İSESCO Dağlıq Qarabağ məsələsini sammit çərçivəsində müzakirəyə çıxaracaq
Tarix: 22.12.2017 | Saat: 19:58:00 | E-mail | Çapa göndər
“Dağlıq Qarabağ münaqişəsi İSESCO-nun gündəliyində duran ən mühüm məsələlərdən biridir”

Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra etməməsi artıq bir çox beynəlxalq təşkilatların da narazılığına səbəb olub. Bununla bağlı bir sıra beynəlxalq qurumların rəhbərləri öz fikirlərini bildiriblər. Bu haqda İSESCO baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri də Bakıda açıqlama verib. Onun sözlərinə görə BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnamə qəbul edilsə də, heç birinə əməl edilmir: "Qətnamələrdə də qeyd edilib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz çıxmalıdır. Dağlıq Qarabağ münaqişəsi İSESCO-nun gündəliyində duran ən mühüm məsələlərdən biridir. Həm İSESCO, həm də bütün müsəlman dövlətləri Azərbaycanın bu məsələdə haqlı mövqeyini dəstəkləyir. Çalışacağıq ki, bu problemi hər zaman bütün üzv dövlətlərin diqqətinə çatdıraq və gələcəkdə sammit çərçivəsində müzakirəyə çıxaraq. Artıq vaxtıdır".
İslam dünyasının hazırda ağır çətinliklərlə üzləşdiyini deyən Əbdüləziz bin Osman əl-Tüveycri deyib ki, bütün bu çətinlikləri aşmaq üçün İslam dünyası birgə çalışmalıdır: "Bölgəmizdəki bu ağır vəziyyətin əsas səbəbi odur ki, dünyanın super gücləri ədalətsizliyə yol verir və beynəlxalq hüququ təmin etmir. Bəzi hallarda problemin həllinə çalışmaqdansa, gərginliyi daha da artırırlar. BMT Təhlükəsizlik Şurası istənilən bölgədə sülh və təhlükəsizliyi təmin etmirsə, vəzifəsini layiqli şəkildə icra etmirsə, digər qurumlardan nə gözləyə bilərik?!".

Ermənistan əhalisinin azalmasının səbəbi nədir?

Ermənistanın təcavüzkar və işğalçılıq siyasəti artıq bu ölkənin daxilində sosial və demoqrafik vəziyyəti gərginləşdirib. Siyasi elmlər doktoru Hatəm Cabbarlının araşdırmasında da bu gərginlik aydın görünür. Hatəm Cabbarlının Newtimes.az saytında verilən araşdırmasında qeyd olunur ki, Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra əhalisi azalır: “1994-cü ilə qədər əhalinin ölkəni tərk etməsinin ən əhəmiyyətli səbəblərindən birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olmuşdur. Belə ki, müharibəyə getməmək üçün gənc və əmək qabiliyyəti olan insanlar (xüsusilə kişilər) ölkəni tərk ediblər. 1994-cü ildən sonra isə köçün əsas səbəbləri hökumətin iqtisadi və sosial problemləri həll edə bilməməsi, işsizlik, hələ sovet dövründə inşa edilən fabrik və zavodların fəaliyyətini dayandırması, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün müzakirələrdə konstruktiv mövqe tutmaması və ölkədəki antidemokratik idarə sistemi olmuşdur”.

“Ermənistanda nikaha girən cütlüklərin sayı azalır, boşanan cütlüklərin sayı isə artır”

Müəllif bu analitik materialda istifadə edilən statistik göstəricilərin hamısını Ermənistanın rəsmi mənbələrindən götürüb: “Məlum səbəblərə görə Ermənistana qarşı təbliğat məqsədi ilə yazılmayıb, elmi bir araşdırmadır, faktlara və statistik göstəricilərə istinad edir. Ermənistanın demoqrafik sayğacı: əhalinin sayı: 3 044 066, kişilərin sayı: 1 416 858 (46.5%), qadınların sayı: 1 627 207 (53.5%). 2017-ci ildə Ermənistanın əhalisinin sayının dəyişmə dinamikası: doğum: gündə ortalama 110 uşaq (saatda 4,60 uşaq); ölüm: gündə ortalama 75 nəfər (saatda 3,11 nəfər); miqrasiya prosesi: gündə ortalama 5 nəfər (saatda -0,23 nəfər). Ermənistanın demoqrafik sayğacı statistikasında qadınların sayının 210 349 nəfər kişilərdən çox olduğu məlum olsa da, 2017-ci ilin əvvəllərində əhalinin yaş qruplarına görə təsnifi statistikasında 15 yaşına qədər olan əhali arasında kişi cinsinin qadın cinsindən 37 499 nəfər artıq olduğu müşahidə edilir ki, bunun da səbəbi kimi son illərdə Ermənistanda selektiv abortun geniş yayılmasını göstərmək mümkündür.
Ermənistan Dövlət Statistika Xidmətinin Əhalinin siyahıyaalma şöbəsinin müdiri Karine Kuyumcuyanın 2017-ci ilin iyun ayında verdiyi məlumata görə 1 yanvar 2017-ci ilə qədər ölkə əhalisinin sayı 6200 nəfər azalmışdır. 2017-ci ilin birinci yarımilliyində 7234 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 faiz azdır. Yenə 2017-ci ilin birinci yarımilliyində 1949 cütlük boşanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11.2 faiz çoxdur. Rəqəmlərdən də göründüyü kimi, Ermənistanda nikaha girən cütlüklərin sayı azalır, boşanan cütlüklərin sayı isə artır”.

“Erməni miqrantların 70 faizi geri dönməyi düşünmür”

Məqalədə bildirilir ki, Müstəqil Dövlətlər Birliyində miqrantlarla bağlı aparılan rəy sorğusunun nəticələrinə görə erməni miqrantların 70 faizi geri dönməyi düşünmür: “Ermənistanın Ərazi idarəetmə Nazirliyinin Miqrasiya xidmətinin direktoru Qaqik Yeqanyan ölkə əhalisinin ölkəni tərk etməsinin səbəbini ölkədəki pis şərtlərin olması ilə əsaslandırır. BMT-nin hesabatına görə, 2035-ci ilə qədər Ermənistanın əhalisi pis halda, 2.6 milyon, yaxşı halda, 3.2 milyon ola bilər. 2017-ci ilin dekabr ayına görə, hal-hazırda Ermənistan əhalisinin 3 044 066 nəfər olduğu və 2035-ci ildə ən yaxşı halda, 3.2 milyon nəfər olacağı proqnozuna görə gələcək 18 ildə Ermənistanın əhalisi cəmi 155934 nəfər artacaq ki, bu rəqəm olduqca azdır. BMT-nin bu bədbin proqnozundan sonra Prezident Serj Sərkisyan ölkə əhalisinin 2040-cı ilə qədər 4 milyon olması üçün planları olduğunu bildirməsi isə riyaziyyatda mürəkkəb düsturları bilən birisi üçün yox, vurma cədvəlini və bölmədən anlayan birisi üçün gülüncdür və inandırıcı deyil.Belə ki, 1 oktyabr 2017-ci ildə Ermənistan əhalisi 2 979 600 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 300 nəfər azdır.
2017-ci ilin oktyabr ayında Ermənistan parlamenti "Hərbi xidmət və hərbi xidmətçinin statusu haqqında” qanuna dəyişiklik edərək universitetlərə qəbul olunan tələbələrin təhsil üçün möhlət hüququnu ləğv etdi. Buna görə artıq universitetlərə qəbul olan erməni gənci (kişi cinsi) ya əvvəlcə hərbi xidmətə getməli, ya da təhsili zamanı hərbi kafedradan da dərs almalı və təhsilini bitirdikdən sonra təyin olunmuş yerdə 3 il müddətinə zabit kimi xidmət etməsi üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır. Erməni tələbələr buna qarşı İrəvanda mitinq təşkil etsələr də, dəyişən bir şey olmadı.
Parlamentin qanuna etdiyi dəyişikliyi dəyərləndirən "Modus Vivendi” Mərkəzinin direktoru Ara Papyan edilən dəyişikliyin emiqrasiyanı daha da sürətləndirəcəyini bildirib”.
Hatəm Cabbarlının qənaətincə, belə bir çətin demoqrafik vəziyyətdə olan Ermənistan hökuməti və ermənilər soyuqqanlılıqla gələcəklərinin necə olacağını düşünməli, qonşu ölkələrlə münasibətlərini qaydaya salmalı, işğalçılıq siyasətindən əl çəkməli, iqtisadi, sosial, enerji və nəqliyyat problemlərini həll edilməsi üçün bölgədə həyata keçirilən beynəlxalq layihələrdə iştirak edəcək qədər məntiqli davranmalıdır.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.05.2018
“Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
16.05.2018
Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
15.05.2018
“Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir”
14.05.2018
“Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş verib”
10.05.2018
Hikmət Hacıyev: “Ermənistanın yeni baş naziri danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9284

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Fəxrəddin Quliyev: “Şəxsiyyət sənətdə böyük amildir”
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
5 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info