“2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub”
Tarix: 27.12.2017 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Vüsal Qasımlı: “Qeyri-neft ixracı və strateji valyuta ehtiyatları artıb, tədiyyə balansında profisit yaranıb, manatın kursu sabitləşib”

“2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək”


“2017-ci il dərin iqtisadi islahatlar və sabitləşmə ili olub, böhran artıq arxada qalıb və ölkə iqtisadiyyatı yeni inkişaf tsiklinə qədəm qoyub”. Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı cari ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib. V.Qasımlı qeyd edib ki, bu il respublikada biznes mühitinin əlverişliyini artırmaq istiqamətində iqtisadi islahatlar davam etdirilib. 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılıb. Prezident İlham Əliyevin 2017-ci ili dərin iqtisadi islahatlar və sabitləşmə ili kimi xarakterizə etdiyini vurğulayan Vüsal Qasımlı nəzərə catdırıb ki, 2017-ci ildə bir tərəfdən antiböhran tədbirləri həyata keçirilib, digər tərəfdən isə yeni iqtisadi model quruculuğu sahəsində islahatlar davam etdirilib, infrastruktur yaxşılaşdırılıb və əhalinin sosial rifahı diqqətdə saxlanılıb. V.Qasımlı, həmçinin deyib ki, Prezidentin fərmanına uyğun olaraq, Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. İxracatçılar 2016-cı il avqustun 1-dən etibarən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar. “Tax free” sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir. Nazirlər Kabinetinin 2017-ci il 10 aprel tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilib”.
Kiçik və orta biznesin inkişafına əlverişli şərait yaradılıb
İİTKM-in icraçı direktoru vurğulayıb ki, 2017-ci ildən qüvvəyə minən “Vergi Məcəlləsi”nə dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergiödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergiödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır.
Yerli şirkətlərə 20 faizlik güzəşt
Həmçinin 2017-ci ilin yanvar ayında "Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəşt tətbiq edilib. Vüsal Qasımlı əlavə edib ki, 2017-ci ildə Prezident İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanan faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib. İpoteka və Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu, maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.
Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları qəbul olunub
Qeyd olunub ki, aqrar sahənin inkişafını sürətləndirmək üçün “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Artıq ölkədə iqtisadi strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı Strateji Yol xəritələrinin müddəaları rəhbər tutulur. Vüsal Qasımlı İnstitusional islahatlardan danışanda Azərbaycan Sənaye Korporasiyası, Qida Təhlükəsizliyi Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılmasını xüsusilə vurğulamaq lazım olduğunu bildirib. Onun qənaətinə görə, idarəetmə islahatları yeni iqtisadi modelin funksionallığını təmin etmək baxımından vacibdir : “2017-ci ildə "Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişi) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, həmçinin Astara-Rəşt dəmir yol xəttinin birləşdirilməsi istiqamətində addımlar ölkəmizə investisiya qoyuluşu və infrastrukturun yaxşılaşdırılması baxımından əhəmiyyətli rol oynadı”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru əlavə edib ki, bu il “Azexport.az” portalının və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatının rəqəmsallaşdırılması, xüsusilə, e-ticarət, e-bankinq, e-kommersiya fəaliyyətlərinin inkişafına töhfə olub. Bundan başqa ixrac subsidiyaları, investisiya təşviqi, sənaye parkları, aqroparklar, texnoparklar, sənaye məhəllələri, xaricdəki ticarət evləri, ticarət missiyaları və sərgilərdə iştirak iqtisadi aktivliyin artmasına, sərmayə qoyuluşunun çoxalmasına, yeni iş yerlərinin yaradılmasına, məhsul və xidmət istehsalının və ixracının artmasına səbəb olub. Mətbuat konfransı zamanı Vüsal Qasımlı bir sıra statistik rəqəmləri jurnalistlərin diqqətinə çatdırıb. Bildirib ki, aparılan uğurlu iqtisadi islahatlar nəticəsində 2017-ci ildə qeyri-neft sektorunda 2 faizdən çox artım gözlənilir. Xüsusilə, qeyri-neft sənayesi, kənd təsərrüfatı və turizm iqtisadi artımın drayverinə çevrilir. 2017-ci ildə qeyri-neft ixracı 1/5-dən çox artıb, tədiyyə balansında profisit yaranıb, strateji valyuta ehtiyatlarının həcmi artıb. Maliyyə Sabitliyi Şurası çərçivəsində aparılan fəaliyyətlər nəticəsində Azərbaycan manatının kursu sabitləşib. Beləliklə, 2017–ci il sabitləşmə, 2018-ci il isə iqtisadi inkişaf ili kimi tarixə düşəcək.
İcraçı direktor yekunda əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar yaxşı idarəetmənin təmin edilməsini, bazarın liberallaşdırılmasını və məhsuldarlığın artırılmasını şərtləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirir. Eyni zamanda, Dünya İqtisadi Forumunun “Qlobal rəqabətlilik hesabatında” 35-ci və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycanın 57-ci yerə yüksəlməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatların nəticəsində mümkün olub.
V.Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verərək bildirib ki, İİTKM 14 internet resursu üzərindən ölkədə aparılan iqtisadi islahatları aktiv şəkildə təbliğ edir. Saytlara 600.000-dən çox izləyici baxışı olub. Sosial şəbəkələrdə isə mərkəzin 20.000-dən artıq izləyicisi var. İİTKM 2017-ci ildə KİV-ə 226 məlumat göndərib. Bu məlumatlar həm Azərbaycan, həm rus, həm də ingilis dillərində yayımlanıb. İİTKM –in göndərdiyi məlumatlar əsasında 2346 xəbər dərc olunub. TV-lərdə İİTKM –in hazırladığı məlumatlar əsasında 368 xəbər (yaxud müsahibə) yayımlanıb. Bu xəbərlər daha çox ölkədə aparılan iqtisadi islahatlar, konfrans və müzakirələr, təlimlər, Azexport portalı, Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmə hesabatları, "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliləməsi, Rəqəmsal Ticarət Qovşağı, “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzi, Doing Business 2018” hesabatına dair məlumatları əhatə edib. Yekunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və mətbuat konfransında iştirak edən departament rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Bakıda Əfqanıstan hökuməti ilə “Taliban“ arasında sülh danışıqları keçiriləcək
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info