2017-ci il Azərbaycan idmanında uğurlu il kimi yadda qaldı
Tarix: 29.12.2017 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Şahmatçılarımız göstərdilər ki, idmançılarımız nəinki döyüş, komanda, eləcə də intellektual idman növlərində də ən yüksək pilləyə qalxırlar

Uzun illərdir ki, Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafı ilə bağlı məqsədyönlü siyasət aparılır. Artıq neçə illərdir ki, ölkəmizdə irimiqyaslı beynəlxalq yarışlar da keçirilir. Yola saldığımız il isə Azərbaycanın idman həyatında bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirdilər və sübut etdilər ki, 2017-ci il də ölkəmizdə idmanın inkişafı öz axarı ilə getdi. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərdilər, əvvəlki illərdə olduğu kimi, bu il də medalların sayı kifayət qədər çox oldu. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 850-dən çox medal qazandılar ki, onlardan 347-si qızıl medal oldu. Keçən illə müqayisədə bu il medalların sayı daha çox oldu. Təkcə bu amil onu göstərdi ki, idmanın inkişafı dinamik xarakter daşıyır. Ümumiyyətlə, 2017-ci ildə bir çox idman qələbələrimiz oldu ki, bunlardan bir neçəsini xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, yola saldığımız ildə şahmatçılarımız daha bir tarixi nailiyyət əldə etdilər. Şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olmaqla dünyada Azərbaycan şahmatının hansı səviyyədə olduğunu bir daha göstərdilər. Belə bir uğurlu nəticə onu göstərir ki, idmançılarımız nəinki döyüş, komanda, eləcə də intellektual idman növlərində də ən yüksək pilləyə qalxırlar. Avropada zəka sahiblərini qabaqlayaraq şahmat üzrə birinci yeri tutmaq, doğrudan da, böyük nailiyyət və böyük qələbə kimi dəyərləndirilməlidir.
Bundan başqa, 2017-ci ildə iki idmançı - boksçu Məmmədrəsul Məcidov və güləşçi Hacı Əliyev hər iki idman növü üzrə üçqat dünya çempionu olmaqla adlarını idman tarixinə qızıl hərflərlə yazdırmağı bacardılar. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq nəinki böyük uğurdur, bu, həm də ölkədə olimpiya idman növləri üzrə görülən işlərin müsbət nəticəsi kimi də dəyərləndirilməlidir.
Digər fərəhləndirici hadisə isə Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyevin 2017-ci ildə bütün dünyada şok effekti yaradan nailiyyəti oldu. O, bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olmaqla tarixi uğura imza atdı.
Komanda idman növlərində idmançılarımız uğurlu nəticələr göstəriblər
Yola saldığımız ili komanda idman növləri üzrə də idmançılarımız üçün uğurlu il saymaq olar. Belə ki, Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirildi ki, burada da voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Avropada voleybol kimi çox məşhur idman növündə dördüncü olmaq böyük nailiyyətdir. Futbol ölkəmizdə sevildiyinə görə futbolçularımız üçün bu idman növünün məsuliyyəti daim ikiqat olub. 2017-ci ildə “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının final mərhələsində iştirak etdi ki, bu amili də Azərbaycan futbolunun böyük qələbəsi kimi qiymətləndirmək olar. Bu komandanın 2017-ci ildə ölkəmizi, xalqımızı, ən əsası da Qarabağı bu oyunlarda ləyaqətlə təmsil etdiyini demək olar.
İlin sonunda Azərbaycan idmanı üçün önəmli hadisələrdən biri də Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi oldu. Bu da tarixi nəticədir. Çünki bu günə qədər heç vaxt Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik etməmişdi. Bu da son illər ərzində Azərbaycanda gimnastika idman növünün, ümumiyyətlə, idmanın inkişafının təzahürü kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycanda keçirilmiş bir çox beynəlxalq yarışlar artıq ölkəmizi bütün dünya idman ictimaiyyətinə çox dinamik inkişaf edən, müasir, güclü dövlət kimi təqdim etdi və bunun nəticəsidir ki, azərbaycanlı nümayəndələr indi Avropanın idman ailəsində də yüksək vəzifələr tuturlar.

İslam Həmrəyliyi Oyunları Azərbaycanın dünya miqyasında böyük idman dövləti olduğunu göstərdi
2017-ci il üçün ən böyük və yaddaqalan idman qələbəmiz Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının qələbələri oldu. Azərbaycan bütün müsəlman ölkələrinin aparıcı idmançılarını qəbul etdi. Oyunlar bir daha göstərdi ki, Azərbaycan dünya miqyasında böyük idman dövlətidir. Azərbaycan komandasının 2015-ci ildə Avropa Oyunlarında ikinci, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görülməsi ilbəil idman nailiyyətlərimizin daha da artacağından xəbər verir.
Digər bir neçə idman uğurlarımız da olub ki, idmançılarımız dünyanın dörd bir yanında keçirilən müxtəlif səviyyəli turnir və yarışlarda xeyli sayda medallar qazandılar. Yəni yola saldığımız ildə qələbələrin sayı çox oldu. 851 medalın qazanılması böyük uğur kimi qiymətləndirilməlidir. Həm döyüş, həm komanda, həm də intellektual idman növlərində idmançılarımızın çempion olmaları, medallar qazanmaları idman siyasətinin düzgün qurulmasından xəbər verir.
Sirr deyil ki, mötəbər beynəlxalq yarışlar hansı ölkədə keçirilirsə, həmin ölkə bütün dünyanın diqqət mərkəzində olur. Dünyanın diqqəti bu il Bakıda daha bir idman hadisəsinə görə yönəlmişdi ki, bu da 2017-ci ildə ikinci dəfə olaraq ölkəmizdə “Formula-1” yarışının keçirilməsi idi. Ümumi rəyə görə 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq Bakıdakı yarış şəhər yarışıdır və bu, eyni zamanda bütün dünyaya – yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Yəni “Formula-1”-i ölkəmizin təbliğatı üçün nadir bir yarış kimi də saymaq olar. Beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izlədi, Azərbaycanın necə bir inkişaf etmiş qüdrətli ölkə olduğunu gördü.
İdmançıların uğurlarını daha da artırmaları üçün dövlət də idman infrastrukturunu daim yeniləyir, əlverişli şərait yaradır və idmana dövlət dəstəyini göstərir. Bölgələrdə Olimpiya İdman mərkəzlərinin tikintisi davam etdirilir və bu il Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Mərkəzi yaradıldı. Gələn il isə dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Bu günə qədər isə bölgələrdə 43 Olimpiya İdman mərkəzi yaradılıb ki, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar yaradır.
Qısası, yola saldığımız ildə də idmanla məşğul olan bütün qurumlar – Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vurdular, Azərbaycanda idmanın inkişaf etdirilməsi, Azərbaycanın dünyada güclü idman dövləti kimi tanıtdırılması və idmanın kütləviliyinin təmin olunması üçün təqdirəlayiq işlər görüldü.
Azərbaycan xalqı və dövləti 2017-ci ildə bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda idman yüksək səviyyədədir və idman cəmiyyətimizin ayrılmaz hissəsidir, idmançılarımızın mütləq əksəriyyəti, xüsusilə tanınmış idmançılarımız isə məişətdə də gənclər üçün nümunədirlər. İdmançılarımızın qələbələri və dövlət tərəfindən onların mükafatlandırılması isə uşaq, yeniyetmə, gənc idmançılarda ruh yüksəkliyi yaradır. Ona görə bu gün idmana, sadəcə olaraq bir sahə kimi baxmaq mümkün deyil.
Qısası, yola saldığımız ildə qazanılan uğurlar idmanın inkişaf etdiyini və idmanın bundan sonra da diqqət mərkəzində olacağını göstərdi. Bu il eyni zamanda Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd edildi ki, MOK-un fəaliyyəti də dövlətin idmançılara hansı səviyyədə qayğı göstərməsinin sübutu kimi dəyərləndirilməlidir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info