Vidadi Salahov: “Aprel qələbəsi bizi qanadlandırdı”
Tarix: 04.01.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər
"Mənim əsas mövzum Qarabağ haqqındadır"

Qarabağ mövzusunda Qazaxıstanda elmi konfranslarda, simpoziumlarda və digər tədbirlərdə əsas çıxış edənlərdən biri də uzun illərdir bu ölkədə yaşayan soydaşımız Vidadi Salahovdur. Ötən il Astanada olarkən Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahovla da görüşüm oldu. Dekabrın 31-də Vidadi müəllimin 60 yaşı tamam oldu. Ona yubiley hədiyyəsi olaraq bu müsahibəni təqdim edirəm. Xatırladım ki, Vidadi Salahov 1957-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulub.1978-1983-cü illərdə Voronej Dövlət Universitetinin tələbəsi olub. 1983-1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix müəllimi kimi çalışıb. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987-1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib.1994-1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun “Priziv” qəzetində müxbir vəzifəsində işləyib.1997-2004-cü illərdə “Akmola” Astana şəhərində fəaliyyət göstərən “Azamat”, “Times” qəzetlərinin müxbiri olub. 2004-cü ildə “Turan-exspress” qəzetinin baş redaktoru vəzifəsində çalışmağa başlayıb. Təxminən 10 il bu qəzeti çap etdirib. Qazaxıstan Prezidentinin 2 minnətdarlıq məktubu, “Qızıl qartal” ordeni, saysız diplom və fəxri fərmanlar, 2011-ci il iyulun 4-də isə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Tarix elmləri doktoru, professor Vidadi Salahov 2016-cı ildə Qazaxıstan Prezidenti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki dərəcəsinə layiq görülüb.

- Vidadi müəllim, sonuncu dəfə Qarabağda olduğunuz günləri necə xatırlayırsız?
-1992-ci ilin noyabr ayında həyat yoldaşımla Kəlbəcərə getdik. 1993-cü ilin mart ayının sonunda Kəlbəcər işğal olunanda Murovdan keçib gəldik. Sonra mən hərbi həkim kimi Şıxarxda fəaliyyət göstərdim. 1994-cü ildə atəşkəsdən sonra Qazaxıstana qayıtdım.
-Qarabağda nəyiniz qaldı?
- Qarabağda hər şeyimiz qaldı. Var-dövlətimizdən tutmuş təbii sərvətlərimizə qədər hamısı orada qaldı. Ən ağır da odur ki, mənəviyyatımıza böyük zərbə dəyib. Ona görə qarabağlıların hamısının qəlbi yaralıdır, şikəstdir. Heç müharibədə olmayanı da, güllə dəyməyəni də, hamısı mənəvi olaraq əlildir.
- Qazaxıstanda yeni diaspor nəsli yetişdirirsizmi?
-Biz onu yetişdirə bilmərik. Ona görə ki, hər gəncin valideyni var. Diaspor birbaşa kiminsə uşağı ilə gedib işləyə bilməz. Bizdə “Həftəsonu məktəbi” var. Biz həmin məktəbə azərbaycanlı uşaqları cəlb edə bilmirik ki, gəlib öz dillərini öyrənsinlər. Başqa vasitələrimiz də yoxdur. Məsələn, mən "Turan-exspress” qəzetini pulsuz paylayırdım. Hər evə qəzet paylatdırırdım. Hətta Azərbaycan, Rusiya və Özbəkistana da göndərirdim. Bunun hamısını öz xərcimlə edirdim. Bu, mənim azərbaycanlı olaraq milli borcum idi.
-Qazaxıstanda Qarabağ həqiqətlərinin yayılması istiqamətində hansı işlər görürsüz?
-Mən hər zaman Vətəni sevmişəm, sevəcəm də. Mənim damarımdan qisas qanım axır. Mənim də silahım qələm, qəzet, jurnallar idi. Qazaxıstanda respublika jurnallarının ən azı 20-də mənim Qarabağ haqqında məqalələrim çap olunub.
Burada bütün iclaslarda, seminarlarda, universitetlərdə, konfranslarda mənim tez-tez çıxışlarım olur. Mənim əsas mövzum Qarabağ haqqındadır. Hansı mövzudan başlasam da, Qarabağ həqiqətlərini mən ortada geniş şəkildə verməsəm, çıxışmışı bitirmərəm. Bununla da mən borcumu müəyyən dərəcədə yerinə yetirmiş hesab edirəm. Düzdür, səhhətim imkan vermir deyə, əvvəlki kimi fəal ola bilmirəm.
Əsas məsələ diqqətdən ibarətdir. Xaricdə yaşayan azərbaycanlılar Azərbaycandan yalnız diqqət istəyir. Bilirsiz, Qazaxıstan Mərkəzi Asiyada sahəsinə görə ən böyük dövlətdir. 2 717 300 kv km ərazisi var. Burada xarici ölkələrin çox nümayəndəsi var. Burada tez-tez forumlar keçirilir. Onların da çoxunda, dediyim kimi, mənim çıxışlarım olur.
-Diaspor siyasətində yeni zamana uyğun hansı taktikalardan istifadə etmək lazımdır?
- Diaspor təşkilatları yaşadıqları ölkələrin qayda-qanunları çərçivəsində yaşamalıdırlar.
-Nəyə görə azərbaycanlılar Qazaxıstanda rəsmi vəzifələrdə lazımi qədər təmsil olunmurlar?
-Ona görə ki, soydaşlarımız arasında dövlət işinə gedən çox azdır. Hamısı istəyir ki, bizneslə məşğul olsun. Astanada mən 40-a yaxın gənc tanıyıram ki, universitetlərin Hüquq, Beynəlxalq münasibətlər fakültələrini bitiriblər. Amma o 40 nəfərdən bir nəfəri də aidiyyəti rəsmi vəzifədə çalışmır. Ümumiyyətlə, vəzifə ardınca getmək buradakı həmvətənlərimizdə çox sönükdür. Mən 30 gənci burada iqtidarın Nur Otan partiyasına üzv etdim. Başqa millətlərin gənclərinə baxırsan koridorlarda ora-bura kağız aparırlar. Bu gün kağız daşıyan, sabah kabinetlərin birində əyləşir. Bizim gənclər isə çox təkəbbürlüdürlər, onların bu kimi işlərə marağı yoxdur.
-Azərbaycanın tərəqqisi kənardan necə görünür?
- Prezident İlham Əliyevin fəaliyyətinə uzaqdan-uzağa olsa da, sevgi ilə yanaşırıq. Çünki, doğrudan da, Azərbaycanın iqtisadi, hərbi nailiyyətlərini görəndə sevinirik. 2016-cı ilin Aprel qələbəsi bizi qanadlandırdı. Azərbaycan dövləti nəyə qadir olduğunu göstərdi. Tək ermənilərə deyil, dünyaya göstərdi ki, mən bu dövlətəm, bu da mənim gücüm. Təsəvvür edin ki, burada yüzlərlə soydaşımızla könüllü olaraq döyüşə getməyə hazırlaşırdıq. Hətta mən 60 yaşım tamam olmasına baxmayaraq, getməyə hazır idim. Heç olmasa, güllə daşıya və ya bir yaralını döyüş meydanından çıxara bilərdim. Bunun hamısı Vətənə lazımdır. Yəni millətdə bir ruh yüksəkliyi yarandı.
Bu gün damarından azərbaycanlı qanı axan hər bir azərbaycanlı heç kimdən küsməməli, heç kəsə minnət qoymamalıdır. Hamı "Vətən" deyib birləşməlidir, Vətəni dəstəkləməlidir. Azərbaycan Prezidentinin bugünkü səylərini görəndə gələcəyə ümidlə baxırsan.
-Biz sizi həm də qələm adamı kimi tanıyırıq. Bir qədər də yaradıcılığınız haqqında danışmağınızı istərdik.
- Mənim bu vaxta kimi üç kitabım (hər biri üç dildə) çap olunub. Hazırda Qarabağ müharibəsi ilə bağlı xatirələrimi yazıram. Əsasən, monoqrafik əsərlərim var. Qazaxıstan Prezidenti yanında Dövlət Tarixi İnstitutu var. Orada nəşr olunan kitablara resenziya yazıram. Ümumiyyətlə, oranın direktoru Qafqaz haqqında nə isə yazılanda qaralamasını mənimlə müzakirə edir. Xüsusən, hökmən Qarabağ haqqında o kitablarda məlumat verilir. Bu, Azərbaycan tarixi haqqında arxiv sənədidir. Bu, gələcək nəsil üçün bir mənbədir. Biz, bəzən hər hansı tarixi məsələni qaldırmaq üçün mənbə axtarırıq. Məsələn, mənim Vatikanın arxivində işləmək hüququm var. Mən Roma şəhərinin fəxri alimiyəm. Vatikanda 16 arxiv var. Onun 6-sı müsəlmanlar üçün bağlıdır. İslam dünyasına aid olan ən sirli materiallar da oradadır.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
16.02.2018
“Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
15.02.2018
“Erməni ekstremistləri zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirirlər”
14.02.2018
“Ermənistan tarixi hadisələrin yalançı versiyalarından istifadə edir”
13.02.2018
“Ermənilər bütün dünyada saxta təbliğat işi aparırlar”
12.02.2018
“Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8422

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info