“2017-ci il aqrar sahədə inkişafın başlandığı il oldu”
Tarix: 08.01.2018 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Professor İsa Alıyev: “Müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilib, müasir quşçuluq və heyvandarlıq kompleksləri yaradılıb, həmçinin aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb”

“Aqrar sahənin inkişafında atdığı ən mühüm addımlardan biri fermerlərə istehsal edəcəkləri kənd təsərrüfatı məhsulları üçün əvvəlcədən avans verilməsidir”

Ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdəndir. Aqrar sahədə həyata keçirilən islahatlar bu sahədə məhsuldarlığın daha artacağı, yerli istehsal və ixracın artması ilə bağlı böyük ümidlər yaradır. Mütəxəssislərimiz də bu gün aqrar sahədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirirlər. Müsahibimiz AMEA-nın İqtisadiyyat İnstitutunun Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor İsa Alıyevdir:
- Ötən il aqrar sahədə bir sıra tədbirlər həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Son illər dövlətimizin ardıcıl diqqət və qayğısından bəhrələnən aqrar sahə ardıcıl inkişafdadır. Bu gün qeyri-neft sektorunun əsas və aparıcı sahələrindən hesab edilən aqrar iqtisadiyyatın inkişafı həm ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması, həm də kənd yerlərində yaşayan insanların məşğulluğu baxımından böyük rola malikdir.
Qeyd edək ki, ötən müddət ərzində aqrar sahəyə dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər tədbirlər davam etdirilib, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişləndirilib, müasir quşçuluq və heyvandarlıq kompleksləri yaradılıb, həmçinin aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq məqsədilə atılan ən vacib addımlardan biri - Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasıdır. Cəmiyyət fəaliyyətinin səmərəli təşkil edilməsi məqsədilə, ilk növbədə infrastrukturun yaradılması sahəsində ciddi işlər həyata keçirib. Belə ki, Bakı şəhəri üzrə 2680 kvadratmetr mərkəzi anbar funksiyasını daşıyan paylayıcı mərkəz yaradılıb. Respublikanın bölgələrində isə 2 regional bölmə, regional bölmələrin yerləşdikləri rayon mərkəzlərində 12 regional anbar və 46 rayonda dayaq məntəqələri fəaliyyət göstərir. Regional bölmələr üçün inzibati bina və anbarlar icarəyə götürülüb, lazımi avadanlıqlarla təchiz edilib. Gündəlik tələb olunan ərzaq məhsullarının regional anbarlara və eyni zamanda oradan dayaq nöqtələrinə daşınıb çatdırılmasına imkan verən logistika infrastrukturu qurulub.
Cəmiyyətin aqrar sahənin inkişafında atdığı ən mühüm addımlardan biri fermerlərə istehsal edəcəkləri kənd təsərrüfatı məhsulları üçün əvvəlcədən avans verilməsidir. Avansların ümumi məbləği hər bir kənd təsərrüfatı məhsulu üçün kiçik, orta və böyük istehsalçı kateqoriyaları üzrə ayrı tənzimlənir. Ödənilən avansların həcmi, kiçik istehsalçılar üzrə 3 min manata, orta ölçülü istehsalçılar üzrə 50 min manata və böyük ölçülü istehsalçılar üzrə 250 min manata qədər ola bilər. Bir istehsalçıya hər məhsul üzrə təyin edilmiş kateqoriyalar üçün ayrı-ayrılıqda olmaqla, bir neçə məhsul üçün avans ödənişi edilə bilər. Bütövlükdə cəmiyyətin əsas məqsədi - kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Ümumiyyətlə, 2017-ci il aqrar sahədə inkişafın başlanğıcı ili oldu.
- Bu gün əsas istiqamətlərdən biri də ixracın təşviqidir. Bu sahədə hansı tədbirlərin həyata keçirilməsini vacib hesab edirsiniz?
- Azərbaycan məhsullarının daxili tələbatdan artıq qalan hissəsinin dünya bazarlarına ixrac olunması, yerli istehsalın dəstəklənməsi istiqamətində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fəaliyyətini aktiv şəkildə təşkil edib, milyon manatlarla dəyərində məhsul xarici ölkələrə ixrac edilib. Cari ilin yanvar-sentyabr aylarında ümumi həcmi 81,3 min tona yaxın kənd təsərrüfatı məhsulu birbaşa istehsalçılardan tədarük edilərək satınalan təşkilatların təchizatına və ya daxili və xarici bazarlara yönləndirilib.
2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 69 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak edib. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinq siyahısında ”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-də yer tutub. Səhmdar Cəmiyyət tərəfindən cari ildə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı məqsədi ilə mütəmadi olaraq xarici bazarlarda müvafiq araşdırmalar aparılıb, sahibkarlar tərəfindən daxil olan təkliflər müzakirə edilib, yerli məhsulların ixracı üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər Əmirliyi kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərilib və onlarla bir sıra məhsuldar görüşlər keçirilib. Artıq Rusiyanın iki iri ticarət şirkəti ilə Səhmdar Cəmiyyət arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətlərə ölkədən meyvə-tərəvəz ixracı nəzərdə tutulub və müqavilə çərçivəsində məhsulların partiyası göndərilməyə başlanıb. İxrac coğrafiyasında nisbətən yeni olan ərəb ölkələri ilə aparılmış danışıqların nəticəsi kimi, cari ilin sentyabr ayında Qətər Əmirliyinə bir yük maşını (TIR) müxtəlif məhsulların ilk partiyası yola salınıb, növbəti aylarda bu istiqamətdə satışın daha da artırılması gözlənilir.
- Kənd təsərrüfatı və ərzaq məhsullarının təchizatı prosesinin səmərəli təşkili ilə bağlı hansı tədbirlərin həyata keçirilməsi vacibdir?
- Fikrimcə, kənd təsərrüfatı və ərzaq məhsullarının təchizatı prosesinin səmərəli təşkil olunmasına uyğun tədbirlərin həyata keçirilməsində zəruri monitorinq tədbirlərinin aparılması məqsədəuyğundur. Bu məsələlər isə “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə əks olunub. Bu mühüm sənədin 1.1.2 saylı bəndi - ölkədə ərzaq məhsulları ilə təchizatın dayanıqlılığı baxımından risklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlərin həyata keçirilməsinə həsr olunub. Ümumiyyətlə, ərzaq təhlükəsizliyi üzrə monitorinq və informasiya sistemi digər müvafiq yerli və beynəlxalq məlumat sistemlərinə inteqrasiya ediləcək və bu sistemlərlə əlaqəli fəaliyyət göstərəcək.
Göstərilənlərlə yanaşı, aqrar sahədə tədarük – təchizat fəaliyyətinin tənzimlənməsi prosesində dövlətin stimullaşdırıcı rolunun daha da gücləndirilməsi - həmin sahənin özünəməxsus xüsusiyyətlərini və regional amillərini diktə edir. Belə ki, aqrar sahənin spesifik xüsusiyyətlərə malik olması, kənd təsərrüfatı məhsulları istehsalçılarının əhəmiyyətli dərəcədə təbii amillərdən asılı olması və istehsal prosesinin mövsümi xarakter daşıması kimi bu və digər hallar – göstərilən cəhətlərdən hesab olunur.
Ümumiyyətlə, XX əsrin sonu - XXI əsrin əvvəllərində dünya iqtisadiyyatında baş verən köklü dəyişikliklər, çoxsaylı maliyyə böhranlarının baş verməsi və bunların ictimai-sosial iqtisadi böhranlara çevrilməsi-onların, demək olar ki, dalbadal baş verməsi halları, ərzaq məhsullarının sürətlə bahalaşması, dünya əhalisinin sürətlə artımı, milli sərhədlərin getdikcə pozulması, ayrı-ayrı milli dövlətlərin iqtisadiyyatının idarə edilməsində qlobal idarəetmə məntiq¬lərinin ortaya çıxması kimi hallar ümumən iqtisadiyyatın, o cümlədən onun mühüm tərkib hissəsi olan aqrar iqtisadiy¬yatın tam yeni məntiqlərlə idarə olunmasını qarşıya qoyur. Hesab edirəm ki, bu proseslər qaçılmazdır və indiki halda aqrar sahənin inkişafına məhz yeni iqtisadi təfəkkür müstəvisində baxılmalıdır. Başqa sözlə, bu istiqamətdə yeni metodoloji yanaşma ortaya qoyulmalıdır.
- Bu gün aktual məsələlərdən biri də elektron kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Hazırda bu istiqamətdə hansı tədbirlər həyata keçirilir?
- Hazırda aqrar sahənin inkişafı bu sahədə “Elektron kənd təsərrüfatı” sisteminin yaradılmasını zəruri edir. Bu istiqamətdə bir sıra işlər görülüb və görülməkdədir. “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində görülən işlərə beynəlxalq ekspertləri cəlb etməklə, bu istiqamətdə zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələrin təhlil edilməsini, texniki şərtlərin hazırlanmasını aid etmək olar.
Bunun əsasında hazırda Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş Nəzarət Sisteminin” (IACS) prinsiplərinə əsaslanan və 7 alt moduldan ibarət olan “Elektron kənd təsərrüfatı” sisteminin tətbiqi üçün praktiki fəaliyyətə başlanılıb. Bu məqsədlə xidmətlərin satınalınması məqsədilə tender keçirilib və beynəlxalq məsləhətçilər qrupundan ibarət konsorsium seçilib.
Həmçinin “Aqrolizinq” ASC tərəfindən aparılan bütün əməliyyatların elektron-uçot sisteminə keçirilməsi başa çatdırılıb, o cümlədən güzəşt tətbiq ediləcək texnikalarla bağlı xüsusi proqram təminatı hazırlanıb və elektron məlumat bazası yaradılıb. “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə əlaqədar 2014-cü ildən etibarən nazirliyin və “Aqrolizinq” ASC-nin rəsmi internet saytları vasitəsilə onlayn rejimində müraciətlərin qəbuluna başlanılıb.
Bununla yanaşı, heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarının və digər dövlət baytarlıq nəzarəti obyektlərinin elektron qeydiyyatına başlanılıb, hazırda 4810-a qədər obyekt qeydə alınıb. Kənd təsərrüfatı heyvanlarının qeydiyyatı, heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, aylıq və rüblük baytarlıq hesabatlarının XEMS ve Az.VET elektron informasiya sistemində həyata keçirilməsi işləri davam etdirilir.
2014-cü ildən ölkədə fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən aylıq hesabatların Kənd Təsərrüfatı Nazirliyinə elektron formada təqdim olunması sistemi qurulub. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilib.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq hazırda nazirlik tərəfindən göstərilən 19 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya edilib.
“Elektron Kənd Təsərrüfatının Subsidiya və Siyasətə dair İnformasiya Sistemi”nin (SSİS) yaradılması layihəsi çərçivəsində Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin icrasına başlanıb.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
“Turistlərimiz yeni, daha ekzotik istiqamətlər istəyir”
19.06.2018
Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
12.06.2018
“Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
11.06.2018
BP-də yüksək vəzifədə çalışan Leyla Novruzova: “Karyeramı planlamaqda çox da yaxşı deyiləm“
06.06.2018
“Serbiyada Azərbaycan mədəniyyətinə çox böyük maraq var”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9436

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Jamanak“: “Paşinyan istefa verəcək”
5 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info