“Qarabağ münaqişəsinin həlli üçün, ilk növbədə beynəlxalq qurumların qətnamələri yerinə yetirilməlidir”
Tarix: 08.01.2018 | Saat: 20:48:00 | E-mail | Çapa göndər
Ermənistanın işğal etdiyi rayonlardan biri də Ağdərədir. Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu deyib ki, Ağdərə faktoru Dağlıq Qarabağ münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına səbəb ola bilər. O bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın işğaldan azad etdiyi torpaqların bir qismi Ağdərə rayonunun inzibati ərazisinə daxildir:
“Keçmiş Ağdərə rayonu ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil idi. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bununla bağlı mühüm siyasi tutumlu açıqlama verdi: 1170 ailəlik şəhərciyin Ağdərə ərazisində tikildiyini bildirdi. Şəhərciyin tikildiyi Ağdərə rayonunun ərazisi 1992-ci ildə azad olunub. 2016-cı ilin aprel qələbəsi Azərbaycanın özünü bu ərazilərdə təhlükəsiz hiss etməsinə səbəb oldu və nəticədə indi orada qəsəbə salınır. Bu qəsəbənin salınması Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin erməni məsələsini həll etmək, Azərbaycan torpaqlarını işğaldan azad etmək istiqamətində siyasi iradəsinin göstəricisidir. Bu, Ağdərə ərazisində daha yeni ərazilərdə tikintilərin tikiləcəyinin göstəricisidir. Amma əvvəlcə Ağdərə ərazisində işğalçılar tamamilə sıxışdırılacaqdır. Bəlkə də bütövlükdə Dağlıq Qarabağ işğaldan azad olunacaqdır”.
Politoloq qeyd edib ki, Ağdərə faktoru həm də çox güclü hərbi parametrdir: “Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının ən çox cəmləşdiyi məkan qoşunların təmas xəttidir. Ağdərə-Kəlbəcər strateji istiqamətdir. Ona görə Azərbaycan ordusu ilk tərpənişində Kəlbəcərə çata bilər. Kəlbəcər hərbi strateji əhəmiyyətinə görə, bəlkə də Laçından daha əhəmiyyətlidir. Həm Ermənistan, həm Dağlıq Qarabağ nəzarət altına düşür. Kəlbəcər Ermənistan və Dağlıq Qarabağın əsas su mənbəyidir. Dağlıq Qarabağ ermənilərindən olan David Babayan Kəlbəcər mövzusunda “hidrogeosiyasət” adlı yeni “elm” yaradıb”. M. Əhmədoğlu əlavə edib ki, Ağdərə faktoru dinc danışıqlarda da çox təsirli parametrdir: “Ərazilərin qaytarılması dedikdə, ehtimal ki, Azərbaycandan keçmiş DQMV-yə aid əraziləri qaytarmaq istənilir. Ağdərədən götürdüyümüz torpaq nə qədər çox olarsa, dinc danışıqlarda müzakirələr zamanı Kəlbəcər və Laçın bir o qədər Azərbaycana yaxın olacaqdır”.

Avropa İttifaqının rəsmisinə Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verilib
Ötən gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas ilə görüşdə Qarabağ məsələsindən danışıb. Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Ə. Həsənov görüşdə Avropa İttifaqı ilə əlaqələrin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu, bu əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsi üçün K.Yankauskasın Azərbaycandakı fəaliyyəti müddətində daha da fəallaşacağına əminliyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən baş nazirin müavini münaqişənin həlli üçün ilk növbədə beynəlxalq qurumların qətnamələrinin yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli olduğunu nəzərə çatdırıb. Ə. Həsənov bu gün Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün problemini idarə etmək üçün xüsusi sistem, mexanizm qurduğunu söyləyib. Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 97 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilib, 265 min nəfər bu qəsəbələrə köçürülüb. Avropa İttifaqı tərəfindən ölkədə fəaliyyəti dövründə məcburi köçkünlər üçün hər biri 200 yığma evdən ibarət 16 fin qəsəbəsinin salınmasını xatırladan Ə. Həsənov qeyd edib ki, 1990-cı illərin əvvəllərində ağır vəziyyətlə üzləşmiş Azərbaycanda beynəlxalq humanitar təşkilatların göstərdikləri həmin yardımlar çox vacib idi: “O zaman Azərbaycan hökumətinin iqtisadi baxımdan heç bir imkanı olmayıb. Əgər bu humanitar təşkilatlar o vaxt ölkəyə gəlməsəydilər, ölkədə humanitar fəlakət yaranardı”.
K. Yankauskas qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı -Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. K. Yankauskas qeyd edib ki, Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil probleminin həlli ilə bağlı gördüyü işlər alqışa layiqdir. K. Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etməyi və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib.

“İşğalçı ölkədə, xüsusən sənaye və kənd təsərrüfatı sahələri çöküb”
Bu arada Ermənistanın işğalçılıq siyasəti ölkənin sosial-iqtisadi vəziyyətini gündən-günə gərginləşdirməkdədir. Bunu ermənilərin özləri etiraf edirlər. Belə ki, Ermənistanın “İrs” partiyasının sədr müavini Armen Martirosyan deyib ki, 2017-ci il Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb: “Ölkədə, xüsusən sənaye və kənd təsərrüfatı sahələri çöküb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis yaşamağa başlayıb. Ermənistanı 2018-ci ildə də çox ağır vəziyyət gözləyir. Bunun gətirdiyi iqtisadi problemlər isə etirazlarla nəticələnəcək”. Bu proqnozla “İrs” partiyasının sədr müavini Armen Martirosyan çıxış edib. O, yerli televiziyaya müsahibəsində deyib ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. Partiyanın sədr müavini bu il də Ermənistan iqtisadiyyatının inkişafının 0-a enəcəyini bildirib. O qeyd edib ki, hazırkı rejimin hakimiyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparıb. Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumi daxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb.
A.Martirosyan diqqəti ölkədəki siyasi vəziyyətə də yönəldib. O bildirib ki, hökumət ona qarşı çıxan fəalları “Sasna Srer” hərəkatı adı altında həbs edib. Ona görə də “İrs” partiyası meydanda tək qalıb. Lakin, buna baxmayaraq, fəal mitinqləri bərpa etmək iqtidarındadırlar. A.Martirosyan bütün təzyiqlərə baxmayaraq, mart-apreldən etibarən yenidən ümumxalq itaətsizliyi aksiyalarına başlayacaqlarını bəyan edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.01.2018
“Holland müəllimlərə Qarabağdan, Xocalı soyqırımından danışandan sonra çox təsirləndilər”
12.01.2018
Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT sədrinə müraciət olunub
11.01.2018
“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”
10.01.2018
İşğalçılıq siyasətinin nəticəsi: Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artır
09.01.2018
“Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info