“Ailə qurmağa hazırlaşan gənclər psixoloji müayinədən də keçməlidirlər”
Tarix: 26.12.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər
“Evlilik öncəsi psixoloji konsultasiyalar bir binanın inşaatına başlamamışdan öncə aparılan texniki analizə bənzəyir”


Müsahibimiz psixoloq Fidan Azərqızıdır.

-Artıq 2017-ci ili başa vururuq. Bu il cəmiyyətimizi narahat edən məsələlərdən biri də o oldu ki, dağılan ailələrin əksəriyyətində xarakterlərin uyğunsuzluğu səbəb gətirilirdi. Necə düşünürsünüz, nikahdan öncə cütlüklərin psixoloji durumu yoxlanılmalıdırmı, uyğunsuzluqlarla bağlı ilkin işartılar cütlüklərə hansı formalarda izah edilməlidir?
-Çox təəssüflə qeyd etməliyəm ki, mütəmadi olaraq psixoloji müşahidələr apardığım zaman statistika ilə tanış oluram və hər dəfə də pozulan nikahların sayının ciddi fərqlə artması ilə rastlaşıram. Boşanmaların sayının sürətlə artmasının bir çox səbəbləri var, o cümlədən əsas səbəblərdən biri də cütlüklər arasında psixoloji olaraq uyğunsuzluq, yaxud ailə sisteminin düzgün qurulmaması, cütlüklərin bir-birini tanımaması, ailə qurduqdan sonra yaranan frustrsiyalardır. Bunun üçün düzgün vurğuladınız ki, nikahdan öncə cütlüklərin psixoloji olaraq yoxlanması əsas şərtdir. Bəzən bunu qeyd edən zaman bir qrup insanlar tərəfindən belə bir reaksiya olur ki, bundan əvvəlki dövrlərdə bu kimi cütlüklərlə psixoloji konsultasiyalar heç yox idi, amma boşanmalar da daha az sayda, hətta dəfələrlə az idi. Boşanmaların az olması həmin dövrdə bütün ailələrin uğurlu olması anlamına gəlmir. Sadəcə, o zaman boşanmalara ictimai qınaq daha çox idi. Onun üçün də əziyyətə qatlaşmaq bahasına olsa belə, problemlərə dözürdülər, insanlar boşanmaq haqqında düşünmürdülər. Əlbəttə ki, zaman faktoru da özünü göstərir, texnika əsri, insanların sosial şəbəkələrdən daha çox istifadə etməsi ictimai qınağın azalması və sair məsələlər öz sözünü deyir.
İndi isə evlilik öncəsi psixoloji konsultasiyalar haqqında məlumat vermək istəyirəm. Evlilik öncəsi psixoloji konsultasiyalar, cütlükləri evliliyə hazırlamaq üçün psixoterapiya növüdür. Evlilik öncəsi psixoloji konsultasiyalar bir binanın inşaatına başlamamışdan öncə aparılan texniki analizə bənzəyir. Necə ki, bu zaman ən incə detallara qədər düşünülür, risk faktorları, yaranacaq problemlər və s. hər biri öncədən qeyd olunur və bu istiqamətdə işlər aparılır. Psixoloji konsultasiyanın da əsas mahiyyəti riskləri minimuma endirmək üçün birlikdə psixoloji iş aparmaqdır. Evlilik hər mərhələdə qayğıya ehtiyacı olan və əmək tələb edən kiçik bir təşkilatdır. Heç bir səy olmadan yaxud da tərəflərdən birinin apardığı mübarizə ilə uğurlu nikah mümkün deyil.
Fərqli mühitdə və sosial çevrədə böyüyən iki fərdi evlilik mövzusunda doğru məlumatlandırmaq və lazım olduqda bəzi fərdi və cüt bacarıqlarını inkişaf etdirmələrinə kömək etmək. Terapiyada tez-tez rastlaşdığım situasiyalarda qarşı tərəflər vurğulayır ki, biz neçə il müddətində bir-birimizi tanıdıq, ailə qurduqdan sonra bildirim ki, onu tanıya bilməmişəm. Bu da ondan irəli gəlir ki, sevgili və nişanlı dövründə tərəflər bir-birinə yalnız yaxşı olan tərəflərini göstərirlər, bəzən mübahisə yaranacaq heç bir məsələni müzakirə etmirlər və evlilikdə də bu məsələlər normal olaraq gündəmə gəlir və tərəflər arasında böyük narazılıqlar yaranır.
Bunun üçün cütlüklərin danışmağa çəkindikləri və yaxud da evlilikdən öncə danışmağı əhəmiyyətsiz saydığı evlilikdən gözləntiləri, ailə dəyərləri, ailə qaydaları, büdcə ilə bağlı qərarlar, real problemlər, tərəflərin nə dərəcədə duyğular ilə qərar qəbul etmələri, evliliklə bağlı gizli qorxuları, narahatçılıqları və s. bu kimi vacib mövzular haqqında danışaraq, müzakirələr apararaq ortaq bir həll yolu müəyyən olunur. Nə qədər adi və sıradan görünsə də, qeyd etdiyim məqamlar gələcəkdə ailə həyatında münasibətləri parçalayan nüanslardır. Məsələn, tərəflərdən birinin digər tərəfin ailəsi ilə münasibətləri yaxşı deyilsə, ailə qurmamışdan öncə düşünürlər ki, bu, problem yaratmayacaq, amma evləndikdən sonra tərəflərdən birinin digərinin ailəsi ilə münasibətinin yaxşı olmaması ciddi problemlər yaradır. Digər tərəfdən ailə quracağı insanın ailəsindəki qaydaları və ailəyə məxsus adətləri bilməmələri də ciddi problem yaradır.
-Artıq müsbət tendensiya formalaşıb ki, nikahdan öncə cütlüklər tibbi müayinəyə gedirlər. Necə düşünürsünüz, gələcəkdə tibbi müayinə ilə yanaşı, psixoloqa müraciət-psixoterapiya da məcburi ola bilərmi?
-Sadəcə, bir məqamı diqqətinizə çatdırım ki, bir çox Avropa ölkələrində ailə qurmağa hazırlaşan gənclər fiziki müayinələrlə yanaşı, psixoloji müayinədən də keçirlər. Əlbəttə ki, bu, çox vacib bir məsələdir. Bəzən gənclər bu haqda tərəddüdlə düşünürlər ki, biz uyğun olmasaq ayrılmalıyıq. Bizim məqsədimiz ayırmaq deyil, sadəcə, yaranacaq problemlərin qarşısını almaqdır. Çünki evliliyə hazırlanarkən çoxumuz, bu evliliyin təbii olaraq bizim arzu və ehtiyaclarımızı (romantik, ictimai, maddi və s.) qarşılayacağını sanırıq. Amma bu, əlbəttə hər zaman belə olmur. Lakin terapiya prosesində nikahdan əvvəl gözləntiləri müzakirə etmək fərdlərin bir-birlərini daha yaxşı başa düşməsinə və bir-birinə nikahda daha çox dəstək verməsinə imkan verir.
Digər tərəfdən ailə əsas zərbəni böhran dövrlərində alır. Məhz statistika göstərir ki, boşanmaların əksəri böhran dövrlərinə təsadüf edir. Cütlük bunları da öncədən biləcəksə, həmin böhranlar ilə qarşılaşanda nə baş verdiyini obyektiv olaraq dərk edəcək və düzgün addımlar atacaqlar. Evlilik öncəsi psixoloji konsultasiya peyvənd effekti verir.
- Ən pis yaş dövrü yeniyetməlik dövrüdür, deyirlər. Bu nə dərəcədə doğru yanaşmadır və yeniyetmə övladları olan valideynlərə hansı məsləhətləriniz olardı? Məsələn, bu dövrdə valideynlə övlad arasında ünsiyyətlə bağlı problemlərin olmaması üçün nələr edilməlidir?
-Çox geniş və həssas bir mövzudur. Qısa olaraq cavab verməyə çalışacağam. Yeniyetməlik dövrü insan həyatının böhran dövrü də adlandırılır. Çünki bu, uşaqlıq dövründən yetkinlik dövrünə keçiddir. Uşaqlıq dövründə olan bir insan birdən psixoloji və fizioloji olaraq dəyişiklik yaşayır və hələ ilkin yeniyetməlik dövründə nə baş verdiyini anlamır, davranışlarında ciddi dəyişikliklər ortaya çıxır. Hər addımda böyüdüklərini isbat etməyə çalışır, valideynlərinin qayda və tapşırıqlarına, həyat tərzinə əks çıxmağa başlayırlar və valideynlərlə aralarında ciddi problemlər yaşayırlar. Ünsiyyətdə problem yaranmaması üçün valideynlər də nə baş verdiyini anlamalıdırlar. Övladları ilə yetkin bir fərd kimi davranmalıdırlar.
-Bəzən Şərq xalqlarında ailələrdə ata-ananın övlada təzyiqi, basqısı daha çox olur. Bu nə dərəcədə doğru addımdır? Qərb ailələrindəki kimi sərbəstlik daha uyğundur, ya tipik Şərq ailələrindəki həyat tərzi?
-Yuxarıda qeyd etdiyim kimi, övladlarına bir fərd, bir şəxsiyyət kimi yanaşmalıdırlar, onların istəklərinə hörmət etməlidirlər. Bu o demək deyil ki, övladı tamamilə sərbəst buraxmalıdırlar. Əlbəttə ki, bu, düzgün deyil. Uzaqdan nəzarət etməlidirlər, xüsusən, yeniyetmələr dostlara və müəyyən arzuolunmaz qruplaşmalara meyilli olurlar. Onun üçün valideynlər övladlarının dostlarını, ətraflarını nəzarət altında saxlamalıdırlar. Hər hansı bir ailə dəyərlərinə yad situasiya ilə qarşılaşanda izah etməlidirlər. Bəzən valideynlər qadağalar qoyarkən, “yox və olmaz” sözü ilə kifayətlənirlər, amma səbəbini izah etmirlər. Mütləq səbəbi izah olunmalıdır. Bəzən arzuolunmaz olsa da, valideynlər şiddət göstərir, amma bu yaş dövründə şiddətlə qarşılaşan yeniyetmə bunu şəxsiyyətinə böyük təhqir kimi anlayır və ailədən, valideynlərindən qisas almağa çalışır. Bu kimi hallarda əksərən, “heç kim məni anlamır” deyib, intihara cəhd edən yeniyetmələr də var. Sonda onu qeyd edim ki, hər ailə özünə uyğun olaraq sərhədlər müəyyən etməlidir və bu sərhədin çərçivəsində övladlarının sərbəst hərəkət etməsinə şərait yaratmalı və təbii ki, nəzarət etməyi də unutmamalıdırlar.
- Sonda bütün fəsillərdə olduğu kimi, qış aylarında insanların daha çox depressiyaya düşməmələri üçün hansı məsləhətləriniz olardı?
-Mövsümi depressiyalar hər fəsil dəyişkənliyində yaşanmalıdır. Amma qışda insan beynində melatonin hormonunun artması nəticəsində fiziki və psixoloji passivlik qeyd olunur. Yay fəslində günəş şüasının çoxluğu bu hormonun artmasını əngəlləyir və insan daha çevik, cəld olur. Amma qış fəslində havaların soyuq olması insanlarda səhər yuxudan durmağa, hər hansı fiziki aktivlik gərəkdirən işlərlə məşğul olmağa mane olur. Təbii ki, bu, depressiya sayılmır. Lakin bu hal iki həftədən çox davam edərsə və yuxu pozğunluğu, iş qabiliyyətinin kəskin aşağı düşməsi, iştahanın azalması, yaxud da, əksinə, kəskin artması, həzm pozğunluqları, özünə qapanma və s. əlamətlər özünü göstərərsə, biz buna depressiya diaqnozu qoya bilərik. İlkin olaraq bu halların yaşanmaması üçün ətrafdakı işıqlandırmanın daha parlaq olmasına diqqət edə bilərlər, daha sonra idman zalına getməyə imkan olmasa, evdə yüngül gimnastik hərəkətlər etməli, rəqs, musiqi dinləməli, təmiz havada tez-tez olmalıdırlar və əlbəttə ki, sevdikləri bir işlə, yaxud da istirahətlə özlərini motivasiya etməlidirlər. Digər tərəfdən qidalanma rejiminə xüsusi diqqət yetirməlidirlər. Daha çox təbii və yüngül qidalardan, nütəmadi olaraq müxtəlif növ çaylardan istifadə etsinlər. Hansı fəsildə olmağımızdan asılı olmayaraq, üzümüzə gələn yeni ildə hər kəsə psixoloji sağlam həyat və xoşbəxt məqamları çoxluq təşkil edən günlər arzulayıram.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
“Tibbi sığorta bazarının güclənməsi üçün özəl sektorda tibbi sığorta şirkətlərinin inkişafına xüsusi ehtiyac var”
15.01.2018
Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
11.01.2018
“Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
11.01.2018
Mehtiyev Qasimi: “Nəhayət, mən də Pifaqor teoremi haqqında yeni bir fikir söyləyə bildim”
10.01.2018
“Аqrаr sаhədə fаsiləsiz iqtisаdi аrtım təmin еdiləcək”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8188

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info