Qulam İshaqzai: “BMT səviyyəsində Azərbaycandan çox məmnunuq”
Tarix: 25.12.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Milli Məclisdə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfrans keçirilib. ‪ Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, deputatlar iştirak ediblər.

“Azərbaycan Milli inkişaf Strategiyasını Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq üçün ciddi addımlar atır”

Konfransda çıxış edən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, 2015-ci ildə BMT tərəfindən “2030 Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə hazırlanıb. Bu layihəyə qoşulan Azərbaycan qlobal layihənin qoyduğu ayrı-ayrı məqsəd və hədəflərə uyğun çox ciddi addımlar atır. O qeyd edib ki, qlobal layihə 2030-cu ilə qədər dünyada iqtisadi, sosial cəhətdən və ətraf mühit baxımından köklü dəyişiklikləri nəzərdə tutur. Ə. Əhmədov qeyd edib ki, qarşıdakı 15 il ərzində qlobal layihə çərçivəsində istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş dövlətlər üçün çox ciddi pozitiv dəyişikliklər nəzərdə tutulur: “Qlobal layihə iqtisadi cəhətdən geridə qalmış ölkələrin inkişaf etdirilməsi, bütün dövlətlərdə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bir sözlə ümumi mənzərənin dəyişdirilməsi məqsədi qoyur. Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitinin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi nəzərdə tutulub. Başqa sözlə, indi dünyada daha qlobal genişmiqyaslı proqramın həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlərə qoşulan Azərbaycan layihə çərçivəsində bəzi öhdəliklər götürüb. Ölkəmiz qlobal layihənin ayrı-ayrı hədəf və məqsədləri üzrə ciddi addımlar həyata keçirir. Bilirsiniz ki, layihədə 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəf müəyyən edilib. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində bütün ölkələr ayrı-ayrı sahələrdə, eləcə də ekoloji tarazlığın həyata keçirilməsində həyata keçirdikləri milli strategiyanı qlobal layihəyə uyğunlaşdıracaq. Bununla həm milli inkişafa, həm də dünya transformasiyası məqsədinə nail olunacaq. Azərbaycan öz üzərinə çox ciddi vəzifələr götürüb və bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycanın bu qlobal layihəyə ciddi yanaşmasını təsisatlanma sahəsində atdığı addımın özünə məxsusluğu bir daha göstərir. Azərbaycan yeganə ölkədir ki, qlobal layihə çərçivəsində xüsusi Milli Şura yaradıb. İkincisi, yüksək statuslu dövlət məmurlarını bu Şuraya cəlb edib. Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti layihə çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə həssas yanaşır: “Qlobal layihə çərçivəsində könüllü milli hesabat iyulun 19-da BMT-yə təqdim edilib və maraqla qarşılanıb. İndinin özündə də Milli İnkişaf Strategiyasının ayrı-ayrı göstəricilərinin dayanıqlı inkişaf məqsədlərə hədəflərə uyğunlaşdırılması istiqamətində çox ciddi işlər aparılır. Bütün dövlət strukturlarına bu hədəflər çatdırılıb. Artıq uyğunlaşdırma prosesi həyata keçirilir. Bu, xeyli zaman aparılacaq. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş öhdəlikləri ləyaqətlə yerinə yetirir, bundan sonra da ölkəmiz məqsəd və hədəflərə çatmaq üçün müvafiq tədbirlər görəcək”.
Baş nazirin müavini bildirib ki, bu proqrama daxil olan Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin mahiyyəti qarşıda duran 15 il ərzində - 2030-cu ilə qədər bu qlobal layihənin qoyduğu hədəfləri və məqsədləri yerinə yetirməkdən ibarətdir.
Ə. Əhmədov onu da qeyd edib ki, Azərbaycanda yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi 2018-ci il yanvar ayının 1-dən fəaliyyətə başlayacaq. Ə.Əhmədov bildirib ki, bir neçə qurumun bu istiqamətdə fəaliyyəti bir mərkəzdə cəmləşəcək. O qeyd edib ki, agentlik əhalinin sağlamlığının qorunması baxımından vacib əhəmiyyət daşıyır.
Baş nazirin müavini onu da qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Azərbaycan Milli Məclisində xüsusi qrup yaradıla bilər. Onun sözlərinə görə, parlamentdə xüsusi qrup yaradılsa, bu təsisatlanma istiqamətində daha bir addım ola bilər: “Eyni zamanda, parlamentin nəzdində yaradılacaq qurum qəbul ediləcək qanunların Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olması işinə öz töhfəsini verə bilər. Parlamentdə yaradılan qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və digər qurumlarla əməkdaşlıq edə bilər”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan 231 statistik göstərici üzrə BMT-yə hesabat təqdim edəcək: “Bizdə statistik göstəricilərin sayı 76-dan 130-a qədər artırılıb. Digər dövlətlərdə bu göstəricilər azdır. Statistik göstəricilərin sayının 231-ə çatdırılması ilə bağlı Dövlət Statistika Komitəsi işləyir”.

“ Prezidentin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərmanı da çox təqdirəlayiqdir”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə bir konfransın Azərbaycan Respublikası Milli Məclisində keçirilməsi təqdirəlayiqdir. Qeyd edib ki, müzakirəyə çıxarılan “Dayanıqlı İnkişaf üzrə Gündəlik” layihəsində 2015-ci ildən 2030-cu ilə qədər qarşıya qoyulan hədəflərin, vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm məsələlər öz əksini tapıb. Burada hansı addımların atılacağı, problemlərin həlli istiqamətində hansı işlərin görüləcəyi barədə müəyyən məsələlər mövcuddur. Dünya dövlətləri bir yerdə bu məsələlərin öhdəsindən gəlməlidirlər. Yoxsulluq, aclıq, ümumiyyətlə, sosial-iqtisadi problemlərin həlli bütün dünyanı narahat edən məsələlərdir. Nəzərə alsaq ki, bu gün dünyamız çox narahat bir vəziyyətdədir, Yaxın Şərq ölkələrində müharibələr gedir, miqrant və qaçqın problemi mövcuddur. Neçə illərdir ki, Azərbaycan torpaqlarının iyirmi faizi Ermənistan tərəfindən işğal edilib, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bu problemlərin həllində Azərbaycan daha çox maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə bu məsələ ilə bağlı “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası” yaradılıb. Bu, Azərbaycanın həmin məsələyə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Ölkəmizdə insanların sosial-iqtisadi problemləri ilə bağlı bir çox dövlət proqramları qəbul olunub.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai qeyd edib ki, Milli Əlaqələndirmə Şurası qısa zaman kəsiyində yaranmasına baxmayaraq, kifayət qədər uğurlar qazanıb. O deyib: “Bu il də Azərbaycan BMT-nin bir sıra missiyalarını ölkədə qəbul edib. Biz özünün bu dayanıqlı inkişaf hədəflərini milliləşdirməsi istiqamətində Azərbaycanın tərəqqipərvər rolunu bir daha təqdir edirik. Prezident İlham Əliyevin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərmanı da çox təqdirəlayiqdir. Bu regionda çox azsaylı ölkələr məhz belə təşəbbüsü qəbul ediblər. Biz buna görə də BMT səviyyəsində Azərbaycandan çox məmnunuq”.
Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycan Respublikasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədlərində sosial aspektlərin həyata keçiriməsində parlamentin rolu”, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Dayanıqlı İnkişaf Məqsədlərində iqtisadi hədəflərə nail olunmasında parlamentin rolu”, Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dayanıqlı İnkişafda sağlam yaşayışın təmin olunması hədəflərinə nail olunmasında parlamentin rolu” mövzuları ilə çıxış ediblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Bakıda Əfqanıstan hökuməti ilə “Taliban“ arasında sülh danışıqları keçiriləcək
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info