Meksika XİN və Deputatlar Palatası Azərbaycanın ərazi bütövlüyünü və münaqişə ilə bağlı BMT qətnamələrini dəstəkləyir
Tarix: 26.12.2017 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Azərbaycanın beynəlxalq aləmdə yürütdüyü uğurlu siyasət özünü Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin ilbəil daha da geniş yayılmasında göstərir. Artıq Qarabağ problemi ilə bağlı müzakirə və tədbirlər baş tutanda Dağlıq Qarabağın gələcək statusu ilə bağlı məsələ deyil, beynəlxalq aləmdə daha çox işğalçılıq siyasətinin fəsadları müzakirə olunur, ilk olaraq işğal faktorunun aradan qaldırılması kimi mühüm məsələlər önə çəkilir. Bu və digər uğurlu xarici siyasətin yaratdığı üstünlüyü həzm edə bilməyən Ermənistan rəhbərliyi isə öz çirkin siyasətlərini anormal təbliğat vasitələri ilə davam etdirirlər. Buna misal olaraq Ermənistanın Meksikadakı səfiri Ara Ayvazyanın meksikalı millət vəkillərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək, onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə aparmasını göstərmək olar. Amma onların yalan və çirkli təbliğatına diplomatlarımız tərəfindən operativ cavablar da verilir.
Bununla bağlı Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumatda deyilir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”a müsahibə verib.
Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin yeganə yolunun rəsmi Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması olduğu bildirilir. Həmçinin Dağlıq Qarabağ regionunun Azərbaycana məxsus olduğu və 1992-ci ildən Ermənistanın işğalı altında olduğu qeyd edilir. Bildirilir ki, Meksikada son zamanlar diqqəti üç yerli deputatın Azərbaycan Hökumətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səfəri və bununla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin sərt reaksiyası barədə xəbərlər cəlb edib.
Qeyd olunur ki, Ermənistan tərəfi və bu ölkənin Meksikada səfiri A.Ayvazyan meksikalı millət vəkillərini münaqişəyə cəlb edib onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş ərazilərə aparıblar. Bildirilir ki, Meksika Xarici Əlaqələr Katibliyinin (XİN) həmin ərazilərə səfər etməməklə bağlı xəbərdarlıqları və bu ərazilərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğuna məhəl qoymadan həmin deputatları işğal olunmuş ərazilərə apararaq, Ermənistan hökuməti heç bir ölkə, o cümlədən rəsmi olaraq heç Ermənistan tərəfindən də tanınmamış qondarma separatçı rejimin guya Meksika tərəfindən dəstəklənməsi imicini yaratmaq məqsədini güdürdü.
Bildirilir ki, Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili məsələ ilə bağlı hökumətin etirazını bildirmək üçün Meksika XİN-i və Deputatlar Palatası ilə görüşlər keçirib və hər iki qurum Azərbaycanın ərazi bütövlüyü və münaqişə ilə bağlı BMT TŞ qətnamələrini dəstəklədiklərini vurğulayıb.
Azərbaycan nümayəndəsinin Ermənistanın Meksikada səfirinin son zamanlar daha bir presedentsiz və heç bir diplomatik etikaya uyğun olmayan oyuna əl atdığını dediyi qeyd olunur. Belə ki, səfir A.Ayvazyanın Meksika vətəndaşlarını açıq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etməsi (Ermənistan səfiri deputatların səfərini təqdir edərək Meksikanın digər vətəndaşlarını da belə addım atmağa çağırıb) onları öz ölkələri XİN-nin xəbərdarlıqlarına məhəl qoymamağa çağırmaq deməkdir. Azərbaycan diplomatı deyib: “Düşünürəm ki, Ermənistan səfiri bu oyunlara son qoymalı və insan hüquqlarından danışaraq (bəyanatlarından birində o, Meksika deputatlarının azad səfər etmək hüququnun olduğunu deyib) işğal olunmuş ərazilərdən yüz minlərlə azərbaycanlının öz evlərindən qovulması, zorakılığa məruz qalması və öldürülməsi faktlarını izah etməlidir". Həmçinin müsahibədə erməni səfirinin “Dağlıq Qarabağda yeni erməni soyqırımı təhlükəsi” barədə sözləri ilə bağlı onların uydurma, cəfəng və absurd olduğu bildirilərək Azərbaycanın multikulturalizm və tolerantlığı ilə tanınmış bir ölkə olduğu vurğulanır, burada bütün din və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliklə üzləşmədən birgə yaşadıqları deyilir. Bundan əlavə, 2017-ci ildə Azərbaycan ilə Meksika arasında diplomatik əlaqələrinin 25-ci ildönümünün qeyd olunduğu, iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanların olduğu bildirilir. Qeyd edək ki, meksikalı deputatlar Blanka Marqarita Kuata Dominges, Maria Kristina Teresa Garsia Bravo və Karlos Ernandes Miro işğal olunmuş Azərbaycan ərazisi Xankəndinə qeyri-qanuni səfər edib, separatçı rejimin “parlament sədri" Aşot Qulyanla görüşüblər.

Rusiyalı fotoqraf işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycandan üzr istəyib
Yeri gəlmişkən, qeyd edək ki, işğal olunmuş ərazilərə səfər edənlərlə bağlı Azərbaycan tərəfi də zaman-zaman sərt tədbirlər görüb və bu cür tədbirlər bu gün də davam edir. Belə siyasət də artıq öz bəhrəsini verir. Buna misal olaraq son hadisəni göstərmək olar. Belə ki, Rusiya Federasiyası vətəndaşı, fotoqraf və bloqer Vladimir Kezlinq Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğuna məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib. Məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmət etdiyini bildirib. O, Azərbaycan hökumətinin müvafiq razılığı olmadan, Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb. V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib. Rusiyalı fotoqrafın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.
Bütün bu uğurlu xarici siyasətin fonunda dalana dirənən Ermənistan rəhbərliyi və şəxsən prezident Serj Sarkisyan da işğalçı olduqlarını gizlədə bilmirlər. Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin BMT-də Gürcüstanla bağlı qətnamələrin əleyhinə səs verməsinə aydınlıq gətirib.
Gürcüstan parlamentinin sədr müavini Giya Volski bildirib ki, S.Sarkisyan onları Ermənistanın mövqeyini anlayışla qəbul etməyə çağırıb: “Serj Sarkisyan Ermənistanın mövqeyini izah edərkən ölkənin üzləşdiyi təhlükələri əsas gətirdi. Müzakirələr zamanı BMT-də Ermənistanın Abxaziya ilə bağlı qətnamələrin əleyhinə səs verməsinin səbəbləri barədə danışıldı. Səbəblərə Qafqazdakı ciddi problemlər, Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər aiddir”.
Qeyd edək ki, BMT Baş Assambleyasında Ermənistan Gürcüstanın ərazi bütövlüyü, eləcə də işğal altındakı ərazilərindən olan məcburi köçkün və qaçqınların öz yurdlarına qayıtması ilə bağlı qətnamələrin dəfələrlə əleyhinə səs verib.
Maraqlıdır ki, ölkəsinin üzləşdiyi təhlükəni əsas gətirən Ermənistan rəhbəri ölkəsinin Qafqaz üçün bir nömrəli təhlükə olduğunu unudub. Ümumiyyətlə isə Ermənistanın hazırda yalnız Qafqaz üçün deyil, ümumilikdə dünya üçün təhlükəyə çevrildiyi göz önündədir. Səbəb isə separatizmə aşkar dəstək vermələri və beynəlxalq hüququ tanımadıqları ilə bağlı siyasətləridir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”
11.10.2018
“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
10.10.2018
AFR hökuməti: “Dağlıq Qarabağ bölgəsi Azərbaycan ərazisinin bir hissəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10258

1 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info