Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını asanlaşdıran yol
Tarix: 05.01.2018 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Cavadxan QASIMOV |


İqtisad üzrə fəlsəfə doktoru, dosent



Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Avropa və Asiyanın əksər dövlətlərinə iqtisadi fayda verəcək

Müstəqil dövlət olaraq öz iqtisadi potensialının artırılmasında və sosial məqsədlərinin gerçəkləşdirilməsində böyük Heydər Əliyevin müəyyən etdiyi davamlı inkişaf yolu ilə qətiyyətlə addımlayan Azərbaycan Respublikası beynəlxalq layihələrin həyata keçirilməsində tarixi nailiyyətlərini qazanmağa davam edir. “Əsrin Müqaviləsi”ndən başlanan həmin proseslər bu gün də geniş vüsət almaqla, ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin ən gerçək təsdiqinə çevrilməkdə, onu daha da möhkəmləndirməkdədir.
Azərbaycan Respublikası təbii sərvətlərimizin qiymətləndirilməsində, neftin dünya bazarına çıxarılmasında, inkişaf etmiş və böyük təsirə malik ölkələrlə tərəfdaşlıq təşəbbüslərinin inkişafında, ölkələrin bir-birilə səmimiyyət münasibətlərinin daha da möhkəmlənməsində səmərəli ideyaların müəllifi funksiyalarını layiqincə yerinə yetirdi. Bununla yanaşı, Azərbaycan Respublikası bu sahədə neft və qaz sahələri üzrə yüksək perspektivlərə malik strateji marşrutların işləkliyini təmin etməklə, mövcud əməkdaşlıq potensialını daha da artırmaqdadır. Bütün bunlar isə təbii ki, ölkəmizin dəyişən və yeniləşən dünyanın, müasir inkişaf səviyyəsinin tələblərinə dolğun uyğunlaşmasında çox mühüm amildir.
Məlum olduğu kimi, 2017-ci ilin 30 oktyabr tarixində ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yeni uğurların əsasları qoyulmuş oldu. Azərbaycan, Gürcüstan və Türkiyənin etibarlı əməkdaşlıqlarının nəticəsi olaraq Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı mərasimi keçirildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən bu yüksək əhəmiyyətli tədbir hər üç ölkənin sosial-iqtisadi və milli maraqlarını həm ifadə edəcək, həm də qoruyacaq güclü təsirə malikdir. Bununla yanaşı, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan respublikalarından qatılan nümayəndə heyətləri tədbirin dünya miqyaslı mahiyyətini daha da yüksəltməkdədir.
Təxminən 850 km-lik uzunluğa malik olan bu dəmir yolunun 504 km-i Azərbaycan, 263 km-i Gürcüstan və 79 km-i isə Türkiyə ərazisindən keçir. Bu hadisə Azərbaycan dövlətinin məqsədlərini, milli maraqlarını, iqtisadi siyasətinin səmərəliliyini daha da gerçək edən və gücləndirən tarixi nailiyyətdir. Eyni zamanda bu, ölkə başçısı cənab İlham Əliyevin dünya miqyaslı nüfuzunun, qəbul edilən mövqeyinin ən bariz təsdiqi olmaqla, Beynəlxalq İqtisadi Münasibətlərin qarşıdakı dövrlər üzrə inkişafında yeni səhifələrin açılmasına şərait yaradacaq. Nəinki, ölkələr, hətta qitələrarası məsafələrin yaxınlaşmasında, zaman itkisinin aradan qaldırılmasında, məkan və maraq ortaqlığının təmin edilməsində çox ciddi mahiyyətə malik olacaqdır. Asiya ilə Avropa arasında körpü olacaq bu dəmir yolu dünyada tarixi İpək Yolunun etibarlı təsdiqidir. Bu yol Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, eyni zamanda Əfqanıstanın dünya bazarlarına çıxış imkanlarını olduqca asanlaşdıracaq və tezləşdirəcək. Yüksək perspektivliliyi ilə müxtəlif illər üzrə 3 milyon tondan 17 milyon tona qədər yükün daşınmasını həyata keçirəcək dəmir yolu, ölkəmiz üçün dünya miqyaslı yeni iqtisadi hədəflərin olduq qədər yaxında olduğunu ifadə etməkdədir. Sözügedən nailiyyət bir daha göstərdi ki, Azərbaycan Respublikası ölkə başçısının təcrübəli rəhbərliyi ilə:
- öz iqtisadi maraqlarını qorumaqla, milli iqtisadiyyatını inkişaf etdirir;
- ölkələrarası etibarlı dostluq və əməkdaşlığın təşəbbüskarı kimi fəaliyyət göstərir;
- regionda və dünyada sülhün, xoşməramın və humanizmin bəyanedicisi və təkanverci qüvvəsi kimi qəbul edilir;
- nəinki regional, hətta dünya əhəmiyyətli layihələrin gerçəkləşdirilməsindəki mövqeyini gücləndirir;
- qeyri-neft sektorunun, eləcə də milli iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin inkişafı istiqamətində müəyyən etdiyi prioritetlərinə inamla addımlamaqdadır və s.
Bəhs edilən dəmir yolu eyni zamanda, iqtisadi, sosial, regional və milli səviyyələrdəki təhlükəsizlik imkanlarında hərəkətverici mahiyyət kəsb etməklə:
- Azərbaycan Respublikasının müstəqil dövlətçilik proseslərinə güclü təkan verəcək. Eyni marşurut üzrə sınanmış və etibar qazanan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsi və iqtisadi səmərəliliyi ilə özünü təsdiq etməsi adı çəkilən ölkələrin iqtisadi inkişafına əhəmiyyətli güc qatdı. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolu da sadiq tərəfdaşlığı möhkəmləndirməklə, bu sahədə yeni təşəbbüslər üçün zəmin yaradacaq;
- bu, həm də Azərbaycanın regional siyasətinin səmərəliliyi üçün, xüsusən də bölgələrdə yaşayan əhalinin adı çəkilən ölkələr üzrə alternativ nəqliyyat vasitələrindən istifadə məsələlərində və seçim imkanlarında olduqca əhəmiyyətli olacaq. Xüsusən, tarixi düşmənlərimiz ermənilərin uzun illərdən bəri Naxçıvan Muxtar Respublikasını saxladığı blokada vəziyyətinin neqativ təsirlərinin ən minimuma endirilməsində mühüm addıma çevriləcək;
- ölkələrarası iqtisadi ticarət əlaqələrinin qarşıdakı uzun illər üzrə davamlılığına və məhsuldarlığına təminat verəcək. Beynəlxalq əmtəə dövriyyəsinin, reallaşdırılmasının və mübadiləsinin sürətləndirilməsində, yük daşımaların asanlaşdırılmasında mühüm mərhələni təmin edərək meqaiqtisadi tarazlığın təşəkkülünə şərait yaradacaq. Bu təşəbbüslə Azərbaycan həm də dünya miqyasında bazar münasibətlərinin inkişafı üzrə hərəkətverici qüvvə olacaq;
- yerli məhsul istehsalını daha da stimullaşdıracaq. Xüsusən, bu, idxalın məhdudlaşdırılması və ixracyönlü məhsul istehsalında özünü göstərəcək. Bu istiqamətdə həlledici mərhələni başlatmaqla, hədəf və prioritetlərə doğru inamlı irəliləyişi təmin edəcək. Nəticədə isə iqtisadiyyatın sahə strukturunda əməktutumlu sahələrin əhatəsinin genişləndirilməsinə, ixtisaslaşmanın təşəkkülünə, bu tipli yeni istiqamətlərin yaradılmasına zəmin açılacaq. Ölkə başçısı tərəfindən 12 istiqamət üzrə təsdiq edilən Yol Xəritələrinin icra mexanizminin daha da faydalılığına təminat verəcək;
- ölkənin sosial siyasətindəki məqsədyönlülüyün gücləndirilməsində, büdcə gəlirlərinin çoxaldılmasında, məşğulluq səviyyəsinin yüksəldilməsində, ictimai istehsalın həcminin artırılmasında, bir sözlə, makroiqtisadi məqsəd və vəzifələrin səmərəli həllində böyük təsirə malik olacaq və s.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı bundan əvvəlki layihələrin gerçəkləşdirilməsindən əldə edilən səmərəliliyin qorunmasında Azərbaycanın qətiyyətli mövqeyinin isbatı olub, onun bu və bundan sonrakı layihələrdəki iştirakını zəruri etməkdədir. Bu, bir daha regionda, MDB məkanında, Cənubi Qafqazda və dünyada Azərbaycan dövlətinin tutduğu yolun düzgünlüyünə inamı göstərməklə, həm də dünya iqtisadi proseslərində ölkəmizin varlığına böyük ehtiyacı sübut edir. Bu, həm də böyük Heydər Əliyev ideyaları ilə Azərbaycandan başlanan humanizm dəyərlərinin dünyada hörmətlə qarşılandığının isbatıdır. Azərbaycan Respublikası bir daha sübut etdi ki, yaradıcı təşəbbüslərilə dünyadakı ictimai-siyasi və sosial-iqtisadi proseslərə təsir edə bilir, ona yön verməyi bacarır və nəticə etibarı ilə hətta meqaiqtisadi proseslərin inkişaf istiqamətli təminatı yalnız Azərbaycanın iştirakı ilə mümkündür.
Ölkəmiz həm də müharibə şəraitində yaşayır. Torpaqlarının 20 faizi Ermənistanın təcavüzkarlıq siyasətinin nəticəsində işğal altındadır. Bununla yanaşı, ölkəmiz ərazi bütövlüyünün təmin edilməsi sahəsində qətiyyətli siyasət yeritməkdədir. Elə bu siyasətin nəticəsi olaraq işğalçı ölkənin bu strateji layihədən də kənarda qalmağa məcbur olması yenə də Azərbaycan Respublikasının informasiya, hərbi, iqtisadi, diplomatik, eləcə də siyasi təbliğatının və üstünlüyünün daimi sübutudur. Elə bunu işğalçı ölkənin prezidentinin bu günlərdə Gürcüstana etdiyi səfər də sübut etməkdədir. Dünya ölkələrindən layihədə iştirak üçün kömək dilənən Serj Sarkisyan əslində bütün sahələrdəki məğlubiyyətlərini etiraf etməkdədir.
Ümummilli liderimiz böyük Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı məhz bu günlərin böyük uğurlarını ifadə edir. Onun qurduğu, yaratdığı müasir müstəqil Azərbaycan dövləti çoxsahəli və çoxşaxəli iqtisadiyyatını daha da inkişaf etdirərək milli iqtisadi inkişafın gündəlik təminatına imza atmaqdadır. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun, beynəlxalq oyun və sərgilərin, qitələrarası körpünün, eləcə də ölkələrin dostluğunun və vəhdətinin mərkəzinə çevrilmişdir.
Bu tədbir bir əfsanə idi. Dünyanın müharibələr alovunda yandığı, terror təhlükələrindən ibarət təhdidlərə məruz qaldığı, sosial sıxıntılardan və iqtisadi böhranlardan əziyyət çəkdiyi bir vaxtda sülhün, əminəmanlığın, humanistliyin ən dəqiq təsdiqi olaraq gerçəkləşdirilən bu layihə sadalanan neqativ hallardan xilas olmaq istqamətində elə dünyaya bir mesajdır.
Beləliklə, Azərbaycan Respublikası yeni tarixi nailiyyətə imza atdı. Təbii ki, əsas məqsəd ölkəmizin makroiqtisadi inkişafını daha da gücləndirməkdir və dövlətimiz bu sahədə misilsiz tədbirlər həyata keçirməkdədir. Nəzərə alsaq ki, bu layihənin fəaliyyət göstərməsi ilə ölkəmizlə yanaşı adları çəkilən ölklər də qazanclı çıxacaq, onda tərəddüd etmədən deyə bilərik ki, böyük Heydər Əliyev ideyaları və cənab İlham Əliyevin təşəbbüsləri bütünlükdə dünya ölkələri üçün dövlət siyasəti olaraq qəbul edilməkdədir. Allah qatarların yolunu açıq etsin, xeyirli-uğurlu olsun.




 
Müəllifin son yazıları

25.07.2017 Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
25.01.2016 Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
09.07.2015 Son ildə Naxçıvanda ixracın həcmi artıb
23.01.2015 Qarşıda bizi çox nailiyyətlər gözləyir
28.12.2013 Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən layihə

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info