2017-ci ildə ölkəmizə gələn turistlərin sayında ciddi artım olub
Tarix: 29.12.2017 | Saat: 19:20:00 | E-mail | Çapa göndər



Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, müasir infrastruktur, tarixi abidələr, dadlı mətbəx turistləri cəlb edir

Turizm sənayesi iqtisadiyyatın sürətlə inkişaf edən əsas sahələrindən biri kimi ildən-ilə daha da genişlənməkdədir. Bu sektor ölkəyə böyük maliyyə axını təmin etməklə yanaşı, xalqların öz mədəniyyətini, tarixini, milli dəyərlərinin təbliği baxımından da vacib əhəmiyyət kəsb edir. Ölkəmizdə də son illərdə turizm sektorunun inkişafı istiqamətində bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi bu sektorun davamlı inkişafına səbəb olub.

2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilib

Turizmin inkişafının reallıq olduğunu deyən ölkə başçısı çıxışında bildirib ki, son bir-iki il ərzində bu sahədə sürətli inkişaf müşahidə edilir: “Yerlərdəki turizm mərkəzlərində, xüsusilə yay aylarında və əsas turizm mövsümündə otellərdə yer olmur. Ona görə yeni otellərin tikintisi mütləq təmin edilməlidir. Azərbaycanı beynəlxalq turizm üçün çox cəlbedici ölkəyə çevirir. Xüsusilə vizalarla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə Azərbaycanda zəngin mədəni irs var. Tarixi abidələrimiz, qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib - otellər, istirahət zonaları. 2004-cü ildən bu günə qədər 300-dən çox mehmanxana tikilib. Azərbaycanda və Bakı şəhərində dünyanın aparıcı otellər şəbəkəsinin mehmanxanaları var. Bizim gözəl mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və eyni zamanda, qonaqpərvər insanlarımız, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bunlar turistləri cəlb edir. Bütün bu amillər var və viza sadələşdirilməsi də həll olunub, sadəcə olaraq biz işləri indi düzgün təşkil etməliyik və ölkəmizdə güclü turizm sənayesi yaradılmalıdır. Əlbəttə, eyni zamanda bu sahədə böyük uğurları olan ölkələrin təcrübəsindən istifadə etməliyik”.
Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları təsdiq olunub, mühüm layihələr gerçəkləşdirilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı və “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Ötən il Prezident İlham Əliyevin daha bir fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu.
Ötən müddət ərzində Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər həyata keçirilib. Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək.

Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilərlər

Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq.
Həmçinin Strateji Yol Xəritəsində paytaxt Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir.
Milli Turizm Təbliğat Bürosunun qarşısında qoyulan vəzifələrdən biri də Bakı şəhərinə daha çox turistin cəlb olunması üçün onlayn məlumat platformasının yaradılması idi. Büronun “azerbaijan.travel” və “salambaku.travel” saytları istifadəyə verilməsi də bu məqsədə xidmət edir.
Azərbaycan dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilərlər. “Şahdağ” Turizm Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. İndi paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend otelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.
Xarici turistlərin Azərbaycana rahat şəkildə səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə sadələşdirilmiş viza əldə etməklə səfər edə bilirlər. 2012-ci ildə elektron viza sisteminin yaradılması, bu ilin yanvarından isə “ASAN viza” sisteminin tətbiqi ölkəmizə gəlmək istəyənlər üçün viza alınmasını 3 gün ərzində mümkün edib.
Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb.

Festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib

Bu il ilk dəfə olaraq paytaxtımızda Bakı Şopinq Festivalı təşkil olunub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu idi. Şopinq festivalının təşkilinə cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu işə öz töhfələrini verə bildilər. Qısa müddətdə təşkil olunmasına baxmayaraq, festival uğurlu nəticələrlə yekunlaşdı. Bir ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər. Festival çərçivəsində alınan mallar üçün ƏDV-nin qaytarılması (“Tax -free”) imkanı ilə yanaşı, endirimlər də alıcılar üçün cəlbedici idi.
Bakı Şopinq Festivalının marketinqi, mediada işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görüldü. Ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyaları vasitəsilə festival haqqında məlumatlar yayılıb. Sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib.
Şəhərimizi dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək ikinci Bakı Şopinq Festivalı keçirildi. İkinci festival müxtəlif yeniliklərlə də yadda qaldı. “Şopomaniya”, “Uğur çarxı” oyunları, “Festival sürprizləri” ani lotereyası və digər həvəsləndirici tədbirlər təşkil edildi.
Statistik rəqəmlər də göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib. Əgər birinci Bakı Şopinq Festivalında 172 şirkət əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına qoşulmuşdusa, ikinci festivalda onların sayı 493 oldu. İlk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33, ikinci festivalda 150 idi. Bu da sahibkarlar tərəfindən festivala olan marağın getdikcə artdığını bir daha təsdiq edir. Birinci festivalın ümumi dövriyyəsi 18 milyon manatdan, ikinci festivalın ümumi dövriyyəsi 33 milyon manatdan çox oldu.
Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizmə əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaratdı. Bundan sonra hər il Bakı Şopinq Festivalının ildə iki dəfə - yaz və payız aylarında təşkili nəzərdə tutulur.
Şopinq festivalı təkcə sərfəli ticarət deyil, həmçinin ölkənin mədəni irsinin, incəsənətinin alış-veriş həvəskarlarına, yerli və xarici turistlərə tanıtımı üçün əlavə imkanlar yaratdı. Bu baxımdan, hər iki festival müxtəlif mədəni-əyləncəli layihələr, o cümlədən Milli Turizm Təbliğatı Bürosunun iştirakı ilə gerçəkləşən tədbirlərlə yadda qaldı. Bakı dünyanın ən möhtəşəm şopinq festivallarının keçirildiyi şəhərlərin siyahısına daxil ola bildi.
“Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapan məqamlardan biri də Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlanacağı ilə bağlıdır. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Cari ildə yaddaqalan hadisələrdən biri kimi Şamaxı Safari Parkı artıq hazırdır.
Beləliklə, son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olub. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz ortaillik sabit artım müşahidə edilib. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.07.2018
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
17.07.2018
UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb
17.07.2018
Naxçıvanda test imtahanı keçirilib
16.07.2018
Ağcabədidə məhsul istehsalının həcmi 1,5 dəfə artıb
16.07.2018
Cəbrayıl haqqında film ingilis dilində

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9645

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info