Azərbaycan müstəqil siyasət yürüdür
Tarix: 22.12.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Qabil Hüseynli:
“Dünya gördü ki, nəinki Dağlıq Qarabağ məsələsində, digər ölkələrin problemlərinin həllində də Azərbaycan prinsipial mövqe sərgiləyir”

Son günlər dünya mətbuatının gündəmini zəbt edən Qüds məsələsinə nəhayət ki, ən yüksək səviyyədə qiymət verildi. BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul etdi. Belə ki, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verdi. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olduğunu göstərdi. Xatırladaq ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ qətnaməyə veto qoymuşdu. Baş Assambleyanın qətnaməsinin qəbulundan əvvəl isə təhdid xarakterli çağırışlar da olurdu.
Bunlardan biri və ən əsası ABŞ prezidenti Donald Tramp tərəfindən səslənmişdi. O bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi. Ümumilikdə isə Trampın Qüdslə bağlı qərarı İslam ölkələri başda olmaqla, dünyanın bir çox yerində etirazla qarşılandı. ABŞ-ın təhdidlərinə baxmayaraq, BMT-dəki səsvermədə Birləşmiş Ştatların qərarına qarşı çıxan ölkələrin əhalisinin sayı dövlətlərin sayı ilə müqayisə olunduqda isə ortaya maraqlı tablo çıxır. ABŞ-ın Qüds barədə qərarına qarşı qətnamənin lehinə səs verən 128 ölkənin əhalisinin ümumi sayı 6 milyard 187 milyona çatır. Bu, yer üzündə yaşayan 7,5 milyard insanın 82,5 faizi deməkdir. Donald Trampın tərəfindən çıxış edərək qətnamənin əleyhinə səs verən 8 ölkənin və ABŞ-ın əhalisinin sayı ümumilikdə təxminən 380 milyon nəfərdir, yəni dünya əhalisinin cəmi 5,1 faizini təşkil edir. Səsvermədə iştirak etməyən 21 ölkədə 290 milyon nəfər yaşayır ki, bu da planet əhalisinin 3,8 faizinə bərabərdir. Səsvermədə bitərəf qalan 35 ölkədə isə 650 milyon insan - dünya əhalisinin 8,6 faizi yaşayır.Beləliklə, yer üzündə yaşayan hər 10 nəfərdən azı 8-i ABŞ-ın Yaxın Şərqdəki sülh ümidlərinə kökündən zərbə vuran qərarına qarşıdır.
Xatırladaq ki, BMT-də böyük səs çoxluğu ilə qəbul olunan qətnaməyə əsasən, Qüdsün statusunu, demoqrafik tərkibinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və fəaliyyət hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir. Sənəd BMT TŞ-nin müvafiq qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyət və tədbirləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.
Azərbaycana gəldikdə isə beynəlxalq təşkilatlarda bütün məsələlərdə olduğu kimi, dövlətimiz bu prosesdə də qətiyyətli mövqe sərgilədi. Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi. Ölkə başçısının da dəfələrlə qeyd etdiyi kimi ölkəmiz müstəqil siyasət yürüdür, heç bir siyasi təzyiqlərə əhəmiyyət vermir. Qüds məsələsində Azərbaycanın sərgilədiyi siyasət də bir daha sübut etdi ki, ölkəmizin beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.
Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Qabil Hüseynli deyir ki, Azərbaycan artıq bir neçə ildir ki, beynəlxalq təşkilatlarda öz sözünü deyən və hörmət edilən əsas fiqurlardan birinə çevrilib. Konkret olaraq Qüds məsələsinə gəldikdə isə Azərbaycan bu məsələdə heç vaxt kənar təzyiqlərə əhəmiyyət verməyib bütün İslam ölkələrinin olduğu kimi Fələstinin də problemlərinə ciddi önəm verir. Hətta İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında belə, ölkəmiz ən yüksək səviyyədə təmsil olundu və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirdi. Baxmayaraq ki, bir çox islam ölkələri, o cümlədən bəzi türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almamış və daha aşağı səviyyədə təmsil olunmuşdular. Hətta bəzi türkdilli dövlətlər, o cümlədən Türkmənistan isə ümumiyyətlə, türkdilli dövlətlərin ortaq maraqları, İslam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirirlər. Azərbaycanın bu məsələdə prinsipial mövqeyindən geri çəkilməməsini müsbət dəyərləndirmək lazımdır. Hər şeydən öncə Azərbaycanın müsəlman ölkəsi olduğunu nəzərə almalıyıq. Bakı bir zamanlar İslam dünyasının mənəvi paytaxtı elan olunub, yaxın keçmişimizdə ölkəmizdə İslam Həmrəyliyi Oyunları da keçirildi. Həmçinin məhz müstəqil, ardıcıl və prinsipial siyasətin, dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini tolerantlığını daha da genişlənməsinə verdiyi mühüm töhfələrin nəticəsidir ki, Bakıda keçirilmiş “2017 - İslam Həmrəyliyi İli-dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya topladı. Dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlardan daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir. Yəni, Azərbaycan İslam dünyasının əsas ölkələrindən birinə çevrilməklə yanaşı, İslam aləmi artıq bizi Türkiyə, Səudiyyə, İndoneziya və s. kimi böyük müsəlman ölkələri ilə bir tərəzidə tutur... Qüds kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsidir”.
Siyasi şərhçi deyir ki, əslində, təzyiqlərin olub-olmamasından asılı olmayaraq Azərbaycanın Qüds məsələsində hansı mövqe sərgiləyəcəyi bəlli idi- ortaya müstəqil qərar verməklə prinsipial mövqe qoymaq, İslam ölkələrinin maraqlarına zidd olan addım atmamaq: “Bir məqamı da qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı üçün də vacib ölkədir və qarşılıqlı olaraq ölkəmiz də bu təşkilata böyük önəm verir. Səbəblər çoxdur. Məsələn, ilk dəfə olaraq İƏT Ermənistanın Azərbaycana təcavüzünü tanıdı, bu təşkilat Azərbaycana ilk kredit verən beynəlxalq qurum kimi də yadda qaldı. Yəni, bu İslam ölkələrini birləşdirən qurumun Azərbaycan üçün etdikləri haqqında çox məsələləri sadalamaq olar. Məsələ burasındadır ki, ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi Azərbaycan həmişə İslam həmrəyliyinə sadiq olub və bundan sonra da həmişə sadiq olacaq. Azərbaycan təkcə İƏT və İslam dəyərlərinə hörməti nəzərə almadı, normal müsəlman dövləti kimi özünün dövlətçilik borcunu yerinə yetirdi. Yəni Azərbaycanla bərabər bu qətnamənin lehinə səs verən Avropa ölkələrinin hamısı, Polşa, Macarıstan və Rumıniya istisna olmaqla, Rusiya və digər respublikalar dünyada baş verəcək ciddi siyasi xaosun qarşısını aldılar. BMT dəfələrlə bəyan edib ki, Qüdsü üç səmavi dinin mərkəzi kimi qoruyub saxlamaq və bunu sivilizasiyalararası tolerantlığın nümunəsi kimi təqdim etmək lazımdır. Çox təəssüflər olsun ki, ABŞ prezidenti belə bir dəyərlərə əhəmiyyət verməyərək arzuolunmaz addım atdı. Cavabı isə hamının gözlədiyi kimi oldu. Onsuz da BMT-nin köhnə qətnamələrində ilhaq pislənirdi. İndi də Baş Assambleyanın qətnaməsi 128 dövlət tərəfindən qəbul edildi ki, bunun qarşısında sözügedən iddianı irəli sürənlər geri çəkilməlidirlər. Azərbaycan da bu məsələdə düzgün hərəkət etdi və prinsipial mövqeyini ortaya qoydu. Dünya həm də gördü ki, nəinki Dağlıq Qarabağ məsələsində, digər ölkələrin problemlərinin həllində də Azərbaycan prinsipial mövqe sərgiləyir. Ölkəmiz Qüds məsələsində göstərdi ki, beynəlxalq hüquq norma və prinsipləri əsas götürülməlidir”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Bakıda Əfqanıstan hökuməti ilə “Taliban“ arasında sülh danışıqları keçiriləcək
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info