Xaçmaz şəhərində 24 çoxmənzilli binada əsaslı təmir işləri aparılır.
Xaçmaz inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təmir işləri şəhərin Nəriman Nərimanov, Səid Qurbanov, Nəsrəddin Tusi, Qəbələ və Müşkür küçələrində yerləşən iki, dörd və beşmərtəbəli binalarda aparılır. Bu işlərə binaların dam örtüklərinin dəyişdirilməsi, fasadın, blok və pilləkənlərin təmiri daxildir.
Binaların təmiri Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən ayrılan vəsait hesabına həyata keçirilir.
Artıq dörd binanın dam örtüyü dəyişdirilib, üç binanın isə fasadı yenilənərək müasir görkəmə salınıb. Bununla yanaşı, çoxmənzilli binaların blokları təmir olunaraq, işıqlandırma sistemi yenilənib.
Təmir işləri davam etdirilir.
Mahmud
|