “İntertoto” kuboku və UEFA kuboklar kuboku yarışlarının erkən mərhələlərinə çıxa bilib, lakin onun Çempionlar Liqasında tarixi çıxışı xüsusi əhəmiyyət kəsb edir. Çempionlar Liqası Avropa futbol yarışlarının zirvəsidir. E.Süleymanov izah edir ki, “Qarabağ” Çempionlar Liqasının qrup turnirinə düşmək üçün öz daxili liqalarının taclı çempionları olan başqa klublara qarşı seçmə matçlar seriyasında öz ustalığını nümayiş etdirməli idi.
Diplomat yazır ki, “Qarabağ” Bakıda öz oyunlarını “Azərsun Arena”da və Tofiq Bəhramov adına stadionda keçirir. Klubun administrasiyası azarkeşlərin qaçqın düşərgələrindən stadiona gedib gəlməsi üçün öz avtobuslarını təqdim edir ki, Ağdam sakinləri öz doğma klublarının ev matçlarına tamaşa edə bilsinlər. Səfir “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimova istinadən yazır ki, bu klub bütün Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb edir və “Qarabağ”ın uğurları sayəsində biz dünya birliyinin diqqətini torpaqlarımızın işğal edilməsi faktına cəlb edirik.
Çempionlar Liqasının seçmə matçında Danimarkanın “Kopenhagen” klubuna qalib gələn “Qarabağ” azərbaycanlı futbol azarkeşlərinə sevinc dolu anlar yaşatdı. E.Süleymanov yazır ki, məcburi köçkünlərin klubu üçün belə bir uğur idmanda ən yaxşı ümid və qürur rəmzidir. Azarkeşlərinin qəlblərinə yol tapmış “Qarabağ” klubu, yaşıl meydançada göstərdiyi nəticələrdən asılı olmayaraq, milyonlara insanı ruhlandırır. Diplomat məqaləsinin sonunda vurğulayır: müharibədə evlərimiz dağıla bilər, lakin o, bizim ruhumuzu sarsıda bilməz, Azərbaycanın ürəyi olan Qarabağın döyüntüsünü dayandıra bilməz.

“Bir çox beynəlxalq təşkilat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir”
Yeri gəlmişkən, “Eurasia Crossroads” jurnalında Nil Riçardsın müəllifi olduğu məqalədə ABŞ Nümayəndələr Palatasının üç üzvünün payızda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfəri barədə yazılıb.
Məqalədə qeyd olunur ki, 3 amerikalı parlamentari – Frenk Palloun, Devid Valadao və Talsi Qabbard “tanışlıq məqsədilə” Ermənistanda olub və oradan işğal olunmuş Xankəndinə yollanıb: “Həmin andan etibarən onlar Azərbaycanda person non-qrata elan edilib”.
Müəllif qeyd edir ki, bir çox beynəlxalq təşkilat Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyir: “Parlamentarilərin işğal olunmuş ərazilərə səfəri Azərbaycan XİN tərəfindən münaqişənin həlli prosesinin pozulmasına yönəlmiş təxribat kimi dəyərləndirilib”.

“Münaqişənin sülh yolu ilə həlli üçün Aİ-nin hərtərəfli və fəal iştirakı şübhəsizdir”
“Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır və biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünu dəstəkləyirik”. Bu haqda isə Aİ-nin sözçüsü təşkilatın ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.
Aİ-nin sözçüsü qeyd edib ki, təşkilat Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi prezident Donald Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə etdiyi səfər zamanı da ifadə edib.
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Aİ rəsmisinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün Aİ-nin hərtərəfli və fəal iştirakı şübhəsizdir: "Biz bu fəaliyyətimizi, əsasən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz vasitəsilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün göstərdikləri səyləri dəstəkləməklə və öz əlavələrimizi etməklə yerinə yetiririk".
Təşkilatın sözçüsü qeyd edib ki, Aİ münaqişənin həlli yolunda etimad və sülhün bərqərar olmasına kömək edir və bu istiqamətdə Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli Naminə Avropa Tərəfdaşlığı proqramını həyata keçirir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.08.2018
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
15.08.2018
“Ermənistan işğalçı siyasətini uzun zaman davam etdirə bilməyəcək”
14.08.2018
Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır
13.08.2018
ABŞ radiosunda canlı yayımda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
13.08.2018
“Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tacikistanın mövqeyini xüsusi qiymətləndirir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9878

1 DSX rəisi at çapan qızla görüşüb
2 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info